ANA SƏHİFƏ » Qərarlar » 18.07.14 G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
 
G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
18 iyul 2014-cü il                                                                                   Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
ərizəçi Gülnarə Qəhrəmanova və onun vəkili Əjdər Cavadovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin, onun vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
MÜƏYYƏN  ETDİ: 
 
Binəqədi rayon Məhkəməsinin 8 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Gülarə Atamovanın cavabdeh Gülnarə Qəhrəmanovaya qarşı miras payının verilməsi tələbinə dair iddiası təmin olunmamışdır.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 30 aprel 2013-cü il tarixli qətnaməsi ilə G.Atamovanın apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.
Həmin qətnamə ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 105 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlaka dair M.İsayevin adına Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru (bundan sonra DNK) tərəfindən verilmiş 19 noyabr 2002-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, həmin Şəhadətnaməyə əsasən M.İsayevin adına 19 noyabr 2002-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, Bakı şəhər 32 saylı DNK tərəfindən G.İsayevaya, K.İsayevə və İ.İsayevə verilmiş 10 fevral 2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, həmin Şəhadətnaməəsasındaonlara 28 fevral 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 18 oktyabr 2013-cü il tarixli qərarı ilə G.Qəhrəmanovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin MK-nın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1151 və 1243-cü maddələri düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 218.3, 372.4, 372.5, 417, 418-ci maddələrinin tələblərinə əməl edilməmişdir.
Ərizəçi hesab edir ki, bunun nəticəsində məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).
Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.
Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.
Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).
Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.        
Məhz göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara (iddiaçı G.Atamova tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək və Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrini tətbiq edərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir.
Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçı G.Atamovanın apellyasiya şikayətində irəli sürdüyü dəlillərə, yəni miras qoyan İ.İsayevə məxsus olan əşyaların (palaz, taxt-çarpayı və yataq ləvazimatları) iddiaçının anası tərəfindən ona verilməsinə, mübahisəli evin bir hissəsinin kirayə verilməsinə, bununla da miras əmlakın qəbul edilməsinə əsaslanaraq və Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarına gəldikdə,  Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.
Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44).        Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə G.Qəhrəmanovanın Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur.
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).
Qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinin müddəalarını tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, yeni qətnamə çıxarmaqla G.Atamovanın apellyasiya şikayətini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras qoyan İ.İsayevə məxsus olan əşyaların (palaz, taxt-çarpayı və yataq ləvazimatları) iddiaçı tərəfindən qəbul edilməsi və mübahisəli evin bir hissəsinin kirayə verilməsi iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras əmlakı qəbul edilmiş hesab edilməli və açıldığı gündən onun mülkiyyəti sayılmalıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir.
 Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:  
-  işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;
-  yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;
- yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər;
- apellyasiya məhkəməsinin sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməsi.
Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Konstitusiyada demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır (Konstitusiyanın 125 və 127-ci maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun L.N.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli; “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarları).
Konstitusiya Məhkəməsinin Plenumu göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə bir daha istinad edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. 
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini tənzimləyən Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrinin tələblərinə əməl etməmiş, iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini aydınlaşdırmamışdır. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi iddiaçı G.Atamovanın apellyasiya şikayətini təmin edərək, həmin şikayətdə miras əmlakın qəbul edilməsinə dair irəli sürülmüş dəlillərin əsaslılığı və bu halların Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə görə onun üzərinə sübut etmə vəzifəsi kimi qoyulması məsələlərinə də diqqət yetirməmişdir.
Belə ki, mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhz G.Atamovanın mübahisəli mənzilin bir hissəsinin kirayəsindən əldə edilən pul vəsaitini özünə, mübahisəli evin kommunal xərcləri və təsərrüfatının idarə edilməsinə sərf etməsini əsas gətirməklə, bu halı onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirmişdir. 
Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
Hazırkı işə baxmış apellyasiya instansiyası məhkəməsi G.Atamova tərəfindən miras əmlakın faktiki idarə olunmasının yalnız mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmış kirayə müqaviləsi əsasında müəyyən edilməsinə diqqət yetirməmiş və Mülki Prosessual Məcəllənin 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir.
 Mülki Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).
Maddi hüquq normalarına gəldikdə isə Mülki Prosessual Məcəllənin 418.2-ci maddəsinə görə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Qeyd olunan normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin hallarını və sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq olunmadığını müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər. 
G.Qəhrəmanovanın kassasiya şikayəti əsasında mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1, 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 18 oktyabr 2013-cü il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, G.Atamovanın cavabdeh G.Qəhrəmanovaya qarşı miras payının verilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 18 oktyabr 2013-cü il tarixli qərarı Konstitusiyanın  29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 
 
QƏRARA ALDI: 
 
1. Gülarə Atamovanın cavabdeh Gülnarə Qəhrəmanovaya qarşı miras payının verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   
 
 
Sədr                                                                                 Fərhad  Abdullayev