ANA SƏHİFƏ » Qərarlar » 22.10.08 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
                                                                     
Q Ə R A R I
 
2008-ci il oktyabrın 15-də keçirilmiş  Azərbaycan Respublikası Prezidenti  seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair
 
 
22 oktyabr 2008-ci il                                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (Sədrlik edən), S.Salmanova (məruzəçi-hakim), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyekt Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibi N.Məmmədovun, üzvləri R.İbrahimov, V.Kazımova, Q.Orucov,  T.Həsənov, İ.Məmmədov, N.Nadirov, A.Tağıyev, T.Cəfərova, R.İsmayılov, A.Qurbanov, A.Qəhramanlı, O.Hümbətlinin,
ekspertlər Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirov və həmin kafedranın müəllimi F.Məhərrəmovun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və N.Quliyevanın iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2008-ci il oktabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.
Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələri M.Pənahov, S.Qasımova və N.Məmmədovun çıxışlarını, ekspertlər E.Nəsirov və U.Həmidovanın rəylərini dinləyib, işin materiallarını öyrənərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarında müəyyən edilən qaydalara uyğun olaraq 2008-ci il oktabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair 2008-ci il 19 oktyabr tarixli protokolu tərtib etmişdir. Həmin protokol Azərbaycan  Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli, 29/137 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilən protokolu, qərarı və onlara əlavə olunmuş sənədləri Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 56.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumatları tələb etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə müvafiq ekspertlər cəlb edilmişdir.
Konstitusiya işində olan sənədlərdən göründüyü kimi seçki qutularında 3 700 634 (üç milyon yeddi yüz min altı yüz otuz dörd) seçki bülleteni müəyyən edilmiş, bunlardan 57 760 (əlli yeddi min yeddi yüz altmış) səs etibarsız hesab edilmişdir.
 Etibarlı hesab edilmiş 3 642 874 (üç milyon altı yüz qırx iki min səkkiz yüz yetmiş dörd) səs Prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:
Əliyev İlham Heydər oğlu – lehinə 3 232 259 (üç milyon iki yüz otuz iki min iki yüz əlli doqquz) səs və ya 88.73 faiz;
Ağa-zadə İqbal Fehruz oğlu – lehinə 104 279 (bir yüz dörd min iki yüz yetmiş doqquz) səs və ya 2.86 faiz;
Mustafayev Fazil Qəzənfər oğlu – lehinə 89 985 (səksən doqquz min doqquz yüz səksən beş) səs və ya 2.47 faiz;
Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 83 037 (səksən üç min otuz yeddi) səs və ya 2.28 faiz;
Əlibəyli Qulamhüseyn Surxay oğlu – lehinə 81 120 (səksən bir min yüz iyirmi) səs və ya 2.23 faiz;
Əliyev Fuad Ağasi oğlu – lehinə 28 423 (iyirmi səkkiz min dörd yüz iyirmi üç) səs və ya 0.78 faiz;
Hacıyev Hafiz Ələmdar oğlu – lehinə 23 771 (iyirmi üç min yeddi yüz yetmiş bir) səs və ya 0.65 faiz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 16-sı iştirak edərsə – azı 11 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu və onun təsdiq edilməsinə dair qərar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 üzvü tərəfindən yekdilliklə qəbul edilmişdir.
  Ekspertlər N.Quliyeva və U.Həmidovanın rəyinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan   Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli protokolu Azərbaycan Respublikası  Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğundur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi bildirmişlər ki, 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri ilə bağlı həmin məhkəmələrə şikayət verilməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli protokolunu Azərbaycan  Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yuxarıda göstərilən protokolunda əks etdirilmiş nəticələr təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin  yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsının 203.4-cü maddəsinə müvafiq olaraq Prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Yuxarıda göstərildiyi kimi etibarlı hesab edilmiş seçici səslərindən 3 232 259-u (üç milyon iki yüz otuz iki min iki yüz əlli doqquz) və ya 88.73 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.
Beləliklə,   Azərbaycan    Respublikası    Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA    ALDI:
 
 1. 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 19 oktyabr tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.
 2. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti  seçilmiş elan edilsin.
  3. Qərar elan olunduğu gündən qüvvəyə minir.
 4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
  5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
 Sədrlik edən                                                       Fərhad Abdullayev