ANA SƏHİFƏ » Qərarlar » 30.12.08 Ədalət Musa qızı Həsənovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-ın 26 dekabr 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Ədalət Musa qızı Həsənovanın şikayəti ilə əlaqədar  Azərbaycan Respublikası Ali Məhkəməsi
MİÜMK-ın 26 dekabr 2007-ci il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
30 dekabr 2008-ci il                                                                                                   Bakı şəhəri
 
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən), F. Babayev, S. Həsənova, B. Qəribov (məruzəçi-hakim), R. Qvaladze, E. Məmmədov, İ. Nəcəfov, S. Salmanova və Ə. Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi  Ə.Həsənovanın, onun nümayəndəsi A.Mütəllibovun, 
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi aparatının əməkdaşı R.Əkbərovun  iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  26 dekabr  2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə Ə.Həsənovanın şikayəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin  çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
M Ü Ə Y Y Ə N    E T D İ:
 
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə (keçmiş Kirovabad) şəhər «Ərzaq malları ticarəti» idarəsinin arxiv fondunun sənədlərinə daxil olan əmr kitablarına əsasən Ə.Həsənova 17 aprel 1981-ci il tarixli 72 saylı əmrlə 114 saylı mağazaya nəzarətçi -kassir vəzifəsinə qəbul olunmuş, 26 iyul 1983-cü il tarixli 125 saylı əmrlə isə 59 saylı mağazaya eyni vəzifəyə keçirilmişdir.
Gəncə şəhər «Ərzaq malları» pərakəndə ticarət birliyinin (bundan sonra - birlik)  «idarənin struktur vahidlərinin tərkibdən çıxarılması və onların kommersiyalaşdırılması haqqında» 19 noyabr 1992-ci il tarixli 343 saylı əmrilə  digərlərilə yanaşı kommersiyalaşdırılması nəzərdə tutulan və 198 sayı verilən həmin mağaza (bundan sonra – mübahisəli mağaza) 29 aprel 1993-cü il tarixdə  müstəqil təsərrüfat subyekti olmaqla hüquqi şəxs kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində  708 sayla dövlət qeydiyyatına alınmışdır.
Birliyin 11 iyul 1995-ci il tarixli 36 saylı əmrilə Etibar Ərəb oğlu Məmmədov  mübahisəli  mağazaya maddi məsuliyyət daşımaqla  müdir təyin olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (bundan sonra - DƏK) 20 aprel 1999-cu il tarixli 23 saylı əmri ilə birlik ləğv edilmiş, onun tabeliyində olan bütün müəssisə və obyektlər DƏK-in istehsalat və təsərrüfat idarəsinin tabeliyinə verilmişdir.
Əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə görə  DƏK-in 19 aprel 1999-cu il tarixli 230 saylı sərəncamı və 20 aprel 1999-cu il tarixli 23 saylı əmri ilə birlik ləğv olunduğundan onun direktorunun 28 aprel 1999-cu il tarixli 02 saylı əmrilə Ə.Həsənova 28 iyun 1999-cu il tarixdən o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin (bundan sonra - ƏQM) 38-ci maddəsinə əsasən işdən azad edilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti (bundan sonra - Özəlləşdirilmə Departamenti) tərəfindən «dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında»  25 oktyabr 2004-cü il tarixdə verilmiş şəhadətnamə ilə E.Məmmədovun mübahisəli mağazaya mülkiyyət hüququ tanınmışdır.
Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Gəncə filialı tərəfindən tərtib olunmuş və doğruluğu məhkəmələr tərəfindən müəyyənləşdirilən arayışlarda birliyin 1999-cu ilədək yoxlanılmış əmr kitablarında Ə.Həsənovanın işdən azad edilməsinə dair əmrin mövcud olmadığı, əmək haqqı cədvəllərinə görə isə əmək haqqının 1995-ci ilin mart ayına qədər yazıldığı bildirilmişdir.    
