ANA SƏHİFƏ » Qərarlar » 22.09.08 «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» AR Qanununun 21-ci mad. və AR Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair

 


AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan
Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair
 
 
22 sentyabr  2008-ci il                                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Gəncə hərbi məhkəməsinin hakimi  V.Qədirov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin cinayət hüququ kafedrasının dosent əvəzi, hüquq elmləri namizədi C.Quliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Ş.Yusifov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi R.Kişiyev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi E.Nəsibovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin «b» və «v» bəndlərinin, habelə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin şərh edilməsinə dair Gəncə hərbi məhkəməsinin 13 fevral 2008-ci il tarixli, 30 saylı müraciəti üzrə konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini və mütəxəssislərin mülahizələrini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N    E T D İ:
 
Gəncə hərbi məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək göstərmişdir ki, məhkəmənin icraatında N saylı hərbi hissənin qulluqçuları R.Quliyev və N.Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 332.1-ci maddəsi ilə  təqsirləndirilmələrinə dair cinayət işi vardır.
23 sentyabr 1989-cu ildə anadan olmuş N.Quliyev 05 oktyabr 2007-ci ildə Ağcabədi rayon hərbi komissarlığı tərəfindən, 04 oktyabr 1989-cu ildə anadan olmuş R.Quliyev isə 05 oktyabr 2007-ci ildə Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışlar. R.Quliyev yetkinlik yaşına çatanadək oğurluq etdiyinə görə 25 iyul 2007-ci ildə Sabirabad rayon məhkəməsi tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilərək, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti bitməmiş o, hərbi xidmətə çağırılmış və hərbi xidmət keçdiyi dövrdə, yəni 2007-ci ilin noyabr ayında aralarında tabelilik münasibətləri olmayan əsgər yoldaşı N.Quliyevə qarşı zor tətbiq edərək hərbi cinayət törətmişdir.
Gəncə hərbi məhkəməsi işin baxılması zamanı R.Quliyevin hərbi cinayətin subyekti olub-olmaması məsələsini araşdırarkən məhkumların müddətli həqiqi hərbi xidmətə çağırılmasının mümkünlüyü məsələsində «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin «b» və «v» bəndlərində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 180.3-cü maddəsində fərqli müddəaların mövcudluğu ilə rastlaşmışdır. 
Məhkəmə təcrübəsində məhkumların hərbi xidmətə çağırılıb-çağırılmamasına dair yaranmış anlaşılmazlığın  aradan götürülməsi üçün Gəncə hərbi məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin müddəalarında nəzərdə tutulan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatları ilə əlaqədar olaraq «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinin «b» və «v» bəndlərinin, habelə CİM-in 180.3-cü maddəsinin şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar olaraq hesab edir ki, Gəncə hərbi məhkəməsinin  müraciətinin düzgün həlli üçün birinci növbədə hərbi xidmətin mənası, bu xidmətə çağırılmanı tənzimləyən hüquq mənbəyinin araşdırılması, habelə anlaşılmazlıq doğuran qanunvericilik aktlarının müddəalarının hərtərəfli təhlil olunması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 75-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Ümumiyyətlə, vətəni müdafiə etmək, hərbi xidmət keçmək, bunun üçün vaxtında hərbi hazırlıq keçmək, müdafiə ilə bağlı digər vəzifələri icra etmək hüquqda hərbi mükəlləfiyyətin tərkib hissələri kimi tanınır. Mövcud qanunvericiliyə görə hər bir 18 yaşına çatmış,  səhhətinə görə buna yararlı olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı hərbi xidmət keçməlidir.
Hərbi xidmət dövlət qulluğunun xüsusi bir növü olmaqla öz-özlüyündə həqiqi hərbi xidmətə və ehtiyatda xidmətə bölünür. Həqiqi hərbi xidmət Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə keçilir. Müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə çağırış üzrə daxil olunur. Ehtiyatda xidmət isə hərbi toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
Hərbi xidmətə çağırışla bağlı hüquq münasibətlərinin tənzimlənməsi  «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun müddəaları ilə həyata keçirilir.  
