ANA SƏHİFƏ » Qərarlar » 13.02.07 Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Cavid Nurəddin oğlu  İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
13 fevral 2007-ci il                                                                                   Bakı şəhəri
 
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi C.İsmayılzadənin, onun nümayəndəsi C.Cəfərovun,  
cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 may 2006-cı il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılması barədə C.İsmayılzadənin şikayəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin nümayəndəsi C.Cəfərovun, cavabverənin nümayəndəsi Ə.Mirzəliyevin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
 C.İsmayılzadə şikayətində göstərir ki, 1986-cı ildən mənzil şəraitini yaxşılaşdırmaq üçün 4 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsində olmuşdur. «Elm-2» mənzil tikinti kooperativinə (bundan sonra-MTK) məxsus Bakı şəhəri, Lermontov küçəsi, 3 saylı evin 59 saylı 2 otaqlı kooperativ mənzili kooperativ üzvlərinin ümumi yığıncağının 10 noyabr 1991-ci il tarixli qərarı və müvafiq orderlə ona verilmişdir.
1992-ci ildə A.Hüseynovanın ona qarşı həmin mənzildən çıxarılmasına dair qaldırdığı iddia tələbi müxtəlif məhkəmə instansiyaları tərəfindən əsassız olduğundan təmin edilməmişdir. A.Hüseynova həmin aktlardan müxtəlif orqanlara şikayətlər etmiş, onlardan birinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 aprel 2004-cü il tarixli məktubu ilə bu şikayətlərin əsassız olduğu bildirilmişdir.
Lakin sonuncu məhkəmə aktları qəbul edildikdən 11 il sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra - Ali Məhkəmənin Plenumu) 26 avqust 2005-ci il tarixli qərarı ilə bu mülki iş üzrə çıxarılmış məhkəmə qərarları ləğv edilmiş, iş yenidən baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir.
Həmin mülki işə yenidən baxan məhkəmə instansiyalarının aktları ilə A.Hüseynova və F.Rəsulovanın əsas və əlavə iddia tələbləri təmin edilmişdir.
Əlavə kassasiya qaydasında şikayətinə cavab olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 23 avqust 2006-cı il tarixli məktubu ilə  işin Ali Məhkəmənin Plenumunda baxılması üçün əsasların olmadığı bildirilmişdir.
Ərizəçi işə yenidən baxan məhkəmələrin qəbul etdikləri aktlarda Azərbaycan Respublikası Konstitusiyasının, 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bir sıra normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  «2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında» 3 avqust 2001-ci il tarixli qərarındakı hüquqi mövqelərin nəzərə alınmaması nəticəsində onun hüquq və azadlıqlarının məhkəmə təminatının, mülkiyyət hüququnun (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin) pozulduğunu göstərərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Apellyasiya Məhkəməsinin MİÜMK-sı) 2 may 2006-cı il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MİÜMK-sı) 3 avqust 2006-cı il tarixli qərarının ləğv edilməsini  xahiş edir.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Elmlər Akademiyasının «Elm-2» MTK-ya məxsus olan Bakı şəhəri, Lermontov küçəsi, 3 saylı evin 59 saylı mübahisəli mənzili uzun müddət sahibsiz və boş qaldığına görə kooperativ üzvlərinin ümumi yığıncağının 10 noyabr 1991-ci il tarixli qərarı və Səbail rayon İcra hakimiyyəti başçısının 22 aprel 1992-ci il tarixli 1728 saylı sərəncamı əsasında 25 may 1992-ci il tarixli 006681 saylı order ilə mənzil şəraitini yaxşılaşdırmaq üçün 4 aprel 1986-cı ildən növbədə olan C.İsmayılzadəyə verilmişdir. O, 1991-ci ildən bu günədək həmin mənzildə yaşayır və 17 may 2002-ci il tarixdən onun mülkiyyətçisidir.
Səbail rayon Xalq Məhkəməsinin 24 mart 1992-ci il tarixli qətnaməsilə A.Hüseynovanın C.İsmayılzadəyə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası iddiaçının heç vaxt mənzildə yaşamaması, 11 yanvar 1992-ci il tarixdə tərtib edilmiş vəkalətnamədə A.Hüseynovaya mənzildə yaşamaq hüququnun deyil, mənzili və əmlakı qorumaq səlahiyyətinin verilməsi, C.İsmayılzadənin mübahisəli mənzilə kooperativin idarə heyətinin razılığı ilə köçürüldüyündən onu zəbt etməməsi əsas tutularaq rədd edilmişdir.
