ANA SƏHİFƏ » Qərarlar » 08.05.08 Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi
MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
08 may 2008-ci il                                                                                            Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi K.Qəribovanın, onun nümayəndəsi  H.İskəndərovun
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi aparatının analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətcisi R.Əkbərovun  iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə K.Qəribovanın şikayəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
K.Qəribova şikayətində göstərir ki, Yasamal rayon məhkəməsinin 31 avqust 2001-ci il tarixli qətnaməsilə Fatmaxanım Məmməd qızı Əliyevanın cavabdeh Kamil Murtuza oğlu Hüseynova qarşı iddiası təmin olunaraq K.Hüseynov və Aqidə Şamil qızı Hüseynovanın ailə üzvləri ilə birlikdə Bakı şəhər H.Sultanov küçəsi, 1 saylı evin, 54 saylı mənzilindən (indiki adı İ. Qutqaşınlı; bundan sonra-mübahisəli mənzil) çıxarılmaları qət edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra-Apellyasiya Məhkəməsi MİÜMK) 12 dekabr 2005-ci il tarixli qətnaməsi ilə A.Hüseynovanın apellyasiya şikayəti təmin olunaraq F.Əliyevanın ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları, K.Hüseynovun və A.Hüseynovanın ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülmələri, 27.600.000 manat (AZM) pulun K.Hüseynovdan tutularaq F.Əliyevaya verilməsi qət edilmişdir.
Şikayətdə daha sonra göstərilir ki, 19 iyul 2005-ci il tarixdə isə o mübahisəli mənzili həmin anda onun mülkiyyətçisi olmuş Təranə Arif qızı Nurəliyevadan 282.000.000 manata (AZM) almış və 25 avqust 2005-ci il tarixdə adına verilmiş ÖM № 245863 saylı qeydiyyat vəsiqəsilə rəsmiləşdirmişdir. Mübahisəli mənzilin mülkiyyətçisi və vicdanlı sahib olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maraqlı şəxs kimi cəlb edilməmiş, onun və ailə üzvlərinin hüquq və vəzifələrinə toxunan qətnamə çıxarılmış, əmlakının hüquqi müqəddəratı həll olunmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin K.Qəribovanın müraciətinə əsasən verdiyi təqdimat Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra- Ali Məhkəmənin MİÜMK) 16 avqust 2006-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar qəbul olunarkən Yasamal rayon məhkəməsinin A.Hüseynovanın K.Qəribovaya və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin və qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi və mənzildən çıxarma barəsində başqa iddiasına dair qanuni qüvvəyə minməmiş 19 iyun 2006-cı il tarixli qətnaməsi əsas götürülmüş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152-ci maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 416-cı, 418.1-ci və 418.3–cü maddələrinin tələblərinə əhəmiyyət verilməmişdir.      Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 12 fevral 2007-ci il tarixli məktubu ilə onun əlavə kassasiya qaydasında verdiyi şikayətinin əsaslar olmadığı üçün Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.
Ərizəçi məhkəmə aktlarında MM-in və MPM-in bir sıra normalarının nəzərə alınmaması nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulduğunu göstərərək Ali Məhkəmənin MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının ləğv olunmasını xahiş edir.
Mülki işin materiallarından görünür ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 31 avqust 2001-ci il tarixli qətnaməsilə F.Əliyevanın K.Hüseynova qarşı mənzildən çıxarma və yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddiası təmin edilmişdir.
Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh K.Hüseynov ilə F.Əliyeva arasında 113532 saylı 03 aprel 2001-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda (bundan sonra-DNK) təsdiq edildiyindən və adına Bakı şəhəri Texniki inventarlaşdırma və mənzil hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 14 iyul 2001-ci il tarixli ÖM 080753 saylı qeydiyyat vəsiqəsi verildiyindən, mübahisəli mənzilə mülkiyyət hüququ sonuncuya keçmişdir.                             
