ANA SƏHİFƏ » Qərarlar » 21.10.05 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair

 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair
 
 
21 oktyabr 2005-ci il                                                                                   Bakı    şəhəri
                          
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət  quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini-İnsan  hüquqları üzrə qanunvericilik bölməsinin müdiri K. Şəfiyevin,
ekspert Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti M. İsmayılovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 14 oktyabr tarixli, 8-8/2005 saylı sorğusu ilə bağlı konstitusiya işinə  baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
    
M Ü Ə Y Y Ə N   E T D İ:
 
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur:
«I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır».
Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı məhkəmə təcrübəsində vahid yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin, xüsusilə bu maddənin mətninin, Konstitusiyanın digər müvafiq maddələri və beynəlxalq - hüquqi aktların normaları ilə birgə götürüldükdə, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinin üzərinə hər hansı məhdudiyyətlərin qoyulmasının mümkünlüyünün aydınlaşdırılması baxımından şərh edilməsini xahiş edir.
Sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər azadlığının məqsədi ümumi maraq kəsb edən problemlərin müzakirəsi, öz mövqelərini ictimaiyyətin fikri kimi təqdim etmək cəhdidir. Sərbəst toplaşmaq azadlığı hüququ hər kəsin siyasi həyatının əsas aspektləri ilə bağlı olan ən geniş əhatəli siyasi hüquqlardan biridir.
Hər kəsin hüquqi statusunun mühüm elementi kimi çıxış edən toplaşmaq azadlığı digər hüquqlar, azadlıqlar və vəzifələrlə qarşılıqlı əlaqədə olan subyektiv hüquqdur. Onun məqsədi hər kəsin rəyinin razılaşdırılması və formalaşdırılması, ictimai həyatın müxtəlif məsələləri üzrə onun ifadəsi, hər kəsin cəmiyyət həyatının idarə olunmasında iştirakı vasitəsilə dövlət orqanlarına və ictimai birliklərə təsir göstərməyə yönəlmişdir. 
Əksər ölkələrin Konstitusiyalarında hər kəsin siyasi fəallığının formaları kimi yığıncaq, mitinq, nümayiş və s. azadlığı öz əksini tapır. Belə azadlıqlar ictimai və ya dövlət həyatının hər hansı məsələsi üzrə kollektiv, fərdi baxışların açıq və kütləvi ifadə formasıdır. İnsanlar göstərilən siyasi azadlıqlardan həm öz şəxsiyyətlərinin, özünüifadənin və özünütəsdiqin inkişafı naminə, həm də ictimai-siyasi həyatda özlərinin fəal iştirakı üçün istifadə edirlər. İnsanların bir yerə toplaşaraq öz fikirlərini açıq ifadə etmələri heç də həmişə siyasi maraqlarla bağlı olmasa da, sərbəst toplaşmaq azadlığı adətən siyasi hüquq və azadlıqların tərkib hissəsi kimi nəzərdən keçirilir.
Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur.
Bununla yanaşı qeyd edilməlidir ki, əksər hüquqlara münasibətdə olduğu kimi, sərbəst toplaşmaq azadlığı hüququ da mütləq və məhdudlaşdırılmaya məruz qala bilməyən hüquq kimi qəbul edilə bilməz. Ümumiyyətlə, əsas insan hüquqlarının ayrılmazlığı özlüyündə fərdi və ictimai maraqların toqquşması, müxtəlif fərdlərin hüquq və maraqlarının uyğunlaşmaması vasitəsilə həyata keçirilir. Bu dilemmadan çıxış əsas hüquqların müdafiəsi və onların məhdudlaşdırılması sahələrinin incə fərqləndirilməsindən ibarətdir.
İnsan hüquqları davranışlarda hədsiz icazələrin və qeyri-məhdud volyuntarizmin məcmusu kimi şərh edilməməlidir. Əksinə, hər bir hüquq və azadlıq dəqiq tənzimlənmiş çərçivələrə malikdir: hər bir azadlıq müvafiq vəzifə doğurur. Ümumi maraqlara əməl edilməsi, digər şəxslərin hüquqlarına qəsd etməmək, adətlərə hörmət göstərilməsi, hansı qisimdə yol verilməsindən asılı olmayaraq, digər vətəndaşların maraqlarına toxunan özbaşına, xüsusilə də zorakı hərəkətlərin yolverilməzliyi belə vəzifələrin ifadə formalarına nümunə kimi göstərilə bilər.
Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir.
Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədədək uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir.
Azadlığın bu xüsusiyyəti hələ 26 avqust 1789-cu il tarixdə Fransada qəbul olunmuş İnsan və vətəndaş hüquqları haqqında Bəyannamənin 4-cü maddəsində qeyd olunur: «…Azadlıq başqalarına ziyan vurmayan hər şeyi etmək imkanıdır: bu mənada hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşır».  
İkinci dünya müharibəsindən sonra hüquqların məhdudlaşdırılması hüququ İnsan hüquqları haqqında Ümumi Bəyannamədə (maddə 29) elan edilmiş, ilk dəfə isə 4 noyabr 1950-ci ildə Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya ilə reallaşdırılmışdır. İnsan hüquqlarının qlobal miqyaslı sənədlərdə məhdudlaşdırılması isə İnsan hüquqlarına dair Paktlarda - İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktda, Mülki və siyasi  hüquqlar haqqında Paktda hüquqi cəhətdən təsbit olunmuşdur.
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsinə görə, «bu Paktda iştirak edən dövlətlər bəyan edirlər ki, hər hansı dövlət bu Pakta müvafiq olaraq təmin etdiyi hüquqlardan istifadə edərkən, həmin hüquqlara qanunla müəyyən edilmiş qaydada… məhdudiyyət qoya bilər».
Hüquqların məhdudlaşdırılmasına dair müddəalar insan hüquqlarının ümumi təbiətinə və beynəlxalq - hüquqi aktların müvafiq müddəalarının ruhuna uyğun şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi bütövlükdə sərbəst toplaşmaq azadlığına həsr olunub. Həmin maddənin mətnindən vətəndaşların dinc toplaşmasını nəzərdə tutan tədbirlər - yığıncaq, mitinq, nümayiş, küçə yürüşü keçirmək, piket düzəltmək üçün hər hansı məhdudiyyətlərin qoyulmasının mümkünlüyü birbaşa görünmür.
Lakin həmin maddədə təsbit edilmiş azadlığın təbiəti və onun həyata keçirilməsinin hədləri məsələsinə bütövlükdə əsas hüquq və azadlıqların, habelə vəzifələrin mahiyyəti nəzərə alınmaqla, o cümlədən də hüquq, azadlıq  və vəzifələri tənzimləyən Konstitusiyanın digər  normalarının kontekstində baxılmalıdır.
Belə ki insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin II hissəsində qeyd olunur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu prinsip nəzəriyyədə belə bir tezislə ifadə olunur: hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Bu maddənin özəyində duran prinsip həm də Konstitusiyanın ""Vətəndaşların əsas vəzifələri"" adlanan 4-cü fəslinin 72-ci maddəsinin II hissəsində təsbit olunmuş müddəaların mahiyyəti ilə eynilik təşkil edir. Göstərilən normaya görə, hər bir şəxs Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 49-cu maddəsində təsbit olunmuş sərbəst toplaşmaq azadlığının məzmununun aydınlaşdırılması baxımından Konstitusiyanın 71-ci maddəsinin II hissəsi də mühüm əhəmiyyət kəsb edir. Həmin normada deyilir: «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz».