Bakı şəhər Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası isə bu qətnaməni ləğv edərək işin yeni məhkəmə baxışına göndərilməsinə dair 21 aprel 1992-ci il tarixli qərardad çıxarmışdır.
Bakı şəhər Məhkəməsi Rəyasət Heyətinin 10 iyul 1992-ci il tarixli qərarına əsasən  Səbail rayon Xalq  Məhkəməsinin 24 mart 1992-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 1994-cü ilin ortalarınadək bu mülki iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında müxtəlif aktlar qəbul edilmişdir.
Nəhayət, birinci instansiya məhkəməsi kimi həmin mülki işə baxmış Ali Məhkəmənin MİÜMK-sı 8 iyul 1994-cü il tarixli qətnaməsilə A.Hüseynovanın C.İsmayılzadəyə və Səbail rayon İcra hakimiyyətinə qarşı mübahisəli mənzilə verilmiş orderin etibarsız hesab edilməsi və cavabdehin ailəsilə birlikdə mübahisəli mənzildən çıxarılmasına dair iddiasını əsassız olduğuna görə təmin etməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin (bundan sonra-Ali Məhkəmənin RH-sı) 24 yanvar 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Prokurorluğunun bu qətnamədən nəzarət qaydasında verdiyi protest təmin edilməmişdir.
Ali Məhkəmənin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsində və Ali Məhkəmənin RH-nin 24 yanvar 1995-ci il tarixli qərarında göstərilmişdir ki,  mübahisəli mənzilin əvvəlki sakini Azərbaycan Respublikasında mülkiyyət münasibətlərini tənzimləyən qanunvericilik normaları baxımından mülkiyyətçi olmadığından və həmin mənzildə uzun müddət yaşamadığından, Bakı şəhərindən daimi getdiyindən  mənzilə olan hüquqlarını itirmiş, kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və bu qərar əsasında Səbail rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə orderin verilməsi qanuni olmuş, 11 yanvar 1992-ci il tarixdə A.Hüseynovaya verilmiş etibarnamədə ona əmlakın saxlanılması və mühafizəsinə dair səlahiyyətli olduğu göstərilmiş, F.Rəsulovaya verilən 3 sentyabr 1992-ci il tarixli etibarnamə qeyd olunan mənzilin A.Hüseynovaya satılmasını rəsmiləşdirmək üçün verilmiş, lakin onların heç biri etibar edən tərəfindən imzalanmamışdır. Bundan başqa, ikinci etibarnamə etibar edənin kooperativ üzvlüyündən azad edildiyi 10 noyabr 1991-ci il tarixdən sonra, yəni 3 sentyabr 1992-ci ildə tərtib edilmişdir. Mənzilin əvvəlki sakininin A.Hüseynovanın ondan qeyd olunan mənzilin və ev əşyalarının bir hissəsini 40 (qırx) min rubla satın almasına dair tərtib etdiyi arayış da Mülki Məcəllənin tələblərinə cavab vermədiyi üçün alqı-satqı müqaviləsi kimi qəbul olunmamışdır.
Lakin uzun müddət keçdikdən sonra Ali Məhkəmənin Plenumu əlavə kassasiya qaydasında işə baxaraq 26 avqust 2005-ci il tarixli qərarı ilə Ali Məhkəmənin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsini və onunla əlaqədar Ali Məhkəmənin RH-nin 24 yanvar 1995-ci il tarixli qərarını ləğv etmiş və işə yenidən baxılmaq üçün Səbail rayon məhkəməsinə göndərmişdir.
Plenum hesab etmişdir ki, birinci instansiya məhkəməsi kimi Ali Məhkəmənin MİÜMK-sı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddianı rədd edərkən əsasən F.Rəsulova və A.Hüseynovanın mənzilin əvvəlki sakini tərəfindən onlara verilmiş etibarnamənin əslini təqdim edə bilməmələrinə istinad etmiş, mübahisəli mənzilin pay haqqının tam ödənilməsinə qiymət verməmiş, F.Rəsulovaya verilmiş etibarnaməni nəzərə almamış, MPM-nin 321-ci maddəsinin tələbi baxımından mənzilin əvvəlki sakininin iştirakının təmin olunması və yazılı izahatının alınması barədə heç bir tədbir görməmişdir.
Digər tərəfdən Plenum qərarında «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli qərarının 5-ci maddəsinin tələblərinin pozulmasını da əsas götürmüşdür.
