ANA SƏHİFƏ » Qərarlar » 28.03.14 “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 11 m.1 bəndi və AR 03/10/97-il Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121 m.2 his. şərh edilməsinə dair

 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair
 
 
28 mart 2014-cü il                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevin, Maliyyə və büdcə idarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Çingiz Kazımovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri Sərdar Məmmədovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ülvi Mayılovun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin (bundan sonra – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə) 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.
Sorğuda qeyd olunur ki, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanunu (bundan sonra – 2010-cu il 11 may tarixli Qanun) ilə qeyd olunan aktlara aşağıdakı məzmunda yeni müddəa əlavə edilmişdir:
“Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir”.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının (bundan sonra – 2010-cu il 10 iyun tarixli Fərman) 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli Qərar (bundan sonra – 2012-ci il 28 sentyabr tarixli Qərar) qəbul etmişdir. Həmin Qərarın 1-ci hissəsinə görə hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
Sorğuverənin qənaətinə görə, belə tənzimlənmə əsasən hərbi qanunvericilikdə təsbit olunmuş hərbi qulluqçunun statusunun anlayışının məzmunundan irəli gəlir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Sorğuda həmçinin qeyd olunur ki, 2010-cu il 11 may tarixli Qanun 2010-cu ilin 12 iyun tarixindən qüvvəyə mindiyindən, 2012-ci il 28 sentyabr tarixli Qərarın icrası həmin Qanunun qüvvəyə mindiyi tarixdən etibarən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilməlidir.
İşə əlavə olunmuş materiallardan görünür ki, kompensasiyanın ödənilməsi barədə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular tərəfindən Müdafiə Nazirliyinə göndərilmiş müraciətlər müsbət həll olunmadığından onlar məhkəmələrə müraciət etməli olurlar. Məhkəmələr isə onların iddia tələblərini əsasən Konstitusiyanın 25 və 37-ci maddələrinə istinad etməklə təmin edirlər.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
İstirahət hüququ, o cümlədən ödənişli məzuniyyətdən istifadə etmək hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 24-cü maddəsində, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “d” bəndində və “Ödənişli məzuniyyətlər haqqında” Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 saylı Konvensiyanın (bundan sonra – Konvensiya) 3-cü maddəsinin birinci bəndində öz əksini tapmışdır.
İstirahət hüququnun mövcudluğu və həyata keçirilməsi insanın inkişafı üçün və bir sıra digər konstitusion hüquqlarının realizə edilməsi üçün zəruri şərt olsa da, Konstitusiyanın 37-ci maddəsinin məzmunundan göründüyü kimi, bu hüquq əmək münasibətləri çərçivəsində reallaşdırılır və əsasən Konstitusiyanın 35-ci maddəsində təsbit olunmuş hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ və hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ ilə əlaqəlidir.
İstirahət hüququnu realizə etməklə fərd əmək münasibətlərindən irəli gələn vəzifələrin icrasından azad edilir və bu vaxtdan istədiyi kimi istifadə edərək ilk növbədə öz mənəvi və fiziki qüvvələrinin, əmək qabiliyyətinin bərpa edilməsinə və sağlamlığının möhkəmləndirilməsinə nail olur. Bununla yanaşı, istirahət hüququnun digər vacib təyinatı şəxsiyyətin qabiliyyət və istedadlarının inkişafından və təkmilləşdirilməsindən, şəxsi və ictimai həyatda iştirakının təmin edilməsindən ibarətdir.
Konstitusiyanın 37-ci maddəsinin II hissəsində istirahət hüququnu təmin edən vasitələr müəyyən olunmuşdur. Qanunverici Konstitusiyanın həmin normasında əks olunan müddəaları istirahət hüququnun minimal standartları kimi qəbul etməlidir. Lakin bu heç də o demək deyil ki, qanunverici müəyyən növ əmək fəaliyyətlərinin xüsusiyyətlərini nəzərə alaraq həmin fəaliyyət növləri ilə məşğul olan işçilər üçün istirahət hüququnun daha yüksək səviyyəsini müəyyənləşdirə bilməz.
