ANA SƏHİFƏ » Qərarlar » 28.03.13 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu
 maddəsinin şərh edilməsinə dair
 
 
28 mart 2013-cü il                                                                            Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Elçin Hüseynovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
  
Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 30-cu maddəsinin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçı V.Hüseynov cavabdehlər B.Abbasov, C.Əliyev, Mingəçevir şəhər İcra bölməsi, Mingəçevir şəhər 2 saylı dövlət notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində keçirilmiş 11 sentyabr 2009-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, Dövlət Reyestr Xidmətinin çıxarışlarının etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Mingəçevir şəhər məhkəməsinin 3 iyul 2012-ci il tarixli qərardadı ilə adıçəkilən mülki işdən müvafiq tələblər ayrılaraq baxılması üçün Şəki İnzibati-İqtisadi məhkəməsinə göndərilmiş, mülki işin qalan hissədə isə icraatı dayandırılmışdır.
Şəki İnzibati-İqtisadi məhkəməsinin 9 oktyabr 2012-ci il tarixli qərardadı ilə göstərilən işin məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilmişdir.
Şəki Apellyasiya Məhkəməsində həmin iş üzrə tələblərə dair məhkəmə aidiyyəti məsələsinə baxılarkən, tələblərin birləşdirilməsi ilə əlaqədar məhkəmə yurisdiksiyası baxımından qeyri-müəyyənlik aşkar edilmişdir.
Belə ki, MPM-in 30-cu maddəsində göstərilmişdir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.
MPM-dən fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinin tələbinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir.
Beləliklə, fərqli məhkəmə yurisdiksiyasına aid tələblərin normativ qaydada birləşdirilməsi və tələblərə ümumi məhkəmədə baxılması müxtəlif ziddiyyətli fikirlər yaradır. Məhz buna görə, müraciət edən bir-biri ilə bağlı olub ümumi və inzibati-iqtisadi məhkəmələrə aid olan bir neçə tələbin ümumi məhkəmələrdə baxıla bilməsinin mümkünlüyü baxımından MPM-in 30-cu maddəsinin şərh edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.
Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları)
Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.  Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir.
Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”.
Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.    
Digər tərəfdən, mülki prosessual qanunvericilik mahiyyətinə görə fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddia tələblərinin birləşdirilməsini və tələblərə ümumi məhkəmədə baxılmasını mümkün sayır (MPM-in 30-cu maddəsi). Qanunverici bu normada tələblərin birləşdirilməsinin mütləq əsasını göstərməsə də, bir şərt kimi tələblərin bir-biri ilə əlaqədar olduğu halda birləşdirilməsini mümkün hesab edir. Deməli, tələblər bir-biri ilə əlaqəli olduğu və bir iddia ərizəsində birləşdirildiyi halda ümumi məhkəmədə baxıla bilər.
Bu təcrübə roman-alman hüquq ailəsinə aid əksər ölkələrdə mövcuddur. Belə ki, Almaniya mülki prosessual qanunvericiliyində iddia tələblərinin birləşdirilməsi məhkəmənin razılığı və ya təşəbbüsü ilə o halda mümkündür ki, mübahisənin predmetini təşkil edən tələblər hüquqi cəhətdən bir-biri ilə əlaqəli olsun və ya tələblər bir iddia qaydasında təqdim edilsin (Almaniyanın Mülki Prosessual Məcəlləsinin 147§).
İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır.     
Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir.
Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur.
Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.
Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi).
Digər tərəfdən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır (MPM-in 169.1-ci maddəsi). Qanunvericilikdə müəyyən edilən bu fərqli prosessual qaydalar, mahiyyəti üzrə yaxın tələbləri birləşdirmək və ya müxtəlif səbəblərdən, o cümlədən bir yurisdiksiya daxilində baxıla bilməyən tələbləri ayıraraq fərqli icraatda baxılmasını nəzərdə tutur.
İPM-in 37-ci maddəsinin tələblərinə əsasən isə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə, inzibati prosessual qanunvericilikdə tələblərin birləşdirilməsi eyni predmetlə bağlı olduqda mümkün sayılır.
Bir sıra ölkələrin (Almaniya, Avstriya, İspaniya) qanunvericiliyinə görə tələblərin birləşdirilməsinin əsas şərti birləşdirmənin nəticə etibarilə yurisdiksiyanın (aidiyyətin) dəyişdirilməsinə gətirib çıxarmamasıdır. Lakin Rusiya Federasiyasının mülki prosessual qanunvericiliyində tələblərin birləşdirilməsinin mümkünlüyü prinsipi bir qədər fərqlidir. Belə ki, Rusiya Federasiyasının Mülki Prosessual Məcəlləsinin 22.4-cü maddəsinə görə tələblər o halda ayrılır ki, onların bir hissəsi ümumi yurisdiksiyalı məhkəmənin, digərləri isə arbitraj məhkəməsinin yurisdiksiyasına aiddir və əgər tələbləri ayırmaq mümkün deyilsə, onlara ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılır.