Mübahisəli mağazanın  işçisi olmasına baxmayaraq onun özəlləşdirilməsində iştirakı təmin edilmədiyindən Ə.Həsənovanın  E.Məmmədova, Özəlləşdirilmə Departamentinə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Gəncə şəhər Şöbəsinə (bundan sonra - Gəncə şəhər Şöbəsi) və Ərəb Ağalar oğlu Məmmədova qarşı qaldırdığı iddia Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 07 oktyabr 2005-ci il tarixli qətnaməsilə təmin edilmiş, mübahisəli mağazanın güzəştli satışına dair alqı-satqı müqaviləsi ləğv olunmuş, mülkiyyət hüququna dair verilmiş şəhadətnamə etibarsız hesab edilməklə onun mübahisəli mağazanın özəlləşdirilməsində iştirakının təmin olunması Özəlləşdirilmə Departamentinə tapşırılmışdır.
Kəpəz rayon məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ə.Həsənova 1981-ci ildən 114 saylı mağazada işləmiş, 1983-cü ildə isə 59 saylı mağazaya köçürülmüşdür. Arxiv sənədlərinə görə 1992-ci ildə kommersiyalaşma ilə bağlı bu mağazaya 198 sayı verilmişdir. O, 1995-ci ilə qədər əmək haqqı aldığından və 1999-cu ilədək Gəncə şəhəri  «Ərzaq malları ticarəti» idarəsindən işdən azad edilmədiyindən özəlləşdirmə zamanı  mübahisəli mağazanın işçisi olmuş, lakin  güzəştli satışda iştirak etmək hüququ olan işçi kimi özəlləşdirmə siyahısına daxil edilməmişdir. Belə hal həmin məhkəmə tərəfindən «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci və 17-ci maddələrinin pozulması kimi qiymətləndirilmişdir.
Azərbaycan Respublikası  Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Apellyasiya Məhkəməsinin MİÜMK)  bu qətnaməni ləğv edən 21 fevral 2006-cı il tarixli  qətnaməsi  Azərbaycan Respublikası  Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK) 30 iyun 2006-cı il tarixli qərarı ilə ləğv edilmiş və  iş yeni məhkəmə baxışına göndərilmişdir.                                          
Apellyasiya Məhkəməsi MİÜMK-nın 17 yanvar 2007-ci il tarixli qətnaməsilə birinci instansiya  məhkəməsinin qətnaməsi hissəvi dəyişdirilmişdir.
Ali Məhkəmənin MİÜMK-nın 10 may 2007-ci il tarixli qərarı ilə bu qətnamə də ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Məhkəmə kollegiyası öz  aktında mübahisəli mağazanın 1992-ci ilədək birliyin nəzdində olduğunu, 1993-cü ildə müstəqil təsərrüfat subyekti kimi müvafiq qaydada qeydiyyatdan keçdiyini, mağazanın nizamnaməsinə görə işə qəbul və işdən çıxarma funksiyasının onun müdiri tərəfindən həyata keçirildiyini, 1995-ci ildə E.Məmmədovun həmin mağazaya müdir təyin edildiyini, müstəqil fəaliyyətə başladıqdan sonra onun Ə.Həsənova ilə əmək müqaviləsi bağlamasının müəyyənləşdirilmədiyini, habelə sonuncunun 1999-cu ildə ƏQM-in 38-ci maddəsinə əsasən işdən azad olunduğunu və s. halları qeyd etməklə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun  17-ci və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 4.2.1-ci  maddələrinin tətbiqində səhvə yol  verildiyini   göstərmişdir. 
Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının (bundan sonra - Gəncə Apellyasiya Məhkəməsi MİÜMK) 25 sentyabr 2007-ci il tarixli qətnaməsilə Kəpəz rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş  və iddia ərizəsi təmin olunmamışdır.
Ali Məhkəmənin MİÜMK-ın 26 dekabr  2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 03 aprel 2008-ci il tarixli məktubu ilə Ə.Həsənovaya əlavə kassasiya qaydasında verdiyi şikayətinin əsaslar olmadığına görə plenumun baxışına çıxarılmadan saxlanıldığı bildirilmişdir.    
