ANA SƏHİFƏ » Qərarlar » 17.03.11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
QƏRARI
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
244.1-ci maddəsinin şərh edilməsinə dair
 
 
17 mart 2011-ci il                                                                                                    Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun və Sumqayıt Apellyasiya məhkəməsinin hakimi İlham Həsənovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun və Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 4 oktyabr 2010-cu il tarixli müraciəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 244.1-ci maddəsinin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciətdə göstərilir ki, Sumqayıt şəhər məhkəməsinin 26 yanvar 2010-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir.
Apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi 14 may 2010-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsinə görə birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və təqsirləndirilən şəxsə bəraət vermişdir. Kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları saxlanılması dedikdə, nəinki dəfələrlə, hətta bu məqsədlə bir dəfə yer verilməsinin Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil etməsi mövqeyindən çıxış edərək, 18 avqust 2010-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin hökmünü ləğv etmiş və işi yeni apellyasiya baxışına qaytarmışdır.
Apellyasiya instansiyası məhkəməsində cinayət isinə yenidən baxılarkən Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tətbiqi ilə əlaqədar qeyri-müəyyənliyin yaranması səbəbindən Konstitusiya Məhkəməsinə müraciət ünvanlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi müraciətində Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin dispozisiyasında müəyyən edilmiş «fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə» əməlinin bir dəfə və ya dəfələrlə (mütəmadi) törədilməsi məsələsinin təcrübədə fikir ayrılığı (qeyri-müəyyənlik) yaratmasını, habelə həmin maddədə «əxlaqsızlıq yuvaları» termininə dair yekdil mövqeyin olmamasını əsas gətirərək göstərilən maddənin rəsmi şərh olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar ilk növbədə cinayət tərkibi və cinayətin tövsif edilməsi anlayışlarının açıqlanmasını vacib hesab edir.
Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur.
Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Lakin, cinayət tərkibinin əlamətlərinə dair göstərişlər Ümumi hissədə də verilir və bunlara bütün cinayət tərkibləri üçün eyni və bir çoxları üçün ümumi olan əlamətlər aiddir. Cinayət Məcəlləsinin 2.1-ci maddəsində cinayətin obyektinin növlərindən, 24-26-cı maddələrində subyektiv tərəfin əlamətlərindən və 19-21-ci maddələrində cinayətlərin subyektlərindən bəhs olunur.
Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 19-cu maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır (Cinayət Məcəlləsinin 24.1-ci maddəsi).
Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri).
Cinayət Məcəlləsinin 1.2-ci maddəsində göstərilir ki, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.
Cinayət Məcəlləsinin prinsiplərinin əsasını Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 24-cü maddəsi, 28-ci maddəsinin I və II hissələri, 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi, 67-ci maddəsi, 71-ci maddəsinin I və II hissələri, 127-ci maddəsinin VII və IX hissələri təşkil edir.
Cinayət qanunvericiliyində əks olunmuş prinsiplər Konstitusiyada təsbit edilmiş prinsiplərdən irəli gələrək hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olmasını; hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılmasını; hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsini; hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olmasını; tutulan, həbsə alınan və ya cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsə onun hüquqları izah edilməklə tutulmanın, həbsə alınmanın və cinayət məsuliyyətinə cəlb edilmənin səbəblərinin izah edilməsini, özündə ehtiva edir.
 Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli tövsif edilərkən yuxarıda sadalanan Konstitusiya prinsiplərinə xüsusi diqqət yetirilməlidir.
Cinayət Məcəlləsinin 244-cü maddəsində əxlaqsızlıq yuvaları saxlamağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur.
Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur.
 Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir.
 Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır:
- Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər.
 Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır.
- Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz  verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur.
- Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir.
 Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, əxlaqsızlıq yuvaları dedikdə, fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsi nəzərdə tutulur.
Göstərilənləri məcmu şəkildə nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır.
Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır.
Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur.
Həmin kateqoriyadan olan cinayətlərin qarşısının alınması, habelə onlara dair məsuliyyətin müəyyən olunması beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli, 102-IQ saylı Qanunla BMT Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu il tarixdə qəbul olunmuş «İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyaya qoşulmuşdur. Konvensiyanın 1 və 2-ci maddələrinə görə bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1) digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2) digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi; 3) fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən; 4) üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Konvensiyanın 3-cü maddəsinə əsasən 1 və 2-ci maddələrdə nəzərdə tutulan qanun pozuntularını törətmək cəhdləri, həmçinin belə qanun pozuntularını törətməyə yönəldilmiş hazırlıq tədbirləri də daxili qanunvericiliyin yol verdiyi həddə cəzalandırılır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur.
Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI :
 
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır.
3.Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                           Fərhad Abdullayev