ANA SƏHİFƏ » Qərarlar » 30.01.14 A.Anağıyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 8 may 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
A.Anağıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
30 yanvar 2014-cü il                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Rafael Qvaladze, Ceyhun Qaracayev, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi  Elməddin Hüseynovun,
ərizəçi Akif Anağıyevin nümayəndəsi İlqar Xəlilovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında A.Anağıyevin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Bakı şəhəri Nizami rayon məhkəməsinin 7 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Akif Mürşüd oğlu Anağıyevin cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsinə dair iddiası təmin edilərək Pərvanə Mürşüd qızı Sadıqova ilə onun arasında 12 oktyabr 1996-cı il tarixdə bağlanmış bağışlama müqaviləsi ləğv edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 28 yanvar 2013-cü il tarixli qərardadı ilə işə birinci instansiya məhkəməsində cavabdeh qismində cəlb edilmiş P.Sadıqovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 7 noyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı A.Anağıyevin iddia ərizəsi baxılmamış saxlanılmışdır.
A.Anağıyev həmin qərardaddan kassasiya şikayəti verilməsi ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 fevral 2013-cü il tarixli qərardadı ilə A.Anağıyevin dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 8 may 2013-cü il tarixli qərarı ilə A.Anağıyevin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 fevral  2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin MK-nın 8 may 2013-cü il tarixli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 yanvar 2013-cü il tarixli və 25 fevral 2013-cü il tarixli qərardadlarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətdə qeyd edilmişdir ki, məhkəmələr onun və ailəsinin aztəminatlı olmasını, himayəsində I qrup əlil olan iki övladının olmasını, ölkə hüdudlarından kənarda yaşamalarını və orada işsiz kimi qeydə alınmalarını nəzərə almayaraq, kassasiya şikayəti verilməsi ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin etməmişlər.
Halbuki Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 fevral 2013-cü il tarixli qərardadının qəbul olunmasından bir ay öncə ərizəçinin digər iş üzrə dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi, aztəminatlı şəxs olması əsası ilə həmin kollegiyanın başqa tərkibi tərəfindən 24 yanvar 2013-cü il tarixli qərardadla təmin edilmişdir.
Beləliklə də, ərizəçi hesab edir ki, işə baxan məhkəmələr tərəfindən onun Konstitusiyanın 29, 60 və 61-ci maddələrində təsbit olunmuş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.4.1-ci maddəsinə əsasən konstitusiya şikayəti məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra verilə bilər. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 yanvar 2013-cü il tarixli qərardadı kassasiya qaydasında baxılmadığından, A.Anağıyevin konstitusiya şikayətinin dəlilləri bu hissədə müzakirə edilmir.
  Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsi).
Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
Bununla yanaşı, məhkəmə aktlarından şikayətin MPM-də nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
Qanunverici bu məqsədlərə nail olmaq üçün apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmasının prosessual qaydalarını MPM-in 43-cü fəslində müəyyən etmişdir.
Mülki proses iştirakçılarının hüquqlarının hərtərəfli və keyfiyyətli müdafiəsinin təmin edilməsi məqsədilə isə MPM-in 67.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
Konstitusiyanın 61-ci maddəsinin I hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.
Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) qarşılıqlı əlaqədədir və onların həyata keçirilməsini təmin edir.
Eyni zamanda, dövlət Konstitusiyanın 12, 26, 60 və 71-ci maddələrindən çıxış edərək aztəminatlı şəxslərin də bu hüquqdan istifadə etmələrinə konstitusiya təminatı vermişdir.
Belə ki, Konstitusiyanın 61-ci maddəsinin II hissəsinə müvafiq olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” 11 iyun 2002-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım almaq hüququ hər şeydən əvvəl ədalət mühakiməsinin maraqları ilə əlaqələndirilməlidir ki, bu da əsasən tərəflərin imkanlarının bərabərliyi prinsipinin təmin edilməsinə aiddir. Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq konstitusiya hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Eyri İrlandiyaya qarşı iş üzrə 9 oktyabr 1979-cu il tarixli qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ bəzi hallarda həmçinin mülki işlər üzrə pulsuz hüquqi yardımı ehtiva edir. Məhkəmə qeyd etmişdir ki, pulsuz hüquqi yardım almaq hüququ mülki işlərdə ədalət mühakiməsinin səmərəliliyi baxımından aşağıdakı hallarda tətbiq edilir: 1) daxili qanunvericiliyə əsasən hüquqi təmsilçilik zəruri olduqda; 2) iş prosedur və ya mahiyyət baxımından mürəkkəb olduqda.  
Konstitusiyanın yuxarıda qeyd olunan normaları, Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq və hər kəsin hüquqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi məqsədi ilə bu məsələni tənzimləyən bir sıra normativ hüquqi aktlara müvafiq dəyişikliklər edilmişdir. 
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bununla yanaşı, MPM-in 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vasaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.
MPM-in 67.2-ci maddəsində göstərilir ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vasaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
Yuxarıda sadalanan normativ hüquqi aktlardan göründüyü kimi, qanunverici vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda onun xidmətlərini ödəmək üçün kifayət qədər vasaiti olmayan şəxsin müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin etmək vəzifəsini məhkəmənin üzərinə qoymuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin MK A.Anağıyevin dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsini təmin etməməsini ərizəyə əlavə edilmiş sənədlərin kserosurət olması, eləcə də iddiaçının aztəminatlı şəxs olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmaması barədə sənədlərin əslinin təqdim olunmaması ilə əsaslandırmışdır.
Lakin Bakı Apellyasiya Məhkəməsinin MK bir ay öncə ərizəçinin digər iş üzrə dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin həmin kollegiyanın digər tərkibi tərəfindən onun aztəminatlı şəxs olması əsası ilə 24 yanvar 2013-cü il tarixli qərardadla təmin edilməsini nəzərə almamışdır.
Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, Bakı Apellyasiya Məhkəməsinin  MK-nın 25 fevral 2013-cü il tarixli qərardadı A.Anağıyevi narazı qaldığı məhkəmə aktından kassasiya şikayəti vermək hüququndan məhrum etməklə ədalətli məhkəmə araşdırılması hüququnu onun üçün əlçatmaz etmişdir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 fevral 2013-cü il tarixli qərardadı MPM-in 14.5 və 67-ci maddələrinin tələblərinə riayət edilmədən qəbul edilmiş, nəticədə A.Anağıyevin Konstitusiyanın 60 və 61-ci maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.
Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 416, 417.1.3 və 418.1-ci maddələri).
Göründüyü kimi, Ali Məhkəmənin MK 8 may 2013-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 25 fevral 2013-cü il tarixli qərardadını dəyişdirmədən saxlamış, MPM-in 416, 417 və 418-ci maddələrinin tələblərinə lazımınca əməl etməmiş, nəticədə A.Anağıyevin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi hüququ və 61-ci maddəsinin I və II hissələrində təsbit olunmuş hüquqi yardım almaq hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, A.Anağıyevin dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ərizəsinə dair Ali Məhkəmənin MK-nın 8 may 2013-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, 61-ci maddəsinin I və II hissələrinə, MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Akif Anağıyevin dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ərizəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 may 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 61-ci maddəsinin I və II hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 
2.   Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr                                                                                    Fərhad Abdullayev