ANA SƏHİFƏ » Qərarlar » 17.02.06 B.Yusifovanın şikayəti üzrə AR Ali Məhkəməsinin CİİHDİÜMK 2005-ci il 7 mart tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASIKONSTİTUSİYA
MƏHKƏMƏSİ  PLENUMUNUN
 
Q Ə R A R I
 
B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının
2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
17 fevral 2006-cı il                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi B.Yusifovanın,
cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Yusifova Bəyim Aqil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Sumqayıt şəhər məhkəməsinin 2004-cü il 26 avqust tarixli hökmü ilə B.Yusifova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası azyaşlı qızı səkkiz yaşına çatanadək təxirə salınmışdır.
Cinayət işinin materiallarından görünür ki, B.Yusifova 2004-cü il mayın 2-də Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/15, mənzil 9-da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək S.Allahverdiyevanı nalayiq sözlərlə söyüb təhqir etdiyi zaman ictimai qaydanın pozulmasının qarşısını alan X.Rüstəmovaya müqavimət göstərib silah qismində istifadə etdiyi əl çantası ilə axırıncının baş nahiyəsinə və stolüstü lampa ilə sol qol nahiyəsinə qəsdən vuraraq sonuncunun sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq cinayəti törətdiyinə görə təqsirli bilinərək məhkum edilmişdir.
B.Yusifova məhkəmədə dindirilərkən göstərmişdir ki, 2000-ci il iyunun 27-də A.Məhərrəmovla ailə həyatı qurmuş və 2 uşaqları olmuşdur. Faktiki nikahda olduğu A.Məhərrəmovun anası S.Allahverdiyevanın mənzilinə xuliqanlıq niyyəti ilə getməmiş, məqsədi yalnız yaşamağa yeri olmadığını qayınanasının nəzərinə çatdıraraq, ondan sığınacaq istəmək olmuşdur. Bu səbəbdən özü ilə 2 yaşlı oğlunu və 4 aylıq qızını da qucağında aparmışdır. Lakin təkliflərini qəbul etməyən qayınanası onu təhqir edərək, qohumlarını və qonşularını çağırmışdır. Yaranmış mübahisə gedişində qayınanasının qohumu X.Rüstəmova onun ağız nahiyəsindən yumruqla vurmuşdur. Belə olan halda o, özünü müdafiə etmək məqsədilə əl çantasından və stolüstü lampadan istifadə etmişdir.
B.Yusifova barəsində çıxarılmış hökmü qanunsuz və əsassız hesab edərək yuxarı məhkəmə instansiyalarına şikayət vermişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – CİİHDİÜMK) 2004-cü il 9 noyabr tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin CİİHDİÜMK-nın 2005-ci il 7 mart tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2005-ci il 25 may tarixli məktubu ilə B.Yusifovanın əlavə kassasiya şikayəti üzrə işin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir.
B.Yusifova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət edərək bildirmişdir ki, məhkəmə orqanları tərəfindən onun hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir, belə ki, mübahisə S.Allahverdiyevanın mənzilində ailə münaqişəsi zəminində baş verdiyindən onun hərəkəti xuliqanlıq kimi qiymətləndirilməməli və özünü müdafiə etmək üçün istifadə etdiyi əl çantası və stolüstü lampa silah qismində işlədilən alət hesab edilməməlidir. Ərizəçinin qənaətinə görə məhkəmələr onun əməlinə hüquqi qiymət verərkən CM-in tətbiq edilməli olmayan 221-ci maddəsini tətbiq etmişlər. Bununlaəlaqədar B.Yusifova şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin  CİİHDİÜMK-nın 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olmayan hesab edilməsinə və pozulmuş  hüquq və azadlıqlarının bərpasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu B.Yusifovanın Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş hüquq və azadlıqlarının pozulub-pozulmaması məsələsinin həlli üçün CM-in 221-ci maddəsinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir.
Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir.
CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir.
Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir:
ictimai qaydanın kobud surətdə pozulması;
cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi;
vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi.
Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.
Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.
Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin  törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş və iş üzrə tətbiq olunmuş CM-in 221.2.2 və 221.3-cü maddələri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edir.
