ANA SƏHİFƏ » Qərarlar » 16.07.12 S.Bayramovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
16 iyul 2012-ci il                                                                                                          Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
ərizəçi Samirə Bayramova və onun nümayəndəsi Mehman Cəbrayılovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Günel Tanrıverdiyevanın,
mütəxəssis Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hüquq sektorunun müdiri Yusif Hümbətovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Tərtər rayon məhkəməsinin 4 avqust 2009-cu il tarixli qətnaməsi ilə Yusif Hacıyevin, İradə Şirəliyevanın Samirə Bayramovaya, Tərtər rayon Aqrar İslahat Komissiyasının (bundan sonra – Tərtər rayon AİK) sədrinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə qarşı Tərtər rayon AİK-in 14 oktyabr 2005-ci il tarixli qərarının və ona əsasən verilmiş sənədlərin etibarsız sayılmasına dair iddiası rədd edilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Gəncə Apellyasiya Məhkəməsinin MK) 31 mart 2010-cu il tarixli qətnaməsi ilə Y.Hacıyev və İ.Şirəliyevanın apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 11 avqust 2010-cu il tarixli qərarı ilə Y.Hacıyev və İ.Şirəliyeva tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 11 noyabr 2010-cu il tarixli qətnaməsi ilə Y.Hacıyev və İ.Şirəliyevanın apellyasiya şikayəti təmin olunmuş, Tərtər rayon məhkəməsinin  4 avqust 2009-cu il tarixli qətnaməsi ləğv edilərək, Tərtər rayon AİK-in 14 oktyabr 2005-ci il tarixli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq T.Hacıyeva, Y.Hacıyev, S.Bayramova və uşaqları C.Hacıyev və B.Hacıyevanın mülkiyyətinə verilməsinə dair hissədə ləğv olunmuş, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmişdir.
Ali Məhkəmənin MK-nın 7 aprel 2011-ci il tarixli qərarı ilə S.Bayramovanın kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 11 noyabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2011-ci il tarixli qərardadı ilə cavabdeh S.Bayramovanın əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.
S.Bayramova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş Ali Məhkəmənin MK-nın 7 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ, hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd edir.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Tərtər rayon AİK-in 14 oktyabr 2005-ci il tarixli qərarı ilə 0.06 ha torpaq sahəsi Y.Hacıyevə, S.Bayramovaya və onların birgə nikahlarından doğulmuş iki uşağına, habelə Y.Hacıyevin bacısı T.Hacıyevanın ümumi mülkiyyətinə verilmişdir. Tərtər rayon (keçmiş Mirbəşir rayonu) Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin 4 aprel 1958-ci il tarixli qərarı ilə Y.Hacıyevin atası Cəmil Hacıyevə Tərtər şəhərində dövlət mülkiyyətində olan 0,06 ha torpaq sahəsi müddətsiz istifadəyə ayrılmış və o, həmin torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi tikdirmişdir. C.Hacıyev 1984-cü ildə vəfat etmişdir.
S.Bayramova Y.Hacıyev ilə 1996-cı ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan etibarən Tərtər şəhəri, Qara Qarayev küçəsi, 5 ünvanında yerləşən evdə yaşayaraq, həyətyanı torpaq sahəsində birgə təsərrüfat aparmış, 2001-ci ildən isə o, həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında aparılan torpaq islahatları çərçivəsində 20 sentyabr 2004-cü il tarixində Tərtər rayon AİK-in sədri tərəfindən Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl təsdiq olunmuşdur. Cədvəldə göstərilən həyətyanı torpaq sahələrinin ölçülərinə uyğun olaraq Tərtər rayon AİK-in 14 oktyabr 2005-ci il tarixli, 2 saylı qərarı ilə Tərtər şəhərində vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir.
Həmin qərara əsasən T.Hacıyev, Y.Hacıyev, S.Bayramova, C.Hacıyev və B.Hacıyevaya “Torpağın mülkiyyətə verilməsinə dair” JN-429F, KOD 6110104 saylı şəhadətnamə verilmişdir.
Qeyd olunan sənədlərin etibarlılığına dair işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, öz qərarında S.Bayramovanın mülkiyyətinə verilmiş torpaq sahəsinin onun qanuni istifadəsində və ya icarəsində olub-olmamasının, mübahisəli torpaq sahəsi üzərində qanuni istifadə hüququ olan şəxslərin müvafiq orqana müraciət edib-etməməsinin araşdırılmadığını, həmçinin torpaq sahəsi üzərində ölmüş şəxsin adına mülkiyyət hüququnun tanınmasının mümkünlüyünə hüquqi qiymət verilmədiyini göstərmişdir.
Bununla bağlı olaraq, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və torpaq qanunvericiliyinin torpaq islahatlarının aparılması zamanı vətəndaşların daimi istifadəsində olan həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını və qaydalarını, həmçinin belə imkanlara malik olan subyektlərin dairəsini tənzimləyən müvafiq normalarının mahiyyətinin və məqsədlərinin açıqlanmasını zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).
Mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur.
Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya)  1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kushoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı).
Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 1991-ci ilədək torpaq sahələri üzərində yalnız dövlət mülkiyyəti olmuş,  vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmələri daimi istifadə formasında olmuşdur. Bu öz növbəsində onların torpağa və onun üzərində yerləşən mülkiyyətə hüquqlarının davamlılığını təmin edirdi. Ev sahibinin – evin yerləşdiyi torpaq sahəsinin istifadəçisinin bu torpağa daimi (müddətsiz) istifadə hüququnun tanınması digər qeyri-dövlət subyektlərinin həmin torpaq sahəsinə sərəncam verməsini istisna edirdi. Konstitusiyanın qəbulundan sonra qanunverici, mülkiyyətin xüsusi formasının yaranması ilə əlaqədar vətəndaşlara torpaq üzərində malik olduqları hüquqi statusu (daimi istifadə) başqa birisi ilə əvəz etmək imkanını təmin etmişdir.
Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir.
“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışdır.
Göstərilənlərlə bağlı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanuni istifadədə olan bu növ torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.
Burada nəzərə alınmalıdır ki, daimi istifadədə olan torpaq sahələrinin yuxarıda göstərilən qanunvericilik aktlarında müəyyən edilmiş xüsusi şərtlər çərçivəsində vətəndaşların mülkiyyətinə verilməsi daimi istifadədə olan torpaqların vərəsəlik kütləsinə daxil edilməməsinə dəlalət edir.
Bununla yanaşı, “Topraq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər.   
Belə ki, Konstitusiyada və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi qaydasını, o cümlədən mülkiyyət hüququnun əldə olunması qaydasını müəyyən edən normativ hüquqi aktlar bu hüquq və azadlıqları inkar edə və ya hər hansı digər vasitələrlə qanunsuz məhdudlaşdıra bilməzlər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır.
Eyni zamanda mövcud torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində yalnız qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminatı verilir. Bu həmcinin  Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyində öz əksini tapmışdır.
Mülki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, S.Bayramovaya digər ailə üzvləri ilə birlikdə həyətyanı torpaq sahəsi üzrə səlahiyyətli dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarını təsdiq edən rəsmi sənəd verilmişdir.
Kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərkən mübahisəli torpaq sahəsinin S.Bayramovanın xüsusi mülkiyyətinə verilməsinin əsaslarını təşkil edən yuxarıda qeyd olunan normativ hüquqi aktlara lazımi diqqət yetirilməmişdir.
Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı digər hüquqi mövqeyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; Garsiya Ruiz İspaniyaya qarşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı).
Lakin Ali Məhkəmənin MK-nın 11 avqust 2010-cu il tarixli qərarında iş üzrə tətbiq olunan maddi hüquq normalarının hüquqi məzmunu təfsir edilməmiş və həmin normaların necə başa düşülməli olması aydın formada izah edilməmişdir. Eyni zamanda, işə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsində Ali Məhkəmənin qərarında qanuni istifadəçi ilə bağlı qeyd olunan göstərişi həll edərkən həqiqətə nail olmaq üçün prosessual qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmişdir.
Ali Məhkəmənin MK 7 aprel 2011-ci il tarixli qərarında S.Bayramovanın kassasiya şikayətini təmin etməyərək, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 11 noyabr 2010-cu il tarixli qətnaməsində qeyd olunan maddələrə istinad etməklə və prosessual qanunvericiliyin tələblərinə riayət olunduğunu göstərməklə həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır.
Göründüyü kimi, mübahisəli torpaq sahəsinin S.Bayramovanın və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə keçirilməsinin əsaslarını təşkil edən yuxarıda qeyd olunan normativ hüquqi aktların işə baxan məhkəmələr tərəfindən hərtərəfli şərh edilməməsi nəticəsində S.Bayramovanın Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur. 
Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli Qərarı).
Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 417.1.3 və 418.1-ci maddələri).
Ali Məhkəmənin MK-nın 11 avqust 2010-cu il tarixli qərarında apellyasiya instansiyası məhkəməsində tərəflərin irəli sürmədiyi və buna müvafiq olaraq araşdırma predmeti olmayan, həmçinin Y.Hacıyevin və İ.Şıxəliyevanın kassasiya şikayətində mübahisələndirilməyən hal müəyyən edilmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların ölmüş bacısı T.Hacıyevanın mülkiyyət hüququnun tanınması məsələsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.
MPM-də kassasiya məhkəməsinə öz təşəbbüsü ilə məhkəmə aktlarının mübahisələndirilməyən hissəsinin qanuniliyinin yoxlanılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu baxımdan, kassasiya məhkəməsinin öz təşəbbüsü ilə qərarı mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60-cı və MPM-nin 4-cü maddələrindən irəli gələn dispozitivlik prinsipinə ziddir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
Apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən, kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənar verilmiş göstərişinə əməl etmiş və iş üzrə mübahisələndirilməyən fakta (mərhum T.Hacıyevanın mülkiyyət hüququnun əldə edilməsinin mümkünlüyünə dair) hüquqi qiymət vermişdir.
S.Bayramovanın şikayəti əsasında mülki işə təkrar  baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə lazımi diqqət yetirməmiş, nəticədə MPM-in 416, 417.1.3 və 418.1-ci maddələri ilə uzlaşmayan 7 aprel 2011-ci il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Ali Məhkəmənin MK-nın 7 aprel 2011-ci il tarixli qərarı Konstitusiyanın 13-cü maddəsinə, 29-cu maddəsinə, 60-cı maddəsinin  I hissəsinə və MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA   ALDI:
 
1. Y.Hacıyev və İ.Şirəliyevanın S. Bayramovaya və digərlərinə qarşı Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız sayılması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.    Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.     Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
  
Sədr                                                                               Fərhad Abdullayev