ANA SƏHİFƏ » Qərarlar » 17.09.14 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
 
  Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair
 
 
17 sentyabr 2014-cü il                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi  qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Rahib Nəbizadənin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ülvi Mayılovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü  maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etmək vəzifəsinin apellyasiya instansiyası məhkəməsinə aid olub-olmaması baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
MÜƏYYƏN  ETDİ: 
 
Müraciətdə göstərilir ki, “Bank of Azerbaijan”Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-in Şəki Ərazi İdarəsi), üçüncü şəxslər N.Quseynov və T.Nəsrullayevaya qarşı Qax rayonu Oncalı kəndində yerləşən fındıq təmizləmə sexi və köməkçi tikililərə N.Quseynovun adına verilmış 1 oktyabr 2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
Həmin qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Şəki Apellyasiya Məhkəməsinin İİK) 4 sentyabr 2013-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İİK) 29 yanvar 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya  Məhkəməsinin İİK-in 4 sentyabr 2013-cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
 Ali Məhkəmənin İİK qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsi ilə müəyyən olunmuş məhkəmənin “yardım etmək vəzifəsi”ni icra etməmiş, iddiaçıya mübahisə predmeti olan çıxarışın verilməsinə əsas olmuş sənədlərin üzə çıxarılmasında yardım etmək əvəzinə iddia tələbinə olduğu kimi baxaraq onu əsassız hesab etmiş, bununla da iddiaçıya tələbin dəqiqləşdirilməsində yardım etməmiş və aidiyyət məsələsində yanlışlığa yol vermişdir.
Şəki Apellyasiya Məhkəməsi göstərilən məsələ ilə bağlı məhkəmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə İPM-in 13-cü  maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etmək vəzifəsinin apellyasiya instansiyası məhkəməsinə aid olub-olmaması baxımından şərh edilməsini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, müraciətdə qeyd olunan iddianın predmetini DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən  mülkiyyət hüququna dair verilən çıxarışın etibarsız hesab edilməsi təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı ilə bu kateqoriyadan olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir. Bu baxımdan, hazırkı iş üzrə  İPM-in hər hansı maddəsinin və ya müddəasının şərh edilməsi zərurəti aradan qalxmış olur. Lakin Şəki Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələnin məhkəmə təcrübəsi üçün əhəmiyyətini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu həmin məsələyə şərh verilməsini məqsədəmüvafiq hesab edərək aşağıdakıları qeyd edir.
 Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, onların məhkəmədə müdafiəsinə də təminat vermişdir. (Konstitusiyanın 12, 60, 71-ci maddələri). Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi çıxış edir.  
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. (Konstitusiyanın 60-cı maddəsinin II hissəsi).
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Konstitusiyada və Konvensiyada təsbit olunmuş bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) və İPM-də əks olunmaqla, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir.
 Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətlə bağlı mülki prosessual və inzibati prosessual qanunvericiliklərdə məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının mahiyyəti və  xüsusiyyətləri tədqiq olunmalıdır.
MPM-in 2.1-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. (MPM-in 4.1 və 4.2-ci maddələri).
Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) və İPM-in qəbul edilməsi vətəndaşların hüquqlarının və qanunla qorunan maraqlarının daha səmərəli şəkildə müdafiə olunmasına və inzibati orqanların fəaliyyətinin daha şəffaf olmasına yönəlmişdir. Həmin qanunvericilik aktlarında inzibati məhkəmə icraatına dair müddəaların müəyyən edilməsi, eləcə də mülki və inzibati məhkəmə icraatlarının ciddi fərqləndirilməsi prosessual qanunvericiliyin əsas yeniliklərindən biridir.
İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı birsubyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur.
Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrəixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu, qanunvericilikdə yenilik olmaqla hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı konstitusiya tələblərinin reallaşdırılması istiqamətində atılmış mühüm addımdır və məhkəmə müdafiəsinin effektivliyinə xidmət edir.
İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır.
İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tədbiq oluna bilər.
 MPM və İPM-in müddəalarının qarşılıqlı tədqiqi göstərir ki, hər iki Məcəllədə müvafiq icraatların bəzi ümumi prinsipləri mövcuddur. Bu prinsiplərə hakimlərin müstəqilliyi, qanun və məhkəmə qarşısında bərabərlik, sübut etmə vəzifəsi, çəkişmə prinsipi, məhkəmə baxışının aşkarlığı və dispozitivlik prinsipləri aiddir. (MPM-in 7, 8, 9, 10, 77-ci və İPM-in 10, 11, 14, 15, 17-ci maddələri).
