ANA SƏHİFƏ » Qərarlar » 31.05.06 S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ının 28/12/04-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
31 may 2006-cı il                                                                                                Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi S.Əliyevanın, onun nümayəndəsi K.Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Salatın Ələsgər qızı Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri M.Sənani küçəsi, 41 saylı yaşayış evinin 3/24 hissəsini (bundan sonra-mənzil) təşkil edən üç otaqdan ikisi (bundan sonra-mübahisəli əmlak) mübahisənin predmeti olmuşdur. Həmin mənzil 1956-cı ildən V.Baqdasarovanın adına olmuş, 14 aprel 1972-ci ildə İ.Bağıryan onu almış və 24 may 1989-cu ildə G.Əliyevaya, sonuncu isə 24 may 1995-ci ildə T.Əliyevə satmışdır. Ərizəçi həmin mənzili 15 dekabr 2000-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən T.Əliyevdən almış və ona 26  yanvar 2001-ci ildə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir.
B.İsgəndərov 22 dekabr 2003-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək S.Əliyevanın mülkiyyətində olan üç otaqdan ikisini 1969-cu ildə İ.Bağıryandan almasını və pasport qeydiyyatına düşüb ailəsi ilə birlikdə həmin mənzildə yaşamasını, lakin alğı-satqını rəsmiləşdirməməsini, oğlu E.İsgəndərovun orada qeydiyyatda qalmasını göstərərək, İ.Bağıryanla mübahisəli əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini, S.Əliyevanın adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsini və paya görə yeni qeydiyyat vəsiqəsinin verilməsini xahiş etmişdir.
Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 5 fevral 2004-cü il tarixli qətnaməsi ilə B.İsgəndərovun iddiası təmin edilmişdir.
Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, B.İsgəndərov mübahisəli əmlakı 1969-cu ildə İ.Bağıryandan almış, mülkiyyətçi olmasa da, mülkiyyət hüququndan irəli gələn bütün vəzifələri 30 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız olaraq həyata keçirmiş, mənzilin digər bir otağı isə bir neçə dəfə alınıb-satılarkən müqavilələrdə bir otaq nəzərdə tutulsa da, İ.Bağıryanla iddiaçı arasında alğı-satqı müqaviləsi rəsmiləş-dirilmədiyindən, sonuncunun istifadə etdiyi mübahisəli əmlak da daxil olmaqla mənzil tam həcmdə bir neçə şəxsin və nəhayət S.Əliyevanın adına rəsmiləşdirilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 21 aprel 2004-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, S.Əliyevanın apellyasiya şikayəti təmin olunmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 14 iyul 2004-cü il tarixli qərarı ilə S.Əliyevanın kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 30 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin, Ali Məhkəmənin MİÜMK-nın  28 dekabr 2004-cü il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmə sədrinin 4 may 2005-ci il tarixli məktubu ilə S.Əliyevaya əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılması üçün əsasların olmadığı bildirilmişdir.
Ərizəçi Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində bildirir ki, məhkəmələr tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - qüvvədə olan MM) tətbiq edilməli olmayan 149.1 və 178.6-cı maddələri tətbiq edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 76, 130, 416, 417, 418.1 və 418.3-cü maddələri düzgün tətbiq edilməmiş və iddia müddətinin buraxılması nəzərə alınmamışdır. Nəticədə onun Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 29, 60, 71 və 127-ci maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Ərizəçi Ali Məhkəmənin MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüş hesab olunmasını və pozulmuş hüquqlarının bərpasını xahiş edir.
Mübahisəli mənzili S.Əliyevaya satmış T.Əliyev notariat qaydasında təsdiq edilmiş ərizə ilə Konstitusiya Məhkəməsinə müraciət edərək mənzilin üç otaqdan ibarət olmasını, 1995-ci ildən 2000-ci ilin sonunadək ailəsi ilə birgə orada yaşadığını və sonradan həmin üç otağı S.Əliyevaya satdığını göstərmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 71-ci maddəsinin I hissəsi və 127-ci maddəsinin II hissəsi).
Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və  2.2-ci maddələri).
Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və  prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri).
Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu  hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
Mülki işə baxan birinci instansiya məhkəməsi isə Konstitusiya və mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə müzakirə etdiyi dəlillərlə əsas-landırmaq əvəzinə yalnız bəzi sübutları sadalamaqla kifayətlənmiş və 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - əvvəlki MM) 43-cü maddəsinə və qüvvədə olan MM-in 178.6, 335.2 və 567-ci maddələrinə istinad edərək B.İsgəndərovun iddiasının əsaslı olması qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu məhkəmənin qətnaməsində tətbiq edilmiş normalarla bağlı bəzi məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir.
Qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir.
Birinci instansiya məhkəməsi isə qüvvədə olan MM-in yuxarıda göstərilən və tətbiq edilməli olmayan maddələrini tətbiq etməklə səhvə yol vermişdir.
Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisəli əmlakın B.İsgəndərov tərəfindən alınmasına dair hər hansı yazılı sübutun mövcud olmamasını müəyyən etsə də, qəbul etdiyi qətnamədə əvvəlki MM-in 43-cü maddəsinə istinadən belə nəticəyə gəlmişdir ki, B.İsgəndərov əqdi icra etmiş, lakin müəyyən səbəblər üzündən həmin əqd notariatda təsdiq edilməmişdir.
Göstərilən maddənin tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
Buna baxmayaraq, birinci instansiya məhkəməsi əvvəlki MM-in 43-cü maddəsini düzgün şərh etməyərək B.İsgəndərovla İ.Bağıryan arasında alğı-satqı müqaviləsini bağlanmış hesab etmişdir.
Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.
Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki MM-in iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldı-rılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.
Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya  qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi  qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).
Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Qanun isə alğı-satqı ilə bağlı birmənalı qaydalar müəyyənləşdirir. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfə hüquqlarının qorunması məqsədilə öz tələblərinin təmin olunması üçün məhkəməyə müraciət etməyə əsas verir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir.
Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, birinci instansiya məhkəməsi iddia müddətinin hesablanmasında da səhvə yol vermiş və nəzərə almamışdır ki, əvvəlki MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin «iddia müddətinin tətbiq edilməsinin məcburiliyi» adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 71-ci maddəsinin I hissəsinin, 127-ci maddəsinin II hissəsinin, MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələrinin tələblərini pozmaqla bax-mış, əvvəlki MM-in 43-cü maddəsini düzgün şərh etməmiş, qüvvədə olan MM-in tətbiq edilməli olmayan 178.6, 335.2 və 567-ci maddələrini tətbiq etmiş və əvvəlki MM-in tətbiq edilməli olan 73, 77, 78 və 82-ci maddələrini tətbiq etməmişdir.
Xüsusilə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qəbul etdiyi 14 iyul 2004-cü il tarixli qərarında göstərmişdir ki, E.İsgəndərovun cavabdeh S.Əliyevanın xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmasının təsdiq  edilməməsindən başqa iddiaçının mübahisəli əmlakın əvəzi ödənilməklə  alınması barədə hər hansı yazılı sübut növünün olub-olmaması və onun bu məsələni hazırkı vaxtadək mübahisələndirməməsinin səbəbləri işə baxmış məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Kassasiya instansiyası məhkə-məsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən əvvəlki MM-in 43-cü maddəsi düzgün tətbiq olunmamış, 73 və 82-ci maddələrinin tələbləri nəzərə alınmamış, 42-ci maddəsi tətbiq olunmamış və bu nöqsanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən də təkrarlanmışdır.
MPM-in 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
Buna baxmayaraq, Apellyasiya Məhkəməsinin MİÜMK qanunvericiliyin qeyd olunan tələblərini pozaraq Ali Məhkəmənin MİÜMK-nın 14 iyul 2004-cü il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirmədən və bu məqsədlə əlavə araşdırma aparmadan, işin müəyyən olunmuş hallarına əsasən iddiaçı tərəfindən mübahisəli əmlakın alınması barədə yazılı sübut təqdim olunmadığını göstərsə də, onun tərəfindən həmin əmlakın əvəzli şəkildə alınmasını ağlabatan hesab etməklə ümumi ehtimallarla kifayətlənərək birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olmayan qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin MİÜMK-nın sözügedən qərarında göstərilənlərə və əvvəlki MM-in 42-ci maddəsinin tələblərinə zidd olaraq, təkrarən birinci instansiya məhkəməsində şahid qismində dindirilən şəxslərin ifadələrinə istinad etmiş, həmçinin, qüvvədə olan MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımının şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlandığını, həmin Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddətinin on il təşkil etdiyini göstərərək, bu maddələrin tətbiqində səhvə yol vermiş və iddia müddətinin ötürülməməsinə dair yanlış qənaətə gəlmişdir.
MPM-in 416-cı maddəsi ilə kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq səlahiyyəti verilmişdir. MPM-in 418-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.
Sözügedən Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ-hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi əsaslarını nəzərdə tutan 418.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Lakin təkrar işə baxmış Ali Məhkəmənin MİÜMK, Apellyasiya Məhkəməsi MİÜMK tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərini yerinə yetirmədiyini, işə maddi və prosessual hüquq normalarına əməl etmədən baxıldığını nəzərə almayaraq, əvvəlki qərarına zidd olaraq 28 dekabr 2004-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlamış, bununla da MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə S.Əliyevanın Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
Q Ə R A R A  A L D I:
 
1. B.İsgəndərovun S.Əliyevaya və qeyrisinə qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və paya görə yeni qeydiyyat vəsiqəsinin verilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                Fərhad Abdullayev