MPM-in 30-cu maddəsinin müddəaları Rusiya Federasiyasının mülki prosessual qanunvericiliyinin qeyd edilən norması ilə oxşardır.
Qeyd olunmalıdır ki, MPM qüvvəyə mindikdən sonra həmin Məcəllənin 30-cu maddəsinin tətbiqi qeyri-müəyyənlik yaratmırdı. Belə ki, mülki və iqtisadi mübahisələrlə bağlı tələblərin bir icraatda birləşdirilməsi və ümumi məhkəmədə baxılması mümkün idi. Lakin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli, 143-IVQD nömrəli Qanunu ilə MPM-in 30-cu maddəsində “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilmişdir. Bu dəyişiklik, İPM əsasında inzibati mübahisələrin iqtisad məhkəmələrinin yurisdiksiyasına aid edilməsi və həmin məhkəmələrin adlarının “inzibati-iqtisadi məhkəmə”yə dəyişdirilməsi ilə əlaqədar idi.
MPM-in 30-cu maddəsinin hərfi mənada şərhi elə təsəvvür yaradır ki, inzibati-iqtisadi məhkəmələrdə baxılan inzibati mübahisələrlə bağlı tələblər də mülki tələblərlə birləşdirilərək ümumi məhkəmələrdə baxıla bilər. Lakin nəzərə alınmalıdır ki, biri ümumi (publik),  digəri isə mülki mübahisədən yaranan tələblər eyni yurisdiksiyalı məhkəmədə birləşdirilə bilməz.     
İnzibati-iqtisadi məhkəmələrin ümumi məhkəmələrdən ayrılması və inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən xüsusi icraat qaydasında - inzibati məhkəmə icraatı qaydasında baxılmasının və həll edilməsinin nəzərdə tutulması hüquqi müdafiə institutları ilə bağlı konstitusion tələblərin daha effektiv reallaşdırılması istiqamətində mühüm addımdır və inzibati məhkəmə müdafiəsinin səmərəli olmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair”  4 oktyabr 2012-ci il tarixli Qərarı).
İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır.
İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. 
İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır:
  • ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu;
  • ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması.
İnzibati mübahisələrdən fərqli olaraq, inzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr təbiətinə görə mülki mübahisələrlə yaxındır. Qanunvericilikdə “iqtisadi mübahisə” anlayışı birbaşa göstərilmədiyindən, onun şərh olunması çətinləşir. “İqtisadi mübahisə” ümumiləşdirilmiş anlayışdır. Belə ki, iqtisadi mübahisələrə mülki, inzibati və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr aid edilir. Lakin hansı hüquq münasibəti növünə aid olmasından asılı olmayaraq, iqtisadi mübahisələrin fərqləndirici cəhətləri aşağıdakılardır:
  • sahibkarlıq və ya digər iqtisadi sahədə yaranırlar;
  • işlərin görülməsi, istehsal, xidmətlərin göstərilməsində iştirak edən xüsusi sahibkarlıq subyektlərinin fəaliyyətinə aiddirlər;
  • əmlak xarakterli nəticələr yaradırlar.
Ümumilikdə, iqtisadi mübahisə dedikdə, iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, təsərrüfat (iqtisadi) fəaliyyəti sahəsində yaranan hüquqi mübahisə başa düşülür. Mübahisənin iqtisadi xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə bu münasibətlər mahiyyətinə görə mülki münasibətlərlə oxşarlıq təşkil edir.
İnzibati və iqtisadi mübahisələrin nisbətən fərqli xüsusiyyətlərini təhlil etməklə MPM-in 30-cu maddəsi baxımından onların ayrı-ayrılıqda mülki mübahisələrlə birləşdirilməsinin və ümumi məhkəmələrdə baxılmasının mümkünlüyü aşkar edilir. Belə ki, inzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr mahiyyətinə görə ümumi məhkəmələrdə mülki iddia tələbi ilə birləşdirilə bilər. İnzibati mübahisələrin xüsusiyyətinə görə isə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır.         
Məhkəmə icraatı prosesi hüquq sahəsi baxımından fərqli xüsusi prosessual prinsiplərə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, İPM-in 12.1-ci maddəsinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hüquq sahəsi üzrə xüsusi prosessual prinsiplər mübahisələrin xüsusiyyəti baxımından işlərin hərtərəfli, ədalətli və obyektiv araşdırılmasına xidmət edir.
Məhz buna görə tələblərin birləşdirilməsi zamanı mübahisənin predmeti baxımından onların aidiyyət məsələsi həll edilməlidir. Tələb mübahisənin predmetinə aid olduğu halda irəli sürülə və məhkəmə qaydasında baxıla bilər. Ona görə bir iddia daxilində müxtəlif tələblər mövcud olduğu halda, onların mübahisə predmetinə aidiyyət məsələsinə, sonradan isə birləşdirilməsinin mümkünlüyünə baxılmalıdır. 
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.
Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır.
Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi MPM-in 30-cu maddəsinə uyğun həll edilməlidir.
- iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu 
  
QƏRARA ALDI:
  
1. Mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə uyğun həll edilməlidir.
2. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur.  
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 
  
  
Sədr                                                                     Fərhad Abdullayev