ANA SƏHİFƏ » Qərarlar » 25.05.09 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin
şərh olunması ilə  bağlı Ağır cinayətlərə dair işlər üzrə
Azərbaycan Respublikası Məhkəməsinin  müraciətinə dair
 
 
25 may 2009-cu il                                                                                                       Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
         məhkəmə katibi İ.İsmayılovun,  
         maraqlı subyektin nümayəndəsi Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi M.Xankişiyevin,
ekspert Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Səməndərovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Q.Bayramlının iştirakı ilə,  
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R. Qvaladzenin məruzəsini, maraqlı subyektin qanuni nümayəndəsinin, ekspertin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Ədalət Mirişov Lənkəran rayon məhkəməsinin 19 yanvar 2001-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-«əvvəlki CM») 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, həmin məhkəmənin 03 aprel 2002-ci il tarixli  hökmü ilə 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə, həmin Məcəllənin 67-ci maddəsinə əsasən qəti olaraq  4 il 2 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ə. Mirişov cəzanı 20 aprel 2006-cı ildə çəkib qurtarmışdır.
Bundan sonra o həmin məhkəmənin 14 dekabr 2006-cı il tarixli hökmü  ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiya aktına əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir.
Lənkəran  rayon məhkəməsinin 13 iyun 2008-ci il tarixli hökmü ilə Ə. Mirişov CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Həmin hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 391.8.11-ci maddəsində nəzərdə tutulan qaydada apellyasiya protesti verilmişdir. Protest onunla əsaslandırılmışdır ki, Ə. Mirişovun oğurluq cinayətlərini törətməsinə görə əvvəlki iki məhkumluğu ödənilmədiyindən ibtidai istintaq tərəfindən onun əməli CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə deyil, əvvəllər talama və hədə qorxu ilə tələb etməyə görə iki və ya daha çox məhkum edilmiş şəxs tərəfindən oğurluq edilməsinə görə məsuliyyəti nəzərdə tutan CM-in 177.3.3-cü maddəsi ilə tövsif olunmalıdır.
Protest Şirvan Apellyasiya Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 01 avqust 2008-ci il tarixli qərarı ilə təmin edilmiş, məhkəmənin hökmü ləğv edilərək dövlət ittihamçısının vəsatəti əsasında cinayət işi üzrə məhkəmə baxışı dayandırılıb, cinayət işi 10 gün müddət ərzində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.
İbtidai istintaq orqanı tərəfindən əlavə istintaq aparılmaqla Ə. Mirişova CM-in 177.3.3-cü maddəsi ilə yeni ittiham elan olunmuş və həmin iş baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.
Həmin məhkəmə cinayət işi üzrə məhkumluğun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə fərqli yanaşmanın mövcud olduğunu nəzərə alaraq, CM-in 83-cü maddəsinin şərh olunması barədə Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Məhkəmə  «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının məhkumluq müddətinin kəsilməməsi və hər bir məhkumluq üçün ödənilmə müddətinin müstəqil hesablanmasına aid 10-cu bəndinə  istinadən, mövqeyini onunla əsaslandırmışdır ki, şəxs yeni cinayət törətdikdə onun əvvəlki cəzasının çəkilməmiş hissəsi yeni cəza ilə birləşdirilimiş olur, bununla da, birinci cəza sonrakı hökmün elan olunduğu gündən başa çatmış hesab edilir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
Müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün ilk növbədə məhkumluğun mahiyyəti, habelə cinayətlərin və hökmlərin məcmusu uzrə cəzanın təyin edilməsinin məqsədi açıqlanmalıdır.
Məhkumluq institutunun mahiyyəti ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur.
Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
«Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki,   CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət  törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər  çərçivəsində davam edir.
Qüvvədə olan qanunvericilik məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (CM-in 83.3 və 83.6-cı maddələri).
Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur.
Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi  müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətə uyğun olaraq differensasiyası aparılır. Yalnız şərti cəzaya məhkum olunmuş  şəxslər üçün istisna nəzərdə tutulur: əgər CM-in 71-ci maddəsində müəyyən edilmiş əsaslarla şərti cəza ləğv edilməyibsə, bu cəzaya məhkum olunmuş şəxslərin məhkumluğu sinaq müddətinin bitməsi ilə ödənilir (CM-in 83.3.1-ci maddəsi).
CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmuş şəxslər üçün məhkumluğun ödənilməsi müddəti 1 (bir) il təşkil edir. Bu halda törədilmiş cinayətin kateqoriyası əhəmiyyət kəsb etmir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün məhkumluğun ödənilməsi müddəti törədilmiş  cinayətdən asılı olaraq dəyişir və  aşağıdakı qaydada nəzərdə tutulur: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 3 il; ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il; xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 8 il (CM-in 83.3.3 – 83.3.5-ci maddələri).
Həmin Məcəllənin 83.4-cü maddəsində  isə  nəzərdə tutulmuşdur ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Beləliklə, CM-in 83.3.2-83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin  axımının başlanması cəzanın çəkilib qurtarması  və ya cəzadan azad edilmə vaxtından hesablanır.
Bu amil müraciətdə qaldırılan məsələnin həllində əhəmiyyətli rol oynayır.
Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə  şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən  cinayət qanunvericiliyi  ilə müəyyən olunmuş hüquqi nəticələrə  səbəb olan məhkumun  hüquqi vəziyyətini  ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin  və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
Belə tədbirlərin sırasına cinayət qanunvericiliyi cinayətlərin və hökmlərin məcmusu üzrə  cəzaların təyin edilməsini də aid edir.
Cinayətlərin məcmusu anlayışı və  buna görə  cəzanın təyin  edilməsi qaydası CM-in 17.1 və 66-cı maddələrində nəzərdə tutulmuşdur.
Həmin normalara görə CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə  məhkum olunmamışdırsa və ya qanunla  müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən  azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət  məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə,  cinayətlərin məcmusunu yaradır (CM-in 17.1-ci maddəsi).
Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-in 66.1 və 66.5-ci maddələri).
CPM-in 353.4-cü maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi, çəkilməli yekun cəza tədbiri, cəzaçəkmənin əvvəli göstərilməlidir.
Göründüyü kimi qanunvericilik hər bir cinayətə görə fərdi cəzanın təyin edilməsi ilə yanaşı cinayətlərin məcmusu üzrə bir qəti cəzanın təyin edilməsini müəyyən edir. Cinayətlərin məcmusunu təşkil edən təqsirli əməllərə görə  cəzalar birgə toplanılmaqla qanunvericinin vahid kimi qiymətləndirdiyi qəti cəza təyin edilir.  
Cinayət qanunvericiliyi hökmlərin  məcmusu üzrə  cəzanın təyin edilməsini  də müəyyən edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu  üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
Bu maddənin mənasından göründüyü kimi, birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin olunmuş cəza ilə birləşdirilir və qəti vahid cəza müəyyən olunur.
Müraciətdə göstərildiyi kimi keçmiş cinayət  qanunvericiliyindən fərqli olaraq, qüvvədə olan cinayət qanunvericiliyində «məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi» kimi müddəa yoxdur.
Həqiqətən də əvvəllər törədilmiş və ödənilmə müddətinin axımı başlanmış məhkumluğun müddətinin kəsilməsi cinayət qanununa ziddir. Lakin, bu yanaşmanın ödənilmə müddətinin axımı başlanmamış hallara da şamil edilməsi CM-in 83-cü maddəsinin  tələbləri ilə ziddiyət təşkil etmiş olardı.
CM-in mənasına görə məhkumluğun ödənilməsi müddətinin axımı başlanmamış, yəni şəxs cəzasını çəkib qurtarmamış onun hüquqi vəziyyətinə qaçılmaz olaraq təsir edən yeni qəti cəzanın təyin edilməsi məhkumluq müddətinin davamını nəzərdə tutur.
Hər hansı bir başqa yanaşma ona gətirib çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq cinayətlər və ya məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun ödənilməsi müddətinin axımının  başlanmasını cəzanın  tam  çəkilib qurtarması və ya cəzanı çəkməkdən azad edilmə ilə  əlaqələndirən  CM-in 83.3, 83.4-cü maddələrinin tələbləri ilə ziddiyyət  təşkil edir.
Göstərilənləri nəzərə alaraq  Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya  cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I :
 
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.
2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                       Fərhad Abdullayev