ANA SƏHİFƏ » Qərarlar » 21.06.10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  228.1, 229.1, 230, 231
və  232.1-ci  maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
 
 
21 iyun 2010-cu il                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə, 
 məhkəmə katibi İ.İsmayılovun,
 maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İ.Cəfərovun, Azəraycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı E.Əsgərovun, 
ekspertlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin baş eksperti C.Əhmədovun və Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti B.Əsgərovun, 
iclasa dəvət olunmuş mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin iştirakı ilə, 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorunun sorğusu üzrə Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  228.1, 229.1, 230, 231 və  232.1-ci  maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.  
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini, iclasa dəvət olunmuş mütəxəssisin mülahizələrini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
 Azərbaycan Respublikasının Baş Prokuroru Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – “Konstitusiya Məhkəməsi”) sorğu göndərərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatını ehtiva edib-etməməsi baxımından həmin Məcəllənin 229.1, 230, 231 və 232.1-ci maddələrinin şərh olunmasını xahiş etmişdir. 
Sorğuda göstərilmişdir ki, CM-in 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sürsatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
 Həmin Məcəllənin 229.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etməyə, 230-cu maddəsi odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsinin ağır nəticələrə səbəb olmasına, 231-ci maddəsi odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olmasına və 232.1-ci maddəsi odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti müəyyən etmişdir. 
Sorğuda qeyd edilmişdir ki, Məcəllənin göstərilən maddələrindən göründüyü kimi, yalnız 228.1-ci maddənin dispozisiyasında yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının verilməsinə, satılmasına, saxlanmasına, daşınmasına və gəzdirilməsinə görə cinayət məsuliyyəti istisna edilir. Lakin həmin Məcəllənin 229.1, 230, 231 və 232.1-ci maddələrinin dispozisiyalarında belə istisna nəzərdə tutulmamışdır.
Sorğuverən hesab edir ki, cinayət qanununun mətnində bu fərqin mövcudluğu istintaq və məhkəmə təcrübəsində uyğunsuzluğa səbəb olmaqla, bu qəbildən olan cinayətlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşmasına mane olur. Belə ki, məhkəmə təcrübəsində bir sıra hallarda yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının verilməsinə, satılmasına, saxlanmasına, daşınmasına və gəzdirilməsinə görə cinayət məsuliyyətinin istisna edilməsi CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlə yanaşı, həmin Məcəllənin 229.1, 230, 231 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə də şamil edilir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisi cinayətləri və başqa hüquq pozuntularını, onların törədilməsinə görə məsuliyyəti müəyyən edir.
Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
Sonuncu Konstitusiya müddəası ilə şəxsin yalnız törədildiyi zaman qüvvədə olan qanunvericiliklə hüquq pozuntusu kimi nəzərdə tutulmuş əməlin törədilməsinə görə məsuliyyətə cəlb edilməsinin mümkünlüyü təsbit olunur. Bu hüquq, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsində də öz əksini tapmışdır. 
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin zərərinə olaraq cinayət qanununun geriyə şamil olunmasını qadağan etməklə yanaşı, Avropa Konvensiyasının sözügedən norması, daha ümumi şəkildə yalnız qanunla cinayətlərin müəyyən olunmasının və cəzanın göstərilməsinin mümkün olduğu (nullum crimen, nulla poena sine lege) və cinayət qanununun, məsələn analogiya üzrə təqsirləndirilən şəxsin zərərinə olaraq geniş təfsir edilməli olmadığına dair prinsipləri ehtiva edir. Bu prinsiplərdən irəli gəlir ki, hüquq pozuntusu qanunla aydın müəyyən edilməlidir (Moiseyev Rusiyaya qarşı iş üzrə 09 oktyabr 2008-ci il tarixli qərar, § 233).   
Sözügedən prinsiplərin əhəmiyyətinə Avropa ölkələrinin məhkəmə təcrübəsində də rast gəlmək olar. Məsələn, Belçikanın Konstitusiya Məhkəməsinin 2005-ci il 13 iyul tarixli qərarında göstərilmişdir ki, nullum crimen, nulla poena sine lege prinsipi bu ideyadan irəli gəlir ki, cinayət qanunu edəcəyi hərəkətləri seçən hər kəsə onun cəzalandırılmalı olub-olmamasını bilməyə imkan verən ifadələrlə müəyyən edilməlidir. Bu, ilk növbədə, tələb edir ki, hüquqi müəyyənlik prinsipinə cavab verən kifayət qədər ətraflı və aydın ifadələrlə hansı hərəkətlərin cəzalandırılması qanunvericilikdə göstərilsin. Belə olan halda, hər hansı müəyyən hərəkəti edən şəxs bu hərəkətin səbəb ola bildiyi nəticələri əvvəlcədən qiymətləndirə bilər. Bununla da, məhkəmələrə həddən artıq mülahizənin verilməsinin qarşısı alınmış olar.  