MM-in daşınmaz əmlaka mülkiyyət hüququnun onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyini müəyyənləşdirən 178.1-ci və öhdəliyin pozulması anlayışını nəzərdə tutan 442.1-ci maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, K.Hüseynov və A.Hüseynovanın F.Əliyevadan borc pul aldıqları, bunun müqabilində də mübahisəli mənzili alqı-satqı qaydasında onun adına rəsmiləşdirdikləri, borcu qaytarmaq imkanlarının olmadığı, borcun mənzilin satılmasından əldə olunan pul vəsaitindən qaytarılmasına etiraz etmədikləri ilə bağlı gətirdikləri dəlillərlə razılaşmayaraq mülkiyyət hüququnun F.Əliyevaya keçməsilə onların mübahisəli mənzilə dair hüquqlarına xitam verildiyi qənaətinə gəlmişdir.
Məhkəmə həmin mənzilin alqı-satqısına dair notariat işində A.Hüseynovanın razılığının mövcudluğunu göstərərək, həmçinin birgə mülkiyyətçi kimi bu mənzilə dair onun da hüquqlarına xitam verilməsini qət etmişdir.
Habelə məhkəmə iclasının protokolundan görünür ki, A.Hüseynova iclaslarda iştirak etmiş, lakin iddia onun tərəfindən qəbul olunmamışdır. Ailə üzvü kimi mənzilin F.Əliyevaya satılmasına razılıq verdiyini bildirmiş, nə özü, nə də əri tərəfindən iddiaçıya qarşı heç bir tələb verməmişdir (irəli sürməmişdir).
İş materiallarındakı 674 №-li qəbzə görə həmin qətnamənin surəti məhkəmə tərəfindən 10 sentyabr 2001-ci il tarixdə poçt vasitəsilə K.Hüseynov və A.Hüseynovanın yaşadıqları ünvana (mübahisəli mənzilə) göndərilmişdir.
K.Hüseynov 23 avqust 2002-ci il tarixdə Yasamal rayon məhkəməsinə verdiyi ərizəsində mübahisəli mənzillə bağlı F.Əliyevanın ona qarşı irəli sürdüyü tələbin 2001-ci ildə təmin olunduğunu göstərməklə, yalnız qətnamənin surətinin verilməsini xahiş etmiş və onu aldığını öz imzası ilə təsdiqləmişdir.
02 dekabr 2003-cü il tarixli 2-ci ərizəsində isə qətnamənin surətinin onlara 1 ildən sonra- 2002-ci ildə verildiyini və ona qəti etiraz etdiklərini göstərərək həmin məhkəmədən mülki işə yenidən baxılmasına münasibətinin və çıxaralacaq qərarın nəticəsinin bildirilməsi xahiş olunmuşdur.
Məhkəmənin cavab məktubunda 31 avqust 2001-ci il tarixli qətnamənin surətinin 10 sentyabr 2001-ci il tarixdə poçt vasitəsilə onlara göndərilməsi, əlavə olaraq 23 avqust 2002-ci il tarixli ərizə ilə bağlı yenidən şəxsən təqdim olunması K.Hüseynovun nəzərinə çatdırılmışdır (K.Hüseynov bu məktubu aldığını imzası ilə təsdiqləmişdir).
Yasamal rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin bu məhkəməyə ünvanlanmış 03 may 2004-cü il tarixli məlumatından isə görünür ki, həmin qətnamə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan cavabdehlər tərəfindən könüllü icra edilmişdir.
07 aprel 2004-cü il tarixdə K.Hüseynov və A.Hüseynova Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət edərək mübahisəli mənzilin A.Hüseynovanın razılığı olmadan satılmasını, cavabdehin ailə üzvlərinin xəstə olmasını, mübahisəli mənzildən çıxdıqları üçün qətnamənin surətini vaxtında ala bilmədiklərini göstərərək 31 avqust 2001-ci il tarixli qətnamə ilə əlaqədar apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişlər (bu ərizə A.Hüseynova tərəfindən imzalanmışdır).
Həmin məhkəmənin 16 aprel 2004-cü il tarixli qərardadında qətnamənin surətinin iş üzrə tərəflərə, o cümlədən cavabdeh K.Hüseynova şəxsən imza edilməklə təqdim olunması, ondan 1 ay müddətində apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minməsi və icraya yönəldilməsi qeyd olunaraq müəyyən edilmiş müddət keçməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
Bu qərardaddan A.Hüseynova və K.Hüseynovun verdikləri apellyasiya şikayəti də Yasamal rayon məhkəməsinin 03 may 2004-cü il tarixli qərardadı ilə təmin edilməyərək (yuxarıda qeyd olunan hallar göstərilməklə) müəyyən edilmiş prosessual müddət keçdiyindən bərpa olunmamışdır (şikayət 28.04.2004-cü il tarixdə eyni səbəblər göstərilməklə A.Hüseynova tərəfindən verilmişdir).
