ANA SƏHİFƏ » Qərarlar » 02.03.10 AR CM-nın 79.1-ci mad. AR Konstitusiyasının 25-ci mad. I, II və III his., 26-cı mad. II his., 28-ci mad.I his.,147-ci mad. və 149-cu mad. I və III his.-nə uyğunluğunun yoxlanılmasına dair

 
 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, II və III  hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 
28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin
I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
 
 
02  mart 2010-cu il                                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, R.Qvaladze, S.Həsənova, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
tərəflərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi M.Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi E.Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət  hüququ kafedrasının müəllimi A.Kərimlinin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 11 avqust 2009-cu il tarixli, 1/6310-09 saylı sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III  hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, tərəflərin nümayəndələri M.Məmmədov və E.Əsgərovun çıxışlarını, habelə ekspert A.Kərimlinin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N     E T D I:
 
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) sorğu verərək  Azərbaycan Respublikası Cinayət Məcəlləsinın (bundan sonra – CM) 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III  hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilir ki, CM-in 79-cu maddəsi hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı münasibətləri tənzim edir. Həmin Məcəllənin 79.1-ci maddəsinin tələbinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Sorğuda həmçinin qeyd olunur ki, CM-in 79.1-ci maddəsinin müddəaları ilə əlaqədar səkkiz yaşından on dörd yaşınadək uşaqların hansı yaş kateqoriyasına (azyaşlı, həddi-buluğa çatan uşaqlar) aid edilməsi məlum deyil. Halbuki,  Azərbaycan Respublikası Mülki Məcəlləsinın (bundan sonra – MM) 38.6, 1103.1, 1120-ci və s. maddələrində on dörd yaşınadək olanların azyaşlı olması göstərilir. CM-in 79.1-ci maddəsinə məzmunca analoci olan Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 82.1-ci maddəsində də məhz on dörd yaşadək uşağı olan qadınların cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyü təsbit edilmişdir.
Ombudsman hesab edir ki, cinayət qanunvericiliyi azyaşlı uşaq anlayışını səkkiz yaşadək müddət çərçivəsində məhdudlaşdıraraq on dörd yaşadək olan azyaşlı uşaqların və onların qanuni nümayəndələrinin (konkret halda analarının) hüquqlarını və qanuni maraqlarını nəzərə almamışdır. Nəticədə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş səkkiz yaşından on dörd yaşadək azyaşlı uşaqları olan qadınlara münasibətdə cəzanın çəkilməsinin təxirə salınması əvəzinə, onlar azadlıqdan məhrum etmə cəzasına məhkum edilirlər.
Sorğu verənin qənaətinə görə CM-in 79.1-ci maddəsində azyaşlı uşaq anlayışının on dörd yaşadək deyil, məhz səkkiz yaşadək müddət çərçivəsində məhdudlaşdırılması Konstitusiyada təsbit olunmuş bir sıra normalarla ziddiyyət yaradaraq, göstərilən əsaslarla həmin kateqoriyadan olan şəxslərin (səkkiz yaşından on dörd yaşınadək olan azyaşlıların və onların analarının) konstitusiya hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Maddənin mövcud vəziyyətdə qalması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III  hissələrinin, 26-cı maddəsinin II hissəsinin, 28-ci maddəsinin I hissəsinin, 147-ci maddəsinin və 149-cu maddəsinin I və III hissələrinin tələblərinə uyğun deyil.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Ombudsmanın CM-in 79.1-ci maddəsinə münasibətdə humanizm dəyərlərindən irəli gələn  yanaşması cinayət qanunvericiliyinin təkmilləşdirilməsi işi baxımından  təqdirə layiq olmaqla gələcəkdə qanunverici tərəfindən nəzərə alınmasını istisna etmir.
Bununla belə, qanunvericiliyin tənzimlənməsində hüquq və məqsədəuyğunluq  məsələləri biri-birindən ayrılmalıdır. Məqsədəuyğunluq məsələlərinin həlli Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid deyil və müstəsna olaraq qanunyaradıcılıq fəaliyyətində iştirak edən subyektlərin və nəticə etibarı ilə qanunvericinin yanaşmasından asılıdır. Hüquqi məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən dəyərləndirilməsi isə öz səlahiyyətləri daxilində hüquqi mübahisədə toxunulan normaların ayrılıqda və qarşılıqlı təhlilinin aparılmasını tələb edir.
