ANA SƏHİFƏ » Qərarlar » 09.07.09 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin
bəzi müddəalarının şərh olunmasına  dair
 
 
09 iyul 2009-cu il                                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, S.Həsənova, F.Babayev, R.Qvaladze, İ.Nəcəfov və Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyekt Nəsimi rayon məhkəməsinin hakimi S.Qafarinin,
mütəxəssislər  Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun, Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının dosenti İ.Əhmədovun və Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Ə.Baxışovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə. Sultanovun məruzəsini, maraqlı subyektin qanuni nümayəndəsinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Bakı şəhəri Nəsimi rayon məhkəməsi icraatında olan iş üzrə mülki hüquq normalarının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstiutsiya Məhkəməsi») müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – «MM») 449.1-ci maddəsinin, 449.4-cü maddəsinin tətbiqi baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilən mülki işdən görünür ki, iddiaçı «Azərnəqliyyatbank» ASC cavabdeh S.Məmmədovaya  qarşı tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılmaya dair iddia qaldırmışdır.
Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, «Azərnəqliyyatbank» ASC ilə cavabdeh S.Məmmədova arasında bağlanılmış 07 mart 2007-ci il tarixli, 22 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 360 gün ərzində qaytarmaq şərtilə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi S.Məmmədovanın xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 35-də yerləşən 3 saylı mənzil 07 mart 2007-ci il tarixli, 22 saylı ipoteka müqaviləsinə əsasən, banka girov qoyulmuşdur. Cavabdeh S.Məmmədova və ailə üzvləri tələbin ipoteka predmetinə yönələcəyi halda, qeyd olunan mənzili könüllü olaraq tərk edəcəkləri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. S.Məmmədova əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin hissə-hissə ödəmə qrafikini ardıcıl olaraq 2 dəfə pozmuşdur.
Məhkəmə 02 aprel 2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddianı təmin edərək, S.Məmmədovaya məxsus ipotekaya qoyulmuş qeyd olunan mənzilin hərracdan satılması və əldə edilmiş vəsait hesabına «Azərnəqliyyatbank» ASC-nın xeyrinə 43.750 ABŞ dolları əsas borc, 6.299 ABŞ dolları məbləğində faiz borcu, 5.466 ABŞ dolları cərimə, cəmi 55. 515 ABŞ dolları kredit borcunun və ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun tutulmasını və banka olan borc ödənildikdən sonra qalan məbləğin S.Məmmədovaya verilməsini, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti tələbin ödənilməsi üçün yetərli olmadığı halda, borcun ödənilməsinin cavabdehə məxsus digər əmlaka yönəldilməsini və cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasını qət etmişdir.
Həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra, məhkəmə icraçısının 28 may 2008-ci il tarixli qərarı ilə iş üzrə icra icraatına başlanılmışdır. Bu icraat çərçivəsində müvafiq təşkilat tərəfindən təqdim olunmuş 05 sentyabr 2008-ci il tarixli «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat»a görə, qeyd olunan mənzil 71.500 AZN dəyərində qiymətləndirilmişdir.
Borclu S.Məmmədovanın və onun ailə üzvlərinin mənzildən könüllü çıxması və mənzilin sonuncu ilə bankın nümayəndəsi arasında təhvil-təslimin təmin olunmasına dair «Akt» 10 oktyabr 2008-ci il tarixdə tərtib olunmuşdur. Məhkəmə icraçısının 19 noyabr 2008-ci il tarixli məktubu ilə «Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC-nin direktoruna müraciət olunaraq, həmin mənzilin satışının təşkil olunması, satışdan əldə olunan məbləğin məhkəmə icraçıları şöbəsinin hesabına köçürülməsi xahiş olunmuşdur.
Lakin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38, 43  və 45-ci maddələrində təsbit olunmuş imkanlara baxmayaraq, qanuni qüvvəyə minmiş bu qətnamə naməlum səbəblərdən qanunda göstərilmiş müddətdə icra edilməmiş qalmışdır.
Buna görə də, «Azərnəqliyyatbank» ASC 10 sentyabr 2008-ci il tarixdə S.Məmmədovaya qarşı «pul öhdəliklərinin vaxtında icra olunmadığına görə bir daha yığılmış faizlərin və cərimənin alınmasına dair» iddia qaldırmışdır. Tələbini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin çıxarılmasından 5 aydan çox müddətin keçməsinə baxmayaraq, öhdəlik icra olunmadığı üçün, cavabdeh yenə də həmin beş ay üzrə faiz və cərimənin ödənilməsinə cəlb edilməlidir.
Nəsimi rayon məhkəməsi 09 yanvar 2009-cu il tarixli qərardadı ilə işin icraatını dayandıraraq, Konstitusiya Məhkəməsinə müraciət göndərilməsini zəruri hesab etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, MM-in 449.1-ci maddəsində əks olunmuş faydalanmanın əmələ gəlməsinin açıqlanmalı olması ilə yanaşı, bunun nəticəsində yaranmış faizlər hesablanarkən MM-in 449.4-cü maddəsinin tətbiqi qeyri-müəyyənlik yaradır. Müraciətdə MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş faydalanmanın, həmin Məcəllənin 449.4-cü maddəsinin tətbiqi baxımından şərh olunması xahiş edilir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar mülki qanunvericilik, eləcə də beynəlxalq təcrübə baxımından aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.
Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-cı maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. MM-in 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur.
Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:
- qanunsuz saxlama;
- qaytarmaqdan boyun qaçırma;
- ödənilməsini digər şəkildə gecikdirmə;
- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.
Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir.
Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71).
Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır.
Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.
Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir.  Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.
Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə  (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur;
MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutataraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                  Fərhad Abdullayev