ANA SƏHİFƏ » Qərarlar » 18.05.12 R.Cəfərovun iddiasına dair mülki iş üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
18 may 2012-ci il                                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, 
məhkəmə katibi İsmayıl İsmayılovun, 
sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya İdarəsinin rəisi Natiq Hüseynovun, 
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır Əsədovun, 
ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyevin, 
mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Günay Bağırovanın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.                           
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Sorğudan və mülki işin materiallarından görünür ki, R.Cəfərov Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu)  müraciət edərək 5 illik ali təhsil müddətinin və 7 ilədək məhkəmə sədri vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanmasını, 2001-ci ilin iyul ayından ona prokurorluqda 25 il xidmətə görə pensiya təyin edilməsini və həmin vaxtdan pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun 22 may 2007-ci il tarixli məktubu ilə R.Cəfərovun prokurorluq orqanlarında azı 25 il qulluq stajı olmaması əsası ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.   
R.Cəfərov iddia ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, oranı bitirdikdən sonra təyinatla prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. 1977-ci ilin avqust ayının 1-dən 2000-ci il sentyabrın 1-dək fasiləsiz olaraq prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi və prokuror vəzifələrində, 2000-ci ilin sentyabr ayının 1-dən 2007-ci il iyulun 27-dək isə Quba rayon məhkəməsinin sədri vəzifəsində işləmişdir. Buna əsaslanaraq R.Cəfərov Dövlət Sosial Müdafiə Fondunun onun təhsil illərini və məhkəmədə işlədiyi illəri prokurorluqdakı xidmət illərinə daxil etməli olduğu və prokurorluq orqanlarında 25 illik staja görə pensiya hüququnun yarandığı andan təmin edilməli olduğu qənaətinə gəlmişdir.  
Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, R.Cəfərovun Quba rayon məhkəməsinin sədri vəzifəsində işlədiyi müddətin prokurorluqda xidmət illərinə daxil edilməsi və ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi qət edilmişdir.   
Bundan sonra 4 il ərzində mülki işə dəfələrlə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir.   
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 8 iyun 2011-ci il tarixli qərarı ilə R.Cəfərovun məhkəmə sədri vəzifəsində işlədiyi müddətin prokurorluqda işlədiyi 23 il 1 ay 3 gün müddətə toplanaraq, 1 avqust 2002-ci il tarixindən ona prokurorluqda 25 il xidmətə görə güzəştli pensiya təyin edilməklə qanunauyğun olaraq hesablanıb ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.    
Sorğuverən Ali Məhkəmənin MK-nın 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 127-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin III hissəsinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 15 noyabr 2001-ci il tarixli Qanununun (bundan sonra – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun) 32.4, 32.5-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 28 noyabr 2008-ci il tarixli  Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında”  Qanun) 9.4, 9.8-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.     
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.    
Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarı). Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsi ilə aradan qaldırılır.      
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu da Konstitusiyanın 131-ci maddəsinin I hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin I hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). 
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə Konvensiyanın 19-cu maddəsi baxımından bu Məhkəmənin məqsədi daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin presedent hüququnda olduğu kimi Konvensiya prinsiplərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Avropa Məhkəməsi bu qərarında göstərmişdir ki, İtaliya Kassasiya Məhkəməsinin düzgün qeyd etdiyi kimi, daxili qanunvericilik Konvensiyanın müddəalarına açıq-aşkar istinad etdiyi hallarda bu daha vacib əhəmiyyət kəsb edir. Bu nəzarət rolunun həyata keçirilməsi Avropa Məhkəməsi üçün o halda daha asan olur ki, məsələ Konvensiyanı öz hüquqi sisteminə daxil etmiş və onu birbaşa tətbiq olunan normalar kimi qiymətləndirən Dövlətlərə aid olsun, ona görə ki, bu Dövlətlərin Ali məhkəmələri, bir qayda olaraq, Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplərə riayət olunmasına nəzarət etməlidirlər  (no. 36813/97, 29 mart 2006-cı il, §§ 190-191). 
