ANA SƏHİFƏ » Qərarlar » 07.04.06 F.M.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 29.04.05-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
F.M.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
7 aprel 2006-cı il                                                                                                                  Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi F.Əliyevanın, ərizəçinin nümayəndələri R.Kuliyevin və R.Çukanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Əliyeva Fatmaxanım Məmməd qızının Həsənov İspəndiyar Hökumulla oğluna qarşı mənzildən çıxarılma tələbinə dair  mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  29 aprel  2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  uyğunluğunun yoxlanılmasına dair  konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçi F.M.Əliyevanın və onun nümayəndəsi R.Çukanovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
M Ü Ə Y Y Ə N  E T D İ:
 
Əliyeva Fatmaxanım Məmməd qızı Bakı şəhəri Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 25 sentyabr 2001-ci il tarixdə Həsənov İspəndiyar Hökumulla oğlu ilə alğı-satqı müqaviləsi bağlayaraq onun mülkiyyətində olan Bakı şəhər, Nikişin küçəsi, 21 saylı evin 1 saylı mənzilini 42.500.000 manata almış, mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirərək qeydiyyat vəsiqəsi əldə etmişdir. Lakin İ.Həsənov müxtəlif bəhanələrlə evi boşaldıb ona verməkdən imtina etmişdir.
Xətai rayon məhkəməsi 25 iyul 2003-cü il tarixli qətnaməsi ilə iddianı təmin edərək İ.Həsənovun mənzildən çıxarılmasını qət etmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 25 dekabr 2003-cü il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 10 mart 2004-cü il tarixli qərarı ilə isə Apellyasiya Məhkəməsi kollegiyasının göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İ.Həsənov tərəfindən 10 sentyabr 2004-cü il tarixdə əlavə kassasiya qaydasında verilmiş şikayət Ali Məhkəmə Plenumunun baxışına çıxarılmış, Plenumun 30 sentyabr 2004-cü il tarixli qərarı ilə Ali Məhkəmə kollegiyasının və Apellyasiya Məhkəməsi kollegiyasının yuxarıda göstərilən qərar və qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya Məhkəməsi kollegiyasının 30 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin 25 iyul 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, F.Əliyevanın İ.Həsənova qarşı  mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilərək, qarşılıqlı iddia təmin edilmişdir.
Ali Məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi kollegiyasının yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən  saxlanılmışdır.
F.Əliyeva tərəfindən əlavə kassasiya qaydasında verilmiş şikayətə Ali Məhkəmə sədrinin 7 avqust 2005-ci il tarixli cavab məktubunda şikayətin Ali Məhkəmənin Plenumuna çıxarılması üçün əsaslar olmadığı göstərilmişdir.
F.Əliyeva konstitusiya şikayətində Ali Məhkəmə Plenumunun 30 sentyabr 2004-cü il tarixli və Ali Məhkəmənin MİÜMK-nın 29 aprel 2005-ci il tarixli qərarlarını qanunsuz və əsassız hesab edərək onların ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin məhkəmə aktları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146, 152.1, 152.5, 324.5, 334, 647, 739-742-ci maddələrinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 386, 418.1, 418.2, 424 və 426.1-ci maddələrinin müddəalarına uyğun olmayaraq qəbul edilmiş, bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29-cu maddələrində nəzərdə tutulan hüquqları və 127-ci maddəsinin II hissəsinin tələbləri pozulmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətə dair aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Qeyd olunan Konstitusiya normalarını  özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra MM) və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi (bundan sonra MPM) mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir.
MM-in 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi).
Mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka, o cümlədən daşınmaz əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (MM-in 146-cı maddəsi).
MM-in alğı-satqı haqqında ümumi müddəalarına əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmçinin, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı anından keçir (MM-in 178.1, 568.1, 598.1 və həmin dövrdə qüvvədə olmuş 647.1, 647.2-ci maddələri).
F.Əliyeva ilə İ.Həsənov arasında olan müqaviləyə əsasən sonuncu mülkiyyətində olan Bakı şəhəri, Nikişin küçəsi 21 saylı evin ümumi yaşayış sahəsi 31,5 kv.m iki otaqdan ibarət olan mənzili F.Əliyevaya satmışdır. Müqavilənin məzmununda göstərilir ki, həmin şəxslər tərəflər qismində çıxış edirlər və bununla bağlı müvafiq olaraq İ.Həsənova satıcının, F.Əliyevaya isə alıcının hüquq və vəzifələri məxsus olmuşdur.
