ANA SƏHİFƏ » Qərarlar » 03.11.08 Eyvaz Sadıx oğlu Həkimovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

     AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I
 
Eyvaz Sadıx oğlu Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
03 noyabr 2008-ci il                                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi V.Zeynalovun,
ərizəçi E.Həkimovun, onun nümayəndəsi E.Qədiminin,    
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi aparatının əməkdaşı A.İsmayılovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə E.Həkimovun şikayəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N    E T D İ:
 
 Mülki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Əbilov küçəsi 75 saylı ünvanda yerləşən yaşayış evi (bundan sonra – mübahisəli ev) ilk dəfə tarixsiz olaraq Qəmbər Məşədi Məcid oğlunun, Minəxanım Məşədi Məcid qızının və Səkinəxanım Məşədi Məcid qızının adlarına qeydiyyatdan keçmişdir. Minəxanım Həkimovanın vəfatından sonra 05 may 1994-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Həkimov (bəzi hüquq müəyyənedici sənədlərdə – Akimov) Eyvaz Sadıx oğlu həmin evin 1/6 hissəsinə, Qəmbər Məşədi Məcid oğlunun vəfatından sonra 12 iyul 1994-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Qəmbərov Yarməmməd Əli oğlu 2/6 hissəsinə, Səkinəxanım İmamverdiyevanın vəfatından sonra 28 iyun 1994-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən İmamverdiyev Həmid Ağa Hüseynağa oğlu 2/6 hissəsinə mirası qəbul etmişlər. Həmçinin, Minəxanım Həkimovanın vəfatından sonra 08 iyun 2004-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Qəmbərov Balaoğlan Atamoğlan oğlu həmin evin 1/6 hissəsinə mirası qəbul etmiş, sonuncunun vəfatından sonra isə 14 iyul 2005-ci il tarixli şəhadətnamə əsasında bu hissə Cabbarova Ziba Balaoğlan qızının adına keçmişdir.
Nəsimi rayon xalq məhkəməsinin 30 mart 1994-cü il tarixli qətnaməsi ilə E.Həkimovun iddiası təmin edilərək, mübahisəli miras evin E.Həkimov tərəfindən 18 mart 1983-cü ildən qəbul edildiyi faktı müəyyən edilmişdir. Həmin məhkəmənin 08 iyul 1994-cü il tarixli qətnaməsi ilə Qəmbərov Əli Məcid oğlunun Qəmbər Məşədi Məcid oğlu ilə eyni şəxs olduğu tanınmışdır. Nəsimi rayon xalq məhkəməsinin 08 avqust 1994-cü il tarixli digər qətnaməsi ilə E.Həkimovun iddiası təmin edilərək, Minəxanım Məşədi Məcid qızının E.Həkimovun doğma anası, Səkinəxanım Məşədi Məcid qızının onun doğma xalası, Qəmbərov Əli Məcid oğlunun isə doğma dayısı olması faktı müəyyən edilmişdir. Həmin məhkəmə iclasında E.Həkimov bu faktın müəyyən edilməsinin onun hal-hazırda vəfat etmiş qohumlarının vərəsələri ilə bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olduğunu bildirmiş, Y.Qəmbərov və H.İmamverdiyev çıxış edərək qohumluq faktlarını təsdiq etmişlər. Mülki işin materiallarına əlavə edilmiş hər üç məhkəmə aktı qanuni qüvvəyə minmişdir.
27 may 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli evin 1/6 hissəsi (payı) ərizəçi E.Həkimovun xüsusi mülkiyyətində olmuşdur.
Həmin evin 2/6 hissəsi 05 avqust 1994-cü il tarixli 30/9249 saylı qeydiyyat vəsiqəsinə görə Y.Qəmbərovun, digər 2/6 hissəsi isə eyni tarixli 30/9248 saylı qeydiyyat vəsiqəsinə əsasən H.İmamverdiyevin xüsusi mülkiyyətində olmuşdur.
