ANA SƏHİFƏ » Qərarlar » 13.12.05 X.İ.Qasımovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R  I
 
X.İ.Qasımovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
13 dekabr 2005-ci il                                                                         Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
konstitusiya məhkəmə icraatında ərizəçi X.Qasımov və onun nümayəndəsi A.Bağırovun,
cavabverən - Azərbaycan Respublikası  Apellyasiya Məhkəməsinin nümayəndəsi N.Nəsibovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Xanlar İdris oğlu Qasımovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçi X.Qasımovun, onun nümayəndəsi A.Bağırovun, cavabverənin nümayəndəsi N.Nəsibovun çıxışlarını və işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N    E T D İ:
 
L.Şıxlinskaya 15.07.2004-cü il tarixdə Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bir neçə cavabdehə qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsini, onların mənzildən və evlərdən çıxarılmasını və icarə müqavilələrinə xitam verilməsini  xahiş etmişdir. Bununla əlaqədar olaraq, təyin olunmuş məhkəmə iclasları dəfələrlə təxirə salınaraq başqa günlərə keçirilmişdir.
 Məhkəmənin 24.03.2005-ci il tarixli qərardadı ilə cavabdehlərdən biri olan X.Qasımovun mülki işin aidiyyəti üzrə yaşadığı yerin rayon məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilmədən saxlanılmışdır. X.Qasımovun həmin qərardaddan verilmiş apellyasiya şikayəti Səbail rayon məhkəməsinin 28.03.2005-ci il tarixli qərardadı ilə təmin olunmamışdır.
Bundan sonra X.Qasımovun apellyasiya şikayəti və 25.03.2005-ci il tarixdə iddiaçının nümayəndəsi A.İsmayılov tərəfindən Səbail rayon məhkəməsinin bütün tərkibinə verilmiş etiraz baxılması üçün  Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15.04.2005-ci il tarixdə cavabdehlərin iştirak etməməsinin səbəblərini araşdırmadan Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) öz iclasını keçirmiş və Səbail rayon məhkəməsinin 24.03.2005-ci il tarixli qərardadının dəyişdirilməməsi, X.Qasımovun apellyasiya şikayətinin təmin olunmadan saxlanılması, iddiaçının nümayəndəsinin Səbail rayon məhkəməsinin bütün tərkibinə verilmiş etirazının isə təmin olunması və iş materiallarının mahiyyəti üzrə baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarmışdır.
28.04.2005-ci il tarixdə Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən mülki iş Yasamal rayon məhkəməsinə göndərilmişdir. Burada məhkəmə iclası zamanı cavabdeh X.Qasımov vəsatət vermişdir ki, məhkəmə iclası təxirə salınsın və işin icraatında olan bütün sənədlərlə tanış olmaq üçün ona şərait yaradılsın. Vəsatət məhkəmə tərəfindən təmin edilməmiş və işə mahiyyəti üzrə baxılmışdır.
Yasamal rayon məhkəməsinin 23.05.2005-ci il tarixli qətnaməsinə əsasən, L.Şıxlinskayanın iddiası təmin olunaraq cavabdehlər X.Qasımov, A.Sviridova və N.Hüseynovun mübahisə olunan mənzillərə hüquqları itirilmiş hesab edilmiş və onların həmin mənzillərdən çıxarılması, habelə cavabdehlərdən 24.03.2004-cü il tarixdən iş üzrə qəbul edilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minənədək hər ay üçün 7.000 ABŞ dollarının Azərbaycan Respublikası manatının məzənnəsi ilə icarə haqqı alınaraq L.Şıxlinskayaya ödənilməsi qət edilmişdir.
Bununla belə, Apellyasiya Məhkəməsinin hakimi İ.Dəmirovun 16.06.2005-ci il tarixli 1mk-2671/2005 saylı cavab məktubu ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın 15.04.2005-ci il tarixli qərardadından X.Qasımov tərəfindən verilmiş kassasiya şikayəti yolverilməzliyinə görə geri qaytarılmışdır.
Bundan sonra X.Qasımov bir neçə dəfə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək mülki iş üzrə verilmiş kassasiya şikayətinə baxılmadan qaytarılması ilə onun pozulmuş məhkəməyə müraciət  hüququnun bərpasını, hüququn pozulmasından sonra qəbul edilmiş məhkəmə aktlarının qüvvədən düşmüş hesab edilməsini, habelə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə uyğun olaraq bu işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmasını xahiş etmişdir.