Həmin qərardaddan K.Hüseynov və A.Hüseynovanın vəkalətli nümayəndəsinin 13 may 2004-cü il tarixdə verdiyi apellyasiya şikayəti bu məhkəmənin 17 may 2004-cü il tarixli qərardadı ilə MPM-in 269.3-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya Məhkəməsinin MİÜMK 23 iyun 2004-cü il tarixli qərardadı ilə I instansiya məhkəməsində mübahisəli mənzilə dair mülki işə mahiyyəti üzrə şikayətçilərin iştirakı ilə baxıldığı, işdəki sənədlərə görə qətnamənin surətini şəxsən aldıqları, kifayət qədər imkanları olmasına baxmayaraq ondan şikayət vermədikləri, həmçinin qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxdıqlarına dair gətirdikləri dəlillərin inandırıcı olmaması qənaətinə gələrək şikayəti təmin etməmiş, 16 aprel 2004-cü il tarixli və 03 may 2004-cü il tarixli qərardadları dəyişdirmədən saxlamışdır.
Onlar bu qərardaddan verdikləri kassasiya şikayətində birgə cavabdeh olmalarına baxmayaraq, A.Hüseynovanın ərindən fərqli olaraq prosesə 3-cü şəxs kimi cəlb edildiyini, Yasamal rayon məhkəməsinin qətnaməsinin surətini 23 avqust 2002-ci il tarixdə şəxsən aldıqlarını, lakin həyat yoldaşı K.Hüseynovun əlil və xəstə olduğundan apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxdıqlarını bildirmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının isə onların iştirakı olmadan çıxarıldığından ləğv edilməsini xahiş etmişlər.
Ali Məhkəmənin MİÜMK 20 oktyabr 2004-cü il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən işdə iştirak edən şəxslərə məlumat verilməsinə dair MPM-dəki qaydaların pozulduğu göstərilərək 23 iyun 2004-cü il tarixli qərardad ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəmə instansiyasına göndərilmişdir.
Apellyasiya Məhkəməsinin MİÜMK 09 fevral 2005-ci il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin 16 aprel 2004-cü il tarixli və bununla bağlı 03 may və 17 may 2004-cü il tarixli qərardadlarının A. Hüseynovaya aid hissələri ləğv edilmiş, bu hissədə mülki iş yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə həmin nəticəni A. Hüseynovanın qətnamənin surətini almasını araşdırmadan apellyasiya şikayəti vermə müddətinin üzürsüz səbəbdən buraxılmasına dair I instansiya məhkəməsinin gəldiyi qənaətində səhvə yol verməsi, mulki işin materiallarında 16 aprel 2004-cü il tarixli qərardadın isə tərəflərə nə vaxt verildiyini təsdiq edən sübutların olmaması ilə əsaslandırmışdır .
Apellyasiya Məhkəməsi MİÜMK-ın 01 iyul 2005-ci il tarixli qərardadı ilə A.Hüseynovanın Yasamal rayon məhkəməsinin bütün tərkibinə etdiyi etiraz təmin olunmuş və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin 28 iyul 2005-ci il tarixli qərardadı ilə A.Hüseynovanın qeyd olunan qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir.
