ANA SƏHİFƏ » Qərarlar » 12.01.11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin və 297.0.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
QƏRARI
 
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin 
və 297.0.4- cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
 
 
12 yanvar 2011-ci il                                                                                        Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı İlqar Cəfərov və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Həsənovun,
ekspert  Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Firuzə Abbasovanın,
mütəxəssis Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadənin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1 və 297.0.4-cü maddələrinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2010-cu il tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.
  İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, mütəxəssisin çıxışını dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Bakı şəhəri Binəqədi rayon məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» və 297.0.4-cü maddəsinin «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25 və 71-ci maddələri, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
Müraciətdə göstərilir ki, Ş.Rüstəmovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 132-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə baxılan zaman cinayət-prosessual qanunvericiliyinin normalarında əks olunan «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» və «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəalarının tətbiq edilməsi baxımından qeyri-müəyyənlik yaranmışdır. Belə ki, qeyd olunan müddəalarda məhkəməyədək sadələşdirilmiş icraat qaydasında baxılan cinayətlərin aşkar olunmasına dəlalət edən səciyyəvi xüsusiyyətlər, həmçinin əməli törətmiş şəxsin müvafiq prosessual statusa malik olub-olmaması aydın göstərilməmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Normativ hüquqi aktın şərhini zəruri edən hallar «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, normativ hüquqi aktın məzmununun müəyyən edilməsi, məna və məqsədlərinin, qanunvericilikdə istifadə olunan istilahların aydınlaşdırılması, onun şərhidir.
Demokratik cəmiyyətdə, hüquqi dövlətdə ali ümumbəşəri dəyərlər kimi qəbul edilən insan və vətəndaş hüquq və azadlıqlarının, şəxsin toxunulmazlığı və təhlükəsizliyinin təmin və müdafiə olunması dövlət orqanlarının konstitusiya fəaliyyətinin əsas məqsəd və vəzifəsidir.
Dövlət maraqlarının və ictimai maraqların qorunması, həmçinin şəxsin qanuni mənafelərinin qanuna zidd əməllərdən müdafiəsi məqsədilə cinayət-prosessual qanunvericiliyi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etmişdir.
Şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə əlaqədar bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqla cinayət törətmiş şəxsləri cinayət məsuliyyətinə cəlb və ifşa etmək, ədalət mühakiməsini həyata keçirməklə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək cinayət mühakimə icraatının əsas vəzifələri kimi qəbul olunmuşdur (CPM-in 8-ci maddəsi).
Cinayət-prosessual qanunvericiliyinə görə cinayət təqibi ittiham tərəfi kimi prokurorun, müstəntiqin, təhqiqatçının, həmçinin zərər çəkmiş şəxsin və xüsusi ittihamçının üzərinə düşdüyündən sübutların əldə edilərək toplanması, yoxlanılması və qiymətləndirilməsi, prosesə cəlb edilməsi məqsədi ilə şübhəli və təqsirləndirilən şəxsin barəsində müvafiq prosessual qərarların qəbulu və icrası, habelə irəli sürülən ittihamın əsaslandırılmaqla məhkəmədə müdafiəsi onların cinayət-prosessual fəaliyyətinin məzmununu təşkil edir.
Bu baxımdan CPM-də cinayət mühakimə icraatının məhkəməyədək mərhələsi kimimüəyyənləşdirilmiş ibtidai araşdırma (təhqiqat və ibtidai istintaq) istintaq hərəkətləri və digər üsullarla sübutların toplanması, yoxlanması və qiymətləndirilməsi yolu ilə cinayətlərin açılmasına, təqsirkar şəxsin ifşa olunaraq cəzalandırılmasına və zərər vurulmuş ictimai münasibətlərin bərpa olunmasına yönəlmiş prosessual hüquq mexanizminin tərkib hissəsidir.
Cinayət-prosessual qanunvericiliyi ilə cinayət işləri üzrə ibtidai araşdırmanın ibtidai istintaq və təhqiqat növləri müəyyən edilmişdir. Təhqiqat da öz növbəsində ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı və böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində həyata keçirilən iki müstəqil qola bölünmüşdür (CPM-in 214.1, 214.1.1, 214.1.2-ci maddələri).
Qeyd olunmalıdır ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın əsas təyinatı cinayətin aşkar şəraitdə törədilməsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin ilkin dəlillər əsasında bəlli olduğu hallarda həmin işlərin tez bir zamanda həyata keçirilməsindən ibarətdir. Bu isə nəticə etibarı ilə cinayət təqibi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, onların imkan və vəsaitlərinə prosessual baxımdan qənaət olunmasına xidmət edir.
