ANA SƏHİFƏ » Qərarlar » 20.04.00 Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında

 

AZƏRBAYCAN  RESPUBLIKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLIKASI  KONSTITUSIYA  MƏHKƏMƏSININ

 

Q  Ə  R  A  R  I

 

Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci

maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin

50-ci maddəsinin şərh edilməsi haqqında

 

20 aprel 2000-ci il                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), S.Sal­­manova və Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi,

maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyev və Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşı S.Məmmədov,

mütəxəssislər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası Baş idarəsinin Qərargah rəisi M.Hümbətov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial siyasət və təminat idarəsinin rəisi F.Əliyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Maliyyə departamentinin direktor müavini R.Qədirovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında Azər­baycan Respublikası Prokurorluğunun 11 fevral 2000-ci il tarixli 11/52 saylı sor­ğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim E. Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri N.Allahverdiyev və S.Məm­mə­dovun, mütəxəssislər M.Hümbətov, F.Əliyev və R.Qədirovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D I: 

Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsində məhkumların islah-əmək müəssisəsində cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan müddəanın azadlıqdan məhrum etmə yerlərindən 1997-ci il fevralın 7-nə qədər azad edilmiş şəxslərə də şamil olunmasınının mümkünlüyünün şərh edilməsi xahiş olunur.

Sorğu ilə bağlı konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında təsdiq olunmuş Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin 1997-ci il fevralın 7-nə qədər olan redaksiyasında müəyyən olunmuşdur ki, Qanunda xüsusi olaraq nəzərdə tutulmuş hallar istisna olmaqla məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri dövrdə işlədikləri vaxt əmək stajına daxil edilmir.

Bu hal faktiki olaraq özünü qanunvericilikdə nəzərdə tutulmayan əlavə cəza növü kimi büruzə verirdi. Məhkumların azadlıqdan məhrum etmə yerlərindən cəzasını çəkdikləri dövrdə işlədikləri vaxtın əmək stajına hesablanmaması hamının qanun və məhkəmə qarşısında bərabərliyinə (Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə), hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququna (Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinə), hər kəsin sosial təminat hüququna (Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə), insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qadağan olunmasına və bu prinsiplərin qorunmasının dövlət təminatına (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə) zidd olmuşdur.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il fevralın 7-də “Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bu Qanunda digər dəyişikliklərlə yanaşı İslah-Əmək Məcəlləsinin 50-ci maddəsi də yeni redaksiyada verilmişdir. Qanun qüvvəyə mindiyi gündən bu maddənin beşinci hissəsinin mövcud redaksiyasına əsasən məhkumların azadlıqdan məhrum etmə yerlərində cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək vaxtının hesablanması təqvim ilinin yekununa əsasən, islah-əmək müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Sistematik olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən yayınan məhkumların müvafiq dövrdəki iş vaxtları islah-əmək müəssisəsi müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların stajından çıxarıla bilər.

İslah-əmək qanunvericiliyinin dəyişilməsi nəticəsində məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanması nəzərdə tutulmuşdur. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilmiş müddəaları, habelə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın və Avropa penitensiar qaydalarının tələbləri də təmin olunmuşdur.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən 1997-ci il fevralın 7-də islah-əmək qanunvericiliyinin dəyişilməsi nəticəsində məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan müddəa məhkumların hüquqi vəziyyətini yaxşılaşdırdığından geriyə şamil edilməlidir.

Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsində göstərilmiş müddəanın geriyə şamil edilməsi müəyyən hüquqi nəticələr yaradacaqdır. Onlardan biri də azadlıqdan məhrum etmə cəzasının çəkən şəxslərin sosial təminat hüququnun, o cümlədən pensiya hüququnun təmin olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xüsusi ilə qeyd edir ki, belə hüquqi nəticələrin yaranmasına səbəb olan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq həll olunmalıdır.

Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A   A L D I: 

1. Məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir.

2. Bu Qərarın 1-ci bəndini nəzərə alaraq 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslər üçün hüquqi nəticələrin yaranmasına səbəb olan məsələlərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq həll olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan” qəzetində dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

 

Sədrlik edən                                                                                         Xanlar Hacıyev