ANA SƏHİFƏ » Qərarlar » 27.08.12 İ.Şabanovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
27 avqust 2012-ci il                                                                                            Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 
məhkəmə katibi İsmayıl İsmayılovun,
ərizəçi İradə Musa qızı Şabanovanın vəkili Rasim Hüseynovun,
cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Elxan Kazımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 fevral 2010-cu il tarixli qətnaməsi ilə İ.Şabanovanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) və üçüncü şəxs N.Eyyubovaya qarşı iddiası təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 07 oktyabr 2010-cu il tarixli 03/283/Ş-3 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayanı küçəsi 9 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1010,2 kv.m olan qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
Nərimanov rayon məhkəməsinin qətnaməsi icra olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinə İ.Şabanovanın mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir.
Bundan sonra Nərimanov rayon məhkəməsinin qətnaməsindən “Kamilla” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Kamilla” MMC) qətnamənin onun qanuni maraqlarına toxunmasını əsas gətirərək apellyasiya şikayəti vermişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsi MK) 20 aprel 2011-ci il tarixli qətnaməsi ilə “Kamilla” MMC-nin apellyasiya şikayəti təmin olunmuş, Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin qətnamənin icrasından geriyə dönüş edilməklə qeyri-yaşayış sahəsinə dair İ.Şabanovanın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində alınmış qeydiyyatının və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi qət edilmiş, qətnamənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 24 oktyabr 2011-ci il tarixli qərarı ilə İ.Şabanovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qərardadı ilə İ.Şabanovanın əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.
Ərizəçi İ.Şabanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin MK-nın 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra – Konstitusiya)  və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
İ.Şabanova şikayətini onunla əsaslandırmışdır ki, “Kamilla” MMC-nin iş üzrə maraqlı şəxs qismində cəlb edilməsi zamanı məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 357.2, 363.1.1, 366 və 385.2-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatı pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir.
MPM-in 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur.
MPM-in 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
Qeyd olunmalıdır ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı)
Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır.
Qeyd olunmalıdır ki, MPM-in 27-ci fəsli maraqlı şəxsi xüsusi iddia icraatı üzrə müvafiq işlərdə iştirak edən şəxs kimi nəzərdə tutmuşdur. Belə ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldırmaq, özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən bir ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (MPM-in 296 və 298-ci maddələri). Bu hallarda qanunverici maraqlı şəxsi adları çəkilən orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərar və hərəkətləri (hərəkətsizlikləri) ilə özünün hüquq və azadlıqlarının pozulduğunu, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yarandığını, habelə üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulduğunu və ya qanunsuz olaraq məsuliyyətə cəlb olunduğunu hesab etdiyindən buna dair məhkəmədə mübahisə qaldıran şəxs kimi müəyyən etmişdir. Bu zaman maraqlı şəxsin işdə iştirakı mütləqdir.
Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin MK tərəfindən “Kamilla” MMC-nin maraqlı şəxs kimi tanınması və işə cəlb edilməsi bu şəxslərin mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqi statusunu tənzimləyən müddəalara uyğun gəlmir.
Bununla yanaşı, MPM-in 357.2, 361, 363 və 366-cı maddələrinin müddəaları apellyasiya instansiyası məhkəməsi tərəfindən “Kamilla” MMC-nin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan digər şəxs kimi qəbul edilməsindən əvvəl onun müvafiq tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olub-olmamasının araşdırılmasını tələb edir.  
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmaması məqsədilə məhkəmə sistemi çərçivəsində zəruri olan hüquqi mexanizmi nəzərdə tutmaqla müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən etmişdir.
MPM-in 14.2, 217.4, 218.1 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.
MPM-in 77 və 88-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə  isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.  
Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.    
Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli qərar).
Mülki işin materiallarından da göründüyü kimi, İ.Şabanova apellyasiya şikayətinə dair etirazını məhkəməyə göndərmiş və həmin etirazda “Kamilla” MMC ilə aralarında olan mübahisənin məhkəmələr tərəfindən artıq həll olunduğunu, buna dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş 8 sentyabr 2010-cu il tarixli qərarının olduğunu bildirmişdir. Belə ki, həmin qərarla “Kamilla” MMC-nin hazırki iş üzrə maraqlı şəxs kimi cəlb olunmasının əsası olan mübahisəli torpaq sahəsinə dair hüquqlarının olmaması müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli  həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı)
Apellyasiya instansiyası məhkəməsi isə İ.Şabanovanın təqdim etdiyi etiraza və “Kamilla” MMC-nin işə maraqlı şəxs qismində cəlb olunmasının qeyri-mümkünlüyünə dair təqdim etdiyi dəlillərə heç bir münasibət bildirməməklə və hüquqi qiymət verməməklə MPM-in 14.1, 88, 217.1 və 218.1-ci maddələrinin müddəalarına riayət etməmişdir. 
Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 416, 417.1.3 və 418.1-ci maddələri).
Lakin Ali Məhkəmənin MK MPM-in 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, 24 oktyabr 2011-ci il tarixli qərarı ilə bu məhkəmənin 20 aprel 2011-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamaqla İ.Şabanovanın Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi hüququnu pozmuşdur. 
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 24 oktyabr 2011-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. İ.Şabanovanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs N.Eyyubovaya qarşı vəzifəli şəxsin qeyri-hüquqi hərəkətlərindən şikayət barədə iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
  
 
Sədr                                                                           Fərhad Abdullayev