19 oktyabr 1994-cü il tarixdə 13 saylı Dövlət Notariat Kontorunda (bundan sonra – DNK) təsdiq edilmiş və reyestr kitabında müvafiq olaraq 3-M/7-2158 və 3-M/7-2157 saylarla qeydə alınmış müqavilələrə əsasən Y.Qəmbərov və H.İmamverdiyev mübahisəli evdə hər birinə ayrılıqda xüsusi mülkiyyət hüququ əsasında məxsus 2/6 paylarını E.Həkimova bağışlamışlar.
16 noyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli evin bağışlanan paylar da daxil olmaqla 5/6 hissəsi E.Həkimovun mülkiyyətində olmuşdur.
05 avqust 1994-cü il tarixli qeydiyyat vəsiqəsilə əlaqədar Y.Qəmbərovun adına 22 dekabr 2004-cü il tarixdə verilmiş  qeydiyyat vəsiqəsinin dublikatında mübahisəli evdə  2/6 payın Y.Qəmbərovun, 3/6 payın E.Həkimovun, 1/6 payın isə B.Qəmbərovun xüsusi mülkiyyəti olmaqla hüquqi qeydiyyatdan keçirildiyi göstərilmişdir.
Eyni zamanda Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının 14 may 2004-cü il tarixli məktubu ilə bağlı Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı Ərazi İdarəsinin (bundan sonra – reyestr xidməti) iş materiallarında olan 15 may 2004-cü il tarixli cavab məktubunda H.İmamverdiyevin mübahisəli evdə özünün vərəsəlik hüququ tanınmış 1/3 hissəsini 19 oktyabr 1994-cü il tarixdə bağlanmış müqaviləyə əsasən E.Həkimova bağışladığı, bu evin 1/3 hissəsinə isə Y.Qəmbərovun vərəsəlik hüququnun tanındığı bildirilmişdir.
Reyestr xidməti tərəfindən B.Qəmbərovun vərəsəsi kimi Z.Cabbarovaya verilmiş 11 avqust 2005-ci il tarixli qeydiyyat vəsiqəsində mübahisəli evin 1/6 hissəsinin Z.Cabbarovaya, 3/6 hissəsinin E.Həkimova, 2/6 hissəsinin Y.Qəmbərova məxsus olması əks etdirilmişdir.
Mülkiyyətçilər və onların vərəsələri arasında məhkəmə mübahisəsi yarandığından, Y.Qəmbərov və Z.Cabbarova E.Həkimova qarşı paylı mülkiyyətdə olan evin real bölünməsi, paylara uyğun ayrılması, həyətyanı və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülməyə dair; E.Həkimov Y.Qəmbərova və reyestr xidmətinə qarşı əsassız qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair; İmamverdi Həmidağa oğlu İmamverdiyev (H.İmamverdiyevin oğlu) E.Həkimova və 13 saylı DNK-ya, reyestr xidmətinə qarşı bağışlama müqaviləsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair məhkəmədə iddialar qaldırmışlar. Eyni zamanda Y.Qəmbərov E.Həkimova, 13 saylı DNK-ya və reyestr xidmətinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin qismən ləğv olunması ilə bağlı qarşılıqlı iddia qaldırmışdır.
Bu işlərə bir icraatda baxmış Nəsimi rayon məhkəməsi 05 mart 2007-ci il tarixli qətnaməsilə verilmiş iddiaları və qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 19 oktyabr  1994-cü ildə 13 saylı DNK-da bağlanılmaqla reyestrdə qeydə alınmış müqavilələrə əsasən H.İmamverdiyev və Y.Qəmbərov mübahisəli evin  özlərinə  məxsus hissələrini E.Həkimova bağışlamışlar. 16 noyabr 1994-cü il tarixli  30/15518 saylı qeydiyyat vəsiqəsində də mübahisəli evin 5/6 hissəsinin E. Həkimovun xüsusi mülkiyyətində olması göstərilmişdir.