«Cinayət ədalət mühakimə icraatının sadələşdirilməsinə dair» Avropa Şurasının Nazirlər Komitəsinin 17 sentyabr 1987-ci il tarixli, R(87) 18 saylı Tövsiyəsinin preambulasında təhlükəlilik dərəcəsinə görə az əhəmiyyətli cinayətlər üzrə müxtəlif sadələşdirilmiş prosedurların tətbiq edilməsinin zəruriliyi vurğulanmışdır.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən cinayətlər (xırda cinayətlər) üzrə sadələşdirilmiş icraatın hüquqi əsasları və qaydaları bir sıra xarici ölkələrin, o cümlədən MDB dövlətlərinin cinayət-prosessual qanunvericiliyində müəyyən edilmişdir (Fransanın Cinayət-Prosessual Məcəlləsinin 393-397-6-cı maddələri, Almaniyanın Cinayət-Prosessual Məcəlləsinin 417-420-ci maddələri, Moldovanın Cinayət-Prosessual Məcəlləsinin 513(1)-ci maddəsi, Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinin 190-1-190-4-cü maddələri və s.).
CPM-in müvafiq maddələrində qanunverici tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın aparıldığı aşkar cinayətlərin dairəsi konkretləşdirilmiş və belə icraatın həyata keçirilməsinin prosessual qaydaları tənzimlənmişdir.
Belə ki, CPM-in 214.4-cü maddəsinə görə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat CM-in 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat bu Məcəllənin 293-297-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun aparılır (CPM-in 214.4, 214.5-ci maddələri).
Həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən CM-in maddələri (174 və 196.1-ci maddələr istisna olmaqla) ictimai-xüsusi ittiham qaydasında təqibi nəzərdə tutan CPM-in 37.3-cü maddəsində də göstərilmişdir.
Eyni zamanda qeyd olunmalıdır ki, CPM-in 37.3-cü maddəsində CM-in sadalanan maddələri sırasına CPM-in 214.4-cü maddəsindəki böyük ictimai təhlükə törətməyən cinayətlərlə yanaşı belə təsnifata aid olan digər cinayət əməlləri, konkret olaraq CM-in 134, 142.1, 156.1, 157.1, 157.2, 158.1, 158.2, 163.1, 178.1, 179.1, 184.1, 190.1-ci maddələri daxildir.
Həmin maddələrin müddəalarından göründüyü kimi, qanunverici təhqiqatı məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan böyük ictimai təhlükə törətməyən cinayətləri digər kateqoriyadan olan cinayətlərdən ayırarkən onların dairəsini CPM-in 214.4-cü maddəsində konkretləşdirməklə kifayətlənmiş və fərqləndirici meyar kimi belə cinayətlərin aşkar olması faktına üstünlük vermişdir. Bununla yanaşı, qanunverici qeyd edilən cinayətləri nə üçün böyük ictimai təhlükə törətməyən cinayət hesab etməsini CM-in 15.2-ci maddəsində təsbit etmiş və onun məzmununu açıqlamışdır.
CPM-də aşkar cinayətlərə aid xüsusi anlayış verilmədiyindən, prosessual normaların sistemli və məntiqi təhlili yolu ilə belə cinayətlərin əlamətlərinin müəyyən edilməsi nəzəri cəhətdən mümkün və praktiki olaraq vacibdir.
Müasir qanunvericilikdə törədilmiş əməl barədə ilkin məlumatın məzmunundan asılı olaraq cinayətlər iki qrupa bölünür: 1) aşkar cinayətlərə – yəni ilkin məlumatlarda təqsirkar məlum olan və aşkar şəraitdə törədilənlərə; 2) qeyri-aşkar cinayətlərə – yəni ilkin məlumatlarda cinayətkar barədə belə məlumat olmayan və ya gizli törədilən.
Aşkar cinayətlərin cinayət-hüquqi qiymətləndirilməsi və onlara görə cinayət işinin başlanması, təhqiqatı və istintaqı, məhkəməyə verilməsi və məhkəmə icraatı cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq müxtəlif qanunverici yanaşmalarla xarakterizə olunur.
Nəzərə alınmalıdır ki, CPM-ə görə ibtidai araşdırmanın növü kimi təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat forması ibtidai istintaqla eyni ünsürlərə malikdir və ümumi prosessual qaydalara uyğun həyata keçirilir. Bu icraat aparılarkən ümumi prosessual qaydalara riayət olunması cinayətlərin tez və vaxtında açılmasına, təqsirkar şəxslərin ifşasına və cinayət qanununun düzgün tətbiqi vasitəsilə ədalətli cəzalandırmaqla məhkum olunmasına və nəticədə cinayət mühakimə icraatının əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.