Bu müddəanın hərfi mənasından aydın görünür ki, insan hüquq və azadlıqlarını məhdudlaşdırmamaq vəzifəsi təkcə dövlət orqanlarına və ya nümayəndələrinə deyil, Azərbaycan Respublikasının ərazisində olan bütün qurumlara və şəxslərə ünvanlanmışdır. Yəni bu müddəada nəzərdə tutulur ki, istənilən şəxs hər hansı bir əməli törədərkən, hər hansı bir fəaliyyətlə məşğul olarkən, o cümlədən Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarını həyata keçirərkən digər şəxslərin hüquqlarının məhdudlaşdırılmasına və ya Konstitusiyanın 71-ci maddəsinin V hissəsində nəzərdə tutulduğu kimi ləğvinə yol verməməlidir. Göstərilən normanın bu cür təfsiri həm də ondan irəli gəlir ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsində «dövlətin ali məqsədi» kimi bəyan olunmuş «insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi» öhdəliyinə və insan hüquqlarının səmərəli müdafiəsi prinsipinə əsasən, dövlət öz yurisdiksiyası altında olan bütün şəxslər üçün nəinki öz orqanları və ya nümayəndələri tərəfindən, habelə qeyri-dövlət qurumları və fiziki şəxslər tərəfindən insan hüquq və azadlıqlarına qarşı yol verilə biləcək hər hansı qanunsuz və ya özbaşına müdaxilələrdən müdafiəni təmin etməlidir. Başqa sözlə,  dövlət nəinki bu və ya digər insan hüququnun həyata keçirilməsinə özü müdaxilə etməməlidir, eləcə də bütün zəruri tədbirləri görməlidir ki, heç kəs bu hüquq və ya azadlıqları məhdudlaşdırmasın və əsas hüquq və azadlıqlar real və səmərəli olsun.
Beləliklə, Konstitusiyanın 71-ci maddəsinin  II hissəsinin təfsiri, həmin maddənin V hissəsi ilə birgə götürüldükdə, belə nəticəyə gəlməyə əsas verir ki, konkret olaraq, sərbəst toplaşmaq azadlığını həyata keçirmək istəyən şəxslər qeyri-məhdud sərbəstliyə malik deyillər.
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin yuxarıda şərh edilən kimi başa düşülməsi, Konstitusiyanın 24-cü maddəsinin II hissəsi və 155-ci maddəsi ilə birlikdə götürüldükdə, eləcə də müvafiq sərbəst toplaşmaq azadlığının təbiətini nəzərə almaqla, belə bir mümkün təfsiri birmənalı olaraq istisna edir ki, bu azadlıq heç bir halda və heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Dövlət orqanlarına və ya nümayəndələrinə münasibətdə "heç kəs məhdudlaşdıra bilməz" ifadəsi Konstitusiyanın 155-ci maddəsi ilə birlikdə təfsir olunmalıdır, yəni dövlət orqanları və vəzifəli şəxslər sərbəst toplaşmaq azadlığını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdıra bilməzlər.
Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə müvafiq olaraq, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Göstərilən prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir.
  Dövlət sərbəst toplaşmaq azadlığının səmərəli təmin edilməsi üçün beynəlxalq müqavilələrdə göstərildiyindən daha çox təminat nəzərdə tuta bilər və ya beynəlxalq müqavilədə müəyyən olunmuş məhdudiyyətlərin hər hansı birini öz qanunvericiliyində nəzərdə tutmaya bilər, yaxud da dövlətin məhkəmələri bu məhdudiyyətləri daha dar mənada təfsir edə bilərlər. Lakin sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı məhdudiyyətin, ümumiyyətlə, nəzərdə tutulmaması və ya güman edilməməsi digər şəxslərin insan hüquqlarına və dövlətin konstitusiya quruluşunun əsas prinsiplərinə zidd olardı.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur.
Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur.
Yuxarıda göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya uyğunlaşdırmaq məqsədilə Konstitusiyanın 156-cı maddəsinin V hissəsinə müvafiq olaraq onun ayrılmaz hissəsi  kimi «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanunu qəbul edilmişdir.
Konstitusiya Qanunu bir sıra hüquqlarla yanaşı, sərbəst toplaşmaq azadlığının da dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədilə, iğtişaşların qarşısının alınması üçün, həmçinin ictimai təhlükəsizliyin qorunması üçün məhdudlaşdırıla bilməsini nəzərdə tutur. Lakin eyni zamanda Konstitusiya aktı müəyyən edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırılmalı, bu onların mahiyyətini dəyişməməli, Konstitusiyada və Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, insan hüquqlarına dair beynəlxalq - hüquqi aktlar üçün ayrı-ayrı hüquqların qanuni şəkildə və demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılmasına aid müddəalar xarakterikdir.
Ümumiyyətlə, yalnız tam, aydın və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən sonra insan hüquqlarının səmərəli reallaşdırılması mümkündür. Bu, həm də demokratik nailiyyətlərin qorunmasının əsas təminatıdır.
