ANA SƏHİFƏ » Qərarlar » 09.07.07 Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən AR Ali Məhkəməsinin MİÜMK-nın 27/09/06-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
9 iyul 2007-ci il                                                                                               Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Z.İsmayılovun,
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin,
mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin hərbi qanunvericilik bölməsinin müdiri S.Məmmədov və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin hüquqi təminat və təmsilçilik şöbəsinin rəisi, polkovnik E.Mehrəliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Z.İsmayılovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçi Z.M.İsmayılovun, cavabverənin nümayəndəsi A.Kalbalıyevin, mütəxəssislər S.Məmmədov və E.Mehrəliyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D I:
 
Mülki işin materiallarından göründüyü kimi, Z.İsmayılov 6 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinə Azərbaycan Respublikası Hərbi Komissarlığı və Suraxanı rayon Hərbi Komissarlığına qarşı iddia ərizəsi ilə müraciət edərək «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsini tələb etmişdir.
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rabitə nazirinin 22 aprel 1992-ci il tarixli, 47 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səfərbərlik sərəncamına müvafiq olaraq bir qrup rabitəçilərlə birlikdə cəbhə bölgəsinə ezam edilmişdir. Ezamiyyətdə olarkən o, Azəbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyatında olan bazasından ZİL-131 avtomaşınının üstündə  quraşdırılmış radiostansiyanı təhvil alaraq yeni yaradılmış «N» saylı hərbi hissədə rabitə xidmətini təşkil etmək və rabitəçilər qrupu yaratmaq vəzifəsini yerinə yetirmişdir. Ezamiyyətdə olduğu zaman o, digər görülmüş işlərlə yanaşı, Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə sona qədər döyüşmüşdür. Şuşa şəhərini tərk etdikdən sonra o, mayın 8-də Laçına qayıtmış, sonra isə Füzuli rayonunda ZİL-131 markalı avtomaşını «N» saylı hərbi hissəyə təhvil vermiş və Bakıya qayıtmışdır.
Lakin ezam olduğu hərbi hissənin komandiri 1992-ci ilin sonunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə Şuşa şəhərində döyüşənlərin siyahısını təqdim etdikdə onun adını həmin siyahıya daxil etməyi unutmuşdur. Bu səbəbdən də, bu günə qədər o, «Müharibə veteranı» statusunu təsdiq edən sənədi ala bilməmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Hərbi Komissarlığına və  Suraxanı rayon Hərbi Komissarlığına dəfələrlə müraciət etsə də, onda olan sənədlərin təqdim olunmasına və hətta Şuşanın işğalı ilə əlaqədar cinayət işi üzrə istintaq və məhkəmə prosesində dəfələrlə şahid qismində iştirak etməsinə və dindirilməsinə baxmayaraq, müsbət cavab ala bilməmişdir.
Səbail rayon məhkəməsində icraatın aparılması zamanı mülki işin materiallarına mübahisəyə dair bir sıra aşağıda göstərilən sənədlər əlavə olunmuşdur.
Belə ki, Şuşa rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Suraxanı rayon Hərbi Komissarlığına verilmiş 24 noyabr 2000-ci il tarixli, 3466 saylı arayışda qeyd olunur ki, həqiqətən, İsmayılov Zülfüqar Muxtar oğlu 22 aprel 1992-ci il tarixli, 47 saylı əmrə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Şuşa-Laçın rayonlarına 40 gün müddətinə ezam olunmuş, Şuşada olan hərbi hissələrdə rabitə əlaqəsinin yaradılmasını təşkil etmiş, erməni hərbçilərinin rabitə vasitəsilə danışıqlarının tutulmasını təmin etmiş və 7-8 may 1992-ci ildə erməni işğalçılarından Şuşanın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Respublikası Rabitə Nazirliyinin Radio Verilişi, Radio Rabitəsi və Televiziya İstehsalat Birliyi tərəfindən verilmiş arayışda bildirilir ki, İsmayılov Zülfüqar Muxtar oğlu, həqiqətən, ezamiyyət vəsiqələrinin qeydiyyat kitabına və 22 aprel 1992-ci tarixli, 47 saylı əmrə əsasən Müdafiə Nazirliyinin sərəncamı ilə Şuşa-Laçın sərhəd rayonlarına 40 gün müddətinə ezam olunmuşdur.
