ANA SƏHİFƏ » Qərarlar » 01.12.05 2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair
 
 
1 dekabr 2005-ci il                                                                                                           Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və   Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,
məhkəmə katibləri İ.İsmayılov və V.Zeynalovun,
Azərbaycan  Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini  S.Qasımova, katibi N.Məmmədov, üzvləri F.Cavadov, Q.Orucov, R.İbrahimov, A.Tağıyev,  İ.Məmmədov,  Ə.Əliyev, X.Əhmədov,  V.Kazımova,  M.Bayramov, Y.Bağırzadə və A.Əlizadənin,
ekspertlər, Bakı Dövlət Universitetinin hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının dosent əvəzi, hüquq elmləri namizədi M.İsmayılov və müəllimi Ş.Yusubovun,
mütəxəssislər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları İ.Həmidova, G.Əhmədova və E.Qasımovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.
Hakimlər Ə.Sultanov, B.Qəribov və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, Komissiyanın sədr müavini S. Qasımovanın, katibi N.Məmmədovun, üzvləri M.Bayramov və Ə.Əliyevin çıxışlarını, ekspertlər M.İsmayılov və Ş.Yusubovun rəyini, mütəxəssis E.Qasımovun arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N  E T D İ :
 
Azərbaycan Respublikası  Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145.1-ci maddəsinə və «Azərbaycan  Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2005-ci il tarixli 876 saylı Sərəncamına  əsasən   2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin  tələblərinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası  səsvermə günündən ən geci 20 gün keçənədək  dairə seçki  komissiyalarının  protokollarını (bu Məcəlləyə uyğun olaraq  onlara  əlavə edilən sənədlərlə  birlikdə) yoxlayır, 48 saat müddətində  Konstitusiya Məhkəməsinə  təqdim edir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.1-ci və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.1-ci maddələrinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Qanunvericiliyin yuxarıda  göstərilən tələblərinə  uyğun olaraq  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2005-ci il noyabrın 6-da üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki  komissiyalarının protokollarını (onlara əlavə  edilən  sənədlərlə birlikdə) 23 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna, həmçinin Mərkəzi Seçki Komissiyasının iki üzvünün xüsusi rəyləri əlavə  olunmuşdur. Məhkəmə iclasında Mərkəzi Seçki Komissiyasının üzvü  çıxış edərkən xüsusi rəyini məhkəməyə təqdim etmişdir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi qeyd edir ki, 2005-ci ildə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş  seçkilər müəyyən xüsusiyyətlərə malik  olmuşlar.
Əvvəlki seçkilərdən fərqli olaraq, Azərbaycan Respublikası Milli  Məclisinin deputatları  yalnız majoritar seçki sistemi üzrə seçilmişlər. Parlamentə seçkilər  bütün  seçki  prosesini tənzimləyən vahid hüquqi sənəd - 27 may 2003-cü ildə qəbul olunmuş  Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilmişdir. Seçkilər istisnasız  ölkənin bütün seçki dairələrində, o cümlədən ilk dəfə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaradılmış 112-ci Xankəndi seçki dairəsində keçirilmişdir. Deputatlığa namizədliyi irəli sürülən şəxsin müdafiəsi üçün zəruri seçici  imzalarının kvotası 2000 imzadan 450 imzaya qədər endirilmişdir. Deputatlığa namizədlərin qeydiyyata alınma prosesinin asanlaşdırılması nəticəsində seçkiqabağı prosesin iştirakçılarının sayı kəskin surətdə artmışdır. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına  seçkini müşahidə etmək üçün icazə verilmiş,  barmaqların rəngsiz mürəkkəblə boyalanması və «exit-poll» həyata  keçirilmişdir.
Parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu  sahədə baş verə  bilən  əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarını üzərilərinə düşən  vəzifələrin lazımınca yerinə yetirilməsi, vətəndaşların  seçki hüquqlarının daha  dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair» 11 may 2005-ci il tarixli 806 saylı və «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz  tədbirlər haqqında» 26 oktyabr 2005-ci il tarixli 1062 saylı Sərəncamları qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuş  seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  2005-ci il  23 noyabr tarixli protokolu ilə   aşağıdakılar müəyyən edilmişdir:
1) seçici  siyahılarına daxil  edilmiş seçicilərin ümumi sayı - 4.675.572;
2) səsvermədə iştirak edən seçicilərin sayı - 1.974.036;
3) dairə seçki  komissiyalarının  sayı - 125;
4) Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi  üçün  əsas  götürülmüş  dairə seçki  komissiyaları protokollarının sayı - 121;
5) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 4;
6) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin  sayı - 460.
Beləliklə, səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolundan  göründüyü kimi, səsvermənin nəticələri etibarlı hesab edilmiş 121 seçki dairəsi üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.