23.06.2005-ci il tarixdə isə cavabdeh X.Qasımov mülki iş üzrə Yasamal rayon məhkəməsinin 23.05.2005-ci tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra o, mütəmadi olaraq Apellyasiya Məhkəməsinə müraciət edərək təyin olunmuş məhkəmə iclaslarının səhhəti ilə bağlı təxirə salınmasını xahiş etmişdir.
11.07.2005-ci il tarixdə Konstitusiya Məhkəməsi tərəfindən X.Qasımovun verdiyi konstitusiya şikayətinin öyrənilməsi ilə bağlı Apellyasiya Məhkəməsinə mülki işin göndərilməsi barədə məktub ünvanlanmışdır. 01.08.2005-ci il tarixdə Apellyasiya Məhkəməsi tərəfindən işin hazırda məhkəmə baxışında olduğu üçün göndərilməsinin mümkün olmadığı və baxışdan dərhal sonra göndəriləcəyi barədə cavab verilmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 06.09.2005-ci il tarixli qətnaməsi ilə X.Qasımovun apellyasiya şikayəti təmin olunmadan, Yasamal rayon məhkəməsinin 23.05.2005-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən  saxlanılmışdır.
X.Qasımov 07.10.2005-ci il tarixdə Apellyasiya Məhkəməsinin MİÜMK-nın 06.09.2005-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin 11.10.2005-ci il tarixdə həmin şikayətin qaytarılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin MİÜMK-nın öz qərardadı ilə bu şikayət geri qaytarılmışdır.
Bundan sonra Apellyasiya Məhkəməsi mülki işi Konstitusiya Məhkəməsinə göndərmiş və 26.10.2005-ci il tarixdə X.Qasımovun konstitusiya şikayəti «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34, 52 və 68-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir (60-cı maddəsinin I hissəsi).
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına (bundan sonra - Avropa Konvensiyası) görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir (6-cı maddəsinin 1-ci bəndi).
Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi proseduralar üzrə məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərindən biridir. Bu hüquq mütləq hüquq olmasa da, onun üzərinə qoyulan məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə maneələr törətməməlidir.
Məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququ məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) tərkib hissəsi olmaqla yanaşı, bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır.
Mülki işlərlə əlaqədar, məhkəməyə müraciət hüququna dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə bəyan etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir.  Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət  hüququ səmərəli dərəcədə təmin olunmalıdır (Garcia Manibardo İspaniyaya qarşı iş üzrə 29.06.2000-ci il tarixli qərar, Annoni di Gussola və digərləri Fransaya qarşı iş üzrə 14.02.2001-ci il tarixli qərar  və s.).
Beləliklə, X.Qasımovun konstitusiya şikayətinin həlli üçün Azərbaycan Respublikasında qüvvədə olan prosessual müddəalar nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 22.5 və 22.6-cı maddələrinin mahiyyətinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə etiraz apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə həll edilir və bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə aidiyyətinin mübahisələndirilməsi məsələləri üzrə isə mülki-prosessual qanunvericilikdə məhkəməyə etiraz edilməsindən tamamilə fərqli hüquqi proseduralar nəzərdə tutulmuşdur.
Belə ki, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim MPM-nin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 5 gün ərzində şikayət verilə bilər (MPM-nin 45.1 və 45.2-ci maddələri).
MPM-nin 21-ci fəslində əks olunmuş 269.2 və 269.3-cü maddələrinin məzmununa görə yuxarıda göstərilən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir (MPM-nin 400 və 401-ci maddələri).
Bununla bağlı nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər qərardad qəbul edildikdən sonra 3 ay müddətində şikayət verə bilərlər. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir (MPM-nin 403.1, 405.1 və 406.1-ci maddələri).
Kassasiya şikayəti yalnız MPM-nin 408.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə 408.2 və 408.3-cü maddələrində göstərilən qaydada müvafiq məhkəmə tərəfindən qərardadın çıxarılması yolu ilə qaytarıla bilər.