Bu Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və səfərbərlik hazırlığını saxlamaqdır.
Nəzərə alınmalıdır ki, bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir (2-ci maddənin ikinci hissəsi). Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydasını, habelə çağırışa möhlət verilməsini, bu növ xidmətə çağırışdan azad edilən və xidmətə çağırılmayan vətəndaşların dairəsini məhz həmin Qanunun müddəaları müəyyən edir (16 - 21-ci maddələr).
Bununla əlaqədar olaraq göstərilməlidir ki, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 16-cı maddəsinin birinci və üçüncü hissələrinin müddəalarına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar.
Nəzərə alınmalıdır ki, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən şəxslərin, habelə müddətli həqiqi hərbi xidmətə çağırılmayan  şəxslərin dairəsi müvafiq olaraq həmin Qanunun 21-ci maddəsinin birinci və ikinci hissələrində müəyyənləşdirilmişdir.
Bu maddənin birinci hissəsinin «ğ» bəndinə görə çağırışdan azad edilən şəxslərin arasında ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar göstərilir. Bu kateqoriya şəxslər üçün dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmanın hüquqi əsasını ağır və ya xüsusilə ağır cinayət  törədilməsi və buna görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması təşkil edir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin və 21-ci maddəsinin birinci hissəsinin «ğ» bəndinin müddəaları nəzərə alınmaqla göstərilən vətəndaşlar  bu əsasın mövcudluğunda (bəraət qazanma hallar  istisna olmaqla)  dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırılmamalıdırlar.
Lakin «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsində müddətli həqiqi hərbi xidmətə çağırılmamaq üçün göstərilən səbəblər müvəqqətidir, çünki onları təşkil edən hallar keçid xarakteri daşıyır.
Belə ki, bu maddənin ikinci hissəsinin «b» və «v» bəndlərinin məzmununa görə əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar, habelə barəsində olan cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
Bu vətəndaşlar «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin və 21-ci maddəsinin ikinci hissəsinin «b» və «v» bəndlərinin müddəaları nəzərə alınmaqla müvafiq olaraq məhkum, şübhəli və ya təqsirləndirilən şəxs statusunu itirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar.
«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun yuxarıda göstərilən sonuncu müddəaları təsadüfi hesab oluna bilməz və hüquqi baxımdan mövcud cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının davamı kimi tam məntiqlidir.
Bununla belə «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» və «v» bəndlərinin məzmunu hüquq tətbiqetmədə müxtəlif yanaşmaya səbəb olmuşdur.
Belə ki, bu maddənin «v» bəndinin cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan
vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair müddəaları cinayət prosesində müəyyən vəzifələrin daşınması ilə bağlı şübhəli və təqsirləndirilən şəxslərə tətbiq olunan bəzi məhdudiyyətlərdən irəli gəldiyi üçün CİM-in 180.3-cü maddəsinin məzmunu ilə də heç bir problem yaratmır. Həmin maddənin ikinci hissəsinin «b» bəndinin məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaması barədə müddəası isə cinayət qanunvericiliyinə uyğun tərtib olunsa da, CİM-in 180.3-cü maddəsinin məzmunu ondan fərqli müəyyənləşdirilmişdir.
CİM-in 180.3-cü maddəsinə görə məhkum müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, hərbi xidmət keçmə yeri üzrə məhkum üzərində nəzarətin həyata keçirilməsi üçün hökmün surəti tələb olunan digər sənədlərlə birlikdə hərbi komissarlığa göndərilir. Hərbi hissənin komandiri (rəisi) həmin şəxsin qeydiyyata alınması və ya hərbi xidmətdən tərxis olunması haqqında on gün müddətində hökmü çıxarmış məhkəməyə xəbər verməlidir.