Beləliklə, Konstitusiyanın müddəalarını, Avropa Məhkəməsinin hüquqi mövqeyini və beynəlxalq təcrübəni nəzərə alaraq, aydın olur ki, cinayət məsuliyyətini yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Bundan irəli gəlir ki, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır.
Bu baxımdan, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin bəzi normalarında odlu silahla bağlı qadağan olunmuş bir neçə əməllər müəyyən edilir (CM-in 228-232-ci maddələri).    
 Bu maddələrdə nəzərdə tutulmuş «odlu silah» anlayışı Azərbaycan Respublikasının  2004-cü il 10 sentyabr tarixli, 750-IIQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir.
 Odlu silahın anlayışı, həmçinin Azərbaycan Respublikasının milli qanunvericiliyində də öz əksini tapmışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri).   
 Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir.    
 Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. Lakin, sözügedən normada əksini tapmış “yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla” müddəası “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 3-cü bəndi ilə mülki silah kateqoriyasına aid edilmiş bu növ silahı cinayət qanununun həmin maddəsinin dairəsindən kənarda qoyur. CM-in 228.1-ci maddəsinin mənasına görə yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı cinayətin predmeti olmadığına görə, həmin silahın komplekt hissələri də cinayət məsuliyyətini təşkil edə bilməz. 
 Belə olan halda, odlu ov silahı, onun komplekt hissələrinin və həmin silah üçün döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması yalnız inzibati məsuliyyətin yaranmasına səbəb ola bilər (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi).    
 Bu səbəbdən, həmin silahla yalnız başqa qanunsuz hərəkətlər cinayət hüquqi əhəmiyyət kəsb edir. Məhz belə hərəkətlər CM-in 229.1, 230, 231 və 232.1-ci maddələrində nəzərdə tutulur. Belə ki, qanunverici xidməti və ya mülki kateqoriyasından, eləcə də təyinatından, o cümlədən ov məqsədlərinə xidmət etdiyindən, yivli və ya yivsiz olmasından asılı olmadan odlu silahın işləmə prinsipi və onun məhvedici zədə yetirmək qabiliyyətini və müasir dövrdə daşıdığı xüsusilə təhlükəli xarakterini nəzərə alaraq, onun qanunsuz olaraq hazırlanmasını (CM-in 229-cu maddəsi), diqqətsiz saxlanılmasını (CM-in 230-cu maddəsi), mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirilməməsini (CM-in 231-ci maddəsi) və talanmasını, yaxud hədə-qorxu ilə tələb olunmasını (CM-in 232-ci maddəsi) cinayət məsuliyyətinə səbəb olan əməllər kimi müəyyən etmişdir.   
 Xüsusən, vurğulanmalıdır ki, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsi müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrin gəzdirilməsi, saxlanması, əldə olunması və satılması ilə yanaşı, hazırlanmanı da cinayəti təşkil edən əməl kimi nəzərdə tutmuş və yivsiz lüləli ov tüfəngini istisna kimi müəyyən etmişdir. Beləliklə, sözügedən istisna odlu silah, döyüş sürsatı və ya partlayıcı maddələrin hazırlanmasına da şamil edilmişdir. 
 Lakin, hazırda qanunverici odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrin hazırlanmasını ayrıca cinayətin tərkibi kimi CM-in 229.1-ci maddəsində müəyyən edərək, yivsiz ov silahı ilə bağlı hər hansı istisnanı bu maddədə nəzərdə tutmamışdır. Eynilə, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-1-ci maddəsi də odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin oğurlanmasına görə cinayət məsuliyyəti müəyyən edərkən yivsiz lüləli ov silahını istisna etdiyi halda, qüvvədə olan CM-in “odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə”yə həsr olunan 232.1-ci maddəsi belə istisnanı nəzərdə tutmamışdır. Bundan irəli gələrək qanunverici odlu ov silahı ilə bağlı istisnanın müəyyən cinayətlərə aid olunmasından imtina etmişdir. 
 Bununla da, aydın olur ki, qanunverici yivsiz odlu ov silahı ilə bağlı istisnanı CM-in 229-232-ci maddələrində düşünülmüş şəkildə nəzərdə tutmamışdır. Bunun təsdiqi kimi, həmçinin CM-in “Qaçaqmalçılıq” cinayət əməlini müəyyən edən 206-cı maddəsini misal gətirmək olar. Belə ki, qeyd olunan maddədə, CM-in 228.1-ci maddəsində olduğu kimi, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı cinayətin tərkibindən istisna edilmişdir.
 Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
CM-in 228.1-ci maddəsinin mənasına görə qanunsuz olaraq yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətini istisna edir;
CM-in 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi müvafiq olaraq CM-in 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır.    
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I:
 
1. Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətini istisna edir.  
 2. Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır.  
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.    
 
 
 Sədrlik edən                                                      Fərhad Abdullayev