ANA SƏHİFƏ » Qərarlar » 25.02.13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I 
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin
bəzi  müddəalarının şərh edilməsinə dair 
 
 
 25 fevral 2013-ci il                                                                                                      Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Nigar Əsgərovanın,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rəisi İlqar Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rafiq Quliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikası şöbəsinin müdir müavini Hüseynxan Məmmədovun, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Rövşən Əliyevin, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu Herbari laboratoriyasının müdiri, botanika elmləri üzrə fəlsəfə doktoru Pərvanə Qaraxaninin, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nəsib Göyüşovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.
 İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
M Ü Ə Y Y Ə N   E T D İ:
  
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 237-ci maddəsində və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun) 1.0.6-cı maddəsində nəzərdə tutulan “kultivasiya” anlayışının tərkibində narkotik maddələr olan yabanı bitkilərin toplanmasını ehtiva edib-etməməsinin; tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin hansı miqdarda toplanmasının CM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasının; tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin toplanmasının hansı meyar əsasında CM-in 237.2.3-cü maddəsi üzrə külli miqdarda törədilmə hesab edilməsinin şərh olunmasını xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində “qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmçinin göstərilən maddədə tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması da bu bitkilərin əkilməsi və yetişdirilməsi əməlləri ilə yanaşı müstəqil əməl kimi təsbit edilmişdir.
Sorğu onunla əsaslandırılmışdır ki, CM-in 234-cü maddəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsinə görə cinayət məsuliyyəti müəyyən edildiyindən və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşması kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməsinə yönəldilmiş hərəkətlər kimi nəzərdə tutulduğundan, mühafizə olunmayan ərazilərdə yabanı şəkildə bitən, tərkibində narkotik maddələr olan bitkilərin və ya onların hissələrinin toplanmasının ayrılıqda CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinə daxil olması və bu cinayət əməlinin həmin maddə ilə tövsif edilməsi hüquqtətbiqetmə təcrübəsində fərqli yanaşmaların  yaranmasına səbəb olmuşdur.
Sorğuda həmçinin qeyd olunmuşdur ki, CM-in 234.1-ci maddəsindən fərqli olaraq CM-in 237.1-ci maddəsində tərkibində narkotik maddələr olan bitkilərin hissələrinin hansı miqdarda toplanmasının cinayət məsuliyyətini yaratması, eləcə də həmin bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının CM-in 237.2.3-cü maddəsinin tövsifedici əlaməti olan külli miqdarla əhatə edilməsi qanunvericilikdə birmənalı müəyyən edilmədiyindən təcrübədə qeyri-müəyyənlik yaranmışdır.
Sorğuda qaldırılan məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel  2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.  
Bu Konstitusiya müddəası ilə şəxsin yalnız törədildiyi zaman qüvvədə olan qanunvericiliklə hüquq pozuntusu kimi nəzərdə tutulmuş əməlin törədilməsinə görə məsuliyyətə cəlb edilməsinin mümkünlüyü təsbit olunur. Bu hüquq, habelə “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində öz əksini tapmışdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Moiseyev Rusiya Federasiyasına qarşı iş üzrə 09 oktyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin zərərinə olaraq cinayət qanununun geriyə şamil olunmasını qadağan etməklə yanaşı, Konvensiyanın sözügedən norması, daha ümumi şəkildə yalnız qanunla cinayətlərin müəyyən olunmasının və cəzanın göstərilməsinin mümkün olduğu (nullum crimen, nulla poena sine lege) və cinayət qanununun, məsələn analogiya üzrə təqsirləndirilən şəxsin zərərinə olaraq geniş təfsir edilməli olmadığına dair prinsipləri ehtiva edir. Bu prinsiplərdən irəli gəlir ki, hüquq pozuntusu qanunla aydın müəyyən edilməlidir.
Beləliklə, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır.
Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin yalnız CM ilə müəyyən edilməsi və cinayət qanununun tətbiqi zamanı analogiyaya yol verilməməsi tələbi cinayət qanununda təsbit olunmuş qanunçuluq prinsipindən irəli gəlir(CM-in 5.1 və 5.2-ci maddələri).
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarı).
 Qeyd olunmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Azərbaycan RespublikasıBirləşmiş Millətlər Təşkilatının 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasına (bundan sonra  “Narkotik vasitələr haqqında” Vahid Konvensiya) və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasına qoşulmuş, müvafiq sahədə ictimai münasibətləri tənzimləyən, dövlət orqanları, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən və qanunvericilikdə istifadə edilən anlayışları açıqlayan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu qəbul etmişdir.
Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair I Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ).
 Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.
 “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 1-ci maddəsinin “i” bəndinə əsasən becərmə tiryək xaşxaşı, kokain kolunun, yaxud kannabis bitkisinin becərilməsi deməkdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir.
 “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanun) Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin III Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kol-kosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi, qeyri-müəyyənliyin aradan qaldırılması və qanunçuluq prinsipinin təmin olunması məqsədilə CM-in 237.1-ci maddəsində olan anlayışların mahiyyətinin və məzmununun, törədilən cinayət əməllərinin tərkibinin və tövsifedici əlamətlərinin araşdırılmasını zəruri hesab edir.
CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. 
Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş – yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama;
4. çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə.
İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir.
Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur.
Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir.
Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir.
CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. 
Konstitusiya Məhkəməsinin Plenumutərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin)  hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir.  
Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 123-1-ci maddəsində satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, yetişdirilməsi və ya toplanmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir.     
Göründüyü kimi, qanunverici tərəfindən faktiki olaraq eyni ictimai təhlükəli əməllərin törədilməsinə görə cinayət və inzibati məsulliyətin yaranmasının şərtləri fərqli müəyyən edilmişdir. Birinci halda, cinayət məsulliyətinin yaranması üçün həmin bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması tələb olunmur, ikinci halda isə inzibati məsulliyyət onların satış məqsədi olmadan şəxsi istehlak miqdarında əkilməsi, yetişdirilməsi və ya toplanmasına görə əmələ gəlir. Bu isə şəxs tərəfindən törədilən və inzibati qaydada tənbeh olunan əməlin cinayət qaydasında daha sərt cəzaya məruz qalması ilə nəticələnir.
Təsadüfi deyil ki, CM-in 234.1 və 234.2-ci maddələrində qanunverici qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının hazırlanmasına, istehsal edilməsinə, əldə edilməsinə, saxlanmasına, daşınmasına, göndərilməsinə və ya satılmasına görə cinayət məsuliyyətini narkotik vasitələri əldə etmə məqsədlərindən (şəxsi istehlak və ya satış məqsədi) asılı olaraq fərqləndirmişdir. Bunun davamı olaraq, İXM-in 68.1-ci maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki, CM-də eyni xarakterli cinayət əməllərinə görə belə fərqli hüquqi tənzimləmə hamının qanun qarşısında bərabərliyi, ədalət və qanunçuluq prinsipləri ilə uzlaşmır (Konstitusiyanın 25-ci maddəsi və 149-cu maddəsinin I hissəsi, CM-in 5 və 8-ci maddələri).
 Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. İctimai təhlükəli əməlin müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir.
Belə hüquqi tənzimləmə hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsipləri əsasında həyata keçirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gəlir.
Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsaslanır və bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarı).
Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toplanmasını müəyyən edən CM-in 237.1-ci maddəsinin dispozisiyasının bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.       
Konstitusiya Məhkəməsinin Plenumu Prokurorluğun sorğusunda qaldırılan məsələnin hüquqtətbiqedici orqanlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, CM-ə müvafiq dəyişikliklər edilənədək, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin miqdarının (o cümlədən şəxsi istehlak miqdarının) müəyyən edilməsi məsələsi həll edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun I Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir.
Tərkibində narkotik maddələr olan bitkilərdən toplanan miqdar “külli miqdar” əlamətini yaratdıqda, bu, cəzanı ağırlaşdıran hal hesab olunur və şəxsin əməli CM-in 237.2.3-cü maddəsində qeyd olunan cinayət kimi tövsif edilir.
Qeyd olunduğu kimi, cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz toplanmasının ölçü vahidləri (külli miqdarı) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş Siyahılarla müəyyən edilir.
Həmin Siyahıların “Narkotik vasitələr” adlı I Siyahısında həm inzibati xəta yaradan səxsi istehlak miqdarı, həm də cinayət məsuliyyətinə səbəb olan şəxsi istehlak miqdarından artıq miqdar, eləcə də bu narkotik vasitələrin külli miqdar hesab edilməsi miqdarı müəyyən olunmuşdur. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair III Siyahı ilə isə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi müəyyənləşdirilmişdir.
Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərkibində narkotik maddələr olan bitkilər (onların hissələri) narkotik vasitə olduğuna görə (“Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsi) CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş külli miqdar məsələsi həll edilərkən göstərilən I Siyahıda müəyyən olunan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda), külli miqdar (say vahidləri) məsələsi həll edilərkən isə III Siyahı əsas götürülməlidir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir; 
- qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq toplanmasını nəzərdə tutan CM-in 237.1-ci maddəsinin dispozisiyasının bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;      
- CM-ə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun I Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir;
- Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasının külli miqdarının müəyyən edilməsi üçün “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun I Siyahısı, həmin bitkilərin say vahidlərinin külli miqdarı müəyyən edilərkən bu Qanunun III Siyahısı əsas götürülməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
QƏRARA  ALDI :
  
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. 
2. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədindən asılı olmayaraq toplanmasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasının bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.       
3.Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilənədək, tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının cinayət məsuliyyətinə səbəb olan miqdarı (o cümlədən şəxsi istehlak miqdarı) müəyyən edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun I Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir.
4. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasının külli miqdarının müəyyən edilməsi üçün “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun I Siyahısı, həmin bitkilərin say vahidlərinin külli miqdarı müəyyən edilərkən bu Qanunun III Siyahısı əsas götürülməlidir.
5.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  
 
 
Sədr                                                                               Fərhad Abdullayev