ANA SƏHİFƏ » Qərarlar » 12.07.99 «Kütləvi informasiya vasitələri haqqında» AR Qanununun 33-cü maddəsinin AR Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II və VII hissələrinə uyğunluğu haqqında

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I

«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun
33-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin
I hissəsinə, 71-ci maddəsinin II və VII hissələrinə uyğunluğu haqqında
 
 
12 iyul 1999-cu il                                                                                           Bakı şəhəri
          
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi–hakim), E.Məmmədov, S.Salma­no­va, Ə.Sultanovun iştirakı,
İ.İsmailovun katibliyi,
sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II və VII hissələrinə, 147-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 26 may tarixli 5-2/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim R. Qvaladzenin məruzəsini, sorğuverən orqanın qanuni nümayəndəsi B.Əsədovun çıxışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:
 
«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən təkzibin və ya cavabın dərc edilməsindən, yaxud oxunmasından imtina edildikdə, yaxud dərc və ya oxunmaq üçün müəyyən olunmuş bir aylıq müddət kütləvi informasiya vasitəsi tərəfindən pozulduqda, vətəndaşın və ya təşkilatın ixtiyarı var ki, həqiqətə uyğun gəlməyən məlumatın dərc olunduğu gündən altı ay keçənədək məhkəməyə müraciət etsin.
Sorğuverən orqan yuxarıda göstərilən müddəaların Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin II və VII hissələrinə, 147-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.
 İş materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düz­günlüyü təsdiq edilmiş «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinin rəsmi mətnləri vardır.
Baxılan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.
Söz və mətbuat azadlığı, məlumat almaq hüququ, cəmiyyətə obyektiv və həqiqi məlumatın çatdırılması kütləvi informasiya vasitələrinin hüquqi statusunun tərkib hissəsidir. Bu statusa görə kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək, həqiqətə uyğun olmayan məlumatları yaymaq qadağan olunur.
Şəxsin kütləvi informasiya vasitələrindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını tələb etmək hüququ vardır.
Kütləvi informasiya vasitəsində təkzib və ya cavabın dərc edilməsi, yaxud oxunması əksər hallarda şərəf və ləyaqətin müdafiəsi tədbiri kimi tətbiq olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin I hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində göstərilir: «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının  həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz».
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mü­ba­hisələrin məhkəmələr tərəfindən həll edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuşdur.
Yuxarıda göstərilən maddələrdən göründüyü kimi hər kəs hüquq və azadlıqlarının, o cümlədən şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının göstərilən müddəalarına baxma-yaraq «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi mübahisənin məhkəməyə qədər məcburi həlli qaydasını müəyyən etmişdir. Belə ki, Qanunun göstərilən maddəsində kütləvi informasiya vasitələri təkzib və cavab dərc etməkdən imtina etdikdə, yaxud bunun üçün müəyyən olunmuş bir aylıq müddəti pozduqda vətəndaşların və təşkilatların məhkəməyə müraciət edə bilməsi nəzərdə tutulur. Bu isə fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində və 71-ci maddəsinin II və VII hissələrində göstərilən hüquqlarını məhdudlaşdırır.
Bundan başqa şərəf və ləyaqətin müdafiəsi mülki hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır.
Bu Məcəllənin 7-ci maddəsinin birinci hissəsinə görə vətəndaşın və ya təşkilatın şərəf və ləyaqətini ləkələyən məlumatları yayan şəxs, bunların doğru olduğunu subut edə bilməzsə, vətəndaş və ya təşkilat bu məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilər. Göründüyü kimi, mülki qanunvericilikdə belə mübahisələrin məhkəməyə qədər məcburi həlli qaydası nəzərdə tutulmamışdır.
Beləliklə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinin tələbləri ilə də ziddiyyət təşkil edir.
Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının birbaşa hüquqi qüvvəyə malik olması barədə Azərbaycan Respublikası Konstitusiyasının 147-ci madəsinin II hissəsinin tələbini nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, fiziki və hüquqi şəxslərin kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan məlumatından bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır. Bununla yanaşı şəxsin məhkəməyə müraciət etmək hüququnun olması onun kütləvi informasiya vasitələrinə müraciət etmək hüququndan istifadə edə bilməsini istisna etmir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulan altı ay iddia müddətinə gəldikdə isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunvericiliyə görə məhkəmə iddia müddətinin keçməsi səbəbini üzürlü hesab etdikdə, həmin müddəti bərpa edə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və VII hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 82, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

    1. Şəxsin məhkəmə müdafiə hüququnu məhdudlaşdıran “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin müd­dəaları Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 71-ci maddəsinin II və VII hissələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.
Hüququnun pozulduğunu hesab edən şəxs onun bərpa edilməsi üçün öz iradəsindən asılı olaraq kütləvi informasiya vasitəsinə və ya bilavasitə məhkəməyə müraciət edə bilər.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan” qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir oluna bilməz.
 
 
    Sədrlik edən                                                                  Xanlar Hacıyev