ANA SƏHİFƏ » Qərarlar » 12.11.13 B.Xəlilovanın şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 05/09/12-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
B.Xəlilovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi kollegiyasının 5 sentyabr 2012-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
12 noyabr 2013-cü il                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi  Elməddin Hüseynovun,
ərizəçi Biçə Qurban qızı Xəlilovanın,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında B.Xəlilovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 sentyabr 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
                                        
MÜƏYYƏN  ETDİ:
 
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 8 fevral 2012-ci il tarixli qərarı ilə iddiaçılar Musayeva Gülbəniz Hudul qızının və Musayev Abdurrahman Adil oğlunun cavabdehlər Zaqatala rayon Aqrar İslahat Komissiyasına, B.Xəlilovaya və Xəlilov Mayis Nəbi oğluna qarşı Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının B.Xəlilovaya 971 kv.m torpaq sahəsinin  verilməsi hissəsində ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, həmin qərar Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən G.Musayevanın istifadəsində olan dəmir borular vasitəsi ilə quraşdırılmış altıaçığın altında yerləşən torpaq sahəsinin B.Xəlilovaya verilməsi hissəsində ləğv edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (bundan sonra – Şəki Apellyasiya Məhkəməsinin İİK) 31 may 2012-ci il tarixli qərarı ilə B.Xəlilovanın apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikasi Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İİK) 5 sentyabr 2012-ci il tarixli qərarı ilə B.Xəlilovanın kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İİK-nin qərarı dəyişdirilmədən saxlanılmışdır. 
Ərizəçı B.Xəlilova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin İİK-nin 5 sentyabr 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 15.2, 82.3-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 12.1, 12.2, 38.1-ci maddələrinin tələbləri pozulmuşdur. Işə baxan Şəki Apellyasiya Məhkəməsinin İİK və Ali Məhkəmənin İİK qanun pozuntuları ilə çıxarılmış qərarları dəyişdirilmədən saxlamaqla ərizəçinin Konstitusiyanın 13, 29 və 60-cı maddələrində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozmuşlar.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin toxunulmazlığı və mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.  
Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir.
 Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 139-cu maddəsinin mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsi isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməsini nəzərdə tutur. Dövlət daşınmaz əmlakla bağlı dövlət qeydiyyatından keçmiş mülkiyyət hüquqlarının müdafiəsinə təminat verir.
İşə baxılarkən məhkəmələr tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması ilə bağlı konstitusiya şikayətinin dəlillərinə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsi prinsipi IPM-in II fəslinin müddəalarında da öz əksini taparaq hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir.
Belə ki, İPM-in 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçilarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Eyni zamanda, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vasatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (İPM-in 12.2-ci maddəsi).
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın    6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.
Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar).
Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar).
Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. 
Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarını B.Xəlilovaya torpaq sahəsinin verilməsi hissəsində ləğv etməklə həmin qərarı inzibati akt hesab etmiş və iddianın  təmin edilməsini mübahisəli torpaq sahəsində quraşdırılmış əvvəllər 2 saylı fındıqçılıq sovxozuna məxsus tütünqurutma altıaçığının dəyəri nəğd ödənilməklə özəlləşmə zamanı əmlak payı kimi G.Məmmədovaya satılması və onun qanuni istifadəsində olması ilə əsaslandırmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisələndirilən qərarı inzibati akt hesab edərkən həmin qərarın 11 bənddən ibarət olmaqla Zaqatala rayonunun 20 təsərrüfat subyekti ilə yanaşı, 2 saylı fındıqçılıq təsərrüfatında da aparılmış torpaq islahatında qismən dəyişikliklər edilməsi haqqında olmasını nəzərə almamışdır. İddiaçıların mübahisələndirdiyi inzibati aktda nə B.Xəlilovaya və M.Xəlilova torpaq sahəsinin ayrılması barədə, nə də G.Musayevanın və A.Musayevin hüquqlarının pozulması ilə bağlı heç bir bənd və müddəa mövcud deyildir. Həmin qərar bütövlüklə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən əvvəl və sonra bu təsərrüfatlarda aparılmış islahatlar zamanı buraxılmış nöqsanlar və bununla bağlı görüləcək ümumi təşkilati məsələlərdən bəhs edir.