İstirahət hüququnu təmin edən vasitələr sistemində ən uzunmüddətli və davamlı istirahət vaxtı kimi ödənişli məzuniyyət xüsusi yer tutur. Konstitusion əsasları olan və qanunvericiliklə tənzimlənən məzuniyyət hüququ əmək münasibətləri çərçivəsində həyata keçirilən subyektiv hüquqdur. Qanunverici bu hüququn reallaşdırılması üçün ondan istifadə şərtlərini müəyyən etməli, işəgötürənin üzərinə isə müəyyən vəzifələr qoymalıdır. Eyni zamanda, işçilərin konstitusion hüquqları və əmək funksiyalarının yerinə yetirilməsi zərurəti arasındakı tarazlıq qorunmalıdır.
Vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir.
Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.
Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır.
Konstitusiyanın 37-ci maddəsinin II hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilməlidir. Konstitusiyanın göstərilən müddəalarını təkrarlayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci bəndi müəyyən edir ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq, həmin maddənin 3-cü bəndində göstərilən işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.
Hərbi qulluq funksiyalarının yerinə yetirilməsinə dair yuxarıda qeyd olunanları nəzərə alaraq qanunverici “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin “b”, “v” və “q” bəndlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün, zabitlərə - hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilməsini müəyyən etmişdir.
Burada xüsusi ilə nəzərə almaq lazımdır ki, hərbi qulluqçu konstitusiya əhəmiyyətli funksiyalar yerinə yetirdiyinə görə istirahət hüququnun vaxtında həyata keçirilməsi təkcə onun şəxsi maraqlarına deyil, həmçinin ictimai maraqlara xidmət edir.
Buna müvafiq olaraq hərbi qulluqçuların istirahət hüququnun gerçəkləşməsi üçün qanunverici bir sıra normalar müəyyənləşdirmişdir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 126-cı maddəsinin məzmununa görə, hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətlərinin planı tutulur, hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvar ayının onuna kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır.
Hərbi qulluqçuların məzuniyyət hüququnu təmin edən müddəalar həmçinin adıçəkilən Əsasnamənin 121-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin birinci hissəsində məzuniyyətin istifadə edilməsinin zaman çərçivələri müəyyən edilmişdir. Belə ki, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər.
Beləliklə, bir qayda olaraq, hərbi qulluqçu növbəti məzuniyyətə təqvim ili ərzində çıxmalıdır. Məzuniyyətin başqa vaxta (növbəti ilin birinci rübünə) keçirilməsi müstəsna səbəblərə görə yüksək rütbəli komandirin icazəsi ilə ola bilər. Qanunverici məzuniyyətin başqa vaxta keçirilməsi ilə bağlı belə məhdudiyyəti müəyyən edərkən vaxtında verilməyən növbəti məzuniyyətin məqsədlərinə nail ola bilməməsi, habelə silahlı birləşmələrin daimi döyüş hazırlığının saxlanılması zərurəti ilə əlaqələndirmişdir.
Oxşar mövqe Avropa Birliyinin Ədalət Məhkəməsi tərəfindən ifadə edilmişdir. Həmin Məhkəmənin KHS AG Winfried Schulte qarşı iş üzrə 22 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ödənişli məzuniyyət hüququnun başqa vaxta keçirilməsi bu hüquqdan faydalanmağın əlavə imkanıdır; məzuniyyətin başqa vaxta keçirilməsi müəyyən zaman hüdudlarını keçmədikdə məzuniyyət hüququnun istirahət məqsədinə nail olunur (§25, 33). Məhkəmə belə qənaətə Konvensiyanın 9-cu maddəsinin birinci hissəsinə istinad etməklə gəlmişdir. Həmin müddəanın məzmununa görə illik ödənişli məzuniyyətin fasiləsiz hissəsi bir il ərzindən gec olmayaraq və illik ödənişli məzuniyyətin qalanı, məzuniyyətin verildiyi ilin axırından hesablanaraq on səkkiz ay ərzindən gec olmayaraq verilir və istifadə edilir.
Qanunverici hərbi qulluqçuların istirahət hüququnu daha yüksək səviyyədə təmin etmək məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququnu nəzərdə tutan norma əlavə etmişdir.