Səbail rayon məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsilə A.Hüseynova və F.Rəsulovanın C.İsmayılzadəyə qarşı orderin, qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması, mənzildən və pasport qeydiyyatından çıxarılma, mənzilə köçürülmə tələblərinə dair iddiası təmin olunaraq mübahisəli mənzilin C.İsmayılzadəyə verilməsi barədə order və həmin mənzilə dair 17 may 2002-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab olunmuş, bu mənzilə dair A.Hüseynovanın adına qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmış, C.İsmayılzadənin ailə üzvləri ilə birlikdə göstərilən mənzildən, həmçinin pasport qeydiyyatından çıxarılması və A.Hüseynovanın həmin mənzilə köçürülməsi qət edilmişdir.
Məhkəmənin gəldiyi qənaətə görə mənzilin əvvəlki sakini  həmin dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü hissəsinə əsasən öz mənzilinə dair sərəncam vermək hüququnda sərbəst olmuşdur. A.Hüseynova tərəfindən mübahisəli mənzilin dəyəri – 40 min rubl məbləğində ona ödənilmişdir. Bundan başqa o, mənzilin alqı-satqısının rəsmiləşdirməsi üçün müvafiq sənədləri A.Hüseynovaya vermişdir. 3 sentyabr 1992-ci il tarixdə F.Rəsulovaya verilmiş etibarnamədə ona əmlakını idarə və ondan istifadə etmək, qanunun icazə verdiyi bütün əqdləri bağlamaq hüququ və digər səlahiyyətlər göstərilmişdir. Bu baxımdan məhkəmə mənzilin əvvəlki sakini ilə A.Hüseynova arasında alqı-satqı müqaviləsini həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinin müddəalarına əsasən bağlanmış hesab etmişdir.
Apellyasiya Məhkəməsinin MİÜMK-sı 2 may 2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin qətnaməsini, Ali Məhkəmənin MİÜMK-sı isə 3 avqust 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  C.İsmayılzadənin konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, 1 sentyabr 2000-ci il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - əvvəlki MPM) və həmin tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruriliyini nəzərə alaraq   aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin VI və VII hissələri, 60-cı maddəsinin I hissəsi).
Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir.
Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
Əvvəlki MPM-nə əsasən məhkəmə orqanlarına aid olan mülki işlərə birinci  instansiya məhkəmələri kimi baxmaq səlahiyyətinə rayon (şəhər) xalq məhkəmələri malik olmuşlar. Lakin, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxcıvan MR Ali Məhkəməsi və Bakı şəhər məhkəməsi də mülki işləri birinci instansiya məhkəmələri kimi öz icraatlarına qəbul etməyə haqlı idilər (əvvəlki MPM-nin 115-117-ci maddələri). Bu Məcəlləyə görə qanuni qüvvəyə minməmiş qətnamələrdən işdə iştirak edən şəxslər, həmçinin müvafiq prokurorlar 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxcıvan MR Ali Məhkəməsi və Bakı şəhər Məhkəməsinə kassasiya qaydasında şikayət və ya protest verə bilərdilər (əvvəlki MPM-nin 295-297-ci maddələri). O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi kimi işə baxmış Ali Məhkəmənin MİÜMK-nın qətnaməsi elan edilən andan dərhal qanuni qüvvəyə minirdi və ondan kassasiya şikayəti və protesti verilə bilməzdi (əvvəlki MPM-nin 212-ci maddəsinin 2-ci hissəsi, 295-ci  maddəsinin 3-cü hissəsi). Bu Məcəllənin 327-ci maddəsinə əsasən şikayət və protestlə bağlı kassasiya instansiyası məhkəməsinin qərardadı da çıxarıldığı vaxtdan qanuni qüvvəyə minirdi və ondan şikayət vermək hüququ nəzərdə tutulmurdu.
Bununla belə, göstərilən Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanuniliyi və əsaslılığının təmin edilməsi məqsədilə onlara məhkəmə nəzarəti qaydasında yenidən baxılması prosedurunu, protest vermək hüququ olan şəxslərin dairəsini, habelə bu halda işlərə baxan məhkəmələr və onların səlahiyyətlərini və s.  tənzimləyən prossesual mərhələ də müəyyənləşdirilmişdir. Bu mərhələnin həyata keçirilməsi isə səlahiyyətli prokurorların və məhkəmə sədrlərinin protest vermələrindən asılı idi (əvvəlki MPM-nin 333-cü, 334-cü və 342-ci maddələri).