A.Hüseynova qətnamə ilə bağlı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh kimi cəlb edilmədən işə ondan xəbərsiz və gizli baxılmış, iclas protokoluna onun adından 3-cü şəxs qismində saxta ifadə əlavə edilmişdir. Mübahisəli mənzilin satılmasına dair müqavilə mülkiyyətçi kimi onun razılığı olmadan bağlanmış, həyat yoldaşının II qrup əlil olmasından sui-istifadə edilməklə rəsmiləşdirilmiş, bu müqavilə alqı-satqı deyil, borc müqaviləsi olmuşdur. Şikayətdə mübahisəli mənzilin F.Əliyeva tərəfindən 10 sentyabr 2001-ci ildə özgəninkiləşdirildiyi də bildirilərək, həmin qətnamənin ləğv, F.Əliyeva ilə K.Hüseynov arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, F. Əliyevanın adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması, bunlardan törənən bütün hüquqi nəticələrin etibarsız sayılması, onun ailə üzvlərinin mübahisəli mənzilə olan bütün hüquqlarının bərpa olunması və həmin anda mübahisəli mənzildə yaşayan şəxslərin hamısının çıxarılması xahiş edilmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-ın 12 dekabr 2005-ci il tarixli qətnaməsilə şikayət qismən təmin olunmaqla I instansiya məhkəməsinin 31 avqust 2001-ci il tarixli qətnaməsi ləğv edilmiş, F.Əliyeva ilə K.Hüseynov arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi və onun əsasında verilən qeydiyyat vəsiqəsi etibarsız hesab olunmuşdur. F.Əliyevanın ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması, K.Hüseynov və A.Hüseynovanın ailə üzvləri ilə birlikdə yaşayış hüquqları tanınmaqla və pasport qeydiyyatına alınmaqla bu mənzilə köçürülməsi, K.Hüseynovdan isə 27.600.000 manat pulun alınaraq F.Əliyevaya verilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, K.Hüseynovun xüsusi mülkiyyətində olmuş mübahisəli mənzil notariat qaydasında təsdiq olunmuş  03 aprel 2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən F.Əliyevaya satılmışdır. 17 oktyabr 2000-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsinə görə A.Hüseynova ərinə məxsus mübahisəli mənzilin satılmasına etiraz etməmişdir. Lakin əqd rəsmiləşdirilərkən bu ərizənin həmin mənzilə dair 17 oktyabr 2000-ci il tarixli başqa alqı-satqı müqaviləsinin bağlanması üçün tərtib olunmasına və sonradan A.Hüseynova tərəfindən geri götürülməsinə, Bakı şəhəri Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin həmin tarixli digər sənədinin də («forma №1») 20 günlük qüvvədə olma müddətinin keçməsinə əhəmiyyət verilməmişdir (Məhkəmə iclasında şahid qismində dindirilmiş dövlət notariusu tərəflərin aralarında bağlanan müqavilənin məhz alqı-satqı müqaviləsi olduğunu bildiklərini və bütün prosedur qaydalara riayət edilməsini göstərmişdir). F.Əliyeva isə mənzil şəraitini yaxşılaşdırmaq üçün mübahisəli mənzili almağa ehtiyacı olmadığından, başqa niyyətlə əqd bağlamış, məhkəməyə pulun ödənilməsini təsdiqləyən mötəbər sübut təqdim etməmişdir. Bu hallar isə cavabdehlərlə bağlı MM-in 152.1, 157.2 (mülkiyyət huququ və onun müdafiəsinə dair müddəalar), 339.1, 339.2, 339.3 (şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi, aldatma yolu ilə bağlanmış əqdlərə dair müddəalar), 347.1, 347.2.1, 347.2.3-ci (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlərə dair müddəalar) maddələrinin pozulması ilə nəticələnmişdir.
Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsilə maraqlarına toxunulan K.Qəribovanın 10 aprel 2006-cı il tarixdə verdiyi kassasiya şikayətində isə göstərilmişdir ki, o mübahisəli mənzili 19 iyul 2005-ci il tarixdə qanuni əsaslarla Bakı şəhəri 12 saylı DNK-da təsdiq edilmiş alqı-satqı müqaviləsilə onun mülkiyyətçisi Təranə Arif qızı Nurəliyevadan 282.000.000 manata almış, 26 avqust 2005-ci il tarixdə isə onun adına bu mənzilə dair ÖM № 245863 saylı qeydiyyat vəsiqəsi verilmişdir.
Müvəqqəti rayonda yaşadığından məhkəmə iclaslarından, 4 ildən sonra verilmiş apellyasiya şikayətindən, çıxarılmış məhkəmə aktlarından xəbəri olmamış, onun həmin mənzildən çıxarılaraq hansısa tərəfin ora köçürüləcəyinə dair məlumatı yaxın adamları vermişdir.
Şikayətdə daha sonra bildirilmişdir ki, mənzil mülkiyyət hüququ olan şəxsdən əldə edilmiş, qanuna uyğun olaraq müvafiq arayışlar alınmış (forma 1, 2), mənzil boş olmuş, üzərinə həbs qoyulmamış və sair formada yüklü edilməmişdir. Buna görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi.