Bununla yanaşı, məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatı ibtidai istintaqdan fərqləndirən prosessual qaydalar da mövcuddur. Bu qaydalar CPM-in 293-297-ci maddələrində müəyyən edilmişdir. Belə ki, təhqiqatın bu növündə həyata keçirilən icraatın daha qısa müddəti nəzərdə tutulmuşdur (CPM-in 295.1-ci maddəsi). Sadələşdirilmiş icraat zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və ya nümayəndəsinin yazılı şikayət ərizəsi və ya şifahi şikayətin qəbul edilməsi barədə tərtib edilmiş protokol əsasında, törədilmiş cinayət barədə məlumatları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret şəxs tərəfindən törədilməsini, bu əməlin törədilməsini təsdiq edən sübutları göstərməklə açılır. (CPM-in 293.2, 292.3.3, 293.3.4 və 294.1.2-ci maddələri). Bu icraatın nəticələrinə dair yekun protokol özündə həm təqsirləndirilən şəxs qismində cəlb edilməni, həm də ittihamı ehtiva edir (CPM-in 295 və 296-cı maddələri).
 CPM-in sadələşdirilmiş icraatla bağlı qeyd olunan maddələrinin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, CPM-in 214.4-cü maddəsinə sadalanan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərin sübut edilməsi cinayət işindən fərqli olaraq, bütün zəruri istintaq hərəkətləri icra edilmədən də həyata keçirilə bilər və bu, məhkəmə baxışında iş üzrə qərar qəbul olunması ücün yetərli sayılır.
Belə ki, CPM-in böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətin verilməsi qaydasını tənzimləyən 293-cü maddəsindən aydın olur ki, belə cinayət üzrə yazılı şikayət və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilən məlumatlara cinayət qanunu ilə nəzərdə tutulan əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında xahiş də daxildir. Bu baxımdan cinayət əməlinin törədilməsi, onun törədilmə vaxtı, yeri və üsulu, dəymiş zərər və ən əsası isə cinayəti törətmiş şəxsin ibtidai araşdırmadan əvvəl təqsirkar kimi zərər çəkmiş şəxsə məlum olması (müvafiq sübutlar məcmusu da olmaqla) qanunverici tərəfindən aşkar cinayət kimi qəbul olunur.
Eyni zamanda, nəzərə alınmalıdır ki, CPM-in 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı sübutlarla sübut edilməli hallar göstərilmişdir. Bu halların sırasına cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir.
Təsadüfi deyil ki, qanunverici cinayət mühakimə icraatının vəzifələrindən irəli gələrək CPM-də zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin konkret şəxs tərəfindən törədilməsini təsdiq edən sübutları göstərmək vəzifəsini nəzərdə tutmaqla yanaşı, belə icraat zamanı təhqiqatçının məhkəmə baxışının hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədilə təxirəsalınmaz istintaq hərəkətlərini həyata keçirmək səlahiyyətini müəyyənləşdirmişdir (CPM-in 295.2, 295.3 və 295.4-cü maddələri).
Xüsusilə vurğulanmalıdır ki, ibtidai araşdırmanın bu növündə də cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə təhlil olunur və bir-biri ilə müqayisə edilməklə, onlarınmötəbərliyi müəyyənləşdirilir (CPM-in 138.1 və 144-cü maddələri). Yalnız cinayət təqibi üzrə yekun və mötəbər nəticəyə gəlməyə imkan verən mümkün sübutların məcmusu cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından sübutların kifayət etməsi kimi qəbul olunur (CPM-in 146-cı maddəsi).
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat zamanı təhqiqatı aparan şəxs (təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror) zərər çəkmiş şəxsin irəli sürdüyü sübutlarla kifayətlənməməli, əksinə həm onları, həm də icraat zamanı əldə edilmiş digər sübutları CPM-in tələblərinə uyğun olaraq qiymətləndirməlidir. Bu baxımdan bəzi aşkar cinayətlərlə bağlı (məsələn, CM-in 128, 132-ci maddələri) toplanmış bütün sübutların qiymətləndirilməsi zamanı zərər çəkən şəxslə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs arasında əvvəl mövcud olmuş qarşılıqlı etimadın pozulması nəticəsində zərər çəkən şəxsin qərəzli mövqedə dayanması halı da istisna edilməməlidir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,CPM-in 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərinilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.
Müraciətdə şərhi xahiş edilən CPM-in 297.0.4-cü maddəsinin «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası ilə bağlı isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
CPM-in 46.1-ci maddəsinə görə ictimai ittiham və ictimai xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar (CPM-in 38.1-ci maddəsi).
