ANA SƏHİFƏ » Qərarlar » 29.06.07 R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMKnın 18/05/06-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali  Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
29 iyun 2007-ci il                                                                                               Bakı şəhəri
 
     Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev (məruzəçi-hakim), S.Həsənova, B.Qəribov, R.Qvaladze, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi R.Cavadov və ərizəçinin nümayəndəsi A.Bağırovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq  konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəf - Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin nümayəndəsi A.Bağırovun  çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Mülki işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçılar Cavadov Rafiq Əjdər oğlu, Cavadov Əliağa Vaqif oğlu, Babayeva Sevinc Əli-məmməd qızı, Ələsgərova Kəmalə Rafiq qızı və Cavadova Hürmət Tofiq qızı, cavabdehlər Əsgərov Əli Teymur oğlu, Əsgərov Surxay Əli oğlu, Əsgərova Şahnaz Əli qızı və Əsgərova Təranə Məji qızına qarşı mənzilə olan yaşayış hüquqlarının itirilməsi haqqında ilkin iddia ilə məhkəməyə müraciət etmişlər.
İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Qorki küçəsi, dalan 6 ünvanında yerləşən 6 saylı 9 otaqlı mənzilin 2 otağı evin mülkiyyətçisi olmuş X.Cavadova tərəfindən 1982-ci ildən Ə.Əsgərov və onun ailəsinə müvəqqəti yaşamaq üçün kirayəyə verilmiş və onlar 2005-ci ilədək bu evdə yaşamışlar. X.Cavadova vəfat etdikdən sonra göstərilən mənzilə vərəsəlik qaydasında paylar müəyyən olunmuş və iddiaçılar öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirmişlər. Ehtiyacları olduğuna görə cababdehlərə bir neçə dəfə mənzili boşaltmaq barəsində müraciət etsələr də, bu təkliflər nəticə vermədiyindən iddiaçılar məhkəməyə müraciət etmişlər.
Cavabdeh Ə.Əsgərov və digərləri isə faktiki alğı-satqının bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız sayılması və qeydiyyat vəsiqəsinin qismən etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Tələblərini onunla əsaslandırmışlar ki, mübahisəli mənzili onun mülkiyyətçisi X.Cavadovadan əvəzi ödənilməklə 1982-ci ildə almışlar.
Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə əsas iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir.
Məhkəmə 3 nəfər şahidin ifadələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki,  cavabdeh Ə.Əsgərov 1982-ci ilin fevral ayında 12.000 rubl məbləğində pul verərək X.Cavadovadan mübahisəli mənzili almış, daimi pasport qeydiyyatına düşərək ailə üzvləri ilə birlikdə orada yaşamış, 8 iyun 1982-ci  il tarixdə X.Cavadova vəfat etdiyindən yaşayış sahəsinin alğı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdir.
İddiaçılar R.Cavadov və digərləri qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın təmin edilərək qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər.
Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Apellyasiya Məhkəməsinin MİÜMK) 18 yanvar 2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK) 18 may 2006-cı il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 10 avqust 2006-cı il tarixli məktubu ilə əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.
R.Cavadov və digərləri şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmişlər.
Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - əvvəlki MM) 43-cü maddəsini düzgün tətbiq etməmişlər, nəticədə isə onların Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Mülki işin predmeti mülkiyyət hüququnun mübahisələndirilməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun toxunulmazlığı, onun əmələ gəlməsi və mülkiyyət hüququna xitam verilməsi ilə bağlı, habelə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının, beynəlxalq hüquq normalarının məzmununu və bununla bağlı, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini bir çox qərarlarında, o cümlədən F.Əliyevanın şikayəti üzrə 7 aprel 2006-cı il tarixli, C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli, C.Abdullayevanın şikayəti ilə əlaqədar 13 aprel 2007-ci il tarixli və digər qərarlarında vurğulamışdır. Həmin qərarlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ, onun əmələ gəlməsi, mülkiyyət hüququna xitam verilməsi yalnız qanunvericilikdə göstərilən qaydada tənzimlənməlidir.
Tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş əvvəlki MM-in 43-cü maddəsinin I hissəsinə görə əqdlərin notariat qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydasında təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur. Bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. Bununla belə əvvəlki MM-in 43-cü maddəsinin II hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariat qaydasında təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
Həmin normanın tətbiqi ilə bağlı S.Əliyevanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
Əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatlar da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin maddədə isə nəzərdə tutulmuşdur ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur.
Lakin işə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə zidd olaraq mübahisəli alğı-satqını bağlanmış hesab etməyə əsas verən halları tam, hərtərəfli araşdırmayaraq, yalnız şahid ifadələrinə əsaslanmaqla qarşılıqlı iddianı təmin etmişdir.
Konstitusiya Məhkəməsininin Plenumu həmçinin qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki MM-in iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Birinci instansiya məhkəməsi Ə.Əsgərovun mübahisəli mənzili 1982-ci ildə X.Cavadovadan aldığını, onların arasında faktiki olaraq alğı-satqının aparıldığını, lakin sonuncunun ölümünə görə həmin əqdin rəsmiləşdirilmədiyini müəyyən etmişdir.
Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Qanun isə alğı-satqı ilə bağlı birmənalı qaydalar müəyyənləşdirir. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfə hüquqlarının qorunması məqsədilə öz tələblərinin təmin olunması üçün məhkəməyə müraciət etməyə əsas verir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir (S.Əliyevanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni həll edərkən nəzərə almamışdır ki, əvvəlki MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin «iddia müddətinin tətbiq edilməsinin məcburiliyi» adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə uyğun olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bu normaya əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.1-ci maddəsində göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 9.3-cü maddəsi).             
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 88 və 217.1-ci maddələri).
Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, birinci instansiya məhkəməsi işə MPM-in 9.1, 9.3, 88 və 217.1-ci maddələrinin tələblərini pozmaqla baxmış, əvvəlki MM-in tətbiq edilməli olmayan 43-cü maddənin II hissəsini tətbiq etmiş, əvvəlki MM-in tətbiq edilməli olan 42, 44 və 230-cu maddələrini tətbiq etməmiş, nəticədə, ərizəçilərin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Lakin işə baxmış Apellyasiya Məhkəməsinin MİÜMK mülki-prosessual qanunvericiliyin göstərilən tələblərini pozaraq 18 yanvar 2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi  apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası  məhkəməsinin  qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.
Buna baxmayaraq, Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarına əməl olunmadan baxıldığını nəzərə almayaraq 18 may 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin iş üzrə qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in 416 və 418.1-ci maddələrinin tələblərini pozmuşdur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 18 may 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, MPM-in 416 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
R.Cavadov və digərlərinin Ə.Əsgərov və digərlərinə qarşı mənzilə olan yaşayış hüquqlarının itirilməsi haqqında iddiasına, habelə Ə.Əsgərovun R.Cavadov və digərlərinə qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız sayılması və qeydiyyat vəsiqəsinin qismən etibarsız hesab edilməsi ilə əlaqədar qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 18 may 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                                               Fərhad Abdullayev