K.Qəribova heç bir qanunsuz hərəkət və ya hərəkətsizliyə yol vermədiyini göstərərək əmlakın vicdanlı alıcısı kimi mülkiyyətindən məhrum edilməsinin qanunsuz olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılmaq üçün həmin instansiyaya göndərilməsini xahiş etmişdir.
Ali Məhkəmə hakiminin 11 may 2006-cı il tarixli qərardadı ilə onun apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və qərardadlarından kassasiya şikayəti vermək hüququna malik şəxslərin dairəsinə daxil olmadığı göstərilərək (MPM-in 403-cü maddəsi) kassasiya şikayəti icraata qəbul edilməmişdir.
Apellyasiya Məhkəməsinin MİÜMK-ın 23 iyun 2006-cı il tarixli qərardadı ilə də K.Qəribovanın kassasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsinə daxil olmasını təsdiq edən müvafiq sənədlərin əlavə edilmədiyi rəhbər tutularaq kassasiya şikayəti geri qaytarılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri MPM-in 403.2-ci maddəsini rəhbər tutaraq K.Qəribovanın müraciətinə əsasən 05 iyul 2006-cı il tarixdə həmin qətnamədən Ali Məhkəmənin MİÜMK-na təqdimat vermişdir. Təqdimatda K.Qəribovanın mübahisəli mənzili qanuni əsaslarla əldə edərək adına rəsmiləşdirilməsinə, həmçinin apellyasiya instansiyası məhkəməsinin  qətnaməsilə maraqlarına toxunulmasına baxmayaraq işdə 3-cü şəxs kimi iştirak etməyə cəlb olunmaması və s. hallar göstərilərək, qətnamənin ləğv edilərək işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur.
Kassasiya instansiyası məhkəməsi hakiminin 06 iyul 2006-cı il tarixli qərardadı ilə təqdimatla əlaqədar məhkəmə iclası 16 avqust 2006-cı il tarixə təyin olunmuşdur.
 Ali Məhkəmə MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarı ilə təqdimat təmin edilməmiş, Apellyasiya Məhkəməsi MİÜMK-ın 12 dekabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 19 iyul 2006-cı il tarixdə çıxardığı qətnamə ilə A.Hüseynovanın mübahisəli mənzilə dair yuxarıda göstərilən digər iddiası təmin edilərək T.Nuriyeva ilə K.Qəribova arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsi etibarsız hesab olunduğundan sonuncu həmin mənzilə yaşayış hüquqlarını itirmişdir. Buna görə də o həmin mənzillə bağlı mübahisədə maraqlı şəxs kimi çıxış edə bilməz.
Yasamal rayon məhkəməsinin 19 iyul 2006-cı il tarixli qətnaməsindən isə aydın olur ki, mübahisəli mənzil Bakı şəhəri 5 saylı DNK- da bağlanmış əqdə əsasən 12 sentyabr 2001-ci il tarixdə F.Əliyeva tərəfindən S.Tağıyevaya satılmışdır. Bundan sonra həmin mənzil ayrı-ayrı vaxtlarda daha beş dəfə müxtəlif şəxslər arasında notariat qaydasında bağlanmış alqı-satqı müqavilələrinin predmeti olmuş və onlara məxsus mülkiyyət obyekti kimi qeydiyyat vəsiqələrilə rəsmiləşdirilmişdir. Sonuncu belə müqavilə T.Nuriyeva ilə K.Qəribova arasında 19 iyul 2005-ci il tarixdə notariat qaydasında bağlanmış və 26 avqust 2005-ci il tarixdə isə ona qeydiyyat vəsiqəsi verilmişdir.
O da qeyd edilməlidir ki, Yasamal rayon məhkəməsinin 19 iyul 2006-cı il tarixli qətnaməsində Apellyasiya Məhkəməsi MİÜMK-ın 12 dekabr 2005-ci il tarixli qətnaməsinin (ondan kassasiya instansiyasına verilmiş təqdimata mahiyyəti üzrə baxılanadək) qanuni qüvvəyə mindiyi göstərilərək MM-in 337.4-cü və 337.5-ci maddələri (əqdlərin etibarsızlığı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərə dair qaydalar) rəhbər tutulmuşdur. Beləliklə həmin məhkəmə aktında Apellyasiya Məhkəməsi MİÜMK-ın 12 dekabr 2005-ci il tarixli qətnaməsi, Ali Məhkəmənin MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarında isə Yasamal rayon məhkəməsinin 19 iyul 2006-cı il tarixli qətnaməsi əsas götürülmüşdür ki, bu da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığının I instansiyası məhkəməsi tərəfindən düzünə(birbaşa), kassasiya instansiyası məhkəməsi tərəfindən isə dolayısı tanınması ilə nəticələnmişdır.
