ANA SƏHİFƏ » Qərarlar » 29.06.07 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci addəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci addəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair
 
 
29 iyun 2007-ci il                                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Bakı şəhəri Suraxanı rayon məhkəməsinin əməkdaşı T.Heydərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S. Məmmədovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı üzrə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinin şərh edilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri T.Heydərov və S.Məmmədovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Vətəndaş M.Əsgərova Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1179.2-ci maddəsinə əsaslanaraq onun vəsiyyətnaməsinin təsdiq edilməsi xahişi ilə Yeni Suraxanı Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq Yeni Suraxanı Bələdiyyəsi bildirmişdir ki, vəsiyyətnamənin təsdiq edilməsi bələdiyyələrin deyil, Dövlət Notariat Kontorunun səlahiyyətinə aiddir. Yeni Suraxanı Bələdiyyəsi vəsiyyətnamənin təsdiq edilməsindən imtina etdiyinə görə, M.Əsgərova mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin qərar və hərəkətindən Suraxanı rayon məhkəməsinə şikayət etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçi M.Əsgərova qeyd olunanları insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması kimi qiymətləndirərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra - «Notariat haqqında» Qanun) 15 və 18-1-ci maddələrinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət göndərilməsinə dair vəsatət qaldırmışdır.
Suraxanı rayon məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək «Notariat haqqında» Qanunun 15 və 18-1-ci maddələrinin vəsiyyətnamənin təsdiq edilməsi ilə bağlı müddəalarının şərh olunmasını xahiş etmişdir.
Müraciət onunla əsaslandırılmışdır ki, MM-in 1179.2-ci maddəsində notariusun olmadığı yerlərdə yerli özünüidarə orqanları tərəfindən vəsiyyətnamənin təsdiq edilməsi nəzərdə tutulsa da, həmin Məcəllənin notariusa bərabər tutulan şəxslərdən bəhs edən 1181-ci maddəsində, «Notariat haqqında» Qanunun dövlət idarələrində notariat fəaliyyətini həyata keçirən subyektlərdən bəhs edən 15-ci, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətlərindən bəhs edən 18-ci və notariusa bərabər tutulan şəxslərdən bəhs edən 18-1-ci maddələrində yerli özünüidarə orqanları tərəfindən bu notariat hərəkətinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Müraciətdə həmçinin qeyd olunur ki, «Notariat haqqında» Qanunun qeyd olunan maddələrində həmin səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bu isə hüquq tətbiqetmə təcrübəsində mübahisələrin və anlaşılmazlıqların yaranmasına səbəb olur.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 142-ci maddəsinin I hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Konstitusiyada bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri və müstəqilliyinin təminatı dəqiq göstərilmişdir.
Konstitusiyada sadalanan səlahiyyətlərlə yanaşı, yerli özünüidarə  orqanlarına qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər (Konstitusiyanın 144-cü maddəsinin II hissəsi).
Konstitusiyanın göstərilən müddəasına əsaslanaraq «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.
Qanunvericilik və icra hakimiyyətləri tərəfindən yerli özünüidarə orqanlarına bəzi konkret səlahiyyətlərin verilməsi beynəlxalq sənədlərdə də istisna olunmur.
Məsələn, Yerli özünüidarə haqqında 15 oktyabr 1985-ci il tarixli Avropa Xartiyasının 4-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna uyğun olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir. Həmin maddənin 2-ci bəndinə müvafiq olaraq, yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər. Xartiyanın 4-cü maddəsinin 3-cü bəndinə əsasən dövlət səlahiyyətlərinin həyata keçirilməsini, bir qayda olaraq, əsas etibarilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə etməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanlarına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
Konstitusiyaya uyğun olaraq dövlətin bələdiyyələrə verdiyi səlahiyyətlərdən biri də MM-in 1179-cu maddəsində nəzərdə tutulmuşdur.
Məcəllənin 1179.1-ci maddəsində göstərilmişdir ki,  vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. MM-in 1179.2-ci maddəsinə əsasən isə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanları təsdiqləsin.
Yuxarıda göstərilən maddənin mahiyyətindən göründüyü kimi,  qanunverici vəsiyyətnamənin notariat formasının təsdiqini notariusun səlahiyyətinə aid etsə də, istisna hal kimi notariusun olmadığı yerlərdə bu hərəkətin yerli özünüidarə orqanı tərəfindən də həyata keçirilməsinə imkan verir.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə yerli özünüidarə orqanları ilə yanaşı, digər subyektlər tərəfindən də notariat fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Belə ki, «Notariat haqqında» Qanunun 15-ci maddəsinə müvafiq olaraq, dövlət vasitəsilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. Həmçinin Qanunun 18-ci maddəsində göstərilir ki, notariat olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli Fərmanının 3-cü bəndinin 5-ci abzasına əsasən həmin Qanunun 15-ci maddəsində, 18-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri həyata keçirirlər.
Yuxarıda göstərilən Qanunun 18-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.
Göründüyü kimi «Notariat haqqında» Qanunun yuxarıda göstərilən normaları yalnız dövlət idarələrində notariat fəaliyyətinin əsaslarını tənzimləyir. Bu normalarda, o cümlədən 15 və 18-1-ci maddələrində, bələdiyyələr tərəfindən vəsiyyətnamalərin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının MM-in 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir.
Bununla belə, qeyd edildiyi kimi «Notariat haqqında» Qanunda dövlət  idarələrində notariat fəaliyyətini həyata keçirən subyektlərin dairəsi, həmçinin onlar tərəfindən hansı hallarda və şəraitdə notariat hərəkətlərinin həyata keçirilməsinin mümkünlüyü dəqiq göstərilmişdir. Bundan fərqli olaraq, qanunvericilikdə yerli özünüidarə orqanları tərəfindən MM-in 1179.2-ci maddəsində nəzərdə tutulmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələrin təsdiq edilməsi səlahiyyətinin realizə edilmə mexanizmi müəyyənləşdirilməmişdir.
Bundan başqa, «Notariat haqqında» Qanunun 18-ci maddəsinə görə notariat kontorları olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsləri təsdiq edirlər. MM-in 1179.2-ci maddəsinə əsasən isə notariusun olmadığı yerlərdə həmin sənədlərin təsdiqi yerli özünüidarə orqanlarına həvalə edilmişdir. Belə qeyri-müəyyənlik notariusun olmadığı yerlərdə vəsiyyətnamənin təsdiq edilməsində problemlərin yaranmasına səbəb olur.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci və 12-ci bəndlərinə əsasən Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadəyə, bu hüquqların və azadlıqların dövlət təminatına, əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəliyə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66, 67, 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
1. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir.
2. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 12-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində nəzərdə tutulmuş notariusun olmadığı yerlərdə yerli özünüidarə orqanları tərəfindən vəsiyyətnamənin təsdiq edilməsi səlahiyyətinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                 Fərhad Abdullayev