Mülki mübahisənin ilkin məhkəmə araşdırmaları zamanı birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri MM-in 152.1-ci, 157.2-ci və həmin dövrdə qüvvədə olmuş 647.1-ci və 647.2-ci maddələrinin müddəalarına əsaslanaraq ərizəçi F.Əliyevanın iddiasının təmin edilməsinə dair məhkəmə aktları qəbul etmişlər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işə təkrar baxan  apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə məhkəmə aktları qəbul edilərkən MM-in mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi, daşınmaz əşyaların alğı-satqısını nəzərdə tutan normalarının müddəalarına deyil, həmin Məcəllənin yalnız uydurma və yalan əqdlərin etibarsızlığına dair 340-cı maddəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın 45-ci bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Yuxarıda adı çəkilən dəlil göstərilən mülki işin qanuni həll edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmələr MM-in 340.2-ci maddəsinə istinad edərkən həmin əqdin həqiqətən digər əqdi pərdələmək üçün bağlanmasına dair işdə sübutların olub-olmadığını araşdırmamış və buna hüquqi qiymət verməmişlər.
MPM-in 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmələr üçün məcburidir. Lakin bu normanın tələblərinə əməl edilməyərək işə yeni apellyasiya baxışı zamanı Ali Məhkəmə Plenumunun qərarında sadalanan göstərişlərə nəinki əməl edilməmiş, həmin göstərişlərin yerinə yetirilməsinə cəhd belə edilmədən və məhkəmələr tərəfindən MM-in 340.2-ci maddəsi əsaslandırılmadan tətbiq olunmuşdur. Bununla da, MPM-in 88-ci maddəsinin məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməsi barədə müddəaları pozulmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci  maddəsinin II hissəsinin tələblərinə əməl edilməmişdir.
Nəticədə, apellyasiya instansiyası məhkəməsinin 30 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin 25 iyul 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş və qarşılıqlı iddia təmin edilərək mübahisələndirilən mənzilə dair Bakı şəhəri, 5 saylı DNK-da bağlanmış 25 sentyabr 2001-ci il tarixli alğı-satqı müqaviləsi və həmin mənzilə dair F.Əliyevanın adına verilmiş 12 aprel 2002-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin 30 dekabr 2004-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən Ali Məhkəmə kollegiyası Apellyasiya Məhkəməsi kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə əhəmiyyət verməmişdir.
Kassasiya icraatı üzrə işə baxan Ali Məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarı Ali Məhkəmə Plenumunun adı çəkilən qərarının və Apellyasiya Məhkəməsi kollegiyasının 30 dekabr 2004-cü il tarixli qətnaməsinin qısaldılmış şəkildə təkrarı olmaqla heç bir maddi və prosessual hüquq normasına istinad edilməmiş, işdə maraqlı olan şəxslər, həmçinin cavabdeh işə cəlb edilib dindirilməmiş və Plenumun qərarında göstərilən digər dəlillərin araşdırılmasına və onlara hüquqi qiymət verilməsinə təşəbbüs göstərilməmişdir.
Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Həmçinin, prosessual qanunvericilik apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməyi kassasiya instansiya məhkəməsinin səlahiyyətlərindən biri kimi müəyyənləşdirmişdir (MPM-in 417.0.3 - cü maddəsi).
Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPM-in 418.1-ci maddəsi).
Lakin kassasiya instansiyası məhkəməsi Apellyasiya Məhkəməsi kollegiyası tərəfindən Ali Məhkəmə Plenumunun qərarında şərh edilən göstərişlərə əməl edilməməsinə, bununla da MPM-in 420-ci maddəsinin tələblərinin pozulmasına əhəmiyyət verilmədən çıxarılmış qətnaməni dəyişdirilmədən saxlamaqla MPM-in yuxarıda göstərilən maddələrinin tələblərini pozmuşdur. Bu isə öz növbəsində F.Əliyevanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatının pozulmasına səbəb olmuşdur. Belə ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların (İnsan hüquqları haqqında Ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi)  tələblərinə görə məhkəmə müdafiəsi mahiyyət etibarilə ədalət və qanunilik anlayışlarına cavab verməli, hüquqların əsaslı şəkildə bərpa  olunmasını təmin etməlidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  F.Əliyevanın İ.Həsənova qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinin, 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası MPM-in 416, 417.0.3-cü və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 
 
Q Ə R A R A  A L D I:
 
1.    F.Əliyevanın İ.Həsənova qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416, 417.0.3-cü və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.    Qərar elan olunduğu gündən qüvvəyə minir.
3.    Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
 Sədrlik edən                                                                       Fərhad Abdullayev