ANA SƏHİFƏ » Qərarlar » 06.10.12 “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
QƏRARI
 
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair
 
 
6 oktyabr 2012-ci il                                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi Vidadi Qasımovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Fərhad Mehdiyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin 7 avqust 2012-ci il tarixli müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Müraciətdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan E.Həşimovun “Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “MREŞ” MMC) qarşı “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt”ın ləğv olunması ilə bağlı iş üzrə məhkəmə aidiyyəti məsələsi həll edilərkən çətinlik yaranmışdır.
Müraciət edən qeyd edir ki, məhkəmə təcrübəsində bu qəbildən olan işlərə həm ümumi, həm də inzibati-iqtisadi məhkəmələrdə baxılması halları mövcuddur.
Bununla bağlı Şəki Apellyasiya Məhkəməsi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərenerji” ASC) yerli qurumlarının inzibati orqan, onların tərtib etdiyi “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akt”ların inzibati akt hesab edilib-edilməməsi baxımından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 2.0.1 və 2.0.2-ci maddələrinin şərh olunmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.
Müraciətdə habelə göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda (bundan sonra – “İnzibati orqanların Təsnifatı”) “MREŞ” MMC inzibati orqan kimi nəzərdə tutulmamış və ona inzibati akt qəbul etmək səlahiyyəti verən qanunvericilik norması mövcud deyildir. Bununla yanaşı, istehlakçıların elektrik enerjisindən istifadə qaydaları müqavilələr əsasında həyata keçirilir. Lakin regional elektrik şəbəkəsi tərəfindən istehlakçılara qarşı tətbiq edilən belə aktların təbiəti fərqli şərh edildiyindən, həmin aktlar müxtəlif yurisdiksiyalı məhkəmələrdə mübahisələndirilir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi-texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır.
Elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Təbii inhisarlar haqqında” Qanun) 5.1.3-cü maddəsinə görə elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir.
Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və ötürülməsi “Azərenerji” ASC tərəfindən həyata keçirilir. Bu təşkilat Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1996-cı il tarixli Fərmanına əsasən yaradılmış, onun səhmləri bütövlükdə dövlətə məxsusdur və o, elektroenergetika sahəsində təbii inhisar subyekti qismində fəaliyyət göstərir.
Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir.
Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar. Bu münasibətlərdə təbii inhisar xarakterli orqanlar bildiriş və xəbərdarlıq xarakterli aktlar qəbul edə bilərlər. Ehtiyac olduğu halda bu aktlar ümumi məhkəmələrdə mülki prosessual qaydada mübahisələndirilir. Lakin təbii inhisar subyektinin mülki hüquq fəaliyyətini həyata keçirməsi onun inzibati orqan olub-olmaması məsələsinin müəyyən edilməsi üçün həlledici meyar deyildir. Bu subyektlər digər şəxslərə münasibətdə məcburi olan aktlar da qəbul və icra edə bilər. Belə halda onların qəbul etdikləri aktlar inzibati akt kimi inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.
İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Q.A.Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir.
Təbii inhisar orqanı tərəfindən qəbul edilən aktlar təbiətinə görə fərqli məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhz bu baxımdan “MREŞ” MMC tərəfindən qəbul edilən aktın mahiyyətinin aydın və dəqiq qiymətləndirilməsi həmin aktın mübahisələndirilməsinə dair məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə əsas verər.
“İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır.
İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Lakin təbii inhisarçı iştirak etdiyi bütün hüquq münasibətlərində inzibati orqanın xüsusiyyətlərini daşımır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində müəyyən edilmişdir ki, “məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir”. Bu akt inzibati tənbeh xarakterli olmasa da, konkret məsələni nizama salmaq məqsədi daşıyır (istifadə olunan enerji haqqının ödənilməsi) və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradır.
Təbii inhisar tərəfindən qəbul edilən bu aktın ilk baxımdan publik xarakterli olduğu nəzərə çarpır. Ona görə ki, birtərəfli qaydada qəbul edilir və qeyri-bərabər vəziyyətdə olan subyektlər arasında dövlət tərəfindən inzibati funksiyaları həyata keçirmək səlahiyyətinə malik inhisar müəssisəsi tərəfindən tətbiq olunur.
Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmәtlәrindәn müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar.
Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında” Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.
Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan “MREŞ” MMC ilə elektrik enerjisi istehlakçısı arasında müqaviləni inzibati müqavilə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsi əsasında qəbul edilən aktı isə inzibati akt hesab etmək düzgün olmaz.
İnzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur.
Qeyd etmək lazımdır ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır.
Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir.
Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır”.
Dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər.
Qeyd edilməlidir ki, inzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – İPM) normaları əsasında təbii inhisar müəssisəsinin inzibati aktları da məhkəmə qaydasında mübahisələndirilə bilər.
Avropa Məhkəməsi O.Y.Menesheva Rusiya Federasiyasına qarşı iş üzrə 9 mart 2006-cı il tarixli qərarında vurğulamışdır ki, Konvensiyanın 13-cü maddəsinin tələblərinə görə vətəndaşın hüquq və azadlıqlarının pozulması zamanı dövlət orqanlarının məsuliyyətini müəyyən edən mexanizm mövcud olmalıdır.
Müraciətdə qaldırılan mübahisənin subyektləri bir tərəfdən fiziki şəxs, digər tərəfdən isə “MREŞ” MMC-dir. “MREŞ” MMC müstəqil enerji istehsalçısı, yəni dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxsdir. Bu qurum mülki hüquq münasibətlərinin sabit iştirakçısıdır. Lakin mülki hüquq münasibətlərindən irəli gələn fəaliyyəti həyata keçirməklə yanaşı, Qanunla onlara müəyyən inzibati səlahiyyətlər də verilmişdir.
Qeyd edildiyi kimi, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir.
Nəzərə almaq lazımdır ki, inzibati xətalardan irəli gələn və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (bundan sonra – İXM) ilə tənzimlənən münasibətlər də publik hüququn bir hissəsidir. Bu göndərici normanın İPM-in 2.1-ci maddəsində əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olardı. Lakin inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir.
İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işin predmetini elektrik enerjisindən istifadə qaydalarının pozulması və həmin pozuntulara görə inzibati tənbeh tətbiqi ilə bağlı mübahisə də təşkil edə bilər. Bu təqdirdə qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması, habelə onlardan istifadə qaydalarının pozulması İXM-in 116-118-ci maddələrinin müddəalarına görə inzibati xətanın tərkibini yaradır.
“İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəməsinə verilmişdir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.16-cı bəndinə uyğun olaraq, İXM-in 116-118-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi baxır.
İXM-in 430.2.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 431.1.3-cü maddəsi ilə müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.
Beləliklə, elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması, habelə onlardan istifadə qaydalarının pozulmasına dair mübahisələrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və ya birinci instansiya məhkəməsi qismində ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
- İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə İXM-in 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
- “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədr:                                                                                   Fərhad Abdullayev