ANA SƏHİFƏ » Qərarlar » 20.11.08 R.Zülfüqarovun şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 02/08/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I

R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
 

20 noyabr 2008-ci il                                                                                       Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi R.Zülfüqarovun,   
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Rəhim Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
   
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Kərim Məmmədov Rəhim Zülfüqarovun torpaq sahəsindən çıxarılması, tikintinin sökülməsi və zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmişdir. Bundan başqa K.Məmmədov R.Zülfüqarova və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsinə əlavə ilə müraciət edərək Quba rayon İcra Hakimiyyəti başçısının «Quba-İstehsalat» Açıq Tipli Səhmdar Cəmiyyətinin (bundan sonra – «Quba - İstehsalat» ATSC) ərazisindən ayrılmış 374 kv.m torpaq sahəsində R.Zülfüqarova kommersiya obyektinin tikintisinə icazə verilməsinə dair sərəncamın etibarsız hesab edilməsini xahiş etmişdir.
K.Məmmədov tələbini onunla əsaslandırmışdır ki, R.Zülfüqarov ona məxsus «Quba - İstehsalat» ATSC-nin ərazisində yerləşən torpaq sahəsini zəbt edərək orada tikinti işlərini aparmağa başlamış, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq ərazini tərk etməkdən boyun qaçırmışdır.
Quba rayon məhkəməsinin 10 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 22 iyun 2006-cı il tarixli qətnaməsi ilə rayon məhkəməsinin göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 22 sentyabr 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
     Apellyasiya Məhkəməsinin MİÜMK-nın 28 dekabr 2006-cı il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbləri təmin edilərək «Quba - İstehsalat» ATSC-nin ərazisindən R.Zülfüqarova 347 kv.m torpaq sahəsinin ayrılmasına dair həmin cəmiyyətin 03 sentyabr 2004-cü il tarixli 4 saylı protokolunun və kommersiya tikintisinə icazə verilməsinə dair 23 iyul 2005-ci il tarixli 192 saylı sərəncamın etibarsız hesab edilməsi, R.Zülfüqarovun həmin sahədən çıxarılması, onun tərəfindən inşa edilmiş tikililərin sökülməsi, vurulmuş ziyanın ödənilməsi qət edilmişdir.
      Ali Məhkəmənin MİÜMK-nın 02 avqust 2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
        Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 05 oktyabr 2007-ci il tarixli məktubu ilə R.Zülfüqarova bildirilmişdir ki, onun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna göndərilməsi üçün əsas yoxdur.
     Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı şikayətində R.Zülfüqarov göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi təkrar işə baxarkən onu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etməmiş, işə onun iştirakı olmadan baxmış, o, nümayəndəsi kimi məhkəmə iclasında iştirak etmiş şəxsə və ya hər hansı bir digər şəxsə onun adından çıxış etmək səlahiyyəti verməmişdir.
       Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntuları barədə o, kassasiya şikayətində göstərsə də Ali Məhkəmənin MİÜMK onun irəli sürdüyü dəlillərə əhəmiyyət verməyərək qanunsuz və əsassız qətnaməni dəyişdirmədən saxlamışdır.
      Ərizəçi hesab edir ki, məhkəmə instansiyaları tərəfindən təkrar işə baxılarkən onun Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
         R.Zülfüqarovun şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
         Beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur.
         Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir.
     Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.
       Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin  (bundan sonra - MPM) 140.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etməlidir. Həmin şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə çağırış vərəqələri ilə xəbərdar edilirlər (MPM-in 140.3-cü maddəsi). Çağırış vərəqələri işdə iştirak edən şəxsin göstərdiyi ünvana göndərilir. Şəxs faktiki olaraq məhkəməyə bildirilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun iş yerinə göndərilə bilər (MPM-nin 140.6–cı maddəsi). Çağırış vərəqəsi poçt vasitəsi ilə və ya hakimin tapşırdığı şəxslər tərəfindən çatdırılır. Ünvan sahibinə çağırış vərəqəsinin verilməsi vaxtı çağırış vərəqəsinin məhkəməyə qaytarılmalı olan kötüyündə qeyd edilir (MPM-in 142.1-ci maddəsi).
       Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin göstərilən tələbləri pozulmuşdur. Belə ki, işin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin baxılmasını 08 və 26 dekabr 2006-cı il tarixlərə təyin etmiş və bu barədə R.Zülfüqarova bildiriş göndərmişdir. Lakin həmin bildirişlərdə R.Zülfüqarovun dəqiq ünvanı deyil, yalnız yaşadığı rayon göstərilmişdir. İşdə məhkəmə tərəfindən göstərilən rəsmi sənədlərin R.Zülfüqarova verilməsi və ya çatdırılması barədə heç bir məlumat yoxdur.
        Qroşev Rusiyaya qarşı iş üzrə 20 oktyabr 2005-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyalı hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə tərəf iclasda iştirak etmək imkanına malik olduğu tərzdə onun keçirilməsi barədə məlumatlandırılmadığı halda, ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur.
    İş materiallarından həmçinin görünür ki, R.Zülfüqarov notariat qaydada təsdiq olunmuş etibarnaməyə əsasən bütün məhkəmə instansiyalarında onu təmsil etmək səlahiyyətlərini M.Əzizova vermişdir. İş yeni məhkəmə baxışına qaytarıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi işə baxılması tarixləri barədə bildirişləri də məhz R.Zülfüqarovun nümayəndəsi kimi M.Əzizovun ünvanına göndərmişdir. Buna baxmayaraq M.Əzizova bildirişlərin çatdırılmasını və onun məhkəmə iclasında iştirakını təsdiq edən heç bir sənəd mülki işə əlavə olunmamışdır.
      Məhkəmə iclas protokolundan göründüyü kimi 08 dekabr 2006-cı il tarixdə məhkəmə iclası açıq elan edilmiş və cavabdeh R.Zülfüqarovun nümayəndəsinin vəsatətinə əsasən işin baxılması 26 dekabr 2006-cı ilə təxirə salınmışdır. Məhkəmə iclas protokolunda R.Zülfüqarovu həmin iclasda təmsil edən nümayəndənin şəxsiyyəti göstərilməmişdir. 26 dekabr 2006-cı il tarixli məhkəmə iclas protokolunda isə məhkəmə iclasında R.Zülfüqarovu onun nümayəndəsi qismində Elxan Cəfərovun təmsil etdiyi əks olunur. Lakin işin materiallarında sonuncunun səlahiyyətini təsdiq edən, R.Zülfüqarov tərəfindən qanuna uyğun olaraq verilmiş etibarnamə mövcud deyildir.  
    MPM-in 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi təkrar işə baxarkən MPM-in 373-cü maddəsinin tələblərini pozaraq R.Zülfüqarovun nümayəndəsi kimi işə cəlb olunmuş E.Cəfərovun səlahiyyətlərini faktiki olaraq yoxlamamış, həmin səlahiyyətləri təsdiq edən etibarnaməni işə əlavə etməmişdir.
   Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə iclasında R.Zülfüqarovun qanunla müəyyən edilən qaydada iştirakını təmin etməyərək, həmçinin mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan çəkişmə və tərəflərin bərabərlik prinsiplərini də pozmuşdur.
      Konstitusiyanın 127-ci maddəsinin  II hissəsinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bu normaya əsaslanan MPM-in 9.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9.3-cü maddəsi).
     İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Krçmarın Çex Respublikasına qarşı iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir (§39). 
   Beləliklə apellyasiya instansiyası məhkəməsi bu işə Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, MPM-in 9.1, 9.3, 73.1, 140.1, 140.3, 140.6, 142.1, 373-cü maddələrinin tələblərinin pozulması ilə baxmış, nəticədə R.Zülfüqarovun Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
    Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə MPM-in 416-cı maddəsi müəyyən etmişdir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
   Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 418.1-ci maddəsi). İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq  ləğv edilməlidir (MPM-in 418.4.5-ci maddəsi).
  R.Zülfüqarov kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat vermədən işə mahiyyəti üzrə baxmış, tərəfindən heç bir səlahiyyət vermədiyi şəxsi onun nümayəndəsi kimi işə buraxmış, nəticədə onun Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
  İşin materiallarından göründüyü kimi kassasiya instansiyası məhkəməsi R.Zülfüqarovun kassasiya şikayətində göstərilən həmin dəlillərə ümumiyyətlə heç bir qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq bu məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
  Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın K.Məmmədovun R.Zülfüqarova qarşı torpaq sahəsindən çıxarılması, tikintinin sökülməsi və zərərin ödənilməsi tələbinə dair iş üzrə olan 02 avqust 2007-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 418.4.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A      A L D I
 
1. Kərim Məmmədovun Rəhim Zülfüqarova qarşı torpaq sahəsindən çıxarılması, tikintinin sökülməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəlləsinin 416, 418.4.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.   Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
   
 
Sədrlik edən                                                           Fərhad Abdullayev