ANA SƏHİFƏ » Qərarlar » 20.05.11 AR Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin
apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair
 
 
20 may 2011-ci il                                                                                                Bakı şəhəri
 
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi Mövsüm Mövsümovun,   
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır Əsədovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y  Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi Ş.Qurbanova qarşı neft quyusunun mühafizə zolağında inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması, qanunsuz tikilidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
İş üzrə Ş.Qurbanov məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti ilə əlaqədar müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianın tam həcmdə təmin olunmasını qət etsə də, iddia tələbinin cavabdehin və başqa şəxslərin qanunsuz çıxarılması  hissəsinə qətnamənin nəticə hissəsində münasibət bildirməmişdir.
İşin bu xüsusiyyətini və apellyasiya şikayətinin cavabdeh tərəfindən verildiyini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin apellyasiya baxışının hədlərinə dair müddəalarına həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh verilməsini xahiş etmişdir.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya icraatının mahiyyətinin, onun xüsusiyyətlərinin araşdırılmasını vacib hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra - Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, onların pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr tərəfindən həll ediləcəyinə də zəmanət vermişdir (Konstitusiyanın 12 və 71-ci maddələri). Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə səhvlərinin aradan qaldırılmasına yönəlmiş hüquqi mexanizmlərin mövcudluğunu da tələb edir.
Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir.
Bu qaydalara uyğun olaraq birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
Apellyasiya institutu əksər dövlətlərin mülki prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur - tam və natamam apellyasiya.
Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından ibarətdir.
Tam apellyasiyanın məqsədi məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır.
Bu institut işdə iştirak edən şəxslərə öz səhvlərini və nöqsanlarını düzəltmək imkanı verir. Bu da müəyyən dərəcədə həqiqətin müəyyən olunmasına və ədalətli qərarın qəbul olunmasına şərait yaradır.
Digər tərəfdən isə işdə iştirak edən şəxslər işin tam apellyasiya çərçivəsində yenidən baxılması hüququnun olduğunu bilməklə öz işlərinin birinci instansiya məhkəməsində hərtərəfli araşdırılması, o cümlədən bütün sübutların toplanması və həmin instansiya məhkəməsinə təqdim edilməsində o qədər də maraqlı olmaya bilərlər. Tam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz edir və onun prosessual əhəmiyyətini və nüfuzunu aşağı salır.
Natamam apellyasiya zamanı (Avstriya və Almaniya) sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır.
Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada  işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin  həcmində  mübahisənin predmetinə baxılmasından ibarətdir.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən edilmişdir ki, MPM-in apellyasiya baxışının hədlərinə aid olan müddəaları ilə bağlı məhkəmə təcrübəsində bir sıra konseptual problemlərin mövcud olması aşkar olunmuşdur.
İlk olaraq apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyən hissəsindən verildiyi halda, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ilə bağlı yaranan sualların həllidir.
MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Bəzən həmin maddənin “mahiyyəti üzrə” anlayışı şərh olunarkən belə nəticəyə gəlinir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində işlərin baxılması qaydalarına uyğun olaraq apellyasiya şikayətində göstərilən dəlillərlə özünü məhdudlaşdırmır və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını tam həcmdə qiymətləndirir.  
Eyni zamanda, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Apellyasiya məhkəməsi işə apellyasiya şikayətində mübahisələndirilən hissədə baxarkən birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılması qənaətinə gəldikdə, bu məsələnin hansı qaydada həll ediləcəyi ilə bağlı təcrübədə sual yaranır.
Bir sıra hallarda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən tam və ya qismən şikayətin verilməsindən asılı olmayaraq, apellyasiya instansiyası məhkəməsi işə tam həcmdə baxır. Apellyasiya şikayəti üzrə işə yenidən baxılır, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır, işin düzgün baxılması üçün  əhəmiyyət kəsb edən bütün faktiki hallar və sübutlar qiymətləndirilir, məhkəmə tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilməsinin yoxlanılması təmin edilir.
 Digər mövqe isə ondan ibarətdir ki, MPM-in 372.6-cı maddəsi mahiyyət etibarı ilə işə baxılmanın ümumi anlayışına xüsusi yanaşmanı özündə ehtiva edir, buna görə də apellyasiya şikayəti qətnamənin müəyyən hissəsindən verildiyi halda apellyasiya instansiyası məhkəməsi işə tam həcmdə yenidən baxmaqda haqlı deyildir.
 Müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri baxımından ölkəmizdə hansı növ apellyasiyanın mövcud olmasının, onun məqsədinin araşdırılması böyük əhəmiyyət kəsb edir. Belə araşdırmanın mühüm aspektini apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri təşkil edir.
Apellyasiya instansiyası məhkəməsində icraat apellyasiya şikayətinə əsasən başlanır (MPM-in 357-ci maddəsi).
