ANA SƏHİFƏ » Qərarlar » 06.06.14 C.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30/10/13 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
6 iyun 2014-cü il                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
ərizəçi Cavid Nurəddin oğlu İsmayılzadənin,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında C.İsmayılzadənin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Elmlər Akademiyasının “Elm-2” Mənzil Tikinti Kooperativinə məxsus olan Bakı şəhəri, Lermontov küçəsi, 3 saylı evin 59 saylı mübahisəli mənzili uzun müddət sahibsiz və boş qaldığına görə kooperativ üzvlərinin ümumi yığıncağının 10 noyabr 1991-ci il tarixli qərarı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 1992-ci il tarixli 1728 saylı sərəncamı əsasında 25 may 1992-ci il tarixli 006681 saylı order ilə mənzil şəraitini yaxşılaşdırmaq üçün 4 aprel 1986-cı ildən növbədə olan C.İsmayılzadəyə verilmişdir.     
Səbail rayon Xalq Məhkəməsinin 24 mart 1992-ci il tarixli qətnaməsi ilə iddiaçı Arzu Behbudovanın (Hüseynovanın) cavabdeh C.İsmayılzadəyə qarşı mənzildən çıxarılma tələbi rədd edilmiş, müxtəlif məhkəmə instansiyaları tərəfindən (Bakı şəhər Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 21 aprel 1992-ci il tarixli qərardadı, Bakı şəhər Məhkəməsi Rəyasət Heyətinin 10 iyul 1992-ci il tarixli qərarı və s.) həmin iddia tələbi əsassız olduğundan təmin edilməmişdir.                        
Bundan sonra, birinci instansiya məhkəməsi kimi həmin mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 8 iyul 1994-cü il tarixli qətnaməsi ilə iddiaçı A.Behbudovanın cavabdeh C.İsmayılzadəyə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı mübahisəli mənzilə verilmiş orderin etibarsız hesab edilməsi və cavabdehin ailəsi ilə birlikdə mübahisəli mənzildən çıxarılmasına dair iddiası təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin (bundan sonra – Ali Məhkəmənin RH) 24 yanvar 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prokurorluğunun bu qətnamədən nəzarət qaydasında verdiyi protest təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu (bundan sonra – Ali Məhkəmənin Plenumu) Firəngiz Rəsulovanın şikayəti üzrə əlavə kassasiya qaydasında işə baxaraq, 26 avqust 2005-ci il tarixli qərarı ilə Ali Məhkəmənin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsini və onunla əlaqədar Ali Məhkəmənin RH-nin 24 yanvar 1995-ci il tarixli qərarını ləğv etmiş və işi yenidən baxılması üçün Səbail rayon məhkəməsinə göndərmişdir.
Səbail rayon Məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar A.Behbudova və F.Rəsulovanın cavabdeh C.İsmayılzadəyə qarşı orderin, qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma, mənzilə köçürülmə tələblərinə dair iddiaları təmin edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 2 may 2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin MİÜMK-nın 3 avqust 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci tarixli Qərarı (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarı) ilə Səbail Rayon Məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi, Apellyasiya Məhkəməsi MİÜMK-nın 2 may 2006-cı il tarixli qətnaməsi və Ali Məhkəmənin MİÜMK-nın 3 avqust 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir.
Ali Məhkəmənin Plenumunun 3 iyul 2007-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Plenumunun 26 avqust 2005-ci il tarixli qərarı, Səbail rayon Məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2 may 2006-cı il tarixli qətnaməsi, Ali Məhkəmənin MİÜMK-nın 3 avqust 2006-cı il tarixli qərarı, Ali Məhkəmənin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin RH-nin 24 yanvar 1995-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir.
Səbail rayon Məhkəməsinin 10 fevral 2009-cu il tarixli qətnaməsi ilə iddiaçılar A.Behbudova və F.Rəsulovanın cavabdehlər C.İsmayılzadə və Səbail rayon İcra Hakimiyyətinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, orderin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin ləğv olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə tələbi barədə iddiaları təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 2 iyun 2009-cu il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.      
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 2 aprel 2013-cü il tarixli qərarı ilə iddiaçı F.Rəsulovanın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 iyun 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar A.Behbudova və F.Rəsulovanın apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir.
Ali Məhkəmənin MK-nın 30 oktyabr 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
C.İsmayılzadə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə instansiyaları tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) tətbiq edilməli olan bir sıra normaları tətbiq edilməmiş, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmamışdır.
Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, habelə hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.    Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri  həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, kassasiya şikayəti isə həmin Məcəllənin 405-ci maddəsinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 393-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir.
Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar).
Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu C.İsmayılzadənin şikayətində qaldırılan eyni məzmunlu dəlillərə dair öz hüquqi mövqeyini 13 fevral 2007-ci tarixli Qərarında ifadə etmişdir.              
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə almayaraq, apellyasiya instansiyası məhkəməsində işə baxılmasından dörd ilə yaxın müddət keçməsinə baxmayaraq, Konstitusiyanın, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) və Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qərar qəbul etmişdir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, onu qeyd etməyi vacib hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, Ali Məhkəmə və digər məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur.                         
Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.
Avropa Məhkəməsi bir sıra qərarlarında ağlabatan müddətin qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyəti orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi.
Məhkəmə instansiyalarında hər hansı bir işə yenidən baxılmasının müddətləri ağlabatan müddət anlayışı çərçivəsində olmaqla yanaşı, hər bir halda müvafiq məhkəmə icraatı üçün prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlərdən artıq olmamalıdır.
C.İsmayılzadə ilə F.Rəsulova və A.Behbudova arasında mübahisəyə 1992-ci ildən hal-hazıradək məhkəmələr tərəfindən dəfələrlə baxılmışdır. Lakin həmin müddət ərzində mübahisə yekun həllini tapmamışdır. İşin mürəkkəbliyi, iddiaçının davranışı və başqa hallar işə baxılan müddətin ağlabatan müddət kimi qiymətləndirilməsinə əsas verə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, hazırkı işdə məhkəmə araşdırılmasının müddəti həddən artıq olmuş və ağlabatan müddət tələbinə cavab verməmişdir.
Göstərilənlərə əsasən və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, A.Behbudova və F.Rəsulovanın cavabdehlər C.İsmayılzadəyə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, orderin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin ləğv olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 30 oktyabr 2013-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olmayan hesab edilməlidir. Mübahisəyə dair qəbul edilmiş məhkəmə aktları icra edilməməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Arzu Behbudova və Firəngiz Rəsulovanın cavabdehlər Cavid İsmayılzadəyə və Səbail Rayon İcra Hakimiyyətinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, orderin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin ləğv olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olmayan hesab edilsin. Mübahisəyə dair qəbul edilmiş məhkəmə aktları icra edilməsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”, qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədr                                                                                  Fərhad Abdullayev