Bu  maddədə «məhkum müddətli həqiqi hərbi xidmətə çağırıldıqda» ifadəsindən istifadə olunması belə bir təsəvvür yarada bilmişdır ki, digər vətəndaşlar kimi məhkum olunmuş şəxslər də müddətli həqiqi hərbi xidmətə çağırıla bilər. CİM-in 180.3-cü maddəsinin məzmununa belə yanaşma «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinin göstərişi ilə uzlaşmır və bu hal hüquq tətbiqetmədə anlaşılmazlıq yaradır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda göstərilən qanunvericilik aktlarının hərtərəfli hüquqi təhlili, mövcud qanunvericiliyin normalarına diqqətlə və kompleks şəkildə yanaşma anlaşılmazlıqların ortaya çıxmasına səbəb olmuş normaları biri-digərindən fərqləndirməyə və onların hər birinin xidmət etdiyi məqsədi dəqiq müəyyən etməyə imkan verir.
İlk növbədə vurğulanmalıdır ki, hər iki qanunvericilik aktı öz-özlüyündə ayrı-ayrı funksiyaları yerinə yetirir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanun birbaşa hərbi xidmətə çağırışla bağlı olan münasibətləri tənzimləyir. CİM isə cəzaların icrası və çəkilməsinin qayda və şərtlərini müəyyən edir. Bu Məcəllənin məqsədi məhkumları islah etməkdən, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdan, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir (CİM-in 2.1 və 2.2-ci maddələri).
Adından da göründüyü kimi CİM-in 180.3-cü maddəsi yalnız şərti məhkum olunmuş şəxslər üzərində məhkəmə hökmünün icrası ilə bağlı nəzarətin həyata keçirilməsini nəzərdə tutur. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinə görə isə əvvəllər törətdiyi cinayətə görə məkhumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmamalıdırlar. Yəni hər hansı şəxs məhkum, o çümlədən şərti məhkum hesab olunarsa, onun hərbi xidmətə çağırılması məhdudlaşdırılır. Bu hal cinayət cəzasının və məhkumluğun mövcud olması ilə əlaqədardır.
Bununla yanaşı nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunda məhkumların müddətli həqiqi hərbi xidmətə çağırılmaması birbaşa göstərilsə də, CİM-in  180.3-cü maddəsi məhkumların, daha dəqiq isə şərti məhkum olunmuş şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmamasını tənzimləmir və sadəcə CM-in 70.6-cı maddəsinin tələblərinin icra edilməsinə yönəldilmişdir. CİM-in  180.3-cü maddəsində «məhkum müddətli həqiqi hərbi xidmətə çağırıldıqda» sözlərindən istifadə olunsa da, bu maddə cəzaların icrasını təmin edən norma kimi çıxış edir.
Mövcud qanunvericiliyin quruluşu məsələyə belə yanaşmaq üçün əsas verir ki, CİM-in 180.3-cü maddəsi bir tərəfdən «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunu ləğv  etmir, digər tərəfdən isə CM-in müddəalarını davam etdirir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələnin həlli baxımından «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaması barədə göstərişin kökündə duran cinayət cəzasının hüquqi təbiəti və məhkumluqla bağlı bəzi məsələlərin ətraflı təhlil olunması zəruridir.
Cəzanın CM-də verilən anlayışına görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudulaşdırılmasından ibarətdir (CM-in 41.1-ci maddəsi).
CM-də cəza növləri  az ciddidən daha ciddiyə doğru aşağıdakı kimi müəyyənləşdirilmişdir: cərimə; nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;          müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; əmlak müsadirəsi; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; azadlığın məhdudlaşdırılması; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə (CM-in 41.1-ci maddəsi).