İlk əvvəl qeyd olunmalıdır ki, Konstitusiya digər məsələlərlə yanaşı şəxsiyyətin vəziyyətini, o cümlədən əsas hüquqlarını, azadlıqlarını və vəzifələrini müəyyənləşdirməklə dövlətdə qanun və digər normativ-hüquqi aktların qəbulunun başlıca mənbəyi və əsası kimi çıxış edir. Konstitusiyanın özündə onun qüvvəsini və əhəmiyyətini qeyd edən normalar da mövcuddur. Sorğuda istinad olunan Konstitusiyanın 147-ci maddəsi, habelə 149-cu maddəsinin I və III hissələri də həmin normaların sırasındadır.
Belə ki, Konstitusiyanın 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə görə isə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Konstitusiyanın 147-ci maddəsi və 149-cu maddəsinin I və III hissələri mühüm və danılmaz normalar olsa da, bu normaların tələblərinin yerinə yetirilməsi barədə hər hansı nəticəyə gəlinməsi üçün birlikdə tətbiq olunan digər konstitusiya normalarına əməl olunmasına, bunun üçün isə onların məzmununa və mahiyyətinə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan CM-in 79.1-ci maddəsinin Konstitusiyaya uyğun olub-olmamasının araşdırılması üçün Ombudsman tərəfindən istinad edilmiş Konstitusiyanın 25-ci maddəsinin I, II və III  hissələrinin, 26-cı maddəsinin II hissəsinin  və 28-ci maddəsinin I hissəsinin məzmunu və mahiyyətinin müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Konstitusiyanın 25-ci maddəsinin I, II və III  hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Göründüyü kimi Konstitusiyada bəyan olunmuş bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlarından istifadə zamanı diskriminasiyadan qoruyur.
Qeyd olunmalıdır ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən  insan, cəmiyyət və dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoymuşdur. Hüquq bərabərliyi eyni zamanda konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.
Təsadüfi deyildir ki, bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.).
Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Konstitusiyanın 25-ci maddəsinin III  hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda bəhs etmək mümkündür ki, hər hansı şəxsin  hüquq və azadlıqlarının bərabərliyi obyektiv hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.
Ombudsmanın sorğusunda CM-in 79-cu maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla on dörd yaşınadək uşağı olan qadınların bərabərlik hüququnun pozulmasından bəhs olunsa da, bunun  hüquqi meyarları göstərilmir, halbuki bu məsələ hüquq bərabərliyinin pozulub-pozulmamasının müəyyənləşdirilməsi üçün həlledicidir.
Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in müddəalarında, o cümlədən 79.1-ci maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.
Həmçinin nəzərə  alınmalıdır ki, CM qəbul edildikdən sonra qanunverici tərəfindən ona bir neçə dəfə dəyişikliklər edilmişdir. 01  oktyabr 2007-ci il tarixdə qəbul olunmuş III-QD-№424 saylı Qanunla CM-in 79-cu maddəsində dəyişikliklər edilərək, «şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların» ifadəsində «məhkum edilmiş qadınlar» sözləri «məhkum edilmiş şəxslər» sözləri ilə əvəz olunmuş, «uşağı olan qadınlar» sözlərindən sonra isə «habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər» sözləri əlavə edilmişdir. Bu dəyişikliklərin nəticəsi olaraq maddənin əhatəsi cinsindən asılı olmayaraq bütün şəxslərə - həm qadınlara, həm də kişilərə aid olunmuş və burada mümkün olan cinsi qeyri-bərabərlik aradan götürülmüşdür.
Bundan başqa göstərilməlidir ki, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-in 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Belə olan halda isə Konstitusiyanın 25-ci maddəsinin I, II və III  hissələrinə istinadən məhkum olunmuş qadınların hüquqlarının pozulması barədə fikir hüquqi baxımdan əsaslı görünmür.
Sorğuda CM-in 79-cu maddəsinin hüquqi mübahisələndirilməsi üçün istinad olunmuş Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bu normadan göründüyü kimi Azərbaycan Respublikasında hər bir şəxsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna dövlət təminatı verilir. Belə hüququn və təminatın mövcudluğu ölkəmizdə insan hüquq və azadlıqlarının bəyan olunması ilə kifayətlənməməsinə və bunların həqiqətən həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsinə dəlalət edir və eyni zamanda Azərbaycan Respublikasının ATƏT-in üzvü kimi həmin beynəlxalq təşkilatın Vyana Yekun Sənədinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliyin icrasına yanaşmasının göstəricisi kimi çıxış edir.
 Hüquq və azadlıqlarını müdafiə etmək hüququnun reallaşması üçün ölkəmizdə bir sıra qanunlar (məsələn, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», Mülki, Cinayət, Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələri və s.) qəbul edilmiş və qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarə (bələdiyyə) orqanlarından başqa həmin məsələ ilə bilavasitə məşğul olan xüsusi təsisatlar (o cümlədən, prokurorluq orqanları, məhkəmələr, Ombudsman və s.) yaradılmışdır.
