ANA SƏHİFƏ » Qərarlar » 29.06.07 Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI   KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair
 
 
29 iyun  2007-ci il                                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi Q. Hüseynovun,
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Neftçala rayon məhkəməsinin əməkdaşı E.Rəhmanovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Qabil Hüseynovun şikayətinə əsasən məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçi Q.Hüseynovun, cavabverənin nümayəndəsi E.Rəhmanovun çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Neftçala rayon məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli, 2-117 saylı qətnaməsi ilə Qasım Bədəlovun cavabdeh Qabil Hüseynova qarşı Kürqarabucaq kənd bələdiyyəsindən əməkhaqqı və işdən çıxma müavinəti tələbinə dair iddiası təmin edilmiş, əməkhaqqı və müavinətin Kürqarabucaq bələdiyyəsindən alınıb Q.Bədəlova verilməsi, həmçinin bələdiyyədən əlavə olaraq dövlət rüsumunun alınması qət edilmişdir.
Bu qətnamənin surəti Neftçala rayon məhkəməsi hakiminin imzaladığı 10 noyabr  2006-cı il tarixli, 2-117 saylı məktubla cavabdehə göndərilmişdir.
Q.Hüseynov 10 dekabr 2006-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Neftçala rayon məhkəməsinin 15 dekabr 2006-cı il tarixli, 2-117 saylı qərardadı ilə prosessual müddət buraxıldığı üçün verilmiş apellyasiya şikayəti Q.Hüseynova qaytarılmışdır.
Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qətnaməsindən 11 dekabr 2006-cı il tarixdə məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 3 ay sonra apellyasiya şikayəti vermiş və şikayətində məhkəmənin qətnaməsini 24 noyabr 2006-cı il tarixdə almasını göstərsə də, buraxılmış müddətin üzrlü hesab edilib bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir.
Qeyd olunan qərardad, apellyasiya şikayəti və digər sənədlər 15 dekabr 2006-cı il tarixli, 21 saylı məktubla Q.Hüseynova göndərilmişdir. 
Q.Hüseynov 28 dekabr 2006-cı il tarixdə məhkəməyə təqdim etdiyi şikayət ərizəsi ilə qərardadla razı olmadığını və şikayətinin Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Həmin şikayətə Neftçala rayon məhkəməsi hakiminin əvəzi tərəfindən 1 fevral 2007-ci il tarixli, 17 saylı məktubla cavab verilmişdir. Məktubda göstərilmişdir: «Siz həmin qərardaddan məhkəməyə 28 dekabr 2006-cı il tarixdə, yəni şikayət vermə müddəti keçəndən sonra şikayət vermişsiniz. Həmin müddətin bərpası üçün müraciət etməmiş və həmin şikayətinizdə məhkəmə qərarının surətinin alınma vaxtını da göstərməmisiniz. Ona görə də şikayətinizlə əlaqədar sənədlər AR MPM-in 267-268-ci maddələrinin tələblərinə əməl edilməsi üçün Sizə qaytarılır».
Q.Hüseynov məhkəməyə müraciət, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı hüquqlarının pozulduğunu iddia edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət vermişdir. Ərizəçinin qənaətinə görə Neftçala rayon məhkəməsi hakiminin 1 fevral 2007-ci il tarixli, 17 saylı aktı ilə onun məhkəməyə müraciət hüququ pozulmuş, məhkəmə şikayətə müəyyən olunmuş müddətlər çərçivəsində qərardadla cavab verməli olduğu halda, qanunun tələblərinə zidd olaraq məktubla cavab vermiş, onu yuxarı məhkəməyə müraciət etmək hüququndan əsassız və qanunsuz olaraq məhrum etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi ilə təminat verilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququndan məhrum etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu mülki işin mahiyyətinə toxunmadan, iş üzrə prosessual müddətlərə riayət olunması və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Mülki işin materiallarından və şikayətə əlavə olunmuş «Azərpoçt» dövlət müəssisəsinin Neftçala MPŞ-nin verdiyi qəbzlərdən və təsdiq etdiyi sənədlərdən görünür ki, qətnamənin surətinin Q.Hüseynova göndərildiyi 10 noyabr 2006-cı il tarixli, 2-117 saylı məktub ona 24 noyabr 2006-cı il tarixdə təqdim olunmuşdur. Ərizəçinin apellyasiya şikayəti məhkəməyə 10 dekabr 2006-cı il tarixdə çatdırılmışdır. Neftçala rayon məhkəməsinin 15 dekabr 2006-cı il tarixli, 2-117 saylı qərardadı və müşayiətedici məktub isə ərizəçiyə 28 dekabr 2006-cı il tarixdə təqdim olunmuş və elə həmin gün ərizəçi bu qərardaddan məhkəməyə şikayət vermişdir. Sonuncu şikayətə Neftçala rayon məhkəməsi hakiminin əvəzi tərəfindən 1 fevral 2007-ci il tarixli, 17 saylı məktubla cavab göndərilmiş və şikayətin müddət keçəndən sonra verildiyi bildirilmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət qərardad tərəfə rəsmi təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (MPM-in 267-269 və 396-cı maddələri).
