ANA SƏHİFƏ » Qərarlar » 10.04.12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
264-cü maddəsinin şərh edilməsinə dair
 
 
10 aprel  2012-ci il                                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mürvət Həsənovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rafiq Quliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 iyul 2011-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını və ekspertin rəyini dinləyib iş materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Bakı şəhəri Nəsimi rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən  E.Qafarov avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yol hərəkəti haqqında” Qanun)  50-ci maddəsinin tələblərini, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, Ş.Dadaşovanı vurub onun sağlamlığına az ağır zərər yetirmişdir. Bundan sonra, E.Qafarov zərərçəkmiş şəxsi xəstəxanaya aparıb, orada ona tibbi yardım göstərildikdən sonra evinə aparsa da, hadisə yerinə qayıtmamış və baş vermiş yol-nəqliyyat hadisəsi barədə müvafiq icra hakimiyyəti orqanına xəbər verməmişdir.  
Müraciətdə qeyd olunur ki, bu cinayət işi ilə əlaqədar CM-in 264-cü maddəsində nəzərdə tutulmuş “... nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması” müddəasının tətbiqi ilə bağlı ittiham və müdafiə tərəflərinin bir-birindən fərqli yanaşması mövcuddur. İstintaq orqanı təqsirləndirilən şəxsə CM-in 263-cü maddəsi ilə yanaşı “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin IV hissəsinin “hadisə yerinə qayıtmaq və müvafiq icra hakimiyyəti orqanına hadisə haqqında məlumat vermək” tələblərini yerinə yetirməməsi səbəbindən həmin Məcəlləsinin 264-cü maddəsi ilə də ittiham vermişdir. Müdafiə tərəfi isə bu yanaşma ilə razılaşmayaraq, mövqeyini təqsirləndirilən şəxsin  hadisə yerindən qaçmaması, əksinə hadisədən dərhal sonra vurduğu piyadanın həyatını xilas etmək niyyəti ilə onu öz maşınına mindirərək xəstəxanaya aparması dəlilləri ilə izah etmişdir.     
Müraciət edənin qənaətinə görə CM-in 264-cü maddəsi göndərici norma olmaqla, CM-in 263-cü maddəsinə istinad edir və yalnız həmin maddədə nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda təqsirli şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət məsuliyyətinə səbəb olan hal kimi müəyyən edir. CM-in 264-cü maddəsinin dispozisiyası həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrdən başqa hər hansı hərəkət və ya hərəkətsizliyi, o cümlədən “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin IV hissəsində göstərilən hərəkətlərin də yerinə yetirilməsini ehtiva etmir, yəni həmin normada əks edilmiş hərəkətlərin edilib-edilməməsi CM-in 264-cü maddəsinin dispozisiyası ilə əhatə olunmur və onun təsir dairəsinə düşmür.     
Beləliklə, məhkəmə CM-in 264-cü maddəsinin məzmununun qeyri-müəyyən olduğunu hesab edərək yaranmış vəziyyətin düzgün, obyektiv və hərtərəfli araşdırılması üçün həmin maddədə nəzərdə tutulmuş “şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)  və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) müddəaları baxımından şərh olunmasını xahiş etmişdir.     
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Müraciətdə qaldırılan məsələnin həlli iki məqamın – CM-in 264-cü maddəsi baxımından şəxsin öz şəxsiyyətinə və baş vermiş hadisəyə dair məlumatları vermək vəzifəsini daşıyıb-daşımamasının və bu vəzifəni daşadığı halda, bunun heç kəsin özünə qarşı ifadə verməyə məcbur edilməsinin yolverilməzliyini nəzərdə tutan Konstitusiyanın 66-cı maddəsi, habelə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edib-etməməsinin  aydınlaşdırılmasından asılıdır. Belə olan halda, ilk növbədə, CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin mahiyyətinə diqqət yetirilməlidir.       
Bununla bağlı nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin IV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur.    
“Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər.      
Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur.  
Lakin nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir (“Yol hərəkəti haqqında” Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir.       