Hər hansı şəxsin hüquq və azadlıqlarını müdafiə etmək hüququnun pozulub-pozulmamasına dair mübahisəyə münasibətin bildirilməsi yalnız həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinin mövcudluğunda mümkündür (məsələn, pozulmuş hüquq və ya azadlıqların bərpasına yönəldilmiş müraciətə dövlət və ya bələdiyyə orqanları tərəfindən baxılmaması və yaxud baxılaraq qanuna uyğun tədbir görülməməsi və s. hallar).
Sorğuda CM-in 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla 8 yaşınadək uşaqları olan qadınlara münasibətdə Konstitusiyanın 26-cı maddəsinin II hissəsində nəzərdə tutulmuş hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə dövlət təminatının pozulmasının hansı meyarlarla əsaslandırılması göstərilmədiyindən, bu konstitusiya normasının pozulub-pozulmamasına dair hər hansı təsdiqedici bir nəticəyə gəlmək qeyri-mümkündür.
Sorğuda CM-in 79-cu maddəsinin hüquqi mübahisələndirilməsi üçün həmçinin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların azadlıq hüququnun və bununla da bu hüququ nəzərdə tutan Konstitusiyanın 28-ci maddəsinin I hissəsinin  pozulmasına istinad olunmuşdur.
Bununla əlaqədar qeyd olunmalıdır ki, hər kəsin azadlıq hüququ əsas insan hüquqlarından biri kimi bütün dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsi, «Ìöëêè âÿ ñèéàñè ùöãóãëàð ùàããûíäà» Áåéíÿëõàëã Ïàêòûí 9-æó ìàääÿñè, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci  ìàääÿñè və s.).
Konstitusiyada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüququn mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki,  Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Belə məhdudlaşdırma cinayətin və ya inzibati xətaların törədilməsində şübhəli və ya təqsirləndirilən şəxslər barəsində tutulma zamanı, müvafiq olaraq qətimkan tədbirinin və ya inzibati tənbehin seçilməsi zamanı, habelə cinayət törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəzanın təyin edilməsi zamanı qanunvericilik səviyyəsində müəyyənləşdirilmiş xüsusi qaydalar üzrə səlahiyyətli vəzifəli şəxslər tərəfindən tətbiq olunur.
Ölkəmizdə həbs, tutulma və ya azadlıqdan məhrum etmə qaydalarını, habelə bu qaydalara uyğun azadlıq hüququnun məhdudlaşdırılmasına müvəkkil edilmiş şəxslərin dairəsini qüvvədə olan qanunvericilik aktları  (Cinayət-Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, «Prokurorluq haqqında», «Polis haqqında» Qanunlar və s.) müəyyənləşdirir.
Odur ki, hər hansı şəxsin tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi Konstitusiyada nəzərdə tutulmuş hallardan kənar və qüvvədə olan qanun normalarında müəyyənləşdirilmiş qaydaların ziddinə baş verərsə, bu hər hansı şəxsin azadlıq hüququnun pozulması kimi qiymətləndirilməlidir. Lakin CM-in 79.1-ci maddəsində on dörd yaşınadək uşaqları olan məhkum edilmiş qadınların cəzasının çəkilməsinin təxirə salınmasının nəzərdə tutulmaması özü-özlüyündə Konstitusiyanın 28-ci maddəsinin I hissəsində təsbit edilmiş hər kəsin azadlıq hüququnun pozulması kimi deyil, cinayət  törətmiş şəxsin məsuliyyətindən irəli gələn  və qanun əsasında cinayətkara qarşı tətbiq olunan müvəqqəti məhdudlaşdırma kimi qəbul edilməlidir.
Belə məhdudlaşdırma cinayətin törədilməsi ilə yaranmış münaqişələrin tənzimlənməsi üçün dövlət tərəfindən görülən tədbirlərin əsas şərti kimi çıxış edən mütənasiblik prinsipinə əməl olunmasını təmin etməlidir. Cinayət qanunvericiliyində bu mütənasiblik qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, təqsirlilik, təqsirə görə məsuliyyət, cəzanın qaçılmazlığı və humanizm prinsipləri, seçilmiş cəza növünün zəruriliyi və məqsədəuyğunluğu, habelə hüquq məhdudiyyətinin zamana görə kifayətliliyi  əsasında müəyyən olunur.  
Xüsusi qeyd olunmalıdır ki, CM-in müddəaları (o cümlədən 79-cu maddə)  müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır  və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayət-prosessual, cəza-icra  normalarının müəyyənləşdirilməsini nəzərdə tutur.