MPM-in 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. MPM-in birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsi müddətindən bəhs edən 396.1-ci maddəsinə uyğun olaraq şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi təqdim edilən gündən 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
MPM-in 397-ci maddəsinə görə həmin Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Mülki-prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün də müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. MPM-in «Apellyasiya şikayətinin verilmə müddəti» adlanan 360-cı maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər.
İşdən göründüyü kimi, Neftçala rayon məhkəməsi qətnamədən verilmiş şikayəti ərizəçiyə qaytararkən məhz qətnamənin çıxarıldığı tarixə istinad etmiş, həmin qətnaməni tərəfin 24 noyabr 2006-cı il tarixdə aldığını təsdiqləsə də, buraxılmış müddətin üzrlü hesab edilib bərpa olunması barədə vəsatətin verilmədiyini əsas götürərək şikayəti geri qaytarmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar olaraq qeyd edir ki,  qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur.
Həmçinin iş materiallarından görünür ki, sözügedən və ərizəçinin iştirakı olmadan elan edilmiş qərardad 28 dekabr 2006-cı il tarixdə ərizəçiyə təqdim edilmiş və ərizəçi həmin gün göstərilən qərardaddan məhkəməyə şikayət təqdim etmişdir. Məhkəmə şikayətə 3 gün müddətində baxmalı olduğu, şikayət əsaslı olduğu halda qərardadı dəyişdirib və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yalnız 33 gün keçdikdən sonra ərizəçiyə məktubla cavab vermişdir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq- hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur:
1)  qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu;
2)  məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması;
3)  müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.
Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».
Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.
Hazırkı işdə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq ərizəçiyə məktubla cavab verməklə, onu məhkəmənin hərəkətlərindən narazı qaldığı halda yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin şikayətinə prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin kobud şəkildə pozulması ilə 33  gündən sonra cavab verilməsi də məhkəmə müdafiəsi hüququnun əsas prinsiplərindən olan hər kəsin işinə ağlabatan müddətlərdə baxılması prinsipi ilə bir araya sığan hesab edilə bilməz.
Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən 23 aprel 2004-cü il tarixli Qərarında məsələ ilə bağlı  hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda, qaydada və müddətlərdə məhkəmə aktının (qətnamə və ya qərardadın) əvəzinə məhkəmə və ya hakim tərəfindən hər hansı deklarativ qərarın, o cümlədən məktubun tərtibi və göndərilməsi, konkret hallardan asılı olaraq belə qərarın və ya məktubun məhkəmə aktı kimi qəbul olunmasına səbəb ola bilər.
Beləliklə, Neftçala rayon məhkəməsinin 1 fevral 2007-ci il tarixli, 17 saylı məktubu ilə ərizəçinin məhkəməyə müraciət hüququ pozulmuş, bu isə öz növbəsində pozulmuş hüquqların bərpasına yönəlmiş məhkəmə müdafiəsi vasitələrinin tükənməsinə səbəb olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu məhkəməyə müraciət hüququnun ədalətli məhkəmə baxışının təmin edilməsi baxımından əhəmiyyətinə dair öz qərarlarında ifadə etdiyi hüquqi mövqelərə zidd olaraq, ümumi yurisdiksiyalı məhkəmələrin hakimləri tərəfindən oxşar səhvlərin buraxılmasını yolverilməz hesab edir və qanunvericiliyin tələblərinin kobud pozuntusu kimi qiymətləndirir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ərizəçinin məhkəməyə müraciət hüququnun pozulmasına səbəb olmuş və məhkəmə aktı kimi qəbul edilən Neftçala rayon məhkəməsinin 1 fevral 2007-ci il tarixli, 17 saylı məktubu Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 268-269 və 397-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
1. Qasım Bədəlovun Qabil Hüseynova qarşı Kürqarabucaq kənd bələdiyyəsindən əməkhaqqı və işdən çıxma müavinəti tələbinə dair iddiası üzrə məhkəmə aktı kimi qəbul edilən Neftçala rayon məhkəməsinin 1 fevral 2007-ci il tarixli, 17 saylı məktubu Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual  Məcəlləsinin 268-269 və 397-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.
İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi», qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                Fərhad Abdullayev