Konstitusiya Məhkəməsinin Plenumu bu mənada qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili qanunvericiliyin təfsiri və tətbiqi eynilə Konstitusiyanın müddəalarına və qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmasın.       
Bu baxımdan, qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Eyni zamanda, daha sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər”ə həsr edilən 9-cu maddəsi də prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququnu təsbit edir (maddə 9.4.1.).  
Prokurorluq orqanlarında qulluq anlayışının aydınlaşdırılması üçün “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin müddəaya görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.
Beləliklə, prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. 
Bundan başqa, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Eyni zamanda,“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun (bundan sonra - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun) 18.5-ci maddəsi də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları işçilərinin sosial vəziyyətini tənzimləyir. 
Müvafiq olaraq, qeyd olunan Qaydanın 2.2.3-cü bəndi, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsi prokurorluq işçisi kimi güzəştli pensiya hüququnun əldə olunması üçün qanuni əsas təşkil edə bilməz.
Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2.3-cü bəndi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsi əsasında prokurorluq orqanlarında 25 il xidmət illəri tamamlanmadan müvafiq digər orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonradan prokurorluq işçisi kimi güzəştli pensiya almaq hüququna malik olmasına dair kassasiya instansiyası məhkəməsinin 8 iyun 2011-ci il tarixli qərarı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə, habelə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə, eləcə də Konstitusiyanın məhkəmə müdafiəsi təminatını nəzərdə tutan 60-cı maddəsinə uyğun hesab edilə bilməz.  
Bununla belə qeyd edilməlidir ki, Konstitusiyanın 125-ci maddəsinin II hissəsinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Prokurorluğuna həsr olunmuş Konstitusiyanın 133-cü maddəsi də “Məhkəmə hakimiyyəti” adlandırılan VII fəslinə daxil edilmişdir. 
Digər Avropa ölkələrində də belə yanaşma mövcuddur. Belə ki, “Məhkəmə hakimiyyətinin statusu haqqında” 22 dekabr 1958-ci il tarixli Fransa Respublikasının Qanununda məhkəmə hakimiyyətinin hakimlərlə yanaşı prokurorlardan da ibarət olduğu göstərilmişdir.     
Yuxarıda şərh edilənlərdən aydın olur ki, xidməti stajın əksər hissəsini prokurorluq orqanında çalışaraq 25 ili tamam olmadan hakimliyə keçmiş şəxslə hakimlikdən prokurorluq qulluğuna keçmiş şəxs arasında sosial təminat baxımından imtiyazlı xarakterli fərq yaranmışdır.
 Bununla əlaqədar nəzərə almaq lazımdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
 Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Konvensiyanın 14-cü maddəsi tanınması mümkün olan, obyektiv və ya şəxsi xüsusiyyətlərə, yaxud da şəxslərin və ya qrupların biri digərindən ayrıldığı “statusa” əsaslanan rəftardakı fərqləndirməni qadağan edir. Belə fərqləndirmə obyektiv və əsaslı deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı, 22 mart 2012-ci il, §§ 85-86).
Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə hakimiyyətinin daxilində oxşar vəziyyətdə olan şəxslər arasında güzəştli pensiya məsələsində sosial təminatda olan belə fərqləndirmə hər hansı obyektiv və əsaslı səbəblərə söykənmir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
Prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına aid qanunvericiliyin müddəalarının Konstitusiyanın VII fəsli, habelə Konvensiyanın 14-cü maddəsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;
R.Cəfərovun iddiasına əsasən mülki iş üzrə Ali Məhkəmənin MK-nın 8 iyun 2011-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə uyğun olmayan hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Eyni zamanda, mülki işin Konstitusiyanın, eləcə də Konvensiyanın tələblərinə cavab verən həlli qanunvericilik qaydasında prokurorluq orqanları qulluqçularının güzəştli pensiya hüququnun tənzimlənməsinin təkmilləşdirilməsini zəruri etdiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Cəfərovun iddiasına dair mülki işə qanunverici tərəfindən müvafiq təkmilləşdirmə aparıldıqdan sonra məhkəmə qaydasında yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Konstitusiyasının VII fəslinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla, prokurorluq qulluqçularının, habelə hakimlərin sosial təminatına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə uyğun olmayan hesab edilsin və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.   
