ANA SƏHİFƏ » Qərarlar » 08.07.08 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
83.2-ci maddəsinin şərh olunmasına dair
 
 
08 iyul 2008-ci il                                                                                           Bakı şəhəri
 
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
   məhkəmə katibi İ.İsmayılovun,  
  maraqlı subyektlərin nümayəndələri Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin sədri İ. Fəttahov və hakimi T. Əliyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərov, ekspert Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekan əvəzi, cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Səməndərov, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Ş. Yusifov, həmin məhkəmənin hakimi M. Ağazadə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Q. Məmmədovun iştirakı ilə,
  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin  müraciətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
  İş üzrə hakim R. Qvaladzenin məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələri və ekspertin çıxışlarını dinləyib, işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Gəncə şəhəri  Kəpəz rayon məhkəməsində Ramin Aslanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 321.1-ci maddəsi ilə cinayət  işinə baxılarkən müəyyən edilmişdir ki, o, əvvəllər Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 sentyabr 2005-ci il tarixli hökmünə əsasən CM-in 127.1 və 128-ci maddələri ilə qəti olaraq 2 (iki) il islah  işləri cəzasına məhkum edilmiş, cəza çəkmənin əvvəli hökmün  faktiki icra olunduğu vaxtdan hesablanmışdır.
Yasamal rayon məhkəmə  icraçıları şöbəsinin böyük məhkəmə  icraçısının 08 iyun 2007-ci il tarixli qərarı ilə R. Aslanov «Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli qərarının 3.4-cü bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir.
R. Aslanov 2007-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, lakin heç bir üzürlü səbəb və qanuni əsas olmadan hərbi  xidmətdən yayınaraq növbəti  hərbi  çağırışdan qəsdən boyun qaçırmışdır.
Qeyd olunan işə məhkəmədə baxılarkən «Azərbaycan Respublikası  Hərbi xidmətə çağırışın  Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tətbiqi məsələsi ortaya çıxmışdır. Həmin normaya  əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu  ödənilməmiş şəxslər müddətli hərbi xidmətə  çağırılmırlar.
Kəpəz rayon məhkəməsi yuxarıdakı halları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra-Konstitusiya Məhkəməsi) ünvanladığı   müraciətdə CM-in  83.2-ci maddəsinin cəzadan azad edilmiş şəxslərin dairəsinə  məhkəmə hökmü ilə təqsirli bilinmiş və cəza  təyin edilmiş, lakin amnistiya aktına  əsasən cəzadan azad edilmiş  şəxslərin  də daxil olub-olmamasına  aydınlıq gətirilməsi  məqsədi ilə həmin normanın şərh edilməsini xahiş edir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
  Maddənin  mahiyyətindən göründüyü kimi məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.
Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir.
Məhz buna görə də iş üzrə ittiham hökmü çıxarılmadığı halda CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən, həmin Məcəllənin 78 və 89-cu maddələrində nəzərdə tutulmuş əsaslarla isə cəzadan azad edilmiş şəxslər məhkum olunmamış hesab edilir.
CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət  törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər  çərçivəsində davam edir.
Lakin   məhkumluğun hüquqi  nəticələri daimi xarakter daşımır və onun  götürülməsi və ya  ödənilməsi ilə bu nəticələr aradan qalxır.
Cinayət qanunvericiliyi məhkumluğun yaranmasını hər hansı bir cəzanın təyin olunması  ilə bağladığından, cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan  hesab  edilir (CM-in 83.2-ci maddəsi).
Lakin CM-in 83.2-ci maddəsində məhkumun  cəzadan azad edilməsinin  əsaslarına dair heç bir göstəriş yoxdur.
Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəzadan azad etmənin əsaslarının təhlil olunmasını zəruri hesab edir.
Cəzadan azad etmənin  əsasları CM-in ayrı-ayrı fəsillərində nəzərdə tutulub.  Onlara şərti  məhkumetmə (maddə 70), cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (maddə 76), cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə (maddə 77), xəstəliyə görə cəzanı çəkməkdən azad etmə (maddə 78), hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması (maddə 79), ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə (maddə 80), amnistiya (maddə 81) və əfvetmə (maddə 82) aiddir.
Cinayət törətmiş şəxslərdə məhkumluğun mövcüd olub-olmaması məsələsinin həllinə qanunverici  eynimənalı yanaşmır.
Belə ki, CM-in 81.2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum olunmuş şəxs amnistiya aktı ilə  cinayət məsuliyyətindən və  cəzadan azad edilə bilər.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 44-cü maddəsində məhkum etmənin əsasları nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə məhkəmə baxışı gedişində şəxsin amnistiya aktına  əsasən cinayət məsuliyyətindən azad edilməsi müəyyən  edildikdə məhkəmə ittiham hökmünü çıxararaq həmin şəxsi cəzadan azad edir (CPM-in 44.2.2-ci maddəsi).
Bundan başqa, CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz,  başlanmış cinayət  təqibinə isə xitam verilməlidir.
Göstərilən Məcəllənin 43.3-cü maddəsinin  məzmunundan göründüyü kimi məhkəmə baxışının  gedişində  cinayət məsulliyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır.
Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə  ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir.
CPM ilə müəyyən edilmişdir ki,  bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu  Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcüd olmadıqda,  bu Məcəllə  və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda məhkəmə  təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır (CPM-in 44.2.4-cü maddəsi).
Göründüyü kimi, cinayət və cinayət prosessual qanunvericiliyi  məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki  şərtsiz halını nəzərdə tutur:
-cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi;
-amnistiya aktının mövcud olması.
Bundan fərqli olaraq  qanunverici cəzadan azad etmə ilə bağlı CM-in digər normalarına şərti xarakter  verir.
Bunlara, şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın  çəkilməmiş hissəsini daha yüngül cəza  növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar  tərəfindən cəzanın  çəkilməsinin təxirə salınması aid olunub.
Yuxarıda sadalanan hallarda söhbət qanuni qüvvəyə minmiş hökmə əsasən cəza çəkən (CM-in 76, 77, 78-ci maddələri), şərti məhkum edilmiş və ya  cəzaların çəkilməsi təxirə salınmış (CM-in 70 və 79-cu maddələri) şəxslərdən gedir. CM-in 83.1-ci maddəsinin tələbləri baxımından isə belə cəzadan azad  etmə məhkumluğu aradan qaldırmır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 83.2-ci maddəsi yalnız  məhkəmənin ittiham hökmünə əsasən:
- cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin  edilməməsi;
 - amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
Q Ə R A R A   A L D I :
 
1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız  məhkəmənin ittiham hökmünə əsasən:
- cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin  edilməməsi;
- amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur.
2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                Fərhad Abdullayev