Bu norma Əsasnamənin 121-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələri sistemli əlaqədə və normativ vahidliyi ilə xarakterizə olunduğundan kompensasiyanın ödənilməsi məzuniyyət hüququnun əlavə təminat vasitəsi kimi qiymətləndirilir və buna görə məzuniyyətin verilməməsi və yaxud ondan imtina edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
Bu mövqe həmçinin Konvensiyanın 12-ci maddəsinə əsaslanır.
Konstitusiya Məhkəməsinin Plenumu analoji məsələyə dair xarici konstitusiya mühakiməsi orqanının təcrübəsində olan mövqeyi diqqətəlayiq hesab edir. Belə ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, istifadə edilməmiş bütün məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsi, əmək münasibətlərinə xitam veriləcək işçiyə məzuniyyətlərin naturada verilməsinin ümumi qaydalarından istisnadır və Konstitusiyada təsbit olunmuş istirahət hüququnun əlavə təminatı kimi çıxış edir (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli 1355-О-О saylı qərardadı).
Digər tərəfdən, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Məhz buna görə qanunverici 2010-cu il 11 may tarixli Qanunda kompensasiya alınması üçün müraciət edilən anda həqiqi hərbi xidmətdə olmaq şərtini müəyyən etməmişdir.
Burada bir daha nəzərə almaq lazımdır ki, təhlükəsiz əmək və istirahət hüququnun Konstitusiyada bəyan edilməsi hər şeydən öncə ondan irəli gəlir ki, insan sağlamlığı ali ayrılmaz nemətdir və onsuz bir çox başqa nemətlər və dəyərlər öz mənasını itirir, müvafiq olaraq onun saxlanılması və möhkəmləndirilməsi cəmiyyətin və dövlətin həyatında əsas rol oynayır. Bununla da, insanların sağlamlığının qorunmasına və möhkəmləndirilməsinə görə məsuliyyətini etiraf edən dövlətin öhdəliklərinin xarakteri və göstərilən konstitusion hüquqların müvafiq olaraq fərdlər tərəfindən realizə edilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsinin məzmunu da müəyyən edilir.
Bundan əlavə, məsələnin başqa cür həll olunması, yəni kompensasiyanın yalnız hərbi xidmətdə olanlara verilməsi Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin pozulmasına gətirib çıxarar.
Məhz göstərilənlərə əsasən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək (yəni 2010-cu il 11 may tarixli Qanunun qüvvəyə mindiyi günədək) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmalıdır.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilmə qaydalarını, habelə onun məbləğinin müəyyən edilməsini müvafiq icra hakimiyyəti orqanının üzərinə qoymuşdur.
2010-cu il 10 iyun tarixli Fərmanın 2-ci bəndində müəyyən olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.
Qanunverici digər demokratik hüquqi dövlətlərdə olduğu kimi, dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər.
Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin məzmununa, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, Nazirlər Kabinetinin qərarları konstitusiya norma və prinsiplərinə, hamılıqla qəbul edilən ümumi prinsiplərə, qanunlara və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Buna müvafiq olaraq qanunların icrası ilə əlaqədar qəbul edilən Nazirlər Kabinetinin qərarları həmin qanunun məqsədlərinə uyğun olmalı, məzmununu dəyişməməli, qanunda müəyyən edilən məsələləri tənzimləməlidir.
2010-cu il 11 may tarixli Qanunun və 2010-cu il 10 iyun tarixli Fərmanın məzmunundan görünür ki, Nazirlər Kabinetinin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğini və ödəmə qaydalarını müəyyən etmək səlahiyyəti olsa da, o, kompensasiya almaq hüququna malik olan şəxslərin dairəsini nizamlaya bilməz. Əks hal qanunverici orqanın Konstitusiyanın 37-ci maddəsindən irəli gələn qanunla ödənişli məzuniyyət verilməsini təmin etmək səlahiyyətinin, habelə Konstitusiyanın 149-cu maddəsinin V hissəsinin pozulmasına səbəb ola bilər.
Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə olunmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:
- “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da aid edilir.
- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr                                                            Fərhad Abdullayev