ANA SƏHİFƏ » Qərarlar » 15.07.13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
QƏRARI
 
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair
 
15 iyul  2013-cü il                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyevin,
mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi)  430.1, 430.2.1 və 430.2.3-ci maddələrinin şərh olunmasını xahiş etmişdir.
Müraciətdən göründüyü kimi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (bundan sonra – Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti) 23.10.2012-ci il tarixli qərarı ilə “Nemət-Ə” firması normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların istehsalına görə İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir.
“Nemət-Ə” firması Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək inzibati tənbeh tətbiq etmə haqqında 23.10.2012-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 14.12.2012-ci il tarixli qərarı ilə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin “Nemət-Ə” firması barəsində 23.10.2012-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi 07.01.2013-cü il tarixli qərardadında İnzibati Xətalar Məcəlləsinin 438-ci maddəsinə istinad etməklə göstərmişdir ki, dövlət orqanı tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi inzibati xətalar qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdır.
Bundan sonra, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həmin qərardaddan apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.                           
Səlahiyyətli dövlət orqanının apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququ ilə bağlı təcrübədə fikir ayrılığı olduğundan Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək:
- inzibati xəta haqqında protokol tərtib edib inzibati xəta haqqında işi İnzibati Xətalar Məcəlləsinin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün rayon (şəhər) məhkəməsinə göndərmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən hakimin həmin protokol üzrə qəbul etdiyi qərarından İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilinib-bilinməməsinin;
- İnzibati Xətalar Məcəlləsinin 430.2.1-cü maddəsində göstərilən məhkəmə qərarından səlahiyyətli orqanın (vəzifəli şəxsin) apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququnun olub-olmamasının;
- İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsində nəzərdə tutulan halda səlahiyyətli orqanın qərarından verilən şikayət nəticəsində yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilən qərardan yenidən baxılması üçün məhkəməyə şikayət verilməsinin mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir.
İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.      
İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.
İnzibati Xətalar Məcəlləsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmaqla inzibati xətalar üzrə işlərin araşdırılmasının və baxılmasının, o cümlədən inzibati xətalar haqqında işlərin başlanmasının sadələşdirilmiş formada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətalar haqqında işin həllini təmin edən bir neçə müstəqil prosessual mərhələni ayırmaq olar:
inzibati xətalar haqqında işin başlanması və onun aidiyyəti üzrə göndərilməsi (İnzibati Xətalar Məcəlləsinin 409-416-cı maddələri);
işə səlahiyyətli orqan (vəzifəli şəxs) və ya rayon (şəhər) məhkəmələri tərəfindən baxılması (İnzibati Xətalar Məcəlləsinin 417, 420-424-cü maddələri);
inzibati xətalar haqqında işlər üzrə qərarın qəbul olunması (İnzibati Xətalar Məcəlləsinin 425- 427-ci maddələri);
inzibati xətalar haqqında işlər üzrə qərarlara yenidən baxılması (İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələri);
inzibati xətalar haqqında işlər üzrə qərarların icra olunması (İnzibati Xətalar Məcəlləsinin 439-449-cu maddələri).
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsinin 357-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 359.1-ci maddəsinə müvafiq olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.
İnzibati Xətalar Məcəlləsinin 360.1-ci maddəsində isə rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işləri nəzərdə tutan normalar göstərilmişdir.
Qeyd olunmalıdır ki, istənilən inzibati hüquq münasibətlərində olduğu kimi inzibati xətalar üzrə yaranan münasibətlərdə də tərəflərdən biri dövlət hakimiyyəti funksiyasını həyata keçirən orqan (vəzifəli şəxs) olur. Həmin səlahiyyətli orqanlar (vəzifəli şəxslər) aktlar qəbul etmək, işin istiqamətini və taleyini müəyyən edən hüquqi sənədlər tərtib etmək hüququna malikdirlər. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) protokollar tərtib edir, qərarlar qəbul edir, onları ləğv edir, dəyişdirir və qərarları icra edirlər. Digər şəxslərin hüquqlarının müdafiəsi özündə ümumi (publik) maraqları əks etdirdiyindən bu sahədə dövlət üzərinə düşən müvafiq öhdəliklərin yerinə yetirilməsi vəzifəsini daşıyır. Belə olan halda zərurət olduqda dövlət tərəfindən digər şəxslərin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsi tələb edilir.
Nəzərə alınmalıdır ki, inzibati xətalar sahəsində yaranan münasibətlərin subyektləri öz vəzifələrinə görə fərqli prosessual vəziyyətdə olurlar. İlk növbədə ona görə ki, səlahiyyətli dövlət orqanı (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirləri tətbiq edərkən inzibati xarakterli məcbur etmə səlahiyyətlərinə malikdir. Belə tədbirləri tətbiq edən səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri isə inzibati xətalarla bağlı icraatın subyektləri kimi qəbul edilməlidirlər.  
Ümumi hüquq nəzəriyyəsinə görə hüquq subyektləri hüquq və öhdəlikləri olan, sosial (ictimai münasibətlərdə müstəqil, qəti iradəsini ifadə edən və həyata keçirən subyekt qismində iştirak edən) və hüquqi (hüquq və vəzifələrin daşıyıcısı olan, hüquq münasibətlərində iştirak etmək imkanı hüquq normaları ilə müəyyən edilən) əlamətlərə malik ictimai münasibətlərin iştirakçıları hesab olunurlar.
Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinə görə inzibati təqibi həyata keçirən səlahiyyətli dövlət orqanları inzibati xətalar haqqında işlər üzrə məhkəmə prosesində tərəf hesab oluna bilməzlər. Bununla belə, inzibati xətalara dair işlər üzrə icraatda səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsləri belə işləri həll edən instansiya və ya həmin prosesdə faktiki olaraq tərəf qismində (vəzifəli şəxs tərəfindən qəbul edilən qərardan yuxarı səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət verildiyi halda) çıxış edirlər. Eyni zamanda, inzibati xətaya dair müvafiq protokol tərtib etmiş vəzifəli şəxs də inzibati xətalar üzrə işlərdə faktiki olaraq inzibati icraatın tərəfi kimi çıxış edir.
İnzibati Xətalar Məcəlləsinin Otuz üçüncü fəsli inzibati xətalar haqqında işlər üzrə qərarlara yenidən baxılması qaydalarını müəyyən edir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsinə görə hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
İnzibati Xətalar Məcəlləsinin 438-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati xətalara dair protokol tərtib etmiş və ya inzibati xətalar haqqında qərar qəbul etmiş vəzifəli şəxsin inzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması mərhələsində subyekt kimi iştirak etməsi inzibati icraatda cəmiyyətin və dövlətin maraqlarının təmin olunması, inzibati xətalara dair işlərə baxılarkən ümumi (publik) maraqların qorunması və müdafiə olunması, həmçinin İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrası baxımından vacibdir.
Bununla yanaşı, protokol tərtib etmiş və ya qərar qəbul etmiş vəzifəli şəxsin həmin aktı qəbul edilməsinə əsas olmuş dəlillərin müdafiə etmək məqsədilə apellyasiya qaydasında şikayət vermək hüququ inzibati tənbehin növünə və onun həcminə yenidən baxılması ilə deyil, daha çox məhkəmə aktının qəbul olunmasına səbəb olmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar olmalıdır. Nəzərə alınmalıdır ki, inzibati xətalar haqqında işlər üzrə qərarlarla bağlı məsələlər məhkəmədə həll olunduqda inzibati tənbehin tətbiqi və ya hər hansı inzibati protokolun tələbləri əsassız sayıldıqda inzibati icraata xitam verilə bilər. Belə halda, inzibati xətalar qanunvericiliyinin prinsipləri nəzərə alınmaqla, inzibati protokol tərtib edən və ya inzibati xətalar haqqında qərarı qəbul edən vəzifəli şəxsin ümumi (publik) maraqların müdafiəsi məqsədi ilə məhkəmə icraatı mərhələsində apellyasiya instansiyası məhkəməsinə şikayət verməsinin mümkünlüyü qanunvericilik qaydasında tənzimlənə bilər.
İnzibati xətalar haqqında işlər üzrə vəzifəli şəxsin apellyasiya instansiyasında iştirakı ümumi (publik) maraqların qorunması məqsədini daşıdığı üçün əlavə prosessual vasitə kimi qəbul olunmalıdır. Belə yanaşma konstitusiya prinsipləri ilə uyğunsuzluq təşkil etmir.     
Yuxarıda göstərilənləri və hüquq tətbiqetmə təcrübəsini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, səlahiyyətli dövlət orqanlarının inzibati tənbehi tətbiq edən vəzifəli şəxslərinin apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququ məhz qanunvericilik qaydasında tənzimlənməlidir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndində isə məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir.
Buna müvafiq olaraq, qanunverici Konstitusiyanın 94-cü maddəsinə əsasən, öz müstəsna səlahiyyətlərindən istifadə edərək səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququnu müəyyən etməyə haqlıdır.
Səlahiyyətli dövlət orqanının inzibati tənbeh tətbiq edən vəzifəli şəxsinin qərarından verilən şikayət nəticəsində yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərara yenidən baxılması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə  müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın  6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.   
Baxılan məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, bu hüquq hər kəsə istənilən mübahisəni məhkəmədə həll etmək imkanı verir. Belə halda yuxarı səlahiyyətli orqanın qərarına yenidən baxılması üçün məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qiymətləndirilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, səlahiyyətli dövlət orqanının inzibati tənbeh tətbiq edən vəzifəli şəxsinin qərarından verilən şikayətə əsasən yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərara yenidən baxılması üçün məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə məhdudlaşdırılmamışdır.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrində nəzərdə tutulan hallarda səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin birinci instansiya məhkəməsinin (hakimin) qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verməsinin mümkünlüyü istisna edilmir;
 - səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin inzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması mərhələsində hüquqi statusunun, habelə apellyasiya şikayətinin verilməsinin xüsusiyyətlərinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır;
  - Konstitusiyanın 60-cı maddəsinin tələblərini, İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsində göstərilən halda səlahiyyətli dövlət orqanının qərarından verilən şikayət nəticəsində yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərara yenidən baxılması üçün məhkəməyə müraciət edilməsini istisna edən normanın qanunvericilikdə müəyyən olunmadığını nəzərə alaraq, belə qərardan verilən şikayətlərə məhkəmə tərəfindən baxıla bilər.       
 Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA  ALDI:
 
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrində nəzərdə tutulan hallarda səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin birinci instansiya məhkəməsinin (hakimin) qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verməsinin mümkünlüyü istisna edilmir.
2. Səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin inzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması mərhələsində hüquqi statusunun, habelə apellyasiya şikayətinin verilməsinin xüsusiyyətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsində göstərilən halda səlahiyyətli dövlət orqanının qərarından verilən şikayət nəticəsində yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərara yenidən baxılması üçün məhkəməyə müraciət edilməsini istisna edən normanın qanunvericilikdə müəyyən olunmadığını nəzərə alaraq, belə qərardan verilən şikayətlərə məhkəmə tərəfindən baxıla bilər.    
4.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
Sədr                                                                                 Fərhad Abdullayev