Belə ki, CM-in 221.2.2-ci maddəsinin mənasına görə digər şəxs qismində hakimiyyət nümayəndəsinin səlahiyyətinə malik olmayan, lakin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya öz təşəbbüsü ilə ictimai qaydanın pozulmasının qarşısının alınmasında iştirak edən hər hansı şəxs (zərərçəkən istisna olmaqla) ola bilər.
Bu halda nəzərə alınmalıdır ki, ictimai qaydanın pozulmasının digər şəxs tərəfindən öz təşəbbüsü ilə qarşısının alınması, təqsirkara qarşı zor tətbiq edilməsi daxil olmaqla, xuliqanlığa son qoyulmasına yönələn qanuni fəal hərəkətlərdə ifadə olunur.
Bundan başqa, CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir.
«Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir.
«Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu silahın anlayışını, növlərini, xidməti və mülki silahın dövriyyəsini müəyyənləşdirir.
Həmin Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir.
Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir.
Cinayət qanununun bu müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan maddənin mahiyyəti ilə bağlı onu göstərməyi vacib bilir ki, bu konstitusiya norması ilə hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin  təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi).
Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır.
Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür.
Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü  qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri).
B.Yusifovanın məhkum edilməsinə dair hökmdə hadisənin S.Allahverdiyevanın yaşadığı mənzilin daxilində şəxsi münasibətlər zəminində baş verdiyi, mübahisə zamanı B.Yusifovanın hərəkətlərindən narazı qalan X.Rüstəmovanın ona yalnız öz etirazını bildirdiyi, sağlamlığa zərər vuran vasitə kimi əl çantasından və stolüstü lampadan istifadə edildiyi birmənalı şəkildə müəyyənləşdirilmişdir.
Lakin B.Yusifovanın törətdiyi əməlin hansı əlamətlərə əsasən məhz xuliqanlıq cinayət əməli kimi və X.Rüstəmovanın bu əmələ etirazının sözügedən cinayətin qarşısını alan hərəkət kimi qiymətləndirilməsi, həmçinin, sadalanan əşyaların hansı meyarlara görə silah qismində istifadə edilən əşyalar kimi qəbul edilməsi və təqsirləndirilən şəxsin bu əşyalardan özünü müdafiə etmək üçün istifadə etdiyi barədə dəlilin hansı səbəblərdən rədd edilməsi hökmdə əsaslandırılmamışdır.
Məhkəmə B.Yusifovanı xuliqanlıqda təqsirli bilərkən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin və həmin hərəkətlərin X.Rüstəmova tərəfindən qarşısının alınmasının nədən ibarət olduğunu açıqlamamış, təqsirkarın hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini CM-in 221.2.2 və 221.3-cü maddələri ilə tövsif etmişdir.
CPM-in 399-cu maddəsi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, cinayət qanunu normasının düzgün tətbiq edilməməsini birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olaraq müəyyənləşdirir. Prosessual qanunvericilik cinayət qanunu normasının düzgün tətbiq edilməməsi dedikdə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsini; tətbiq edilməli olmayan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməsini; cinayət qanunu normasının düzgün şərh edilməməsini nəzərdə tutur (CPM-in 403-cü maddəsi). Buna baxmayaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini pozaraq birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olmayan hökmünü dəyişdirilmədən saxlamışdır.
CPM-in 416-cı maddəsi isə məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Bu maddəyə müvafiq olaraq, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda (416.0.6), məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə (416.0.15) kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Lakin Ali Məhkəmənin CİİHDİÜMK 2005-ci il 07 mart tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin CİİHDİÜMK-nın qərarını dəyişdirilmədən saxlamaqla CPM-in 416 və 419.1-ci maddələrinin tələblərinə əməl etməmiş, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatını pozmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsində təsbit olunmuş məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması prinsipinə zidd olan, ərizəçinin hüquq və azadlıqlarının səmərəli təminatına ziyan vuran və məhkəmə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğuna təsir göstərən iş üzrə kassasiya məhkəməsi tərəfindən buraxılmış daha bir prosessual pozuntunu xüsusi qeyd etməyi zəruri hesab edir. CPM-in 28.4.5-ci maddəsi məhkəmələrin cinayət mühakimə icraatını həyata keçirərkən cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək vəzifəsini müəyyənləşdirir. Təqsirləndirilən şəxsin, onun şikayəti ilə cinayət işinə kassasiya qaydasında baxılmasında iştirak etmək hüququ CPM-in 91.5.36-cı maddəsində öz əksini tapmışdır.
