ANA SƏHİFƏ » Qərarlar » 09.06.11 Müşfiq Bayramovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
QƏRARI

Müşfiq  Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
9 iyun 2011-ci il                                                                                                   Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
ərizəçi  Müşfiq Bayramovun nümayəndəsi  Cavad Cavadovun,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi Cəfər Mövsümovun  iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndəsinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:

   Şikayətdən və mülki işin materiallarından görünür ki, Cəlilabad rayonu R.Axundov adına sovxozun direktorunun 05.09.1993-cü il tarixli, 65/2 saylı əmri və Cəlilabad şəhər icra nümayəndəliyinin 30.01.1994-cü il tarixli qərarı ilə Bayramov Müşfiq Cəbrayıl oğluna Cəlilabad şəhəri, 20 yanvar küçəsi, Göytəpə motelinə gedən yolun günbatan tərəfində 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin yer quruluşu planı hazırlanmaqla ona təhkim edilmişdir. 2004-cü ildə tikinti işlərinə başlamaq istədikdə ona məlum olmuşdur ki, Cəlilabad rayonu R.Axundov adına sovxozun direktorunun 01.09.1995-ci il tarixli, 26 saylı əmrinə əsasən Feyruzov Əsgər Rəhman oğlunun yaşadığı evin cənub hissəsində 0,06 ha həyətyanı torpaq sahəsi Feyruzov Rüfət Əsgər oğluna verilmişdir.
M.Bayramov Cəlilabad rayon məhkəməsinə müraciət edərək, R.Feyruzov və Ə.Feyruzova qarşı Cəlilabad şəhəri, 20 yanvar küçəsində yerləşən həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsi və Cəlilabad rayonu R.Axundov adına sovxoz direktorunun 01.09.1995-ci il tarixli, 26 saylı əmrinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Cəlilabad rayon məhkəməsinin 03.07.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
Əli Bayramlı (hazırki Şirvan) Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Əli Bayramlı Apellyasiya Məhkəməsinin MK)  02.11.2007-ci il tarixli qətnaməsi ilə Cəlilabad rayon məhkəməsinin 03.07.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 28.02.2008-ci il tarixli qərarı ilə cavabdehlər R.Feyruzov və  Ə.Feyruzovun kassasiya şikayəti təmin edilmiş və Əli Bayramlı Apellyasiya Məhkəməsinin MK-nın 02.11.2007-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Şirvan Apellyasiya Məhkəməsinin MK) 15.09.2008-ci il tarixli qətnaməsi ilə Cəlilabad rayon məhkəməsinin 03.07.2007-ci il tarixli qətnaməsi ləğv edilərək, M.Bayramovun R.Feyruzov və Ə.Feyruzova qarşı Cəlilabad şəhəri, 20 yanvar küçəsində yerləşən həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsi, Cəlilabad rayonu R.Axundov adına sovxozun direktorunun R.Feyruzova 0,06 ha torpaq sahəsi ayrılmasına dair 01.09.1995-ci il tarixli, 26 saylı əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
Ali Məhkəmənin MK-nın 12.02.2009-cu il tarixli qərarı ilə M.Bayramovun kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin MK-nın  15.09.2008-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (bundan sonra – Konstitusiya Məhkəməsi) palatasının 05.04.2010-cu il tarixli qərardadı ilə M.Bayramovun şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında cavabverən orqanın nümayəndəsi vəsatət verərək, M.Bayramovun əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) iclasında baxılacağını bildirmiş və bu səbəbdən konstitusiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun 16.06.2010-cu il tarixli qərardadı ilə M.Bayramovun şikayəti üzrə işin icraatına xitam verilmişdir.
Ali Məhkəmənin Plenumunun 08.10.2010-cu il tarixli qərardadı ilə iddiaçı M.Bayramovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi rədd edilmişdir.
M.Bayramov Konstitusiya Məhkəməsinə ünvanladığı təkrar şikayətində Ali Məhkəmənin MK-nın 12.02.2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçinin fikrincə, işə baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66 və 67-ci maddələrinə istinad edərək, onun torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınmadığı üçün müdafiəsinə təminat verilmədiyi qənaətinə gəlməklə, Konstitusiyada təsbit olunmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqlarını pozmuşlar.
Konstitusiya Məhkəməsi şikayətlə əlaqədar Konstitusiyanın, mülki və torpaq qanunvericiliyinin mülkiyyət hüququnu təsbit edən, onun əsaslarını və qaydalarını tənzimləyən müvafiq normalarının təhlilini zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri)
Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir.
Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Qüvvədə olan Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi).
Göründüyü kimi, torpaq qanunvericiliyinə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır.
Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı).
Lakin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan və ya digər qanuni qüvvəyə malik olan qərar əsasında əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.