Konstitusiya şikayətində  Ali Məhkəmənin MİÜMK-ın  26 dekabr 2007-ci il tarixli qərarı ilə ərizəçinin Azərbaycan Respublikası  Konstitusiyasının (bundan sonra - Konstitusiya) 26, 29 və 60-cı maddələrində nəzərdə tutulmuş huquqlardan məhrum olduğu, 71-ci maddədə müəyyənləşdirilən müdafiə və təminat öhdəliyinin pozulduğu, həmçinin Azərbaycan Respublikası  Mülki Prosessual Məcəlləsinin (bundan sonra-  MPM) bir sıra maddələrinə əhəmiyyət verilmədiyi   göstərilərək onun  ləğv olunması xahiş edilir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şikayətin əsasını ərizəçinin mübahisəli mağazanın əmək kollektivinin üzvlüyü  ilə bağlı məhkəmələrin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı, həmçinin dövlət əmlakının özəlləşdirilməsi prosesində onun  hüquqlarının pozulması ilə bağlı ehtimalları  təşkil etdiyindən əmək və özəlləşdirmə münasibətlərini tənzimləyən qanunvericilik normalarının müqayisəli təhlili  zəruridir.
Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsi Konstitusiyanın preambulasında sadalanan niyyətlərdən biridir.
Konstitusiyaya görə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə  əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Dövlət bazar münasibətləri əsasında onun inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır (Konstitusiyanın 15-ci maddəsi, 16-cı maddəsinin I hissəsi).
  Bu baxımdan, bazar iqtisadiyyatının stimullaşdırılması yolu ilə onun inkişafının daha da sürətləndirilməsinə, yeni mütərəqqi texnologiya və investisiyaların cəlb olunmasına, cəmiyyətin hər bir üzvünün müasir iqtisadi münasibətlər dairəsinə daha sıx inteqrasiya edilməsilə  rifahlarının və həyat səviyyələrinin yüksəldilməsinə, xüsusi mülkiyyət də daxil olmaqla bütün mülkiyyət növlərinin cəlb olunduğu geniş əhatəli rəqabət mühitinin formalaşdırılmasına təkan verilməsi məqsədilə dövlətin həyata keçirdiyi təşkilatı, iqtisadi və hüquqi tədbirlər sırasında müvafiq qanunlarla tənzimlənən özəlləşdirilmə mühüm yer tutur.
«Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 1993-cü il tarixli Qanununda (Ə.Həsənovanın işdən azad olunmasına dair əmrin verildiyi tarixdə qüvvədə olmuşdur) özəlləşdirmənin sadalanan subyektləri sırasında əmək kollektivi də nəzərdə tutulmuş, yenidən təşkil olunan və ləğv  edilən müəssisələrin azad olunmuş işçiləri üçün müvafiq qanunvericilikdə müəyyənləşdirilmiş hüquq və güzəştlərin dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində azad olunmuş işçilərə  də aid edilməsi, həmçinin müəssisələrin özəlləşdirilməsi məqsədilə səhmləşdirilməsi zamanı kompen-  sasiyaların  ödənişinin və digər güzəştlərin verilməsinin müəssisədə 7 ildən az olmayaraq işləmiş təqaüdçülərə və qanunvericiliyin tələblərinə görə  əvvəlki  iş yerinə qayıtmaq hüququna malik şəxslərə də onların əmək kollektivinin üzvlərinə bərabər tutulmaqla şamil olunduğu göstərilmişdir (Həmin Qanunun 5-ci və 26-cı maddələri).
Bu Qanundan sonra qəbul edilmiş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nda  belə şəxslərin dairəsi daha da dəqiqləşdirilməklə bu akta  4 saylı əlavənin 2-ci hissəsində  güzəştlərə malik subyektlər müəyyənləşdirilmişdir.