Göründüyü kimi, mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə:
1)    məhkəməyə etiraz edilməsi, habelə məhkəmə aidiyyəti ilə bağlı məsələlər müxtəlif hüquqi proseduralar üzrə həll olunan məsələlərdir;
2)  məhkəməyə etiraz edilməsi məsələsi üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilə bilməz;
3)  məhkəmə aidiyyəti ilə bağlı məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından müəyyən olunmuş müddətdə və qaydada kassasiya şikayəti verilə bilər, onun qaytarılması isə qanunla müəyyən olunmuş hallarda və qaydada apellyasiya və ya kassasiya instansiyası  məhkəməsinin qərardadı ilə həyata keçirilə bilər;
4)  məhkəmə aidiyyəti ilə bağlı məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından müəyyən olunmuş müddətdə kassasiya şikayəti gözləmədən işin birinci instansiya məhkəməsinə göndərilməsi, həmin müddət daxilində verilmiş kassasiya şikayətinin hakimin məktubu ilə qaytarılması, habelə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılaraq qətnamənin qəbul edilməsi yolverilməzdir.
Mülki işin materiallarından göründüyü kimi, X.Qasımov kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə və qaydada apellyasiya instansiyası məhkəməsinə vermişdir. Lakin Apellyasiya Məhkəməsinin hakimi kassasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulan 3 aylıq müddəti gözləmədən işi birinci instansiya məhkəməsinə göndərmiş, bundan sonra isə daxil olmuş kassasiya şikayətini qanun baxımından özünün heç bir hüquqi qüvvəsi olmayan məktubu ilə ərizəçiyə qaytarmışdır. Bununla yanaşı, MPM-nin 401 - 403.1, 405.1, 406.1, 408.1 - 408.3-cü maddələrinin pozulmasının mövcudluğu şəraitində və cavabdehlərin iştirakı olmadan birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılması davam etdirilmiş və müvafiq məhkəmə aktları qəbul olunmuşdur.
Hazırkı konstitusiya işi üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclasında Apellyasiya Məhkəməsinin nümayəndəsi məsələ ilə əlaqədar etiraf etmişdir ki, cavabdeh X.Qasımov Səbail rayon məhkəməsinin 24.03.2005-ci il tarixli qərardadından və Apellyasiya Məhkəməsi MİÜMK-nın 15.04.2005-ci il tarixli qərardadından kassasiya şikayəti vermək hüququndan məhrum olunmuşdur.
Məhkəməyə müraciət hüququnun pozulmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi «Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 23.04.2004-cü il tarixli qərarında açıqlanmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha öz mövqeyini təsdiq edərək xüsusilə qeyd edir ki, kassasiya şikayətinin qəbul edilməməsi belə şikayət vermə hüququnun mahiyyətinə qəsd kimi qiymətləndirilə bilər. Bu hal bir tərəfdən məhkəmə qərarının icrasının təmin edilməsinə dair qanuni səy, digər tərəfdən isə məhkəmə müdafiəsi üzrə kassasiya məhkəməsinin hakiminə müraciət hüququ arasında olan ədalətli tarazlığın pozulmasına gətirib çıxarır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-nin 401 –  403.1, 405.1, 406.1, 408.1 - 408.3-cü maddələrinin pozulması öz növbəsində X.Qasımovun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Bu hüququn bərpası isə tərəflərin əvvəlki prosessual vəziyyətə qaytarılması ilə mümkündür.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, kassasiya şikayəti vermək hüququnun pozuntusunun davam etdiyi halda qəbul olunmuş Yasamal rayon məhkəməsinin 23.05.2005-ci il tarixli və Apellyasiya Məhkəməsi MİÜMK-nın 06.09.2005-ci il tarixli qətnamələri də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun ola bilməz və qüvvədən düşmüş hesab edilməlidir. Bununla əlaqədar, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə uyğun olaraq bu işə Azərbaycan Respublikası prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X  hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I:
 
1. İddiaçı L.Şıxlinskayanın cavabdehlər X.Qasımov və digərlərinə qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi, mənzildən və evlərdən çıxarma və icarə müqavilələrinə xitam verilməsinə dair mülki iş üzrə Yasamal rayon məhkəməsinin 23.05.2005-ci il tarixli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 06.09.2005-ci il tarixli qətnamələri Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olmayan hesab edilsin və icra olunmasın. Həmin işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada X.Qasımovun kassasiya şikayəti vermək hüququnun təmin olunması şərtilə yenidən baxılsın.
2. Qərar elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
   
Sədrlik edən                                                                  Fərhad Abdullayev