Birinci instansiya məhkəməsi reyestr xidməti nümayəndəsinin izahatında və həmin orqanın 01 noyabr 2006-cı il tarixli 11/12711 saylı məktubunda qeydiyyat vəsiqəsinin dublikatının Y.Qəmbərova yanlış verildiyinin və bununla əlaqədar sonuncuya həmin sənədin etibarsız olduğunun bildirildiyini, mülkün 5/6 hissəsinin E.Həkimova məxsus olmasının qeyd edildiyini müəyyən etmişdir. Məhkəmə həmçinin, bağışlama müqavilələrinin 2000-ci ilin 01 senytabrınadək qüvvədə olmuş Mülki Məcəllənin (bundan sonra – əvvəlki MM) 245-ci (bağışlama müqaviləsinə dair müddəalar), 230-cu (yaşayış evinin alqı-satqı müqaviləsinin formasına dair müddəalar) maddələrinə uyğun olmaqla bağlandığını, həmin andan 11 ildən çox vaxt keçdiyini, Y.Qəmbərov və İ.İmamverdiyev tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinin təsdiq olunmadığını, E.Həkimovun iddia müddətinin tətbiqilə bağlı xahişini göstərərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin» 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarını rəhbər tutaraq, iddia tələblərinə 3 illik iddia müddətini tətbiq etmişdir.
Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 16 iyul 2007-ci il tarixli qətnaməsilə E.Həkimovdan başqa digər iddiaçıların verdikləri apellyasiya şikayətləri qismən təmin olunmuşdur. Həmin qətnamə ilə bağışlama müqavilələri etibarsız hesab edilmiş, 16 noyabr 1994-cü il tarixdə E.Həkimovun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmuş, mübahisəli evin 1/6 hissəsinə E.Həkimovun, 1/6 hissəsinə Z.Cabbarovanın, 2/6 hissəsinə Y.Qəmbərovun, 2/6 hissəsinə isə Y.İmamverdiyevin adına qeydiyyat vəsiqəsinin verilməsi reyestr xidmətinə həvalə edilmiş, Y.Qəmbərovun və İ.İmamverdiyevin mübahisəli evə köçürülmələri qət olunmuşdur.
Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 06 noyabr 2007-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 07 fevral 2008-ci il tarixli məktubu ilə ərizəçinin əlavə kassasiya şikayəti əsaslar olmadığına görə Plenumun baxışına çıxarılmadan saxlanılmışdır.
Ərizəçi E.Həkimov Ali Məhkəmənin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət verərək həmin qərarın Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmadığından ləğv olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.
Mülki işin məhkəmə instansiyalarında baxışı zamanı iddia ərizələri təqdim edilərkən iddia müddətlərinin ötürülüb-ötürülməməsi məsələsi əsas müzakirə predmetlərindən biri olmuşdur.
Konstitusiya Məhkəməsi özünün əvvəlki qərarlarında iddia müddəti institutunun təyinatı və əhəmiyyətilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli, H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar 30 iyun 2005-ci il tarixli, S.Əliyevanın şikayətinə dair 31 may 2006-cı il tarixli, R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar 29 iyun 2007-ci il tarixli, L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli qərarlar və s.). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki MM-in iddia müddətlərini tənzimləyən normalarının tətbiqi ilə bağlı həmçinin, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər – iddia müddətləri daxilində mümkündür.
Əvvəlki MM-in 73-cü maddəsində hüququ pozulmuş şəxsin hüquqlarının müdafiəsi üçün ümümi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə olunmasına dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilirdi.
İddia müddətinin başlanğıcını (başlanmasını) və onun hesablanmasının ümumi qaydasını tənzimləyən əvvəlki MM-in 78-ci maddəsinin 1-ci bəndində göstərilirdi ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
Həmin maddənin məzmunundan belə aydın olur ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
Əvvəlki MM-in 77-ci maddəsi iddia müddətlərilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçün əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin, iddia müddətin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır.
İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
Apellyasiya instansiyası məhkəməsi Y.Qəmbərovun və İ.İmamverdiyevin mübahisəli evin müvafiq hissələrinin E.Həkimovun adına keçirilməsindən  məlumatsız olduqlarını, bu baxımdan iddia müddətinin buraxılmadığını (əvvəlki MM-in 78-ci  maddəsi) qeyd etmiş və birinci instansiya məhkəməsi tərəfindən əvvəlki MM-in 73-cü maddəsinin düzgün tətbiq edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini həmçinin, onunla əsaslandırmışdır ki, reyestr xidmətinin 15 may 2004-cü il tarixli arayışında əmlakın Y.Qəmbərov tərəfindən E.Həkimova bağışlanmasına dair heç bir qeyd olmamış, həm bu sənəddə, həm də Z.Cabbarovanın adına verilmiş qeydiyyat vəsiqəsində mübahisəli evin 2/6 hissəsinin Y.Qəmbərova məxsusluğu qeyd edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakıları nəzərə alaraq xüsusi vurğulayır ki, mülki işin bütün hallarının prosessual qanunvericiliyin tələblərinə və göstərişlərinə ciddi riayət olunmaqla tam və hərtərəfli tədqiqi obyektiv həqiqətə nail olmaq baxımından həlledici əhəmiyyətə malikdir.
Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət  mühakiməsini də nəzərdə tutur. R.Aslanovun şikayəti üzrə 26 iyul 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş təminatın mahiyyətinə toxunaraq göstərmişdir ki, bu təminatın əsas mahiyyəti həm də işə baxan məhkəmənin yalnız qanunla nəzərdə tutulan səlahiyyətlər çərçivəsində hərəkət etməsindən ibarətdir.
Azərbaycan Respublikası Mülki-Prossesual Məcələsinin (bundan sonra - MPM) mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
Lakin hazırkı mülki iş üzrə Apellyasiya Məhkəməsinin kollegiyası tərəflərin məhkəməyə təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmadan, bəzi ziddiyyətli məqamlara aydınlıq gətirmədən Y.Qəmbərovun və İ.İmamverdiyevin tələblərinə dair pozulmuş hüquqların müdafiəsilə bağlı iddia müddətinin axımının 1994-cü ildən deyil, 11 ildən çox vaxt keçdikdən sonra 2006-cı ildən başlanması qənaətinə gəlmişdir.
Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi 1994-ci il tarixdə Nəsimi rayon xalq məhkəməsi tərəfindən qəbul edilərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində əksini tapan, mülki işin ədalətli həllinə imkan verə biləcək hallara heç bir hüquqi qiymət verməmişdir. Mülki işin materiallarına əlavə edilmiş həmin məhkəmə aktları ilə mübahisəli miras evin E.Həkimov tərəfindən 18 mart 1983-cü ildən qəbul edilməsi, onun həmin evin ilkin mülkiyyətçiləri ilə qohumluq əlaqələrinin mövcud olması faktları və sair hallar müəyyən edilmişdir.
Kraska İsveçrəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (19.04.1993, §30).
Bundan əlavə apellyasiya instansiyası məhkəməsi reyestr xidmətinin biri digərinə zidd olan arayış və məktublarına qiymət verərkən tərəflər üçün iddia müddətinin axımının başlanğıc anına təsir edə biləcək məsələlərin aydınlaşdırılmasına yönəlmiş zəruri hərəkətləri etməmişdir. Məhkəmə reyestr xidmətinin 01 noyabr 2006-cı il tarixli 11/12711 saylı məktubunda qeydiyyat vəsiqəsinin dublikatının Y.Qəmbərova yanlış verildiyini və bununla əlaqədar sonuncuya həmin sənədin etibarsız olduğunun bildirildiyini müəyyən etsə də, bu dövlət orqanı tərəfindən Y.Qəmbərova yanlışlıq barədə xəbərdarlığın məhz hansı tarixdə verilməsi kimi mühüm hala aydınlıq gətirməmiş, bağışlama müqavilələrinin həyata keçirildiyi 13 saylı DNK-nın nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, həmin notariat kontorunun iddianın həllini məhkəmə heyətinin üzərinə həvalə etməsi və işə onun nümayəndəsinin iştirakı olmadan baxılması xahişi ilə kifayətlənmişdir. Bütün bunlar isə apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin axımı ilə əlaqədar mübahisə doğuran və əvvəlki MM-in 73 və 78-ci maddələri ilə uzlaşmayan hüquqi nəticəyə gəlməsinə səbəb olmuşdur.