Bununla bağlı ilk növbədə apellyasiya qaydasında şikayət verilməsinin obyekti və predmeti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər.
Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş  tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.
 Beləliklə, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsinin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri apellyasiya şikayətinin həm obyekti, həm də predmeti baxımından müəyyən olunur. 
 Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir.
 Bu hədləri üç qrupa bölmək olar:
● yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər;
● məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri;
● birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması.
 Sübutların təqdim edilməsində məhdudiyyətlər MPM-in 371, 372.1 və 372.2-ci maddələrində nəzərdə tutulmuşdur.
 MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur.
 Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:  
●  işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;
●  yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;
● yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər;
● apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.
Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.
  Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır (Konstitusiyanın 125 və 127-ci maddələri).
Mülki prosesin prinsipləri sırasında çəkişmə və MPM-də birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipləri xüsusi yer tutur.
Dispozitivlik və çəkişmə prinsiplərinin həyata keçirilməsində məhkəmənin rolunun müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini bildirmişdir (L.N.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarı).  
Konstitusiya Məhkəməsinin Plenumu  bir daha vurğulamağı lazım bilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.
Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-51.3-cü maddələri).
Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 
Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır.
Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənməlidir” qaydası tətbiq edilməlidir.
MPM-də çəkişmə prinsipinin  təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur.
Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.
Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir.
MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir:
● məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
● tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
Yuxarıda göstərilən prinsiplərin apellyasiya icraatında tətbiqi hər zaman tam şəkildə həyata keçirilir. 
Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.
Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır.  Bu dəlillər şikayətin obyektini müəyyən edir.
MPM-in 372.6-cı  maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir.
Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.
Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.
Bu müddəadan göründüyü kimi, qanunverici apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir.
Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunur.       
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır.   
Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in  2.1-ci maddəsi).
Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
Mülki prosessual qanunvericiliyin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (MPM-in 386-cı maddəsi).
Hüququn tətbiqində səhvə yol verilməsi ondan ibarətdir ki, məhkəmə işin həlli zamanı mübahisələndirilən məsələni tənzimləyən hüquq normasını tətbiq etmir.
Tətbiq edilməli olan qanunun tətbiq edilməməsi dedikdə, məhkəmə tərəfindən qəbul etdiyi qətnamədə tətbiq edilməli olan maddi hüquq normasını qeyd etməməsi, işi qüvvədə olan qanunvericiliyin normalarının əksinə həll edilməsi başa düşülür. Bu cür pozuntulara həmçinin məhkəmə tərəfindən qüvvədən düşmüş qanunun, qanunla müəyyən edilmiş qaydada ratifikasiya edilməmiş beynəlxalq müqavilələrin normalarının tətbiqi və s. də aiddir.
Qanunun düzgün şərh edilməməsi o hallarda mümkündür ki, tətbiq edilməli olan qanun tətbiq edilmiş, lakin onun məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir.
Qeyd olunanlarla yanaşı, apellyasiya baxışının hədlərinin düzgün müəyyən edilməsinə yönəlmiş vacib bir məsələyə nəzər yetirilməsi zəruridir.
Məlum olduğu kimi, MPM-in 88, 217, 218-ci maddələrinə, habelə çəkişmə prinsipinə görə məhkəmə tərəflərin təqdim etdikləri faktlar (hallar) əsasında hüquqi nəticəyə gəlir. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı.
Maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “iura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur.
Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir.
Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir.
Hüquqi qiymətləndirmə zamanı “iura novit curia”  müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.       
MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir.
MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır.
Ikinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar.
MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir.  
Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi).
Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
● MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır;
● MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər;        
● MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
  
QƏRARA  ALDI:
 
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.      
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
    Sədrlik edən                                                     Fərhad Abdullayev