ANA SƏHİFƏ » Qərarlar » 16.09.14 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasınauyğunluğunun yoxlanılmasına dair
 
 
16 sentyabr 2014-cü il                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Zaur Quliyevin,
sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru Firuzə Abbasovanın,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun, Azərbaycan Respublikası Prokurorluğunun İstintaqa nəzarət idarəsinin rəis müavini Ramiz Nəbiyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN  ETDİ:
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 448.5-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 28-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda qeyd olunur ki, CPM-in 448.5-ci maddəsi ədalətlilik və qanunçuluq kimi ümumhüquq prinsiplərinə xələl gətirir, eləcə də Konstitusiyada təsbit olunmuş azadlıq hüququnun pozulmasına səbəb olur. Sorğuverən həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinə və ondan irəli gələn presedent hüququna istinad etməklə hesab edir ki, mübahisələndirilən maddə Konvensiyanın həmin maddəsinin müddəalarına ziddir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
CPM-in 448.5-ci maddəsinin tələbinə görə həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən dərhal sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 gün müddətində ev dustaqlığı və ya həbsdə saxlanılması barədə müddəa əlavə edir.
Qeyd edilən normanın məzmununa görə, hakim tərəfindən həbs qismində qətimkan tədbirinin seçilməməsinə (onun müddətinin uzadılmamasına) dair qərarın elan edilməsinə baxmayaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bu qərardan apellyasiya protesti verəcəyini bildirməklə, faktiki olaraq hakimdən öz qərarının ləğvini tələb etmək səlahiyyətinə malik olur. Nəticədə şəxsin Konstitusiyanın 28-ci və Konvensiyanın 5-ci maddələrində təsbit olunmuş azadlıq hüququ məhdudlaşdırılır.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi üçün azadlıq hüququnun məzmununa, bu hüquqa dair məhdudiyyətlərin mümkün hədlərinə və məhdudiyyətlərin tətbiqinin şərtlərinə aydınlıq gətirilməsini əhəmiyyətli hesab edir.
Konstitusiyanın 24-cü maddəsinin I hissəsinin və 28-ci maddəsinin, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinin mənasına görə azadlıq hüququ əsas insan hüquqları sırasına daxil olmaqla hər kəsə doğulduğu andan məxsusdur, ayrılmazdır və ən əhəmiyyətli sosial neməti özündə əks etdirir.
Azadlıq hüququ insanın muxtariyyatinə özbaşına müdaxilənin yolverilməzliyini təmin edir və həm fərdin hərtərəfli inkişafı, həm də cəmiyyətin demokratik təşkili üçün şərait yaradır. Azadlıq hüququnun məhdudlaşdırılması yalnız Konstitusiyanın 28-ci maddəsinin və onunla birbaşa əlaqəli olan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 4-cü maddəsinin tələblərinə, ümumhüquq prinsiplərinə, habelə zərurilik və mütənasiblik meyarlarına riayət etməklə və bu hüququn mahiyyətini dəyişməməklə tətbiq oluna bilər.
Qanunverici azadlıq hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin azadlıq hüququnun təmin edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” 10 oktyabr 2011-ci il tarixli Qərarı).
Azadlıq hüququnun səciyyəvi əlamətlərindən biri şəxsin saxlanılmasına və həbs olunmasına dair qərarın məhkəmə nəzarəti qaydasında qəbul edilməsidir. Bu əlamət “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 4.3-cü maddəsində konstitusion hüquq kimi ifadə olunaraq xüsusi əhəmiyyət kəsb edir. Bu hüquq müstəqil mənaya malik olmaqla nə qanunda azadlığın məhdudlaşdırılmasının müəyyən müddətlərinin, nə də şəxs tərəfindən həbslə əlaqədar məhkəmə qaydasında şikayət vermə imkanının təsbit edilməsi ilə əvəz oluna bilməz. Belə ki, həmin maddə baxımından məhkəmə nəzarəti olmadan uzun müddət ərzində şəxsin azadlıq hüququnun məhdudlaşdırılması yolverilməzdir.
Şəxsin saxlanılması və ya həbs edilməsinə dair məhkəmə nəzarəti proseduru ədalətliliyin tələblərinə cavab verdikdə, tərəflərin çəkişməsi prinsipinə əsaslandıqda, səlahiyyətli məhkəmə tərəfindən isə qətimkan tədbirinin seçilib-seçilməməsinə dair qəbul olunmuş qərar tərəflər üçün məcburi olduğu təqdirdə səmərəli hesab edilə bilər.