Eyni zamanda apellyasiya instansiyası məhkəməsi H.İmamverdiyevin varisi kimi İ.İmamverdiyevin iddia tələblərini təmin edərkən sonuncunun belə iddia ilə çıxış etmək hüququnun olub-olmaması, onun atasının səlahiyyətli dövlət orqanında imzaladığı və öz sağlığında mübahisələndirmədiyi əqdi 11 ildən artıq vaxt keçdikdən sonra mübahisələndirmək səlahiyyətinin olub-olmaması və bu halın mülki qanunvericiliyin ümumi tələbləri və prinsipləri baxımından mümkünlüyü məsələlərini araşdırmamışdır.
Əvvəlki MM mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin; yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin, vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi.
İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İ.İmamverdiyev 1986-cı ildən mübahisəli evdə yaşamamışdır. Buna baxmayaraq məhkəmə iş materiallarında İ.İmamverdiyevin vərəsə kimi atasına məxsus mirası faktiki, yaxud notariat qaydasında qəbul edib-etməməsi, digər vərəsələrin hamısının mirasın İ.İmamverdiyev tərəfindən qəbul edilməsinə razılığının olub-olmaması məsələlərini araşdırmadan onun verdiyi iddianı təmin etmişdir.
Beləliklə, qeyd olunanlardan göründüyü kimi, Apellyasiya Məhkəməsinin MİÜMK iş üzrə 16 iyun 2007-ci il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmiş və nəticədə əvvəlki MM-in 73 və 78-ci maddələrinə, MPM-in 9.3, 77, 88 və 217-ci maddələrinə uyğun olmayan məhkəmə aktı qəbul etmişdir.
Halbuki yalnız prosessual hüquq normalarına dəqiq riayət edilməklə müvafiq maddi hüquq normalarına uyğun çıxarılmış qətnamə qanunun tələblərinə uyğun məhkəmə aktı hesab edilə bilər.
MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarına düzgün riayət etməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsinin aktlarının ləğv edilməsi bu məhkəmənin səlahiyyətləri sırasındadır (MPM-in 416, 417 və 418-ci maddələri).
Lakin Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış qətnaməsini dəyişdirilmədən saxlamaqla, ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatını pozmuşdur.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu bu qənaətə gəlir ki, Y.Qəmbərovun və Z.Cabbarovanın E.Həkimova, sonuncunun Y.Qəmbərova və reyestr xidmətinə, İ.İmamverdiyevin E.Həkimova və 13 saylı DNK-ya qarşı iddialarına, Y.Qəmbərovun E.Həkimova və digərlərinə qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 06 noyabr 2007-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416-cı, 417-ci və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən duşmüş hesab edilməli, həmin mülki işə bu qərardakı hüquqi mövqeyə uyğun olaraq MPM-də  nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A    A L D I:
 
 1. Y.Qəmbərovun və Z.Cabbarovanın E.Həkimova, E.Həkimovun Y.Qəmbərova və reyestr xidmətinə, İ.İmamverdiyevin E.Həkimova və 13 saylı Dövlət Notariat Kontoruna qarşı iddialarına, Y.Qəmbərovun E.Həkimova və digərlərinə qarşı qarşılıqlı iddiasına dair  mülki iş üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-cı, 417-ci və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən duşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
  
 
Sədrlik edən                                                                                  Fərhad Abdullayev