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II, III hissələri).
Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.
Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da(mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir.
Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən MM-in müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir (MM-in 6-cı maddəsi). Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin.
Bir sıra qanunvericilik normaları ilə mülkiyyətçinin ailə üzvlərinin əmlak hüquqları tanınmaqla yanaşı, onların pozulmasının qarşısının alınmasına yönəlmiş müdafiə mexanizmləri də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak, o cümlədən daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdləri bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır (həmin Məcəllənin 33.4-cü maddəsi). Eyni məzmunlu müddəa «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinin ikinci hissəsində də öz əksini tapmışdır.
Lakin qanunverici belə əqdin bağlanması zamanı göstərilən tələbə riayət edilməməsinin və bununla da birgə mülkiyyətçilərdən hər hansı birinin hüquq və qanuni mənafelərinin pozulmasının mümkünlüyü halını istisna etməyərək onun etibarsız sayılması üçün nəzərdə tutulmuş müddət çərçivəsində mübahisələndirilməsini də müəyyənləşdirmişdir.
Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ərin-arvadın bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirilməsindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
Ərlə-arvadın nikah dövründə qazandıqları əmlakı nikah kontraktında və ya öz aralarındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa onların ümümi mülkiyyəti kimi tanıyan MM-in müddəaları ilə də əqdin etibarsız sayılması və onun etibarsızlığının nəticələrinin tətbiqi üçün (ər və ya arvadın razılığı alınmadan bağlanmış əqdlərlə də bağlı) 1 illik müddət müəyyənləşdirilmiş, onun axımının başlanması isə bu cür əqdin etibarsız sayılmasına əsas verən halların bilindiyi və ya bilinməli olduğu günlə əlaqələndirilmişdir (MM-in 225.1-ci və 354.2-ci maddələri).
İş materiallarında olan sənədlərdən də görünür ki, K.Hüseynovun mülkiyyəti kimi adına rəsmləşdirilmiş mənzil F.Əliyevaya satılarkən A.Hüseynovanın özü tərəfindən imzalanmış və 17.10.2000-ci il tarixdə notariat kontorunda təsdiqlənmiş razılığı mövcud olmuşdur. Belə razılığın verilməsinin Yasamal rayon məhkəməsinin 31 avqust 2001-ci il tarixli qətnaməsində də əks edilməsinə, həmin məhkəmə iclasının protokolunda isə A.Hüseynovanın bu razılığa dair etirafına baxmayaraq verilən apellyasiya şikayətində onun tərəfindən inkar olunmuş və yuxarıda göstərilən qanunlarda nəzərdə tutulmuş 1 illik müddət keçdikdən sonra (4 il sonra)  iddiaçıya qarşı əqdin etibarsız sayılması və onun nəticələrinin tətbiqilə bağlı tələb irəli sürülməklə mübahisələndirilmişdir.
MM-nin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Lakin A.Hüseynova apellyasiya şikayətində F.Əliyeva tərəfindən mübahisəli mənzilin 10 sentyabr 2001-ci ildə özgəninkiləşdirildiyini bildirməsinə, habelə ona və həmin anda mübahisəli mənzildə yaşayan şəxslərə qarşı faktiki olaraq iddia tələbi irəli sürməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi nə F.Əliyevanın, nə də həmin məzili əldə etmiş şəxsin (K.Qəribovanın) prosessual qaydaların tələblərinə əsasən işdə iştirak etmələrinə nail olmamış və mübahisəni mahiyyəti üzrə onlarsız həll etmişdir. Belə vəziyyət isə MPM-in ədalət mühakiməsinin həyata keçirilməsilə bağlı müəyyənləşdirdiyi ümumi qaydalarla uzlaşmır. Həmin Məcəlləyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri).        Bu baxımdan iddiaçının, habelə maraqlı şəxsin apellyasiya instansiyası məhkəməsində işə (prosesə) cəlb edilməməsi prosessual qaydaların əhəmiyyətsizliyinə gətirib çıxarmaqla onları, həmçinin əqdin etibarsız sayılması və onun nəticələrinin tətbiqi ilə əlaqədar birbaşa apellyasiya instansiyası məhkəməsinin baxışına təqdim edilən iddia tələbinə müddətin tətbiqilə bağlı nəzərdə tutulmuş hüquqi imkanlarının reallaşdırılmasından da məhrum etmişdir.