Bu öz növbəsində məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması üçün faktiki və hüquqi əsasların tədqiq edilməsini nəzərdə tutur. Həbs qətimkan tədbirinin özbaşına və ya hər hansı formal şərtlərdən çıxış edərək həll edilməməsi üçün şəxsə öz mövqeyini məhkəməyə çatdırmaq imkanı təmin edilməlidir. Məhkəmə isə belə qərarın qəbul olunması üçün həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi əsasların qiymətləndirilməsi nəticəsində öz müstəqil qərarını qəbul etməlidir.
Analoji mövqeləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişdir. Avropa Məhkəməsinin qənaətinə görə, Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş azadlıq və toxunulmazlıq hüququ, Konvensiyanın 2, 3 və 4-cü maddələri ilə birlikdə, fərdin fiziki toxunulmazlığını qoruyan əsas hüquqlar arasında birinci sırada durur və bu baxımdan onun əhəmiyyəti çox böyükdür. Onun əsas məqsədi şəxsin azadlıqdan özbaşına və ya əsassız olaraq məhrum edilməsinin qarşısını almaqdır. (Assanidze Gürcüstana qarşı iş üzrə Böyük Palatanın 8 aprel 2004-cü il tarixli Qərarı, § 171 və İlaşku və başqaları Moldova və Rusiyaya qarşı iş üzrə Böyük Palatanın 8 iyul 2004-cü il tarixli Qərarı, § 461).
Avropa Məhkəməsinin bu sahədə presedent hüququna nəzər salarkən üç cəhəti müəyyən etmək olar: 5-ci maddənin 1-ci bəndində sadalanan hallar tam (bitkin) xarakter daşıyır və məhdud çərçivədə şərh olunmalıdır və həbs tədbirinin geniş şərh olunaraq digər maddələrlə (xüsusən Konvensiyanın 8-11-ci maddələri) əsaslandırılmasına icazə verilmir; həbsə almanın prosessual və maddi hüquq baxımından qanuniliyi dönə-dönə vurğulanır, qanunun aliliyinə ciddi riayət edilməsi tələb olunur; zəruri məhkəmə nəzarətinin dərhal və təxirə salınmadan həyata keçirilməsinin (Konvensiyanın 5-ci maddəsinin 3-cü və 4-cü bəndləri) əhəmiyyəti qeyd edilir. (Makkey Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 3 oktyabr 2006-cı il tarixli Qərarı, §30).
Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi özbaşına həbslərə qarşı təminatların hüquqi bazasının bir hissəsi olaraq, struktur baxımından iki ayrıca şaxə ilə bağlıdır: tutulmadan sonrakı ilkin mərhələlər (bu zaman tutulmuş şəxs dövlət orqanlarının ixtiyarına verilir) və şəxsin cinayət məhkəməsi tərəfindən işinə baxılmasını gözlədiyi müddət (bu müddətdə şübhəli şəxs həbsdə saxlanıla, yaxud müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilə bilər). Bu iki şaxə fərqli hüquqları nəzərdə tutur və məntiqi cəhətdən və ya zaman baxımından zahirən bir-biri ilə əlaqəli deyil. (T.W. Maltaya qarşı iş üzrə Böyük Palatanın 29 aprel 1999-cu il tarixli Qərarı, § 49).
Avropa Məhkəməsi məhkəmə nəzarətinin avtomatik xarakterli olmasının vacibliyini dəfələrlə qeyd etmişdir. (Medvedev və başqaları Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli Qərar, § 118; Akvilina Maltaya qarşı iş üzrə Böyük Palatanın 29 aprel 1999-cu il tarixli Qərarı, § 49). Məhkəmə nəzarətinin digər əhəmiyyətli cəhəti onu həyata keçirən vəzifəli şəxsin icra hakimiyyətindən və tərəflərdən müstəqil olması və şəxsi dinlədikdən və onun tutulmasının və ya həbsə alınmasının qanuniliyi və əsaslılığı məsələsini yoxladıqdan sonra onu azad etmək haqqında məcburi qüvvəyə malik qərar qəbul etmək səlahiyyətinə malik olmasıdır. (Şisser Avstriyaya qarşı iş üzrə 4 dekabr 1979-cu il tarixli Qərar, § 31; Assenov Bolqarıstana qarşı iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərar, § 146).