Qeyd edilməlidir ki, qanunverici bəzi halları istisna etməklə cinayət işinin başlanmasını ilkin yoxlama aparılması yolu ilə kifayət qədər əsasların mövcudluğundan asılı etmiş, habelə cinayət işinin başlanmasından əvvəl hadisə yerinə baxış istisna olmaqla digər istintaq hərəkətlərinin aparılmasını da qadağan etmişdir (CPM-in 207.1.2 və 207.4-cü maddələri). Bununla belə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair cinayət üzrə təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər (CPM-in 45.3 və 294.1.2-ci maddələri). CPM-in 207.1.2-ci maddəsinə görə isə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar toplanması ilə əlaqədar aparılan ilkin yoxlama aşkar cinayətlərlə bağlı olan məlumatlar haqqında tətbiq olunmur. Belə hal məhkəməyədək sadələşdirilmiş icraatın cinayət əlamətləri olduqda fakt üzrə deyil, cinayəti törətmiş şəxs barəsində həyata keçirildiyini ehtiva edir.
Lakin, CPM-in böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını tənzimləyən müddəalarının təhlilindən görünür ki, ibtidai istintaq zamanı müvafiq statusa (şübhəli və ya təqsirləndirilən) malik olan şəxsdən fərqli olaraq, sadələşdirilmiş icraatda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin prosessual statusu aydın göstərilməmişdir.
Bununla əlaqədar, vurğulanmalıdır ki, CPM-də böyuk ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın prosessual qaydalarının tənzimlənməsi cinayət mühakimə icraatının şəxsin ona qarşı irəli sürülmüş ittihamdan müdafiəsinə zəmanət verən əsas konstitusiya prinsiplərinə uyğun həyata keçirilməlidir.
Konstitusiyada demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra prinsiplər təsbit edilmişdir (Konstitusiyanın 25, 28, 32, 33, 60, 61, 63, 65, 66, 67, 68, 125 və 127-ci maddələri). Buna görə təqsirləndirilən şəxsin, cinayət prosesinin digər iştirakçıları kimi, əsas hüquqlarının təmin edilməsi mühüm əhəmiyyət kəsb etdiyindən, belə hüquqların səmərəli həyata keçirilməsinin mümkünlüyü bütün cinayət mühakimə icraatına və onun ayrı-ayrı mərhələlərinə aid olmalıdır.
Nəzərə alınmalıdır ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının təmin edilməsi, ona qarşı irəli sürülmüş ittihamın mövcudluğundan, onun təqsirliliyinin sübuta yetirilməsinə yönəlmiş müvafiq prosessual qərarların qəbul edilməsindən və xüsusən də, təxirəsalınmaz istintaq hərəkətlərinin aparılmasından irəli gəlir. Bu zaman həmin şəxsin cinayət təqibi üzrə yalnız formal prosessual vəziyyətinin deyil, həmçinin faktiki vəziyyətinin nəzərə alınması zərurəti yaranır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2010-cu il tarixli qərarında ifadə olunmuşdur.
Əks təqdirdə belə vəziyyət şəxsin prosessual hüquqlarının pozulmasına şərait yaratmaqla (ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll olunur (CPM-in 145.3-cü maddəsi), Konstitusiyanın 63-cü maddəsinin və CPM-in 21-ci maddəsinin tələblərinin inkar edilməsinə gətirib çıxarardı. Belə ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir (Konstitusiyanın 63-cü maddəsinin I və II hissələri).
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə təhqiqatın nəticələrini əks etdirən prosessual sənəd məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib olunmuş yekun protokuludur (CPM-in 296-cı maddəsi). Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxsi, əməlin törədildiyi yeri, vaxtı, üsulu, motivi, nəticələri və digər mühüm halları, o cümlədən əməli törətmiş şəxsin təqsirliliyini də təsdiq edən sübutları göstərən həmin prosessual sənəd məhkəmədə işə baxılmasına əsasdır (CPM-in 297.0.2-ci maddəsi). Göstərilən sənəd sübutların məcmusu əsasında cinayət əməlinin məhz konkret şəxs tərəfindən törədildiyini israr etdiyindən məhkəməyədək sadələşdirilmiş icraatda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxs statusuna malikdir. Bununla yanaşı, prokuror CPM-in 84.5.13 və 297.0.4-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək CPM-in 39-cu maddəsində nəzərdə tutulan və cinayət təqibini istisna edən halları aşkarladıqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, yəni təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir.  Bu baxımdan CPM-in 297.0.4-cü maddəsində nəzərdə tutulmuş «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası təqsirləndirilən şəxs mənasını kəsb edir.
Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
- CPM-in 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən  hər hansı birinin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir;
- CPM-in 297.0.4-cü maddəsində «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q  Ə R A R A    A L D I:
 
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin «böyük ictimai təhlükə törətməyən aşkar cinayət» müddəası həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birinin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 297.0.4-cü maddəsinin «cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs» müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin Məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 
 
 
 Sədrlik edən                                             Fərhad Abdullayev