Azərbaycan Respublikasının Rabitə nazirinin, «müharibə gedən bölgələrdə aktiv iştirak edən bir qrup rabitə işçilərinin mükafatlandırılması haqqında» 14 avqust 1992-ci il tarixli, 131 saylı əmrilə digərləri ilə yanaşı, İsmayılov Zülfüqar Muxtar oğluna 3000 manat pul mükafatı verilmişdir.
Laçın ƏMP-in silahlandırma rəisi leytenant N.Sadıqovun 8 may 1992-ci il tarixli əlyazma arayışının surətində göstərilir ki, o, Z.İsmayılovdan 1 ədəd AKM markalı avtomat və 2 ədəd onun darağını təhvil almışdır. «N» saylı hərbi hissənin qərargah rəisi və digər komissiya üzvləri tərəfindən imzalanmış aktın surətində isə qeyd olunur ki, onlar Z.İsmayılovdan ZİL-131 avtomaşınının bazasında quraşdırılmış P-140 markalı radiostansiya və digər avadanlığı təhvil almışlar.
Suraxanı rayon Hərbi Komissarlığının iddiaçıya ünvanladığı 2 dekabr 2005-ci il tarixli, 2809 saylı cavab məktubunda isə bildirilir ki, Z.İsmayılovun Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmağı 1992-ci ilin aprel-may aylarına təsadüf etdiyini və onun döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara hərbi qulluqçu kimi deyil, mülki şəxs kimi ezam olunduğunu nəzərə alaraq ona müharibə veteranı adı verilməsi qüvvədə olan qanunvericilik aktlarının tələblərinə tam ziddir. Həmin məktubun sonunda isə, iddiaçının mülki şəxs kimi döyüş əməliyyatlarında iştirakı yüksək qiymətləndirilərək ona dərin minnətdarlıq bildirilmişdir.
Səbail rayon məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi ilə Z.İsmayılovun iddia tələbi təmin edilərək ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Hərbi Komissarlığına və Suraxanı rayon Hərbi Komissarlığına həvalə edilmişdir.
Suraxanı rayon Hərbi Komissarlığının apellyasiya şikayətinə əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) mülki işə yenidən baxmış və 28 aprel 2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsini ləğv etmiş, Z.İsmayılovun iddiasını isə rədd etmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir, iddiaçı Z.İsmayılov qeydiyyatda olduğu Suraxanı rayonu Hərbi Komissarlığı tərəfindən hərbi səfərbərlik əsasında hərbi xidmətə çağrılmamış və o işlədiyi Azərbaycan Respublikasının Rabitə Nazirliyi tərəfindən Şuşa-Laçın rayonlarında rabitə xidməti yaratmaq üçün mülki şəxs kimi 40 gün müddətinə ezamiyyətə göndərilmişdir, onun hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və təminatlara qoyulması, onun hərbi xidmətdən tərxis olunması barədə hərbi hissə komandirinin əmri olmamışdır.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 aprel 2006-cı il tarixli qətnaməsi ilə razılaşmayan Z.İsmayılov ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 27 sentyabr 2006-cı il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 aprel 2006-cı il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.
Z.İsmayılovun əlavə kassasiya qaydasında verildiyi şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 21 noyabr 2006-cı il tarixli, 8m-783/06 saylı məktubu ilə əsaslar olmadığına görə, Ali Məhkəmə Plenumunun baxışına çıxarılmamışdır.
Z.İsmayılov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək onun iddiasına dair mülki iş üzrə qəbul olunmuş Ali Məhkəmənin MİÜMK-nın 27 sentyabr 2006-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Ərizəçinin qənaətinə görə, apellyasiya və kassasiya instansiyası məhkəmələri  tərəfindən müvafiq məhkəmə aktları qəbul olunarkən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi düzgün tətbiq olunmamış, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Əsasnamənin normasının qanunun normasından üstün tutulması nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.2-ci maddəsinin tələbləri və müvafiq olaraq onun hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu Z.İsmayılovun şikayəti ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda  xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərtilə) mümkündür.
«Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanununa uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldığı, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Göründüyü kimi, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən Z.İsmayılovun iş yerindən cəbhə bölgəsinə ezam edilməsi və bununla bağlı müəyyən dövr ərzində onun hərbi hissədə qalması və rabitənin təşkil olunması vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir.
Eyni zamanda nəzərə alınmalıdır ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
28 iyun 1994-cü il tarixdə qəbul olunmuş bu Qanunun 7-ci maddəsinin əvvəlki redaksiyasında nəzərdə tutulurdu ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədləri uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri verirlər.
Yaranmış hüquqi mübahisə ilə bağlı Z.İsmayılovun iddiası üzrə ümumi yurisdiksiyalı məhkəmələrdə mülki icraat başlandıqdan sonra, yəni 7 aprel 2006-ci il tarixdə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd əlavə edilmişdir:
«Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir». (Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir);
«Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».
«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra – Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 1997-ci il tarixli, 53 saylı qərarı ilə Əsasnamənin bir sıra müddəaları ilə yanaşı müharibə veteranı adının verilməsi ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi  aşağıdakı redaksiyada verilmişdir:
«Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:
1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Xanlar, Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında».
Beləliklə, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir.
Z.İsmayılovun iddiasına dair mülki iş ümumi yurisdiksiyalı məhkəmələrdə baxılarkən həmin iş üzrə müxtəlif hüquqi nəticələr yaradan qərarlar qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərək, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları əsasında iddia tələblərinin təmin olunması və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının məhz döyüşən hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etməsi qanunvericiliklə nəzərdə tutulmuş sübutlarla təsdiq olunmadığına görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarmışdır.
Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Konstitusya Məhkəməsi hesab edir ki, Z.İsmayılovun iddiasına dair mülki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib-etməməsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, bu məsələ ümumi yurisdiksiyalı məhkəmələrdə yuxarıda göstərilən hüquq normaları baxımından lazımınca araşdırılmamışdır.
Belə ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn halları və işin həlli baxımından əhəmiyyət kəsb edən mübahisəli məqamlarını sonadək aydınlaşdırmamış, bununla da, prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə qətnamələri qəbul etmişlər. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, ərizəçinin cəbhə bölgəsinə ezam olunması  əsaslarını həmin sahəni tənzimləyən maddi hüquq normaları baxımından lazımınca qiymətləndirməmiş, iddia ərizəsində istinad edilən halları sonadək araşdırmamış və birinci instansiya məhkəməsinin səhvlərini düzəltmək əvəzinə özü də MPM-in 372.1, 372.7, 384 və 385.1.2-ci maddələrinin tələblərini pozmuşdur.
Ali Məhkəmənin MİÜMK da öz növbəsində MPM-in 416, 417.0.3 (217.2-ci maddənin tələblərini nəzərə almaq şərtilə) və 418.1-ci maddələrinin müddəalarına baxmayaraq, qanunun tələblərinə cavab verməyən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla üzərinə düşən vəzifələri yerinə yetirməmişdir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq hər kəsin məhkəmə müdafiə hüququ vardır. Konstitusiyanın 127-ci maddəsi isə təsbit edir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi, ərizəçinin iddia tələbi üzrə məhkəmə baxışı zamanı ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən yol verilmiş prosessual qanunvericiliyin tələblərinin pozulması nəticəsində mülki işin ədalətli araşdırılmasına nail olunmamış və Z.İsmayılovun Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə təminat verilmiş məhkəmə müdafiə hüququ pozulmuşdur.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Z.İsmayılovun Azərbaycan Respublikası Hərbi Komissarlığı və Suraxanı Rayon Hərbi Komissarlığına qarşı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi iddiasına dair mülki iş üzrə Ali Məhkəmə MİÜMK-nın 27 sentyabr 2006-cı il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, habelə MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
 1.     Z.İsmayılovun Azərbaycan Respublikası Hərbi Komissarlığı və Suraxanı rayon Hərbi Komissarlığına qarşı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
 2.     Qərar dərc olunduğu gündən qüvvəyə minir.
 3.     Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
 4.     Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
  
Sədrlik edən                                                      Fərhad Abdullayev