Həmin Məcəlləyə əsasən Azərbaycan Respublikası Prokurorunun müavinləri və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavinləri məhkəmə nəzarəti qaydasında birinci instansiyası məhkəməsi kimi işə baxmış Ali Məhkəmənin MİÜMK-nın qətnaməsindən Ali Məhkəmənin RH-nə protest vermək hüququna malik idilər. Ali Məhkəmənin RH-nin qərarlarından son prossesual müdafiə vasitəsi kimi Ali Məhkəmənin Plenumuna protest isə Azərbaycan Respublikasının Baş Prokuroru və Azərbaycan Respublikasının Ali Məhkəməsi sədri tərəfindən verilə bilərdi (əvvəlki MPM-nin 333-cü, 334-cü maddələri).
İş materiallarında olan sənədlərdən görünür ki, A.Hüseynova və F.Rəsulovanın C.İsmayılzadəyə qarşı iddia tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın qətnaməsindən Azərbaycan Respublikası Prokurorunun müavininin məhkəmə nəzarəti qaydasında verdiyi protest Ali Məhkəmənin RH-nın qərarı ilə təmin edilməmişdir.
A.Hüseynova və F.Rəsulova isə əvvəlki MPM-nə görə məhkəmə qərarlarının qanunsuzluğunun və əsassızlığının aradan qaldırılması ilə bağlı son prosessual müdafiə vasitəsi kimi Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən bu qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna protest verilməsinə qəti etirazlarını bildirmişlər.
Beləliklə, Ali Məhkəmənin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin RH-nin 24 yanvar 1995-ci il tarixli qərarı əvvəlki MPM-də nəzərdə tutulmuş bütün prosessual müdafiə vasitələri tükəndiyindən qüvvədə qalmış, 1 sentyabr 2000-ci il tarixdən isə Azərbaycan Respublikasının yeni MPM-si qüvvəyə minmişdir.
Məhkəmə sistemi də daxil olmaqla aparılan hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə formalaşdırılan daha mükəmməl və etibarlı müdafiə mexanizmlərinin tətbiqinin zaman baxımından qeyri-bərabər təsir dairəsinin aradan qaldırılması, yaxud da minimuma endirilməsi zərurəti normativ-hüquqi, o cümlədən normativ xarakterli aktlarda müəyyənləşdirilmiş qayda və şərtlərə riayət etməklə belə islahatlardan əvvəl çıxarılmış və qanunsuzluğu, əsassızlığı ehtimal olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (aktlarının) mübahisələndirilməsi imkanını istisna etmir.
Belə ki, 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsilə əlaqədar qəbul olunmuş «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 5-ci bəndində həmin Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlara müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla  bilməsi müəyyənləşdirilmişdir.
Belə qaydanın mülki işlər üzrə çıxarılmış məhkəmə qərarlarına (aktlarına) aid edilməsini zəruri hesab edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında» 3 avqust 2001-ci il tarixli qərarında göstərmişdir ki, bu qərar qüvvəyə mindiyi gündən 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrində (357-401, 402-431, 432-438-ci maddələr) nəzərdə tutulmuş qaydada və müddətlərdə apellyasiya və kassasiya instansiyalarına şikayət verilə bilər.
Göründüyü kimi Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyində də məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir.
Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə  riayət  edilməsilə əlaqələndirmişdir.
Belə ki, MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində, kassasiya şikayəti isə həmin Məcəllənin 405-ci maddəsinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər (MPM-nin 393-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir).
Qanunverici MPM-nin 422-438-ci maddələrində qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanuniliyi və əsaslılığına əlavə təminat institutları kimi əlavə kassasiya qaydasında icraat və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat mərhələləri nəzərdə tutmuşdur. Bununla belə bu icraatların başlanması da şikayətin (ərizənin) verilməsilə bağlı müvafiq müddətlərə əməl edilməsi müqabilində mümkündür.
Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə əlavə kassasiya qaydasında təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə isə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş MPM-nin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq verilə bilər (MPM-nin 426.2, 434.1-ci maddələri).
Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında» 3 avqust 2001-ci il tarixli qərarına əsasən həmin qərar qüvvəyə mindiyi gundən A.Hüseynova və F.Rəsulovanın yuxarıda göstərilən məhkəmə qərarlarından MPM-in 426.2-ci maddəsinə müvafiq olaraq 2 ay müddətində Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında şikayət vermək hüququ yaranmış, lakin ondan vaxtında istifadə edilməmişdir.