Eyni zamanda A.Hüseynova ərizələrində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini ərinin və özünün xəstə olması və başqa ünvanda yaşamaları, o cümlədən I instansiya məhkəməsinin qətnaməsinin surətinin onlara göndərilməməsi ilə əlaqələndirsə də (ilk ərizə 07 aprel 2004-ci il tarixdə, yəni faktiki olaraq 2 il 7 aydan sonra verilmişdir) iş materiallarından görünür ki, həmin qətnamənin surəti K.Hüseynov və A.Hüseynovlara məhkəmə tərəfindən göndərilmiş (təqdim olunmuş) və onun alınması imzalarla təsdiq edilmişdir. Özünün 02 avqust 2004-cü il tarixli kassasiya şikayətində həmin qətnamənin surətini 23 avqust 2002-ci il tarixdə şəxsən aldıqlarını bildirməsinə baxmayaraq, bu şikayətlə bağlı kassasiya instansiyası məhkəməsinin qərarına əsasən baxılmış iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2005-ci il tarixli qərardadından onun tərəfindən həmin faktın inkar edildiyi aydın olur.
Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüququ xassələrə malikdir».
Bununla belə, I instansiya məhkəməsi qətnaməsinin, maraqlı şəxsin şikayət verilmə müddətini üzürlü səbəblərə görə buraxması ucbatından qanuni qüvvəyə minməsi istisna olunmur.
MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-in 133.1-ci maddəsi).
Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, prosessual müddətin bərpa edilməsilə bağlı A.Hüseynovanın ərizəsinin təmin olunması ilə əlaqədar çıxarılmış məhkəmə aktı zahirən (formal olaraq) uyğunluq təəssüratı yaratsa da, mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən MPM-in 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz.
Şikayətdə mübahisəli mənzilin özgəninkiləşdirildiyinin bildirilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi ona mahiyyəti üzrə baxarkən mübahisəli mənzilin həmin anda hansı hüquq əsasında kimə məxsus olmasını da araşdırmamış, əldə edən işə cəlb olunmadan apellyasiya şikayətini təmin edərək qətnamə çıxarmışdır.
Qeyd edilməlidir ki, məhkəmə baxışının predmeti olan hüquq münasibətindən doğan mübahisə elə tərzdə həll edilə bilər ki, bu zaman onunla əlaqəli olan digər maddi hüquq münasibətinin iştirakçıları öz subyektiv hüquq və qanuni maraqlarına edilən təsirlə rastlaşsınlar. Bu baxımdan həm prosessual, həm də maddi qanunvericilikdə neqativ məzmunlu təsirlərin aradan qaldırılması üçün bir sıra hüquqi prosedurlar nəzərdə tutulmuşdur.
Belə ki, MPM-in 55 və 57-ci maddələrində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və sürməyən üçüncü şəxslərə dair normalar müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 387.2.4-cü maddədə isə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi I instansiya məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsində ləğv edilməsi hallarından biri kimi göstərilmişdir.
Eyni hal apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarının kassasiya instansiyası məhkəməsində ləğv edilməsini nəzərdə tutan əsasların da sırasındadır (MPM-in 418.6-cı maddəsi).
Bundan başqa MPM-in 403.2-ci və 423-cü maddələrinə görə Ali Məhkəmənin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən müvafiq olaraq Ali Məhkəmənin MİÜMK-na və ya Ali Məhkəmənin Plenumuna təqdimat verə bilər.
İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində K. Qəribova maraqlı şəxs kimi işə cəlb edilməmiş, onun müraciətinə əsasən Ali Məhkəmə sədrinin Ali Məhkəmənin MİÜMK-na verdiyi təqdimat da təmin olunmamışdır. Bu prosessual qaydalara əhəmiyyət verilmədən mübahisənin mahiyyəti üzrə həllinin yaratdığı hüquqi vəziyyət isə faktiki olaraq MM-in müxtəlif təyinatlı mülki hüquqların müdafiəsi vasitələrinin qarşı-qarşıya qoyularaq toqquşmasına (iddiaların rəqabətinə) gətirib çıxarmışdır.