16 may 2000-ci il tarixdə  qəbul olunmuş «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 17.2-ci (bu Qanunun 33-cü maddəsinə əsasən onun qüvvəyə mindiyi gündən yuxarıda göstərilən hər iki normativ-hüquqi akt qüvvədən düşmüşdür), Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 4.2.1-ci maddələrində əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışan və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, habelə 1995-ci il 01 yanvar tarixdən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslər kateqoriyasına aid edilməklə özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlərə malik olduqları nəzərdə tutulmuşdur («Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na  4 saylı əlavənin 2-ci hissəsində də məhz bu kateqoriya subyektlər göstərilmişdir).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.Həsənovanın mübahisəli mağazanın əmək kollektivinin üzvü olmaması və iddia tələbinin təmin edilməməsi barədə Ali Məhkəmənin MİÜMK-ın 10 may 2007-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsi MİÜMK-ın 25 sentyabr 2007-ci il tarixli, Ali Məhkəmənin MİÜMK-ın 26 dekabr 2007-ci il tarixli məhkəmə aktları ilə gəldikləri nəticə ərizəçinin hüquq və mənafelərinin təmin olunması baxımından məqbul hesab oluna bilməz.
Belə ki, iş materiallarından  göründüyü kimi, 1983-cü ildən başlayaraq mübahisəli mağazada işlədiyindən Ə.Həsənovanın işçi kimi subyektiv hüquq və vəzifələrilə bağlı əmək münasibətlərinin tənzimlənməsi ƏQM-in 19-cu maddəsinin həmin dövrlərdə qüvvədə olmuş redaksiyasının təsiri dairəsinə düşür.
Bu maddəyə əsasən (həmin maddə 25 aprel 1997-ci il tarixli qanunla yeni redaksiyada verilmişdir) əmək müqaviləsi şifahi və yaxud yazılı formada bağlana bilər. Əmək müqaviləsinin yazılı formada bağlanması qanunvericilikdə nəzərdə tutulan hallarda məcburidir. İşə qəbul müəssisə, idarə, təşkilat müdriyyətinin əmri (sərəncamı) ilə rəsmiləşdirilir. Əmr (sərəncam) işçiyə elan edilir və bu barədə ona qol çəkdirilir. Əslində işə buraxılma işə qəbulun lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, əmək müqaviləsinin bağlanması hesab edilir.
1993-cü ildə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmiş mübahisəli mağazanın nizamnaməsinə görə işə götürülmə və işdən azad edilmə müəssisənin rəhbəri tərəfindən həyata keçirilirdi. (mübahisəli mağazanın nizamnaməsinin 35-ci bəndi).
01 iyul 1994-cü il tarixdə qüvvəyə minmiş  «Müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində də müqavilələrin, o cümlədən, əmək müqavilələrinin bağlanması müəssisənin rəhbərinin səlahiyyətinə aid olunmuşdur (bu Qanun  qüvvədən düşmüşdür). 
O da vurğulanmalıdır ki, 27 iyul 1996-cı il tarixdə qüvvəyə minmiş «Fərdi əmək müqavilələri (kontraktları) haqqında» Azərbaycan Respublikası Qanunu ilə (bu Qanun 01 iyul 1999-cu il tarixdə qüvvədən düşmüşdür) işə götürənlə işçi arasında əmək müqavilələrinin şərtlərinin, tərəflərin hüquq və vəzifələrinin yazılı müqavilədə əks etdirilməsi müəyyənləşdirilmişdir. Bununla belə, həmin Qanunun «keçid müddəaları»nı tənzimləyən 38-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, bu Qanun qüvvəyə minənədək işçilərlə işə götürənlər arasında bağlanmış fərdi əmək müqavilələrinin rəsmiləşdirilmə forması tərəflərin qarşılıqlı razılığı ilə  bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan qaydada yazılı formada yenidən bağlanmazsa özünün hüquqi qüvvəsini saxlayır.
01 iyul 1999-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsinin 1-ci bəndində də qanunverici oxşar yanaşmadan çıxış etməklə nəzərdə tutmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işə götürənin əmrləri, sərəncamları ilə rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada tərtib edilməzsə, bu  əmək münasibətlərinə xitam verilənədək, onlarla bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini saxlayır.
  Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd edir ki, mülki iş məhkəmələr tərəfindən həll olunarkən   1984-1996-cı illərdə birliyin direktoru işləmiş İ.Xəlilovun  şahid qismində verdiyi ifadə, Ə.Həsənovanın adına  1995-ci ilin mart ayına qədər əmək haqqı  yazılması, mübahisəli mağazanın müdiriyyəti tərəfindən onun müstəqil təsərrüfat subyekti kimi qeydiyyatdan keçdiyi 1993-cü ildən sonra da ərizəçinin öz  əmək funksiyalarını davam etdirməsi kimi işin müəyyən olunmuş halları hərtərəfli, tam və obyektiv tədqiq edilməmiş, onlara ƏQM-in 19-cu maddəsinin tələbi baxımından hüquqi qiymət verilməmişdir.
Digər tərəfdən birliyin ləğvi ilə əlaqədar E.Məmmədovun iştirak etdiyi əmək hüquq münasibətlərində hərhansı dəyişikliyin (işdən azad edilmə və yenidən həmin obyektə işə qəbul) olub-olmaması, həmçinin Ə.Həsənovanın özünun əmək kitabçası ilə bağlı irəli sürdüyü dəlillər prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməmişdir.        
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir (Konstitusiyanın 71-ci maddəsinin I, VII hissələri).
Bununla əlaqədar nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
MPM-ə  əsasən  ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə  və ya onlardan yayınmaqla  çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən  ədalətli hesab edilə bilməzlər.    
Lakin Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK  mülki işə Konstitusiyanın 71-ci maddəsinin, MPM-in 9.1, 14.1 və 88-ci  maddələrinin, ƏQM-in 19-cu maddəsinin  tələblərinin pozulması ilə baxmış, nəticədə  ərizəçinin Konstitusiyanın  60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.  
MPM-in müddəalarına görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarına düzgün riayət etməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Onların ləğv olunması isə bu məhkəmənin səlahiyyətləri sırasındadır (MPM-in  416, 417, 418-ci maddələri).
Bununla belə Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamamış, 26 dekabr 2007-ci il tarixli qərarı ilə onun qətnaməsini qüvvədə saxlamaqla ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatını pozmuşdur.                                                                                                            
Konstitusiyaya əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ  mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın  29-cu maddəsinin I, II, III  hissələri ).
Çıxarılan  məhkəmə  aktları Ə.Həsənovanın «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 17.2-ci və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 4.2.1-ci maddələrinə müvafiq olaraq əmək kollektivinin üzvü kimi mübahisəli mağazanın özəlləşməsində iştirakını qeyri-mümkün etdiyindən  onun  Konstitusiyanın  29-cu maddəsində təminat verilən  mülkiyyət huquqlarının reallaşdırılmasına mane olmuşdur.                         
Beləliklə,  Konstitusiya Məhkəməsinin Plenumu bu qənaətə gəlir ki, Ə.Həsənovanın E.Məmmədova, Özəlləşdirilmə Depar-tamentinə, Gəncə şəhər Şöbəsinə və Ə. Məmmədova qarşı qaldırdığı  iddiasına  dair  mülki   iş  üzrə Ali Məhkəmənin MİÜMK-nın  26 dekabr 2007-ci il   tarixli qərarı  Konstitusiyanın 29-cu maddəsinin I, II, III hissələrinə, 60-cı maddəsinin  I hissəsinə, MPM-in 416, 417, 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməli, həmin mülki işə bu qərardakı hüquqi mövqeyə uyğun olaraq MPM-də  nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılmalıdır.          
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A    A L D I:
  
1. Ə.Həsənovanın E.Məmmədova və qeyrilərinə qarşı özəlləşmənin ləğvi və özəlləşdirmədə hüququnun tanınması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 26 dekabr 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II, III hissələrinə,  60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya  şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                                 Fərhad Abdullayev