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Bu Qərarın 2-ci bəndinin icrası qanunvericilik qaydasında məsələ öz həllini tapdıqdan sonra həyata keçirilsin. 
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
   
 Sədr                                                                        Fərhad Abdullayev   
 
 
 
XÜSUSİ RƏY
 
  Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK)  Ramiz İsmayıl oğlu Cəfərovun iddiası əsasında mülki iş üzrə 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 127-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin III hissəsinə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.4, 32.5, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4, 9.8-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.   
  R.Cəfərov Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu)  müraciət edərək 5 illik ali təhsil və 7 ilədək məhkəmə sədri vəzifəsində işlədiyi müddətlərin prokurorluqdakı xidmət stajına hesablanmasını və  prokurorluqda 25 il xidmətə görə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu ilə R.Cəfərovun prokurorluq orqanlarında azı 25 il qulluq stajı olmadığı əsas götürülərək ona staja görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan sonra R.Cəfərov iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 
  4 il ərzində mülki işə bir neçə dəfə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir.  Sonuncu dəfə Ali Məhkəmənin MK 8 iyun 2011-ci il tarixli qərarı ilə R.Cəfərovun 1 sentyabr 2000-ci ildən 27 iyul 2007-ci ilədək Quba rayon məhkəməsinin sədri vəzifəsində işlədiyi müddətin prokurorluqda işlədiyi 23 il 1 ay 3 gün müddətə toplanaraq, 1 avqust 2002-ci il tarixindən ona prokurorluqda 25 il xidmətə görə pensiya təyin edilib, qanunauyğun olaraq hesablanıb ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
Sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edirəm.
Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə əsasən prokurorluq sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir.  Konstitusiyanın həmin müddəasına görə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarlarını eyni zamanda Konstitusiyaya və qanunlara uyğun olmasını yoxlayır. Kassasiya instansiya məhkəməsinin qərarı həm Konstitusiyaya həmdə qanunlara uyğun olmadığı halda Konstitusiya Məhkəməsinin əsaslandırılmış qərarı ilə qüvvədən düşmüş hesab edilə bilər. Bu isə o deməkdir ki, Konstitusiyanın hansı müddəaların pozulması ətraflı əsaslandırılmalıdır.
 Sorğuda qaldırılan məsələnin məhkəmə prosesinin tərəflərinin səlahiyyətlərinə, hüquqlarına və qanuni maraqlarına toxunulması da dəqiq müəyyən olunmalıdır.
 Vahid məhkəmə təcrübəsinin formalaşdırılması zəruriliyi baxımından Ali Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunu yoxlayarkən hüquqi müəyyənlik, «res judicata» prinsipləri nəzərə alınmalıdır.
İnsan hüquqları, o cümlədən hüqüq və azadlıqların məhkəmə təminatı fərdlərə məxsusdur, onlar tərəfindən həyata keçirilir və onlara qarşı məhdudlaşdırıla və ya pozula bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət orqanları insan hüquqlarının daşıyıcısı kimi çıxış etmirlər.      
 Konstitusiyada hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin III hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat  hüququna malikdir.  Hər bir vətəndaşın sosial təminat hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.  
Sosial təminat hüququ həmçinin “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsində, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 9-cu maddəsində, Avropa Sosial Xartiyasının 12-ci maddəsində öz əksini tapmışdır.           
Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı “Əmək pensiyaları haqqında”  7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunudur (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun). Həmin Qanunun 9.4.1-ci maddəsinə görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququ vardır.  Lakin prokurorluq işçilərinin qulluq stajına əmək fəaliyyətinin hansı dövrlərinin daxil edilməsi “Əmək pensiyaları haqqında” qanunda müəyyən edilməmişdir.                          
Qanunvericiliyin təhlili göstərir ki, pensiyanı, o cümlədən güzəştli pensiya və əmək haqqına müxtəlif əlavələr hesablanarkən vahid anlayış - əmək stajı.  “Əmək pensiyaları haqqında” qanununun 9.4.1-ci maddəsinə ümumi olaraq 25 il staj göstərilmişdir. Belə olan halda prokurorluq işçilərinin qulluq stajına fəaliyyətinin hansı dövrlərinin daxil edilməsini müəyyən etmək üçün başqa qanunların təhlilinə ehtiyac yaranır.                                              
Prokurorluq işçilərinin qulluq stajına əmək fəaliyyətinin hansı dövrlərinin daxil edilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya  təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş  işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən   müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.  
Eyni zamanda qanunverici hakimlik stajı ilə prokurorluqda xidmət illərini eyniləşdirmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun hakimlərin maddi təminatı məsələlərini tənzimləyən 106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.
Bununla belə əvvəllər prokurorluq orqanlarında işləmiş, sonradan hakim vəzifəsinə təyin edilmiş hakimlərin prokurorluq orqanlarındakı iş stajları hakim stajı ilə eyniləşdirilmiş və onlara da prokurorluqdakı iş stajlarına görə əmək haqqına əlavə məbləğin hesablanması nəzərdə tutulmuşdur.
Qeyd olunan normalardan görünür ki, qanunvericilikdə prokurorların və hakimlərin əmək stajlarının qarşılıqlı sürətdə hesablanmasını nəzərdə tutub. Bu qayda konstitusiya normalarına əsaslanır.  Belə ki, prokurorluq orqanlarının hakimiyyət sistemində yerinin müəyyən edilməsi ilə bağlı qeyd etmək lazımdır ki, Konstitusiyanın VII fəslinə əsasən prokurorluq orqanları məhkəmə hakimiyyəti sisteminə daxil edilmişdir. Bu, “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununda da öz əksini tapmışdır.  Belə ki, həmin Qanunun 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 
 Göründüyü kimi, Konstitusiyanın VII fəslinə və “Prokurorluq haqqında” Qanuna əsasən prokurorluq orqanları məhkəmə hakimiyyətinə aid edilmişdir. Belə bir yanaşma mövcuddur ki, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, bu şəxsin prokurorluq işçilsi kimi güzəştli pensiya hüququ yarana bilər. Belə olan halda güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranması üçün sonuncu iş yeri mütləq prokurorluq orqanında olmasını tələb edir. Lakin “Əmək pensiyaları haqqında” qanunun 5-ci maddəsinə əsasən vətəndaşlar pensiya seçmək hüququna malikdirlər. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Yəni Azərbaycan Respublikasının qanunvericiliyi müxtəlif pensiya hüququ olan şəxsə öz arzusu ilə sərbəst bir pensiyanı seçmək hüququ verir.  Vətəndaşın həm  sonuncu iş yeri, həmdə əmək fəaliyyətinin müxtəlif dövrləri üzrə pensiyası hüququ yarana bilər. Belə olan halda vətəndaş hansı pensiya hüququndan istifadə edilməsini sərbəst seçə bilər. 
Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi pensiya hüququnun yaranmasını və şəxsin öz arzusu ilə pensiyanın seçilməsini vətəndaşın sonuncu iş yeri ilə şərtləndirmir. Bu baxımdan pensiya təyin etmək üçün sonuncu iş yerinin məhkəmə və ya prokurorluq orqanı olmasının heç bir hüquqi əhəmiyyəti yoxdur.
  
 
Hakim                                                                                           Kamran Şəfiyev