Hər bir cəza sosial ədalətin bərpası, məhkumun  islah olunması  və yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün tətbiq olunur. Hər bir cəza təbiətinə uyğun məzmuna və kəmiyyətcə müvafiq miqdara malikdir ki,  bu da məhz cinayət qanunu ilə tənzimlənən və məhkuma  təsirin kifayət hesab olunan üsuludur. Lakin hər bir halda müəyyən hüquq və azadlıqlardan məhrum etmə və ya digər məhdudiyyətlər cəzanın məzmununu təşkil edir. Bu məzmun məhkumu digər vətəndaşlardan açıq şəkildə fərqləndirir.
Məhkuma  təsir üsulu kimi cəzanın məzmunu cəzaların icrası qanunvericiliyində konkretləşdirilir. CİM qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq CM-də nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların, ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir (CİM-in 2.3-cü maddəsi).
«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndində əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmamasının müəyyənləşdirilməsi məhkumluğun anlayışı və təbiəti ilə də sıx bağlıdır.
Məhkumluq cinayət hüququnun təsisatı kimi cinayət cəzasını  və onun məhkum üçün doğurduğu mənfi hüquqi nəticələri əks etdirir. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir (CM-in 83.1-ci  maddəsi).
Məhkumluğun ödənilməsi CM-də bir qayda olaraq yalnız cəzanın növü və cəzanı çəkib qurtardıqdan sonra müəyyən müddətin keçməsi ilə deyil, həm də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə müəyyənləşdirilir (CM-in 83.3-cü maddəsi). Bu məqamlar həmçinin məhkumlar üçün müvafiq məhdudlaşdırmaların və məhrumetmələrin hüquqi çərçivələrinin müəyyən edilməsi üçün mühüm rol oynayır. CM-də məhkumluğun ödənilməsinin ümumi qaydasından müəyyən istisnalar, habelə məhkumluğun götürülməsinin konkret şərtləri də mövcuddur (83.4 və 83.5-ci maddələri). Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir (CM-in 83.6-cı maddəsi).
Onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir.
Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır.
Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur.
Belə ki, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər (CM-in 70.5-ci maddəsi).
Məhz buna görə CM şərti məhkum olunmuş şəxslər üzərində nəzarətin təyin olunması zəruriliyini nəzərdə tutur. Belə nəzarət bir qayda olaraq müvafiq dövlət orqanları (ədliyyə orqanları), məhkum olunmuş hərbi qulluqçular üzərində isə hərbi hissələrin və müəssisələrin komandanlığı tərəfindən həyata keçirilir (CM-in 70.6-cı maddəsi). Sonuncu hal CİM-in 180.3-cü maddəsinin müddəası ilə nəinki heç bir ziddiyyət təşkil etmir, əksinə onunla tamamilə uyğunluq yaradır.
Xüsusi qeyd olunmalıdır ki, CM-də məhkəmə tərəfindən təyin olunmuş sınaq müddəti sona çatanadək şərti məhkumun müvafiq dövlət orqanlarının (ədliyyə orqanlarının) nəzarətindən kənara, o cümlədən çağırış üzrə müddətli həqiqi hərbi xidmətə getməsi nəzərdə tutulmur. Belə bir hal xüsusi cinayət-hüquqi təsir tədbiri olan şərti məhkum etmədən, nəticə etibarilə isə cinayət məsuliyyətindən və ya cəzanın çəkilməsindən məhkəmədən kənar azad edilmə kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə nəzərdən qaçırılmamalıdır ki, məhkumun davranışından asılı olaraq şərti məhkum etmənin bir neçə hüquqi nəticəsi ola bilər. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, qanunla müəyyən olunmuş qaydada şərti məhkum etmə ləğv oluna və məhkumluq götürülə bilər (CM-in 71.1-ci maddəsi). Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, qanunla müəyyən olunmuş qaydada onun üçün sınaq müddəti bir ildən çox olmayaraq uzadıla bilər (CM-in 71.2-ci maddəsi). Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, qanunla müəyyən olunmuş qaydada məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər (CM-in 71.3-cü maddəsi).
