ANA SƏHİFƏ » Qərarlar » 05.10.12 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
QƏRARI
 
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və
132.1.2-ci maddələrinin şərh edilməsinə dair
 
 
5 oktyabr 2012-ci il                                                                                                        Bakı  şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Goranboy rayon məhkəməsinin hakimi Teyyub Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Bazıqovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Bağır Əsədovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəqani Məmmədovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair Goranboy rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Goranboy rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə göstərmişdir ki, icraatında olan mülki iş üzrə iddiaçılar G.S. və R.S. övladlığa götürmənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
Müraciətdən və iş materiallarından göründüyü kimi, G.S. və R.S. iddia tələblərini onunla əsaslandırmışlar ki, 27 yanvar 2007-ci il tarixində anadan olmuş uşaqları H.S.doğulduqdan sonra qardaşı E.S. və onun həyat yoldaşı F.S. övladlığa vermişlər. Lakin uşağı övladlığa götürdükdən müəyyən müddət sonra E.S. və F.S. uşağın bioloji valideynləri və onların uşaqları ilə görüşməsinə və ünsiyyətdə olmasına maneələr yaratmış, uşağa qayğı göstərməmiş və valideynlik vəzifələrini layiqincə yerinə yetirməmişlər.
Goranboy rayon məhkəməsi həmin işə baxarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 132.1.1 və 132.1.2-ci maddələrinin dispozisiyasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17, 25, 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 8-ci maddələri baxımından şərh edilməsinin zəruri olması qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Müraciətdə həmçinin Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin həmin Məcəllənin 130-cu maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 175-ci maddəsi baxımından şərh olunması xahiş edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.   
Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir.
Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən övladlığa götürmə institutu ilə təmin edilir. Övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir. Övladlığa götürmə zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur.
Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yalnız uşağın mənafeyi naminə yol verilir. Övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür.
Ailə Məcəlləsinin 118.1 və 118.2-ci maddələrinə əsasən övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
Övladlığa götürmənin hüquqi mahiyyəti ondan ibarətdir ki, övladlığa götürmə barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsilə övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətləri əmələ gəlir.
Belə ki, Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.
Ailə Məcəlləsinin 134.2-ci maddəsinə görə övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.
Qeyd olunan normalardan göründüyü kimi, övladlığa götürmə övladlığa götürülənlə valideynləri və onların qohumları arasında hüquq münasibətlərinin ləğvinə səbəb olur, övladlığa götürülən uşaqlar və onların valideynləri və qohumları bütün şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrindən azad olurlar.
Beləliklə, qanunun mənasına görə övladlığa götürənlər valideynlərə məxsus hüquq və vəzifələr əldə edir, valideynlər isə həmin hüquq və vəzifələri itirirlər.
Ailə qanunvericiliyində nəzərdə tutulan bu normalar həmçinin övladlığa götürmə məsələlərini tənzimləyən beynəlxalq hüquq sənədlərində də əksini tapmışdır. “Uşaqların övladlığa götürülməsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir. Maddədə qeyd olunan hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir.
Övladlığa götürənlər uşağın tərbiyəsinin üsullarını və vasitələrini özləri müəyyən edirlər. Lakin bu üsulları və vasitələri müəyyən edərkən onlar ailə qanunvericiliyinin tələblərinə riayət etməlidirlər. Belə ki, Ailə Məcəlləsinin 60.1 və 60.2-ci maddələrinə görə  valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Valideynlər uşaqların maraqlarını və hüquqlarını nəzərə almaqla onların kimlərlə ünsiyyətdə olmasını müəyyən edirlər. Valideynlər uşaqların başqa şəxslərlə münasibət qurmasına məhdudiyyətlər qoya bilərlər. Belə məhdudiyyətlərin müəyyən edilməsi övladlığa götürənlərin valideynlik hüquqlarından sui-istifadə etmələri kimi qiymətləndirilə bilməz.
Bununla yanaşı, qanunverici övladlığa götürmənin ləğv edilməsini müəyyən etmişdir. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 131.1-ci maddəsi).
Övladlığa götürmənin ləğv edilməsinə əsas olan hallar Ailə Məcəlləsinin 132-ci maddəsi ilə tənzimlənir.Həmin maddəyə görə qanunverici övladlığa götürmənin ləğv edilməsinin dörd əsasını müəyyən etmişdir:
- övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;
- övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.