Məhkəmə nəzərə almamışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 2.0.2-ci maddəsində inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs   (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır.
Beləliklə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarı inzibati akt olaraq göstərilən tələblərə cavab vermədiyindən məhkəmə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
B.Xəlilovanın apellyasiya şikayəti üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsinin İİK-sı İPM-in 82-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə sikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxması,  həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş  sübutları (sübut etmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alması barədə tələbinə əməl etməmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İİK 31 may 2012-ci il tarixli qərarı ilə heç bir araşdırma aparmadan, iş üzrə ekspertizanın rəyinə, iddianın müddət ötürülməklə qaldırılması halına qiymət vermədən və mübahisə üzrə qüvvədə olan mövcüd məhkəmə aktlarını nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır.
Ali Məhkəmənin İİK isə işə baxarkən İPM-in 91 və 92-ci maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, İPM-in 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
 İPM-in 92-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar təsbit olunmuşdur. Belə ki, İPM-in 92.0.3 və 92.0.4-cü maddələrində proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunması və proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısının icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmaması halları məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar  kimi nəzərdə tutulmuşdur.
Göründüyü kimi, birinci instansiya məhkəməsində işə B.Xəlilova və M.Xəlilovun iştirakı olmadan baxılmış, apellyasiya icraatında iştirak edən cavabdehlərin və onların vəkilinin işin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı izahatları tələb olunmamışdır. İşin bu halları apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytarmağa tam əsas versə də,  Ali Məhkəmənin İİK bu səlahiyyətindən istifadə etməmişdir.
Bununla da işə baxan məhkəmələr Konstitusiyanın və prosessual qanunvericiliyin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, inzibati məhkəmə icraatının çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin etməmişlər (Konstitusiyanın 127-ci maddəsinin II,  VII hissələri və İPM-in 11, 12, 13, 15.1-ci maddələri).
Eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olması barədə B.Xəlilovanın məhkəmələrə təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməmişdir.
İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə icraatı qaydalarını müəyyən edən İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icratında MPM-in müddəaları tətbiq oluna bilər.
MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
İşə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, 2010-cu ildə B.Xəlilova və M.Xəlilov Zaqatala rayon məhkəməsində A.Musayev və G.Musayevaya qarşı onların mübahisəli torpaq sahəsindən çıxarılmaları barədə iddia, cavabdehlər isə birincilərə qarşı mübahisəli torpaq sahəsinin planının və ölçüsünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının  ləğv edilməsi barədə qarşılıqlı iddia qaldırmışlar.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, A.Musayevin və G.Musayevanın mübahisəli torpaq sahəsindən çıxarılmaları qərara alınmış, qarşılıqlı iddia isə təmin edilməmişdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
Göstərilən məhkəmə aktlarının hazırkı işə əlavə edilməsinə baxmayaraq, Ali Məhkəmənin İİK birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qanunun yuxarıda qeyd olunan normalarına əməl edilməməsinə diqqət yetirməmiş və 5 sentyabr 2012-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İİK-nin qərarını dəyişdirilmədən saxlamışdır.
Bu isə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqlarının pozulmasına  gətirib çıxarmışdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, G.Musayeva və A.Musayevin  Zaqatala rayon Aqrar İslahat Komissiyasına, B.Xəlilovaya və M.Xəlilova qarşı Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının B.Xəlilovaya torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Ali Məhkəmənin İİK-nin 5 sentyabr 2012-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə və İPM-in 91, 92.0.3 və 92.0.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.  G.Musayeva və A.Musayevin cavabdehlər Zaqatala rayon Aqrar İslahat Komissiyasına, B.Xəlilovaya və M.Xəlilova qarşı Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının B.Xəlilovaya torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi tələbinə dair  inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 sentyabr 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 92.0.3 və 92.0.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
Sədr                                                                                    Fərhad Abdullayev