     Bu cür yanaşmanın əhəmiyyətinə Avropa ölkələrinin məhkəmə təcrübəsində də rast gəlmək olar. Belə ki, Belçikanın Konstitusiya Məhkəməsinin 2005-ci il 13 iyul tarixli qərarında göstərilmişdir ki, nullum crimen, nulla poena sine lege prinsipi bu ideyadan irəli gəlir ki, cinayət qanunu hər kəsə edəcəyi hərəkətlərin cəzalandırılmalı olub-olmamasını bilmək imkanını verən ifadələrdən ibarət olmalıdır. Bu, ilk növbədə, tələb edir ki, hüquqi müəyyənlik prinsipinə cavab verən kifayət qədər ətraflı və aydın ifadələrlə hansı hərəkətlərin cəzalandırılmalı olması qanunvericilikdə göstərilsin. Belə olan halda, hər hansı müəyyən hərəkəti edən şəxs bu hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən qiymətləndirə bilər. Bununla da, məhkəmələrə həddən artıq mülahizənin verilməsinin qarşısı alınmış olar.       
Sözügedən məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır («Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  228.1, 229.1, 230, 231 və  232.1-ci  maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli Qərar). 
Eyni zamanda, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.  
Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70).     
Qeyd olunmalıdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur.         
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XIII fəsli Yol-hərəkəti qaydaları əleyhinə inzibati xətalara həsr edilmişdir. Həmin Məcəllənin 151.3-cü maddəsi, digər məsələlərlə yanaşı, yol-nəqliyyat hadisəsi yerindən yayınmağa görə də inzibati məsuliyyət müəyyən edir. Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət həmin Məcəllənin 151.5-ci maddəsi ilə yaranır. 
Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir.      
Nəzərə almaq lazımdır ki, milli cinayət qanunvericiliyində yeni olan bu müddəanın 01 sentyabr 2000-ci il tarixindən qüvvəyə minmiş CM-ə daxil edilməsi heç də təsadüfi deyildir. Belə ki, bütün üzv dövlətlərdə yol-nəqliyyat hadisələrinin geniş sayının ciddi problemə çevrildiyini, bu hadisələrdə iştirak etmiş şəxslərin zərərçəkmişlərin və yol-nəqliyyat təhlükəsizliyinin maraqlarına uyğun davranmasının zəruriliyini, habelə “hit and run” (hadisə yerindən qaçma) hüquq pozuntularına aid qanun müddəalarının vahidləşməsinin arzu edilən olduğunu nəzərə alaraq, Avropa Şurasının Nazirlər Komitəsi 28 sentyabr 1977-ci il tarixli, (77) 29 saylı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin 4-cü bəndinə əsasən qanunvericilikdə təsbit edilmiş davranma qaydaları şəxsin şəxsiyyətinə və/və ya onun avtomobilinə dair müvafiq şəxslərdən və ya hakimiyyət orqanlarından məlumatı gizlətmək məqsədilə hadisə yerindən qaçması kimi hərəkətlərin qarşısının alınmasına xidmət etməlidir.           
Analoji norma digər Avropa dövlətlərinin cinayət qanunlarında da öz əksini tapmış və məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Almaniya Federal Konstitusiya Məhkəməsinin 29 may 1963-cü il tarixli qərarında göstərilmişdir ki, hüquqi qaydanın vəzifəsi yol-nəqliyyat hadisələrinin qurbanlarına imkan daxilində kompensasiya ödənilməsini təmin etməkdir. Cinayət qanunvericiliyi vasitəsilə cinayət əməli hesab olunan yol-nəqliyyat hadisəsi yerindən qaçma barəsində müəyyən edilmiş qadağanın aradan qalxması əksər hallarda hadisə qurbanlarının mülki-hüquqi kompensasiya tələblərini əhəmiyyətli dərəcədə azaltmış, hətta bu hadisələrin araşdırılmasını qeyri-mümkün etmiş olardı. Almaniya Cinayət Məcəlləsinin 142-ci maddəsinin məna və məqsədi bu cür davranışdan çəkindirmək və hər hansı bir şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurduğu şəxslər qarşısında yarana biləcək mümkün öhdəliklərinin icrasından qaçmasının qarşısını almaqdır. Hüquqi dövlət prinsipi bu müddəa vasitəsilə pozulmur.      
Fransa Kassasiya Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinə görə yol-nəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Müvafiq olaraq, hadisəni törətmiş şəxs şəxsiyyətinin məlum olmasına imkan vermək üçün hadisə yerində qalmaq öhdəliyi daşıyır (17 mart 2010-cu il və 14 fevral 2012-ci il tarixli qərarlar).      
Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin də hüquqi mövqeyi ondan ibarətdir ki, «hit and run» (hadisə yerindən qaçma) cinayət hüquq pozuntusu cinayət təqibini asanlaşdırmağa deyil, məhz yol-nəqliyyat hadisəsindən ortaya çıxan mülki məsuliyyətin ödənilməsinin təmin olunmasına xidmət etməyə yönəlir (21 iyun 2004-cü il və 17 may 1971-ci il tarixli qərarları).    
Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir.  
Belə yanaşma həm də “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin IV hissəsində göstərilmiş vəzifələrin sürücü tərəfindən yerinə yetirilməsinə, bununla da, yol-nəqliyyat hadisəsinin nəticələrinin dərhal mümkün qədər aradan qaldırılmasına xidmət edir. Məhz bu mövqedən çıxış edərək, Konstitusiya Məhkəməsinin Plenumu 29 yanvar 2004-cü il tarixli Qərarında göstərmişdir ki, CM-in 264-cü maddəsi “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir.   
Nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi yerində qalaraq öz şəxsiyyəti ilə bağlı məlumatları zərərçəkmiş şəxsə aşkar etmək öhdəliyinin Konstitusiyanın 66-cı maddəsindən, eləcə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn özünə qarşı ifadə verməmək hüququna uyğun olub-olmamasına gəldikdə, göstərilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 yanvar 2004-cü il tarixli Qərarı ilə CM-in 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə uyğun hesab edilmişdir.  
Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır. Əvvəla ona görə ki, heç bir yol-nəqliyyat hadisəsi özü-özlüyündə hələ cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin hələ cinayət-prosessual statusu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.
Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlanmasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.
Yol-nəqliyyat hadisəsi iştirakçılarından hər hansı birinin Azərbaycan Republikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 148-ci maddəsinə uyğun olaraq tutulması zəruri hesab edildikdə, həmin şəxsin şübhəli şəxs statusu (CPM-in 90.1.2-ci maddəsi), digər hallarda isə sonradan şübhəli və ya təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid statusu yarana bilər. CPM-in müddəalarına əsasən şübhəli və ya təqsirləndirilən şəxslər, eləcə də şahidlər özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən azaddırlar.
Belə ki, CPM-in 90.9 və 91.7-ci maddələrinə görə şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli (və ya təqsirləndirilən) şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. CPM-in 95.6.4-cü maddəsinə əsasən isə şahid özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququndan istifadə edə bilər.
Göründüyü kimi, CM-in 264-cü maddəsində nəzərdə tutulmuş yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda hadisə yerində qalması vəzifəsi, cinayət prosesinin hər hansı mərhələsində gələcək statusundan asılı olmayaraq nəqliyyat vasitəsini idarə edən şəxsə Konstitusiyanın 66-cı maddəsindəki özünə qarşı ifadə verməmək hüququndan istifadə etmək üçün maneçilik törətmir. Bu hal ibtidai araşdırmanı aparan orqanlar tərəfindən yuxarıda göstərilən cinayət-prosessual təminatlara səmərəli əməl etmək vəzifəsini yerinə yetirməklə birlikdə həyata keçirildikdə hər hansı şəxsin özünə qarşı ifadə verməmək hüququnun təmin olunması üçün kifayətdir.  
 Oxşar iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həm məcbur etmənin, həm də hüquq pozuntusunun “cinayət” xarakterli olmasına baxmayaraq, məcbur etmə o faktdan irəli gəlib ki, nəqliyyat vasitəsini idarə edən hər kəs, bununla da, özünü tənzimləyici rejimə məruz qoyduğunu bilir. Bu rejim nəqliyyat vasitələrini idarə etmənin Dövlət tərəfindən verilmiş imtiyaz olduğu səbəbindən deyil, əksinə bunun ağır xəsarətlər yetirmək potensialına malik olan kimi tanınması ilə bağlıdır. Nəqliyyat vasitəsini idarə edən hər bir kəs nəqliyyat vasitələrinə aid tənzimləyici rejimin tərkib hissəsi kimi müəyyən məsuliyyətləri və öhdəlikləri qəbul etmiş sayılır. Avropa Məhkəməsi qeyd etmişdir ki, kimin nəqliyyat vasitəsinin sürücüsü olmasına dair yeganə faktın açıqlanması tələbi özü-özlüyündə təqsirləndirici deyildir. Beləliklə, həmin Məhkəmə hesab etmişdir ki, sözügedən tənzimləyici rejimin xüsusi xarakteri və qanunvericiliklə tələb olunan məlumatın məhdud mahiyyəti baxımından, özünə qarşı ifadə verməmək hüququ pozulmur (O"Halloran və Francis Birləşmiş Krallığa qarşı, 15809/02 və 25624/02, 29 iyun 2007-ci il, §§ 57, 58 və 62).     
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.        
Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.  
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.        
Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.  
2. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
  
Sədr                                                                          Fərhad Abdullayev