ANA SƏHİFƏ » Qərarlar » 08.09.99 «Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
«Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin şərh edilməsinə dair
 
 
8 sentyabr 1999-cu il                                                                                           Bakı  şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: R.Qvaladze (məruzəçi-hakim), B.Qəribov, E. Məmmədov, S. Salmanova, Ə.Sul­ta­­novdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektin nümayəndəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi F.Məmmədovun,                                    
mütəxəssis, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi B.Əsədovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə «Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 18/15-77 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Məruzəçi-hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin nümayəndəsi F.Məmmədovun çıxışını, mütəxəssis B.Əsədovun rəyini dinləyib, işin materiallarını yoxlayaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
1998-ci il 29 dekabr tarixli «Məhdud məsuliyyətli müəsissələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsində göstərilir: «Müəsissənin adı yalnız ona məxsusdur. Eyni adlı müəssisənin, yaxud adının önündə və ya sonunda rəqəm yazmaqla adı fərqləndirilən müəssisənin dövlət qeydiyyatına alınmasına yol verilmir».
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sorğusunda yuxarıda göstərilən Qanunun həmin göstərişlərinin tətbiqində çətinliklərin olması bildirilərək, bu Qanunun 3-cü maddəsinin üçüncü hissəsinin şərh edilməsi xahiş olunur.
Sorğu ilə bağlı iş materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikasının «Məhdud məsuliyyətli müəssisələr haqqında» Qanununun 3-cü maddəsi, «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Qanununun 6-cı maddəsi, «Kütləvi informasiya vasitələri haqqında» Qanununun 12-ci maddəsi, «Siyasi partiyalar haqqında» Qanununun 7-ci maddəsi, «İctimai birliklər haqqında» Qanununun 11-ci maddəsinin rəsmi mətnləri vardır.
Sorğuda göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi fiziki və hüquqi şəxslərin statusuna dair ümumi qaydaları müəyyən edir.
Bu qaydaları müəyyən edərkən Azərbaycan Respublikasının Milli Məclisi hüquqi şəxslərin statusuna və səlahiyyətlərinə dair qəbul etdiyi bir sıra qanunlarda belə şəxslərin bəzi kateqoriyası üçün eyni adla dövlət qeydiyyatına alınmasının yol verilməzliyini nəzərdə tumuşdur.
Belə ki, «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində göstərilir: «Eyni addan müxtəlif kredit təşkilatlarının istifadə etməsinə yol verilmir».
«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin dördünçü bəndinə görə həmin qeydiyyatçı orqan tərəfindən əvvələr eyni adlı və eyni yayım forması olan kütləvi informasiya vasitəsi qeydə alınmışdırsa, kütləvi informasiya vasitəsini qeydə almaqdan imtina edilir.
Oxşar müddəalar «Siyasi partiyalar haqqında», «İctimai birliklər haqqında» Qanunlarda da öz əksini tapmışdır.
Beləliklə yüxarıda göstərilənlərdən məlum olur ki, hüquqi şəxsin adla bağlı məhdudiyyətlərin müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisin səlahiyyətindədir. «Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsində müəssisənin adı ilə bağlı nəzərdə tutulan qadağan məhdud məsuliyyətli müəssisənin nə hüquq qabiliyyətini, nə də ki onun fəaliyyəti dairəsini məhdudlaşdırmır və yalnız istehlakçıların hüquqlarının mühafizəsi ilə bağlı olaraq müəyyən edilmişdir.
Göstərinlərə əsasən Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi hesab edir ki, «Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsi tətbiq olunarkən nəzərə alınmalıdır ki, məhdud məsuliyyətli müəssisənin adı dövlət qeydiyyatına alınmış digər məhdud məsuliyyətli müəssisənin adından fərqlənməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
 
Q Ə R A R A   A L D I:
 
1. «Məhdud məsuliyyətli müəssisələr haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü  maddəsinin üçüncü hissəsi tətbiq olunarkən nəzərə alınmalıdır ki, məhdud məsuliyyətli müəssisənin adı dövlət qeydiyyatına alınmış digər məhdud məsuliyyətli müəssisənin adından fərqlənməlidir. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
2. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.
3. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, deyişdirilə və yaxud təfsir oluna bilməz.
 
 
 Sədrlik edən                                                                  Xanlar Hacıyev