Bununla belə, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.”
Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramova torpaq sahəsi ayrılarkən qüvvədə olmuş qanunvericilikdə əks olunan vətəndaşlara torpaq sahələrinin ayrılması əsaslarını da qeyd etməyi vacib hesab edir.
Azərbaycan SSR-in 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.
Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə uyğun olaraq Azərbaycan SSR Nazirlər Sovetinin 20 aprel 1989-cu il tarixli, 183 saylı qərarı ilə Cəlilabad rayonu R.Axundov adına sovxoza həyətyanı torpaq fondu ayrılmış və həmin qərarla təsdiq edilmiş sənədlərdə M.Bayramova 0,06 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur.
Azərbaycan SSR Nazirlər Sovetinin sözügedən qərarına müvafiq olaraq, Cəlilabad rayonu R.Axundov adına sovxozun direktorunun 05.09.1993-cü il tarixli, 65/2 saylı əmri və Cəlilabad şəhər icra nümayəndəliyinin 30.01.1994-cü il tarixli qərarı ilə M.Bayramova torpaq sahəsi ayrılmışdır.
Eyni zamanda, M.Bayramova torpaq sahəsi ayrılan zaman qüvvədə olan 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin müddəalarında da torpaq sahələrinin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə verilməsi nəzərdə tutulmuşdur.
 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Göründüyü kimi, mübahisəli torpaq sahəsinin M.Bayramova ayrılmasının əsaslarını təşkil edən yuxarıda qeyd olunan normativ hüquqi aktlar işə baxan məhkəmələr tərəfindən mübahisəli hüquq münasibətlərinə tətbiq olunmamışdır.
Digər tərəfdən, Cəlilabad rayonu R.Axundov adına sovxozun direktorunun 01.09.1995-ci il tarixli, 26 saylı əmri ilə R.Feyruzova torpaq sahəsi ayrılan zaman artıq qüvvədə olmuş “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının 18 fevral 1995-ci il tarixli Qanununa əsasən torpaqların istifadəyə verilməsi müvafiq aqrar islahat komissiyaları tərəfindən həyata keçirilirdi.
Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Eyni zamanda, bu hüquq beynəlxalq hüquqi aktlarda təsbit olunaraq, müstəqil məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur (“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsi, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
M.Bayramovun həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair mülki işə baxan məhkəmələr Konstitusiyanın 60-cı maddəsinin yuxarıda qeyd olunan prinsiplərinə zidd olaraq, torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınmadığı üçün müdafiəsinə təminat verilmədiyini göstərməklə kifayətlənərək, mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasının qanuni əsaslarına hüquqi qiymət verməmişlər. Eyni zamanda, məhkəmələr ərizəçinin irəli sürdüyü iddia tələbinin, sonradan isə kassasiya şikayətinin R.Axundov adına sovxozun direktorunun R.Feyruzova torpaq sahəsinin ayrılmasına dair 01.09.1995-ci il tarixli, 26 saylı əmrin verilməsinə səlahiyyətinin olub-olmaması barədə dəlilinə münasibət bildirməmişlər.
Göründüyü kimi, Ali Məhkəmənin MK-nın 28.02.2008-ci il tarixli qərarı ilə Əli Bayramlı Apellyasiya Məhkəməsinin MK-nın 02.11.2007-ci il tarixli qətnaməsi ləğv edilərək, M.Bayramovun torpaq üzərində hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onun müdafiəsinə təminat verilmədiyi göstərişi ilə yeni apellyasiya baxışına göndərilmişdir. Həmin göstərişi nəzərə alan Şirvan Apellyasiya Məhkəməsinin MK 15.09.2008-ci il tarixli qətnaməsində M.Bayramovun mübahisəli torpaq sahəsi üzərində istifadə hüququna malik olmaması qənaətinə gəlmişdir. Beləliklə, işə baxan həm kassasiya, həm də apellyasiya instansiyası məhkəmələri mübahisəli torpaq sahəsinin ayrılması barədə hər iki əmrin həmin dövrün qanunvericiliyinə uyğun verilib-verilməməsinə əhəmiyyət verməyərək, tətbiq edilməli olan Mülki Məcəllənin 146.1, 146.2, 152.1-ci maddələrini, Torpaq Məcəlləsinin 49-cu maddəsini, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini tətbiq etməmiş və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrini düzgün şərh etməmişlər.
Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosesual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələri).
M.Bayramovun kassasiya şikayəti əsasında ikinci dəfə mülki işə baxmış kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosesual Məcəllənin 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə cavab verməyən 12.02.2009-cu il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, M.Bayramovun həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə, 60-cı maddəsinin  I hissəsinə və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
 1. Müşfiq Bayramovun həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
  Sədrlik edən                                                                        Fərhad Abdullayev