Övladlığa götürənlərin onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirməməsi hərəkətsizlik formasında olur, bu zaman övladlığa götürənlər qanuna əsasən etməli olduqları hərəkətləri etmirlər. Bu, övladlığa götürənlərin uşağın mənəvi və fiziki tərbiyəsində, təhsilində iştirak etməməsində, onlara zəruri diqqət və qayğı göstərməməsində və s. ifadə oluna bilər.  
Övladlığa götürənlərin valideynlik hüquqlarından sui-istifadə etməsi dedikdə, bu hüquqların uşaqların mənafelərinin ziddinə istifadə olunması (məsələn, uşaqların təhsil almasına maneələrin yaradılması, uşaqları dilənməyə, oğurluğa, spirtli və ya narkotik maddələrdən istifadəyə meylləndirmə və s.) başa düşülür.
Övladlığa götürənlərin uşağa qəddar münasibət bəsləməsi isə uşaqlar üzərində fiziki və ya psixi zorakılığın həyata keçirilməsində (uşağın döyülməsi, qorxudulması, hədələnməsi, toxunulmazlığına qəsd olunması və s.), habelə yolverilməz tərbiyə üsullarından istifadə edilməsində (uşaqla insan ləyaqətini alçaldan, kobud formada davranmada, uşağın təhqir olunmasında) özünü biruzə verə bilər.
Övladlığa götürmənin övladlığa götürənin (götürənlərin) xroniki alkoqolik və narkoman olması əsası ilə ləğv edilməsinə o halda yol verilir ki, bu xəstəliklər tibbi rəy ilə təsdiq edilsin. Eyni zamanda, övladlığa götürmənin ləğv edilməsi ilə bağlı işdə iştirak edən şəxslər övladlığa götürən şəxsdə bu xəstəliklərin olması barədə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ekspertizanın keçirilməsi barədə vəsatət qaldıra bilərlər.
Beləliklə, Ailə Məcəlləsinin 132.1.1-132.1.4-cü maddələrində göstərilən əsaslarla övladlığa götürənlərin uşağın mənafelərinə zidd təqsirli davranışı və ya tibbi rəylə təsdiq olunmuş yuxarıda qeyd olunan xəstəliklər müəyyən edildikdə, məhkəmə övladlığa götürmənin ləğv edilməsi barədə qərar çıxarır. Bu hallarda övladlığa götürmənin ləğvinə dair uşağın razılığı tələb olunmur. 
Bununla yanaşı, qanunverici Ailə Məcəlləsinin 132.2-ci maddəsi ilə məhkəməyə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv etmək səlahiyyəti vermişdir.
Qeyd edilən müddəa övladlığa götürənin təqsirli hərəkətləri olmadıqda, onun davranışından asılı olan və ya olmayan səbəblərdən uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan valideynlik münasibətlərini formalaşdırmaq mümkün olmadığı halları nəzərdə tutur. Belə əsaslara uşağın mənafelərinə təsir edən istənilən hallar, o cümlədən, övladlığa götürənin və (və ya) övladlığa götürülənin şəxsi keyfiyyətləri səbəbindən onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması və nəticədə övladlığa götürənin uşağın yanında nüfuza malik olmaması və s. aiddir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, övladlığa götürmənin ləğvinə dair işlərə baxarkən məhkəmə iş üzrə bütün halları nəzərə almalı və uşağın mənafeyindən çıxış etməlidir.
Övladlığa götürmənin ləğvinə dair məhkəməyə müraciət edilməsinin övladlığa götürmənin sirrinin pozulması kimi qiymətləndirilməsi barədə məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiyanın 32-ci maddəsinin II hissəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Şəxsi və ailə sirri hesab olunan övladlığa götürmə barədə məlumatların qorunması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuşdur.
Ailə Məcəlləsinin 130.1 və 130.2-ci maddələrinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.
 Qanunvericilik normalarından göründüyü kimi, övladlığa götürmə faktının gizli saxlanması övladlığa götürənin iradəsindən asılıdır. Bu baxımdan həmin sirrin açılması yalnız övladlığa götürənin (o öldükdə isə qəyyumluq və himayə orqanının) razılığı ilə mümkündür.
Övladlığa götürmə sirrinin qorunması məqsədilə qanun övladlığa götürənin xahişi ilə övladlığa götürülənin soyadının, adının və atasının adının, doğulduğu yerin və tarixin dəyişdirilməsi, övladlığa götürənlərin övladlığa götürülənin valideynləri kimi yazılmasının mümkünlüyünü nəzərdə tutur (Ailə Məcəlləsinin 125, 126 və 127-ci maddələri).