Bununla belə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il  tarixli 44/202 saylı  qərarı ilə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 16 seçki məntəqəsi; 8 noyabr 2005-ci il tarixli  44/203 saylı qərarı ilə 9 saylı  Binəqədi ikinci seçki dairəsi üzrə 13 seçki  məntəqəsi;  12 noyabr 2005-ci il tarixli 47/211 saylı qərarı ilə 110 saylı Zaqatala seçki dairəsinin 19 seçki  məntəqəsi və 15 noyabr 2005-ci il tarixli 48/212 saylı qərarı ilə 38  saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 11 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Göstərilən seçki dairələri üzrə səsvermənin  nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqələrində qeydə alınmış  seçicilərin sayı seçki dairəsi  üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən seçki dairələri üzrə  seçkilərin  nəticələri etibarsız hesab edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli 45/201 və 9 noyabr 2005-ci il tarixli 45/204  saylı  qərarları  ilə müvafiq olaraq 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 seçki məntəqəsində, 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 seçki  məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilərək, həmin dairələr üzrə deputat seçilmiş namizəd dəyişdirilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının materialları Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması  üçün  müvafiq mütəxəssisləri cəlb etmiş, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikası  Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və  ərizələr haqqında məlumatları tələb etmişdir.
Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin 25 noyabr 2005-ci il tarixli 02/1-740 saylı məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilən seçkilərlə əlaqədar respublikanın rayon (şəhər) məhkəmələri tərəfindən seçicilərin seçki siyahısına daxil olunması ilə bağlı 20117 müraciətə baxılmış, onlardan 20105 (99,9%)  ərizə təmin edilmiş, cəmi 12 ərizə rədd olunmuşdur.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin  29 noyabr 2005-ci il tarixli 59-278/05 saylı məktubuna əsasən Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdən sonra seçki  hüquqlarının pozulması ilə bağlı hərəkətlərdən (hərəkətsizliklərdən) və seçki  komissiyalarının qərarlarından Apellyasiya Məhkəməsinə 71 iş daxil olmuşdur. Həmin işlərin hamısına baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  yekun qərarından Apellyasiya Məhkəməsinə 57 şikayət daxil olmuş və onlar əsassız olduğu üçün təmin edilməmişdir.
Azərbaycan Respublikasının Ali  Məhkəməsi 30 noyabr 2005-ci il tarixli 2-83 saylı məktubu ilə bildirmişdir ki, kassasiya qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilərin keçirilməsi ilə əlaqədar 38 mülki iş daxil olmuş, həmin işlər üzrə Apellyasiya Məhkəməsinin qətnamələri  dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 30 noyabr 2005-ci il  tarixli məktubunda  Azərbaycan Respublikasının Prokurorluğu göstərmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar  qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından və müvafiq dairə seçki komissiyalarından Baş Prokurorluğa cinayət tərkibli  ehtimal edilən cəmi 72 müraciət daxil olmuşdur.
Həmin müraciətlərin araşdırılması nəticəsində 11 cinayət işi, o cümlədən seçiciləri ələ almaq məqsədilə müəyyən hərəkətlərə yol verdiklərinə görə 26 saylı Sabunçu birinci, 41 saylı Sumqayıt birinci, 88 saylı Göyçay, 102 saylı Samux-Şəmkir, 108 saylı Ağstafa və 117 saylı Oğuz-Qəbələ dairələri üzrə qeydə alınmış bir sıra namizədlər, seçki komissiyasının işinə müdaxilə etdiyinə görə 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə qeydə alınmış bir namizəd, seçki sənədlərini saxtalaşdırdıqlarına görə 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının sədri  və başqaları, 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının  sədri və başqaları, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki komissiyasının sədrləri  və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 69 saylı  Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının 4 üzvü  barəsində cinayət işləri  başlanılmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  tərəfindən tələb olunmuş əlavə sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş 121 dairə seçki komissiyasının  protokollarından 115 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun hesab edilməlidir.
Qalan 6 (altı) - 31 saylı  Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd dairə seçki komissiyalarının protokolları yuxarıda göstərilən Məcəllənin  tələblərinə cavab vermədiyindən, həmin dairələr üzrə seçkilərin nəticələri təsdiq oluna bilməz.
Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin  VIII, IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun  54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I :
 
1. Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il  noyabrın 6-da keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı  Babək-Kəngərli,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi birinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Əzizbəyov birinci,
14 saylı Əzizbəyov ikinci,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı  Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami  birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt  birinci,
43 saylı Sumqayıt üçüncü,
45 saylı Abşeron,
46 saylı Əli Bayramlı,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı  Yevlax-Mingəçevir,
50 saylı Qobustan-Xızı-Quba,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Dəvəçi-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik-Lənkəran,
79 saylı İmişli,
80 saylı İmişli-Beyləqan,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Ağdam,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Xanlar—Daşkəsən,
102 saylı Samux-Şəmkir,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı  Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki  dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələri üzrə seçkilərin nəticələri  təsdiq edilməsin.
3. Qərar elan  olunduğu andan qüvvəyə  minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan  və ya şəxs  tərəfindən  ləğv  edilə,  dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                 Fərhad Abdullayev