  Bununla belə, hər iki icraatın ümumi prinsipləri ilə yanaşı, İPM-in spesifik, fərqli prinsipləri vardır.  Belə ki, MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, İPM-ə görə isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (MPM-in 14.2-ci və İPM-in 12.1-ci maddələri). Bununla yanaşı, İPM-ın 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
Birinci instansiya məhkəməsində inzibati icraat İPM-in VIII fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. Həmin normalar sırasında məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsi məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir.
Bununla yanaşı, İPM-in 48-ci maddəsi həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi qiymətləndirilir.
İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir.
Məhkəmə baxışının hədləri adlanan İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat İPM-in X fəslinin normaları ilə tənzimlənir. İPM-in 81-ci maddəsində apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya şikayəti vermək hüququ və inzibati apellyasiya icraatında tətbiq edilən qaydalar nəzərdə tutulmuşdur. İnzibati məhkəmə icraatında apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün, ilk növbədə, bu maddənin tələbləri nəzərə alınmalıdır.
Qanunvericinin inzibati apellyasiya icraatı ilə bağlı müəyyən etdiyi mühüm qaydalardan biri də İPM-in 81.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və MPM-in apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tədbiq olunur.
Apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İPM-in 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Bu normaya əsasən apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsində irəli sürülən tələblər həddində, lakin tam hüquqlu məhkəmə kimi işin bütün hallarını araşdırır və işə mahiyyəti üzrə baxır. Bu isə o deməkdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı hallarla bağlı olmur, mübahisə predmetini tam həcmdə yoxlayır və öz qərarını araşdırdığı işin hallarına və formalaşdırdığı daxili inama əsasən qəbul edir.
İnzibati apellyasiya icraatının əsas qaydaları İPM-in apellyasiya instansiyası məhkəməsində icraat adlanan 87-ci maddəsində müəyyən edilmişdir.
İnzibati apellyasiya icraatı zamanı inzibati icraatın prinsipləri ilə yanaşı, İPM-in X fəslinin müddəalarına tam və düzgün əməl olunması həqiqətin müəyyən edilməsinə və pozulmuş hüquq və azadlıqların vaxtında bərpa edilməsinə xidmət etmiş olar.   
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya.
Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi  isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır.
Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir.
 Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.
 Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilikdə məhkəmə icraatının səmərəliliyini yüksəltmək,  pozulmuş hüquq və azadlıqların ağlabatan müddətdə və daha dolğun müdafiəsini təmin etmək məqsədi ilə, inzibati işlərə baxan məhkəmələrə ümumiyurisdiksiyalı məhkəmələrdən fərqli olaraq yeni səlahiyyətlərin verilməsi, o cümlədən inzibati apellyasiya icraatı üzrə apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinin, eləcə də inzibati prosessual qanunvericiliyin prinsiplərinin dairəsinin genişləndirilməsi ölkəmizdə bu növ işlər üzrə apellyasiya institutunun tam apellyasiya növünə keçilməsikimi qəbul edilməməlidir.
           İPM-in inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir.
İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. ( İPM-in 12.1 və 12.2-ci maddələri).
İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Lakin İPM-in məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutan 13-cü maddəsinə toxunulmamışdır.  
Qeyd edilənləri və qanunvericinin “məhkəmənin yardım etmək vəzifəsi”ni birinci instansiya məhkəməsində işin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmənin vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsinə aid etdiyini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası apellyasiya icraatına aid edilməməlidir.     
Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər.
Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər.  
İPM-in 3.2-ci maddəsində bu Məcəllənin XV, XVI, XVII, XVIII fəsillərində göstərilən mübahisələrə dair iddialara apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi kimi baxılması nəzərdə tutulmuşdur. Bu, normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair, siyasi partiyalarla bağlı, kütləvi informasiya vasitələri ilə bağlı və seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə iddialardır ki, onlara Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarında birinci instansiya məhkəməsi kimi  baxılır. İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası da qeyd olunan mübahisələr üzrə işlərə apellyasiya məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində baxılarkən tətbiq oluna bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
                                                    Q Ə R A R A   A L D I: 
 
1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.
 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
 3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
       Sədr                                                                                 Fərhad Abdullayev