ANA SƏHİFƏ » Qərarlar » 30.12.08 «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
«Şəhid  adının  əbədiləşdirilməsi  və  şəhid ailələrinə
edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun  1-ci  maddəsinə dair
 
 
30 dekabr 2008-ci il                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev,   B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,
      məhkəmə katibi İ.İsmayılovun,
  maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Vəliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi M.Buzaqovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi məhkəmələrin cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri Ş.Yusifovun, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Ç.Məmmədovun və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi R.Kişiyevin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin baş məsləhətçisi E.Məmmədovun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti şöbəsinin müdir müavini R.Mürşüdovun iştirakı ilə, 
     Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya  icraatı üzrə açıq məhkəmə iclasında «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə. Sultanovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin və ekspertin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
  Könül Suleyman qızı Vəliyeva Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair xüsusi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 
İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan (bundan sonra – «Müdafiə Nazirliyi») Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri Xalid Xanhüseyn oğlu Vəliyev 27 yanvar 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur.  
   Mərhum ərinin adının əbədiləşdirilməsi barədə müraciətinə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin Hərbi Rütbələr və Təltiflər Şöbəsi rəisinin 23 avqust 2007-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – «Nazirlər Kabineti») 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın (bundan sonra – «Qaydalar») 1.2.6-cı bəndinə istinadən göstərilir ki, onun əri nə güllə yarasından, nə də minaya düşüb həlak olmadığından ona şəhid statusunun verilməsi mümkün deyildir. Bununla razılaşmayan K.Vəliyeva yuxarıda qeyd olunan məktubun qanunsuz hesab edilməsini və ərinə şəhid statusunun verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
  İşə baxan Səbail rayon məhkəməsi mərhum X.Vəliyevin 27 yanvar 2006-cı il tarixdə xidməti vəzifə borcunu yerinə yetirərkən qar uçqunu nəticəsində öldüyünü müəyyən edərək, Qaydaların 1.2.6-cı bəndi baxımından ona şəhid adının verilməli olmaması nəticəsinə gəlməklə 07 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddianı rədd etmişdir.
  Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalmış ərizəçi apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılmasının gedişində, iddiaçı vəsatət qaldıraraq, məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstitusiya Məhkəməsi») müraciət olunmasını xahiş etmişdir. Həmin vəsatətlə razılaşan Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası 04 iyul 2008-ci il tarixli qərardadla vəsatəti təmin edərək, Konstitusiya Məhkəməsinə müraciət edilməsini qərara almışdır.
  Bakı Apellyasiya Məhkəməsi (bundan sonra – «məhkəmə») Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-ci bəndi baxımından «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun (bundan sonra - «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanun») 1-ci maddəsinə şərh verilməsini xahiş etmişdir.  
     Müraciət onunla əsaslandırılmışdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şəhid anlayışının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxs kimi müəyyən edilməsinə baxmayaraq, Qaydaların 1.2.6-cı bəndində atəşkəs dövründə bu şəxslər kateqoriyasına yalnız döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olanlar aid edilmişdir.  
     Məhkəmənin qənaətinə görə, Nazirlər Kabinetinin müəyyən etdiyi dairə həddən artq məhdud olmaqla yanaşı ədalətsizdir, ona görə ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmaq yalnız düşmən gülləsi almaq və ya minaya düşmək nəticəsində deyil, həm də, soyuq silahla və ya başqa üsullarla baş verə bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi bütün bu hadisələri əhatə edəcək dərəcədə geniş olsa da, Nazirlər Kabinetinin qəbul etdiyi Qaydalarda bu dairə çox məhdud təfsir edilmişdir. 
   Maraqlı subyektlərin və mütəxəssislərin xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası zamanı etdikləri çıxışlara və rəylərə görə də, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi ilə şəhid hesab olunan şəxslərin anlayışının verilməsinə baxmayaraq, Qaydaların 1.2.6-cı bəndi şəhid adının verilməsi ilə bağlı təcrübədə çətinlik və anlaşılmazlıqlara səbəb olur.
 Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı Azərbaycan Respublikasının Konstitusiyasını (bundan sonra – «Konstitusiya») və hərbi qulluqçulara aid bəzi qanunvericilik müddəalarını nəzərə almaqla, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
   Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin I hissəsi və 76-cı maddəsinin I hissəsi).
  «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının 09 oktyabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. 
   Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan Dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. 
  Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.                    
  «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
   Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. 
  «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında»  Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur.
 Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında» 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər:
1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar (1.2.1-ci bənd);
11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər (1.2.2-ci bənd);
Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar (1.2.3-cü bənd);
Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar (1.2.4-cü bənd);
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (1.2.5-ci bənd);
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər (1.2.6-cı bənd).  
  Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli 35 saylı və 22 may 2006-cı il tarixli 131 saylı Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası əlavə edilmişdir.
  Qaydaların şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vasatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır.
  Göründüyü kimi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir.
  Həmçinin, nəzərə alınmalıdır ki, Qaydalarda qanunvericiliklə digər hadisələrin müəyyən olunması mümkünlüyünün nəzərdə tutulması (1.2.6-cı bənd) «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfindən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uyğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir.
  Lakin Qaydaların 1.2.6-cı bəndinə sonradan əlavə olunmuş «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəasında atəşkəs dövrünə aid məhz iki halın xüsusi olaraq göstərilməsi, qanun normasına nisbətən daha məhdud xarakterli təəssürat yaratmaqla, qeyd olunan Qanun əsasında şəhid adının verilməsini istisna etməsə də, hər hansı başqa şəraitdə həlak olmuş şəxslərə şəhid adının verilməsini mümkünsüz edən kimi görünür.
  Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar sırasında olduğu üçün müəyyən tələblərə cavab verməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, əgər qayda vətəndaşa öz davranışını idarə etmək üçün imkan verən kifayətedici dəqiqliklə ifadə olunmayıbsa, o, «qanunvericilik norması» kimi qəbul oluna bilməz: vətəndaş – zərurət olduqda, müvafiq məsləhətlə – olduğu vəziyyəti baxımından ağlabatan olan dərəcədə, müvafiq hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən gözləmək imkanına malik olmalıdır (bax, Maestri İtaliyaya qarşı (Böyük Palata), № 39748 /98, § 30, İHAM 2004-I; Adalı Türkiyəyə qarşı, № 38187/97, § 272, 31 mart 2005-ci il; və Rekveni Macarıstana qarşı (Böyük Palata), № 25390/94, § 34, İHAM 1999-III).        
  Konstitusiya Məhkəməsinin Plenumu da əvvəllər ifadə etdiyi hüquqi mövqeyini təkrarlamaqla qeyd edir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı). 
   Bu baxımdan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunda müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır. Qaydaların 1.2.6-cı bəndinin sonradan əlavə olunmuş hissəsində isə şəhid adının verilməsi üçün həlak olmanın sadəcə iki halının göstərilməsi təcrübədə bu yüksək adın verilməsində anlaşılmazlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb olur.  
   Həmçinin, müqayisə üçün qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 73 saylı 02 iyun 2003-cü il tarixli Qərarı ilə Qaydalara aşağıdakı redaksiyada 1.2.7-ci bənd əlavə olunmuşdur:
  «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.».
 Göründüyü kimi Qaydalara əlavə olunmuş 1.2.7-ci bənddə Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçulara şəhid statusunun verilməli olduğunu təsbit edərkən, həlak olma halları ilə bağlı hər hansı fərq müəyyən etməmişdir. 
  Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
  Qaydaların 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından aydın və dəqiq ifadə edilmədiyi üçün qeyri-müəyyənliyə səbəb olduğuna görə, şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi tətbiq edilməli; və 
     Qaydaların 1.2.6-ci bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir. 
     Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutataraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-ci bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun tələblərinə müvafiq təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
3.Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                  Fərhad Abdullayev