MM-in müddəaları ilə şəxsin pozulmuş hüquqlarının müdafiə üsullarını öz mülahizələrinə əsasən seçməsinə məhdudiyyətlər qoyulmamaqla yanaşı, ümumi mülki-hüquqi müdafiə üsullarından istifadə olunması da xüsusi və ya əşya hüquq müdafiə vasitələrinin mövcudluğundan asılı edilməmişdir. Belə ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir (MM-in 18-ci maddəsi).
Bu baxımdan əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün məhkəməyə müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi -restitusiya (MM-in 337-354-cü maddələri), yaxud da əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması-vindikasiya iddialları ilə (MM-in 157-ci maddəsi) müraciət edə bilər.
 Lakin qeyd edilməlidir ki, bu müdafiə vasitələri eyni növlü olmamaqla yanaşı, həm hüquqi təbiəti və həm də təyinatları baxımından muxtəlifdirlər.
Belə ki, MM-in 157.2-ci maddəsinə əsəsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsində (bu maddə T.Nurəliyeva ilə K.Qəribova arasında mübahisəli mənzillə bağlı 19 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzilə dair sonuncuya qeydiyyat vəsiqəsinin verildiyi 26 avqust 2005-ci il tarixdə qüvvədə olmuş, 01 noyabr 2005-ci il tarixdə qüvvədən düşmüşdür) isə nəzərdə tutulmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və ya bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun.
Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb edilə bilməz.
Həmin dövrdə qüvvədə olmuş bu normanın məzmununa görə yalnız əmlakın əvəzli surətdə əldə edilməsi, mülkiyyətçinin və ya sahibin hökmranlığından yuxarıda göstərilən səbəblər ucbatından çıxmaması, əldə edənin isə əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.
O, da qeyd edilməlidir ki, mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur.
Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o, cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.5-ci maddəsi).
Göstərilən maddələrin təhlilindən belə nəticə hasil olunur ki, qanunverici MM-in 157.3-cü maddəsində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir.
 Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.3-cü maddəsinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı.  
Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini  mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.
Apellyasiya Məhkəməsinin qətnaməsində də vicdanlı sahibliklə bağlı qaydalar inkar olunmaqla məhz belə mövqeyə üstünlük verildiyindən K.Qəribovanın mübahisəli mənzilə mövcud olan mülkiyyət hüququ əhəmiyyətsiz edilmişdir. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I, 29-cu maddəsinin I, II və III hissələri baxımından məqbul hesab edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmək səlahiyyətinə də malikdir. Şikayətin dəlillərindən asılı olmayaraq o, həmçinin apellyasiya instansiyası məhkəməsinin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və qərardadlarını da ləğv edir (MPM-in 418.4.6-cı maddəsi).
Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmunu isə bu təminatın həmçinin məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Lakin Ali Məhkəmənin MİÜMK verilmiş təqdimat üzrə işə baxarkən nəinki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamamış, əksinə I instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsinə əsaslanmaqla 16 avqust 2006-cı il tarixli qərarı qəbul etmişdir ki, bu da Konstitusiyanın hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verən 60-cı maddəsi ilə ziddiyyət təşkil edir.
Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu bu qənaətə gəlir ki, F.Əliyevanın K.Hüseynova qarşı mənzildən çıxarma və yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I, 29-cu maddəsinin I, II, III, 60-cı maddəsinin I hissələrinə və MPM-in 416-cı, 417-ci və 418.4.6-cı maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab edilməli, həmin mülki işə bu qərardakı hüquqi mövqe əsas götürülməklə MPM-də nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
1. F.Əliyevanın K.Hüseynova qarşı mənzildən çıxarma və yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I, 29-cu maddəsinin I, II, III, 60-cı maddəsinin I hissələrinə və MPM-in 416-cı, 417-ci və 418.4.6-cı maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab edilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarındakı hüquqi mövqe əsas götürülməklə həmin mülki işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılsın.
2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi», qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı» nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                         Fərhad Abdullayev