ANA SƏHİFƏ » Qərarlar » 18.02.14 L.Axundovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
18 fevral 2014-cü il                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi  Fəraid Əliyevin,
ərizəçi Leyla Axundovanın nümayəndəsi Elmar Kərimovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında L.Axundovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Axundov Ramin Asif oğlunun Axundova Leyla Elmar qızına qarşı nikahın etibarsız sayılmasına dair iddiası təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 15 mart 2010-cu il tarixdə bağlanmış nikah etibarsız hesab edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 12 mart 2013-cü il tarixli qətnaməsi ilə L.Axundovanın apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, R.Axundovun  iddiası təmin edilməmişdir.
R.Axundovun kassasiya şikayəti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 31 iyul 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş və tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilmişdir.
Ərizəçi L.Axundova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
L.Axundova hesab edir ki, iş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan normativ hüquqi aktın düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının təfsirində səhvə yol verilməsi nəticəsində onun Konstitusiyanın 34 və 60-cı maddələrində təsbit olunan nikah və hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir.
Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin I və II hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir.
Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər.
Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir.
Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir.
Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur.
Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə  Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir.
Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
- nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
- pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
- saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad).
Ailə qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər.
Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır.  Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.
Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur. 
 İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, R.Axundov məhkəməyə müraciət edərək L.Axundova ilə 15 mart 2010-cu il tarixdə bağladığı nikahın etibarsız sayılmasını xahiş etmişdir. R.Axundov iddiasını onunla əsaslandırmışdır ki, o, 18.05.2007-ci il tarixdə Dominqo Bahar Məmmədəliyeva ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan övladları olmadığından sonuncunun razılığı ilə nikahın ləğv edilməsi üçün Nəsimi rayon VVADQ şöbəsinə ərizə ilə müraciət etmiş, lakin nəticəsi ilə maraqlanmamışdır. L.Axundova ilə nikah bağladıqdan sonra ona əvvəlki nikahın ləğv olunmaması məlum olmuş və bununla əlaqədar olaraq ikinci nikahın etibarsız sayılması barədə Nəsimi rayon məhkəməsində iddia qaldırmışdır. 
L.Axundovanın apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin MK iddiaçının birinci nikahını pozmadan yeni nikaha daxil olmasını və yeni nikahın bağlanmasına mane olan bu hal barəsində məlumatlı olmasını əsas göstərərək, onun nikahın etibarsız sayılmasını tələb etmək hüququ olmadığı qənaətinə gəlmiş, Ailə Məcəlləsinin 12, 23, 25, 26.1.4, 26.1.7-ci maddələrini tətbiq edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir.
Həmin qətnamədən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin MK 31 iyul 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 mart 2013-cü il tarixli qətnaməsini ləğv etmiş və yeni qərar qəbul etməklə R.Axundov ilə L.Axundova arasında 15 mart 2010-cu il tarixində bağlanmış nikahı etibarsız hesab etmişdir.
Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, həmçinin mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli  yoxlanılmasına xidmət edir.
Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən MPM-in 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (MPM-in 417.1.4 və 417.2-ci maddələri).
Qeyd olunan normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi işin hallarını və sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq olunmadığını müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.  
Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin yeni qərar qəbul etmək səlahiyyəti həmin məhkəmənin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmaq hüququ kimi təfsir oluna bilməz. MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin aşağı instansiya məhkəmələrinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Bu maddə, həmçinin kassasiya instansiyası məhkəməsinin mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə və həmin hallara maddi hüquq normalarını tətbiq etməsinə hüquqi əsas vermir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 03 avqust 2004-cü il, 28 oktyabr 2004-cü il tarixli qərarlarında da öz əksini tapmışdır.
Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.4 və 417.2-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib yeni qərar qəbul edərkən öz qərarında R.Axundovun nikahın bağlanmasına mane olan hallar barədə məlumatlı olmamasını, boşanmaq barədə VVADQ şöbəsinə ərizə verdiyindən artıq nikahın pozulduğunu zənn etməsini və ikinci nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmamasını əsas gətirərək onun nikahın etibarsız hesab edilməsi barədə iddiasını təmin etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə kassasiya instansiyası məhkəməsi yeni qərar qəbul edərkən iş üzrə tətbiq olunan Ailə Məcəlləsinin 12, 23, 25, 26.1.4, 26.1.7-ci maddələrini düzgün şərh etməmiş və işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından fərqli olaraq, özü yeni hallar müəyyən etmişdir ki, bu da MPM-in 417.1.4-cü maddəsinin “apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ləğv edib yeni qərar qəbul edilməsinə yalnız apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yol verilir” müddəası ilə uyğun gəlmir.
Göründüyü kimi, Ali Məhkəmənin MK MPM-in 417.1.4 və 417.2-ci maddələrini düzgün tətbiq etməməklə həmin hüquq normalarının tələblərini pozmuş və iş üzrə tətbiq edilən maddi hüquq normalarını düzgün şərh etməməsi nəticəsində L.Axundovanın Konstitusiyanın 34 və 60-cı maddələrində təsbit olunmuş nikah hüququ və hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, R.Axundovun L.Axundovaya qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 31 iyul 2013-cü il tarixli qərarı Konstitusiyanın 34-cü maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Ailə Məcəlləsinin 26.1.4-cü maddəsinə, MPM-in 416, 417.1.4, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Ramin Axundovun Leyla Axundovaya qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.   Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
Sədr                                                                                    Fərhad Abdullayev