Baxılan məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi də çox əhəmiyyətlidir.
«Platform  ""Artzle fur dasleben""» işi üzrə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir.
 Bu və ya digər nümayiş öz məqsədlərinin yönəldiyi təşviqatın ideya və tələblərinə qarşı çıxan insanlar üçün narazılıq yarada və ya onlar üçün təhqiredici ola bilər. Bununla belə, iştirakçılar bu nümayişi onların rəqibləri tərəfindən fiziki zora məruz qalmaq qorxusu olmadan keçirmək imkanına malik olmalıdırlar; belə təhlükələr cəmiyyətə aid bir sıra mübahisəli məsələlərdə öz baxışlarını açıq ifadə etmək üçün ümumi ideya və maraqları bölüşən assosiasiya və digər qruplar üçün maneə ola bilər. Demokratiya şəraitində əks-nümayiş keçirmək hüququ nümayiş keçirmək hüququna qadağan qoyulmasına şamil edilə bilməz.
Beləliklə, əsl, real dinc toplaşmaq azadlığı yalnız dövlətin müdaxilədən imtina etmək öhdəliyinə gətirib çıxara bilməz: tamamilə neqativ konsepsiya Konvensiyanın 11-ci maddəsinin məqsəd və vəzifələri ilə uyğunsuzluq olardı. Konvensiyanın 8-ci maddəsi ilə analoji olaraq, 11-ci maddə bəzən, əgər zərurət olarsa, ayrı-ayrı şəxslər arasında münasibətlər vəziyyətində də pozitiv tədbirlər görülməsini tələb edir.
 Bununla belə, Avropa Məhkəməsi bu sahədə dövlətlər üçün mülahizə sərbəstliyi də müəyyənləşdirmişdir.
Eyni zamanda sazişə tərəfdar dövlətlər dinc yolla qanuni nümayişlərin keçirilməsi imkanlarını təmin etmək üçün məntiqi və lazımi tədbirlər görməyə borclu olsalar da, onlar buna mütləq təminat verə bilməzlər və bu zaman istifadə olunacaq geniş vasitələr seçimi hüququna malikdirlər. Konvensiyanın 11-ci maddəsinə müvafiq olaraq, onların bu sahədə öz üzərilərinə götürdükləri öhdəliklər əldə olunacaq nəticələrə deyil, tədbirlər görülməsinə münasibətdəki öhdəliklərdir.
 Beləliklə, Avropa Məhkəməsi ictimai yığıncaqların keçirilməsi ilə bağlı praktiki çətinlikləri etiraf edərək bu çətinliklərin aradan qaldırılması ilə bağlı qərarların qəbul edilməsində dövlətlərə müəyyən seçim azadlığı vermişdir. Buraya bu və digər nümayişin keçirilməsinə icazə alınması, zidd baxışlara malik nümayiş iştirakçılarının polis tərəfindən müdafiəsinin təmin edilməsi və s. aiddir.
Avropa Məhkəməsinin təcrübəsindən göründüyü kimi, Konvensiya mətninin şərhi zamanı Avropa Məhkəməsi sərbəst toplaşmaq azadlığının mütləq hüquq olmadığını, ona qanuni məhdudiyyətlərin qoyulması imkanının mövcud olduğunu qeyd edir. Lakin bu zaman bir xətt üstünlük təşkil edir ki, bu hüququn həyata keçirilməsinə qoyulan məhdudiyyətlər sadəcə onun qarşısının alınmasına yönəlmək üçün bəhanə olmamalı, ictimai maraqların, dövlət maraqlarının və bu hüququ reallaşdırmaq istəyən şəxslərin təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir. Hakimiyyət orqanları tərəfindən bununla bağlı qoyulan istənilən məhdudiyyət məhz Konvensiyanın 11-ci maddəsinin ikinci hissəsində sadalanan hallar üzrə əsaslandırılmalıdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsi, 24-cü maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci maddəsinin II hissəsi, 155-ci maddəsi, «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin II hissəsinin  müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I :
 
1.    Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsi, 24-cü maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci maddəsinin II hissəsi, 155-ci maddəsi, «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin II hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                              Fərhad Abdullayev