Cinayət-cəza siyasəti və CM-in müddəaları bir-birilə sıx əlaqədardır. Bu Məcəllə Konstitusiyaya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki cinayətin anlayışını, onun növlərini, subyektlərini, cinayətlərin tərkiblərini,  həmçinin cəzanın anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o cümlədən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilən ümumi qaydalara aid olunmuşdur.
Belə qaydalar ayrı-ayrı qanunvericilik sahələri üzrə tənzimlənən müvafiq hüquq münasibətlərinin xüsusiyyətlərindən asılı olaraq müxtəlif (özünə xas olan) formada müəyyənləşdirilməsini istisna etmir, bəzi hallarda isə (məsələn mülki və cinayət qanunvericilik sahələrində) fərq qoyulmasını zəruri edir. Eyni zamanda dövlətin suverenliyini nəzərə alaraq Azərbaycan Respublikasında qəbul olunan qanunlar digər ölkələrin qanunlarına deyil, məhz Konstitusiyanın müddəalarına zidd olmamalıdır (Konstitusiyanın 149-cu maddəsinin III hissəsi).
Sorğuda CM-in 79-cu maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınlar üçün cəzanın çəkilməsinin təxirə salınmasının mümkünlüyünü mülki qanunvericiliyimizdə və ya Rusiyanın cinayət qanunvericiliyində olduğu kimi uşaqların on dörd yaş həddi ilə əlaqələndirilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə müdaxilə edilməsinə gətirib çıxara bilər.
Bundan başqa sorğuda mübahisələndirilən  məsələyə digər ölkələrin qanunvericilik təcrübəsi baxımından yanaşılması zamanı nəzərə alınmalıdır ki, hər bir ölkədə müəyyən beynəlxalq hüquqi standartlar çərçivəsində konstitusiya müddəalarından, qanunvericilik sisteminin xüsusiyyətlərindən və daxili məqsədəuyğunluqdan asılı olaraq hüquqi münasibətlərin tənzimlənməsində özünə xas olan mövqelər seçilir. Bunun üçün də dünya ölkələrində qanunvericilik sistemi (onun tərkibi və məzmunu) heç də hər zaman  eynilik təşkil etmir. 
Qeyd olunmalıdır ki, inkişaf etmiş əksər ölkələrdə məhkum edilmiş şəxslər üçün cəza çəkilməsinin təxirə salınması nadir  hallarda (məsələn, az ağır cinayət törətmiş və yetkinlik yaşına çatmamış uşaqlar üçün) nəzərdə tutulur. Lakin yaşından asılı olmayaraq uşağı olan məhkum edilmiş şəxslər (istər qadınlar, istərsə də kişilər) üçün cəza çəkilməsinin təxirə salınması bir qayda olaraq nəzərdə tutulmur. Bununla belə, MDB iştirakçıları olan dövlətlərdə uşağı olan məhkum edilmiş şəxslərin (qadınların, bəzi hallarda isə həmçinin kişilərin) cəza çəkməsinin təxirə salınması halları cinayət qanunvericiliyində nəzərdə tutulsa da, uşaqların yaş həddi ilə bağlı meyarlar fərqlidir. Məsələn, məhkum edilmiş şəxslərin  cəza çəkməsinin təxirə salınmasının mümkünlüyü uşaqların Qazaxstan və Rusiyada – 14, Azərbaycan, Qırğızstan, Moldova, Tacikistan və Türkmənistanda – 8, Ukraynada – 7, Gürcüstanda – 5, Belarusda – 3 yaşına çatması ilə bağlıdır.
Sorğu verən həmçinin belə bir fikir irəli sürmüşdür ki, CM-in 79.1-ci maddəsinin müddəalarında məhkum olunmuş qadınların səkkiz yaşından on dörd yaşınadək olan uşaqlarının hansı yaş kateqoriyasına (azyaşlı, həddi-buluğa çatan) aid olunması məlum deyil.
Bununla bağlı nəzərə alınmalıdır ki, CM-in bu və ya digər maddəsində uşaqların yaş kateqoriyasının müəyyənləşdirilməsi cinayət qanunvericiliyinin predmetinə aid oluna bilməz. Ümumiyyətlə vurğulanmalıdır ki, CM-də yaşla bağlı kateqoriyaların göstərilməsi cinayətin subyektləri ilə bağlıdır, yəni cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslərin  müəyyənləşdirilməsində zəruridir. Təsadüfi deyildir ki, CM-in 20-ci maddəsində cinayət törənənədək 16 yaşı tamam olmuş şəxsin bütün hallarda, 14 yaşı tamam olmuş şəxsin isə bəzi hallarda cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü nəzərdə tutulur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 79.1-ci maddəsi  Konstitusiyanın 25-ci maddəsinin I, II və III  hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğundur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65–67  və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L I R:
 
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsi  Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III  hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                      Fərhad Abdullayev