Xüsusi vurğulanmalıdır ki, şərti məhkum edilmiş şəxslər yalnız sınaq müddəti başa çatdıqdan sonra məhkumluğu olmayan şəxslər hesab edilirlər (CM-nin 83.3.1-ci maddəsi).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəllər də məhkumluq və onunla əlaqədar olan məsələlərlə bağlı öz mövqeyini açıqlamışdır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair» 08 iyul 2008-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir: «CM-in 83.1-ci maddəsindən göründüyu kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi ilə bu nəticələr aradan qalxır».
Beləliklə hərbi, cəzaların icrası və cinayət qanunvericiliyinin  müddəalarının birlikdə və kompleks şəkildə aparılmış hüquqi təhlili göstərir ki, hər hansı bir vətəndaş onun məhkumluğu ödənildikdən və ya götürüldükdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışın subyektinə çevrilə bilər (dinc dövr üçün ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar istisna olmaq şərtilə). CİM-in 180.3-cü maddəsi isə şərti məhkum olunmuş şəxslərin məhkumluğu ödənilmədən və ya götürülmədən müddətli həqiqi hərbi xidmətə çağırılmasına hüquqi əsas verə bilməz.
Bununla belə «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinin və CİM-in 180.3-cü maddəsinin müddəaları hüquq tətbiqetmədə məhkumların müddətli həqiqi hərbi xidmətə çağırılıb-çağırılmamasına dair müəyyən anlaşılmazlıqların ortaya çıxmasına səbəb verdiyi üçün Konstitusiya Məhkəməsinin Plenumu həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
Dövlətlə hər hansı şəxsin səmərəli və ədalətli qarşılıqlı münasibətləri həmin şəxsin öz hüquq və vəzifələri, habelə dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri haqqında aydın təsəvvürünün olduğu halda mümkündür. Yalnız belə vəziyyət nəinki dəqiq hüquqi tənzimləməyə və ağlabatan sabitliyə nail olunması, həm də hüquqa və dövlətə inamın artması üçün zəmin yaradır.
         Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquqtətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır.
Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda  qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət edərək öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 04 iyun 2002-ci il tarixli qərar; Brumarescu Rumıniya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərar).
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Gəncə hərbi məhkəməsinin müraciəti ilə bağlı aşağıdakı nəticəyə gəlir:
1) Hərbi xidmətə çağırışdan azad olunma və ya hərbi xidmətə çağırılmama ilə bağlı məsələlər  «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin müddəaları ilə tənzimləndiyindən bu maddənin birinci və ya ikinci hissələrində nəzərdə tutulmuş əsaslardan və ya səbəblərdən hər hansı biri mövcud olduqda vətəndaş müvafiq olaraq dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmalı və ya müddətli həqiqi hərbi xidmətə çağırılmamalıdır;
2) Hərbi xidmətə çağırış məsələlərinin deyil, şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydasının tənzimlənməsinə yönəlmiş CİM-in 180.3-cü maddəsinin müddəaları və «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinin müddəaları hüquq tətbiqetmədə birmənalı qəbul olunmadığı üçün hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə mövcud qanunvericilikdə zəruri təkmilləşdirmə aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I:
 
1. Hərbi xidmətə çağırışdan azad olunma və ya hərbi xidmətə çağırılmama ilə bağlı məsələlər «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin müddəaları ilə tənzimləndiyindən bu maddənin birinci və ya ikinci hissələrində nəzərdə tutulmuş əsaslardan və ya səbəblərdən hər hansı biri mövcud olduqda vətəndaş dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmalı və ya müddətli həqiqi hərbi xidmətə çağırılmamalıdır.
2. Hərbi xidmətə çağırış məsələlərinin deyil, şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydasının tənzimlənməsinə yönəldilmiş CİM-in 180.3-cü maddəsinin müddəaları və «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinin müddəaları hüquq tətbiqetmədə birmənalı qəbul olunmadığı üçün hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə mövcud qanunvericilikdə zəruri təkmilləşdirmə aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                         Fərhad Abdullayev