ANA SƏHİFƏ » Qərarlar » 27.08.12 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair
 
 
27 avqust 2012-ci il                                                                                                   Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
 məhkəmə katibi İsmayıl İsmayılovun,
 maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman Rəhimovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
 mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Bağır Əsədovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə,
 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair müraciəti əsasında konstitusiya işinə baxdı.
 İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N E T D İ:
 
Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsini xahiş etmişdir.
 İş materiallarından göründüyü kimi, A.Əliyev Y.Qasımovun ailə üzvləri ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmaları, həmin mənzilin girişində quraşdırılmış qapının sökülməsi və onun mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 29 aprel 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mülkiyyətçi A.Əliyevin həmin mənzilə köçürülməsi qət edilmişdir.
 İşə apellyasiya qaydasında baxılarkən cavabdeh Ş.Qasımova qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək A.Əliyev ilə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
 Apellyasiya şikayəti araşdırılarkən mülki iş üzrə qarşılıqlı iddianın icraata qəbulu ilə bağlı MPM-in 372.5-ci maddəsinə həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır.
 Müraciətdə qaldırılan məsələnin düzgün həlli üçün iddianın predmetinin, əsasının, hüquqi əsasının, apellyasiya instansiyası məhkəməsində “yeni tələb” və “qarşılıqlı iddia tələbi” anlayışlarının açıqlanması əhəmiyyət kəsb edir.
 Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir.
 Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
 Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər.
 Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
 Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
 Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən:
 ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər.
 Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;
 ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir;
 ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.
 İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.
 İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
 İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
 İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
 MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir.
 O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir.
 MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunçuluğun maraqları dedikdə, baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
 MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
 Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
 MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər.
 Qeyd edildiyi kimi, iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.
 Məhz buna görə də MPM-in 372.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
 Qanunverici bu qaydadan yalnız bir istisna nəzərdə tutmuşdur. MPM-in 372.5-ci maddəsinə görə tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələblərinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsinə əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.
 Göstərilən maddənin mahiyyətindən göründüyü kimi, qanunverici maddədə nəzərdə tutulmuş “yeni tələb” anlayışına əsasən qarşılıqlı iddianın elementlərini aid etmişdir.
 Qarşılıqlılıq prinsipi qərb ölkələrində bütün prosesi müşayiət edir: qarşılıqlı ərizə, qarşılıqlı iddia, qarşılıqlı apellyasiya və s. Qarşılıqlılıq prinsipi prosesi ağırlaşdırsa və uzatsa da, nəticə etibarilə əsas prosessual prinsipləri həyata keçirməyə, həqiqəti və tərəflərin maraqlarını, o cümlədən onlar tərəfindən istifadə olunan bütün müdafiə vasitələrini düzgün müəyyən etməyə imkan verir.
 Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır.
 Mülki proses qarşılıqlı iddia institutu vasitəsilə dispozitivlik və çəkişmə prinsipləri əsasında mübahisədə öz mövqeyini müdafiə etmək üçün cavabdeh tərəfi prosessual hüquqlar məcmusu ilə təmin etmişdir.
 MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
 Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır.
 Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür.
 MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir:
 - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə;
 - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
 - qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə.
 Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər.
 Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.
 Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi).
 L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ilkin və ya qarşılıqlı iddia tələbləri işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Qarşılıqlı iddia ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməsi mümkündür.
 Lakin cavabdeh özündən asılı olmayan səbəblərdən qarşılıqlı iddianı birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi hallarda apellyasiya instansiyası məhkəməsi MPM-in 372.5-ci maddəsində göstərilən əsaslarla tərəflərin təqdim etdiyi yeni tələblərə baxa bilər.
 Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələblərə hansı qaydada baxılması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsinə həmin Məcəllənin 372.1, 372.2, 372.3 və 372.4-cü maddələrinin kontekstində baxılmalıdır. MPM-in 372-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir.
 Bu hədləri üç qrupa bölmək olar:
 ● yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər;
 ● məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri;
 ● birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması.
 Yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:
 ● işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;
 ● yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;
 ● yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər;
 ● apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin.
 Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir.
 Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.
 Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.
 Lakin MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər.
 Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
 Başqa yanaşma birinci instansiya məhkəməsinin prosessual əhəmiyyətinin aşağı salınmasına gətirib çıxara bilər.
 Yuxarıda qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
 3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədr                                                                   Fərhad Abdullayev