Avropa Məhkəməsi yuxarıda qeyd olunan Assenov Bolqarıstana qarşı iş üzrə Qərarında belə qənaətə gəlmişdir ki, əgər məhkəmə nəzarətini həyata keçirən vəzifəli şəxs həbs qətimkan tədbirinin seçilib-seçilməməsinə dair məcburi hüquqi qüvvəyə malik qərarlar qəbul etmək səlahiyyətində deyilsə və onun müvafiq qərarları prokuror tərəfindən ləğv edilə bilirsə, həmin vəzifəli şəxs Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin mənası baxımından kifayət qədər müstəqil deyil (§ 148).
Beləliklə, Konstitusiyanın 28-ci maddəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 4-cü maddəsi və Avropa Məhkəməsi tərəfindən Konvensiyanın 5-ci maddəsinə verilmiş rəsmi şərh qanunverici tərəfindən cinayət prosessual qanunvericiliyində nəzərdə tutulan qətimkan tədbirlərinin tənzimlənməsi zamanı azadlıq hüququna dair mümkün məhdudiyyətlərin xarakterini, hədlərini və şərtlərini müəyyənləşdirir. Buna müvafiq olaraq, həbs, azadlıq hüququnun məhdudlaşdırılmasında ifadə olunduğu üçün təcrübədə yuxarıda müəyyən olunan mövqelərə zidd tətbiq edilə bilməz.
Bununla bağlı formalaşan məhkəmə təcrübəsinə görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı ilə razılaşmayaraq, həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirməklə şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində həbsdə saxlanılmasını tələb etdikdə, məhkəmələr Konstitusiyanın 12-ci maddəsinin II hissəsini, 28-ci maddəsini, 149-cu maddəsinin III hissəsini və 151-ci maddəsini, Konvensiyanın 5-ci maddəsini, CPM-in 2.3 və 2.4-cü maddələrini rəhbər tutaraq, həmin Məcəllənin 448.5-ci maddəsini tətbiq etmirlər.
Beləliklə, CPM-in 448.5-ci maddəsində təsbit olunmuş qayda həbs qətimkan tədbirinin seçilməsi zamanı mütləq xarakter daşıyan məhkəmə nəzarəti təminatlarını əhəmiyyətli dərəcədə azaldır və bununla da Konstitusiyanın 28-ci maddəsi, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 4-cü maddəsi ilə ziddiyyət təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, CPM-in 448.5-ci maddəsi CPM-in digər oxşar normalarından əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, CPM-in 353.5.1 və 357.0.1-ci maddələrinin məzmununa görə məhkəmənin hökmü ilə şəxsə bəraət verildikdə, birinci instansiya məhkəməsinin hökmü şübhə altına qoyulmur və elan edildikdən dərhal sonra şəxs məhkəmə iclası zalında həbsdən azad olunur. Lakin bu qaydanın tətbiqi prokurorun hökmdən protest vermək səlahiyyətini istisna etmir (CPM-in 84.6.11-ci maddəsi), habelə apellyasiya instansiyası məhkəməsini cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi üçün əsasların olub-olmadığını araşdırmaq vəzifəsindən azad etmir (CPM-in 391.2.4-cü maddəsi).
Prokurorun artıq elan edilmiş bəraət hökmündən verilmiş protesti əsasında şəxsin hökmə zidd olaraq həbsdən azad edilməsinin icrasının təxirə salınmasının mümkünlüyü Çexiya Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2010-cu il tarixli Qərarı ilə azadlıq hüququna zidd hesab edilmiş və Cinayət Prosessual Məcəlləsinin həmin müddəası qüvvədən salınmışdır. Həmin Qərarda həmçinin belə fikir ifadə olunmuşdur ki, bu cür qaydanın mövcudluğu prokurorun məhkəmə qərarından verilmiş apellyasiya protestinin hipotetik təmininin mümkünlüyünə söykənərək, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı əsassız olaraq şübhə altına ala və onun statusuna mənfi təsir edə bilər.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CPM-in 448.5-ci maddəsi Konstitusiyanın 28-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğun olmayan hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.        Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğun olmayan hesab edilsin.
2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.        Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr                                                                             Fərhad Abdullayev