Övladlığa götürmənin qanunla qorunan  sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barədə işlərə, məhkəmə qətnaməsinin elan olunması da daxil olmaqla qapalı məhkəmə iclasında baxıla bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.4-cü maddəsi).
Eyni zamanda, övladlığa götürmənin sirrini qorumaq məqsədilə işdə iştirak edən şəxslər məhkəmə tərəfindən, övladlığa götürmə barədə məhkəmə prosesində onlara məlum olan informasiyanın gizli saxlanılması, həmçinin övladlığa götürənin iradəsi ziddinə olaraq  övladlığa götürmə sirrini yaymağa görə cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdar edilməlidirlər.
Övladlığa götürmə sirrini yayma dedikdə, bu faktın övladlığa götürənin iradəsi ziddinə hər hansı bir formada (yazılı, şifahi, anonim) digər şəxslərə və ya övladlığa götürülənin özünə bildirilməsi başa düşülür. Bu hərəkət uşağın övladlığa götürülməsi barədə real məlumatların hər hansı bir şəxsə (qohumlara, tanışlara, övladlığa götürülənin özünə, kənar şəxslərə) bildirilməsi (açıqlanması, məlumat verilməsi, danışılması, sənədlərin nümayiş etdirilməsi və s.) formasında ola bilər.
Övladlığa götürmə faktının başqa şəxsə qeyri-müəyyən formada, yəni həm övladlığa götürülənin, həm də övladlığa götürənlərin adı, soyadı, atasının adı, yaşı və digər məlumatlar göstərilmədən bildirilməsi övladlığa götürmənin sirrinin yayılması kimi qiymətləndirilə bilməz.
Ailə Məcəlləsinin 130.3-cü maddəsində övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları nəzərdə tutulmuşdur.
Belə məsuliyyət Cinayət Məcəlləsinin 175-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma cinayət məsuliyyətinə səbəb olur.
Cinayət Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti övladlığa götürmə sirrini xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs (məsələn, hakim, VVADQ orqanlarının, qəyyumluq və himayə orqanlarının, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrinin işçiləri və s.) və ya digər şəxs (uşağın valideynləri və onların qohumları, övladlığa götürənlərin qohumları və s.) ola bilər. Lakin qeyd olunmalıdır ki, həmin cinayət birbaşa qəsdlə tamah məqsədilə, yaxud qisas və ya sair alçaq niyyətlə törədilməlidir.
Bununla yanaşı, övladlığa götürmənin ləğv edilməsi tələbi ilə əlaqədar müvafiq rəsmi orqanlara (məhkəməyə, prokurorluğa, daxili işlər orqanlarına, qəyyumluq və himayə orqanlarına və s.) müraciət edilməsi Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tərkibinin yaranmasına səbəb olmur.
Qanunverici övladlığa götürmənin ləğv olunması barədə məhkəməyə müraciət etmək hüququ olan subyektləri Ailə Məcəlləsində dəqiq müəyyən etmişdir. Həmin subyektlər sırasına həmçinin uşağın valideynləridə aid edilmişdir (Ailə Məcəlləsinin 133-cü maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, uşağın valideynlərinin övladlığa götürmənin ləğv olunması barədə məhkəməyə müraciət etmələri həmin şəxslər tərəfindən övladlığa götürmənin sirrinin yayılması kimi qiymətləndirilə bilməz.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
- Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslarla övladlığa götürmənin ləğvinə dair qərar qəbul edərkən məhkəmə iş üzrə bütün halları nəzərə almalı və uşağın mənafeyindən çıxış etməlidir;
- Övladlığa götürənlər tərəfindən uşaqların maraqları və hüquqları nəzərə alınmaqla onların başqa şəxslərlə münasibət qurmalarına məhdudiyyətlərin müəyyən edilməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz;
- Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda həmin Məcəllənin 133-cü maddəsində göstərilən şəxslər tərəfindən övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi övladlığa götürmənin sirrini pozmur və Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaratmır.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslarla övladlığa götürmənin ləğvinə dair qərar qəbul edərkən məhkəmə iş üzrə bütün halları nəzərə almalı və uşağın mənafeyindən çıxış etməlidir.
2. Övladlığa götürənlər tərəfindən uşaqların maraqları və hüquqları nəzərə alınmaqla onların başqa şəxslərlə münasibət qurmalarına məhdudiyyətlərin müəyyən edilməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda həmin Məcəllənin 133-cü maddəsində göstərilən şəxslər tərəfindən övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi övladlığa götürmənin sirrini pozmur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaratmır.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
  
 
Sədr                                                                             Fərhad Abdullayev