Kassasiya şikayətini ilkin öyrənən hakim şikayətin ona daxil olduğu vaxtdan 3 aydan gec olmayaraq məhkuma şikayətin mahiyyəti üzrə baxılmasının vaxtı və yeri haqqında məlumat verməlidir. Kassasiya şikayəti vermək hüququ olan şəxslər məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Kassasiya instansiyası məhkəməsinin müvafiq kollegiyasının sədri kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasının müddəti barədə cinayət prosesinin müvafiq iştirakçılarına məlumat verir. Eyni zamanda şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir (CPM-in 418.2.7 və 419-cu maddələri). Sonuncu müddəadan da göründüyü kimi prosessual qanunvericilik məhz lazımi qaydada məlumatlandırılmış şəxsin olmamasının məhkəmə iclasının davam etdirilməsinə mane olmadığını müəyyən edir.
Cinayət işinin materiallarından isə görünür ki, məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 10-da yaşadığını qeyd etmişdir. Ali Məhkəmənin kollegiyasının iş üzrə qərarında da həmin ünvan şikayətçinin yaşadığı yer kimi öz əksini tapmışdır. Lakin işə əlavə edilmiş Ali Məhkəmənin hakiminin 2005-ci il 11 fevral tarixli məktubundan aydın olur ki, B.Yusifovaya kassasiya şikayətinə baxılması vaxtı və yeri barədə məlumat başqa ünvana göndərilmişdir.
Göstərilənlərdən aydın olur ki, məhkum kassasiya şikayətinin baxılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılmamış, iclasda iştirak etmək hüququndan məhrum olunmuş, bununla da onun müdafiə hüququ pozulmuşdur. Ali Məhkəmənin kollegiyasının iş üzrə qərarında isə şikayətçiyə iclasın keçirilməsi haqqında məlumatın verilib-verilməməsi məsələsinə toxunulmamış və iclasın şikayətçinin iştirakı olmadan keçirilməsi əsaslandırılmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən məsələlərlə əlaqədar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın bəzi müddəaları da diqqətə layiqdir. Hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə  vasitəsilə,  ağlabatan  müddətdə işinin ədalətli və açıq araşdırılması   hüququna   malik  olması  həmin  Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində  öz əksini tapmışdır. Sözügedən maddənin 3 (c) bəndinə əsasən cinayət törətməkdə  ittiham  olunan  hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququna malikdir.
Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Yavuz Avstriyaya qarşı iş üzrə 2004-cü il 27 may tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə araşdırılmasında şəxsən iştirak etmək hüququ, ədalətli məhkəmə araşdırılmasının əsas elementidir. Təqsirləndirilən şəxs bu hüququ həyata keçirməsindən imtina edə bilər, lakin belə olan halda onun məhkəmə iclasına gəlməmək və ya özünü müdafiə  etməmək  qərarı  aşkar  surətdə müəyyən olunmalıdır (§ 45). Lakin, işə baxılma barədə şəxsən məlumatlandırılmadığı halda təqsirləndirilən şəxsin öz iştirak etmək hüququndan imtina edib-etmədiyi məsələsinin qiymətləndirilməsində xüsusi səyin göstərilməsi tələb olunur (§ 49).
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, B.Yusifovanın məhkum olunmasına dair Ali Məhkəmənin CİİHDİÜMK-nın 2005-ci il 07 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə,127-ci maddəsinin II və VIII hissələrinə, CPM-in 416, 418.2.7 və 419-cu  maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I:
 
1. Yusifova Bəyim Aqil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 127-ci maddəsinin II və VIII hissələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416, 418.2.7 və 419-cu maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  məlumatında» dərc edilsin.
4.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  
 
 
Sədrlik edən                                                                      Fərhad Abdullayev