Belə ki, iş materiallarında olan sənədlərdən, o cümlədən A.Hüseynova və F.Rəsulovanın 13 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim etdikləri şikayət ərizəsindən görünür ki, onlar müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, şikayətlərinin Ali Məhkəməyə təqdim edildiyi 22 may 2001-ci il tarixdə isə MPM-də əvvəlki məhkəmə aktlarından şikayət vermək huququ mövcud olmamışdır. Onlar həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 avqust 2001-ci il tarixli qərarına əsasən əmələ gəlmiş bu hüququn reallaşdırılması məqsədilə müəyyənləşdirilmiş prosessual müddətə riayət etməklə bilavasitə Ali Məhkəmənin özünə əlavə kassasiya qaydasında MPM-nin 425-ci maddəsinin tələbinə cavab verən şikayət verməmişlər. Belə hallarda isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından yenidən verilən şikayətin təmin olunması  yolverilməzdir.
Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın  mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.
Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-nə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2-ci və 15.3-cü maddələri).
Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, «Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi).
Bu baxımdan A.Hüseynovanın 11 ildən sonra (1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş MPM-də nəzərdə tutulmuş, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 avqust 2001-ci il tarixli qərarının imkan verdiyi  müdafiə vasitələri tükəndikdən sonra) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəni artıq bir dəfə həll etmiş və qanuni qüvvəyə minmiş yekun və məcburedici məhkəmə qərarlarından (aktlarından) MPM-in 426.2-ci maddəsində müddətlə bağlı müəyyənləşdirilmiş tələbə riayət etmədən əlavə kassasiya qaydasında verdiyi şikayəti təmin etmiş Ali Məhkəmə Plenumunun 26 avqust 2005-ci il tarixli qərarının, habelə həmin qərar əsasında işə yenidən baxaraq mübahisəni mahiyyət üzrə əvvəlkindən əks tərzdə həll etmiş birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarının yaratdıqları indiki hüquqi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasında müəyyənləşdirilmiş hüquq və azadlıqların müdafiəsi təminatları (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 71-ci maddənin VII hissəsi) və MPM-nin prinsip və müvafiq normaları baxımından yolverilməzdir.
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
Təsadüfi deyildir ki, MPM-nin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələrindən biri kimi onun qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi də öz əksini tapmışdır.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Lakin mübahisənin həll edilməsindən uzun müddət keçməsinə baxmayaraq işin yeni məhkəmə baxışına çıxarılması və fərqli məhkəmə aktlarının qəbul edilməsi nəticəsində faktiki olaraq C.İsmayılzadənin aşkar şəkildə mülkiyyət hüququ pozulmuşdur.
Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu bu qənaətə gəlir ki, A.Hüseynova və F.Rəsulovanın C.İsmayılzadəyə qarşı iddiası üzrə mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 8 iyul 1994-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi RH-nin 24 yanvar 1995-ci il tarixli qərarı ilə artıq bir dəfə həll olunduğu, habelə bu aktlardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya qaydasında şikayət verilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında» 3 avqust 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Belə halların mövcudluğu isə MPM-nin 426.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilmədən verilmiş bu şikayətin əlavə kassasiya qaydasında yenidən baxılmasının mümkünlüyünü istisna edir.
Göstərilənlərə əsasən həmin şikayətlə bağlı mülki işə yenidən baxılmasına səbəb olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 avqust 2005-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və VII hissələrinə, MPM-nin 426.2-ci maddəsinə, eləcə də bu qərara əsasən çıxarılmış (qəbul olunmuş) Səbail rayon məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 2 may 2006-cı il tarixli qətnaməsi və Ali Məhkəmənin MİÜMK-nın 3 avqust 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
 1. A.Hüseynova və F.Rəsulovanın C.İsmayılzadəyə qarşı iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 avqust 2005-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və VII hissələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 426.2-ci maddəsinə uyğun olmadığından, eləcə də bu qərara əsasən çıxarılmış (qəbul olunmuş) Səbail rayon məhkəməsinin 9 fevral 2006-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 2 may 2006-cı il tarixli qətnaməsi və Ali Məhkəmənin MİÜMK-nın 3 avqust 2006-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I və II hissələrinə, 60-cı maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarındakı hüquqi mövqe əsas tutulmaqla həmin mülki işə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi», qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
 Sədrlik edən                                                               Fərhad Abdullayev