ANA SƏHİFƏ » Qərarlar » 04.06.99 Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakı haqqında

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Cinayət  mühakimə icraatında zərər  çəkmiş şəxsin  iştirakı  haqqında
 
 
4  iyun  1999-cu il                                                                                               Bakı  şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X. Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Sal­ma­no­va, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə  katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Ç.Bəşirovun,
ekspert, Bakı Dövlət Universiteti hüquq fakultəsi cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor C.Mövsümovun iştirakı ilə.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə zərər çəkmiş şəxsin məhkəmə çıxışlarında  iştirakının  mümkünlüyünün  şərh  edilməsinə  dair  Azərbaycan  Respublikası Ali Məhkəməsinin 29 mart 1999-cu il  tarixli, 5-1/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə məruzəçi-hakim F.Babayevin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi Ç.Bəşirovun çıxışını, ekspert C.Mövsü­mo­­vun rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 
 
M Ü Ə Y Y Ə N    E T D İ:
 
 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı maddəsində məhkəmə  baxışının müstəqil mərhələsi kimi məhkəmə istintaqı başa çatdıqdan sonra məhkəmə çıxışlarının qaydası müəyyən olunmuşdur. Həmin maddənin birinci hissəsinə görə məhkəmə çıxışları ictimai ittihamçının, prokurorun, mülki iddiaçının, mülki cavabdehin və ya onların nümayəndələrinin, ictimai müdafiəçinin, müdafiəçinin və ya müdafiəçi məhkəmə iclasında iştirak etmirsə, müttəhimin özünün nitqlərindən ibarətdir. Məhkəmə çıxışlarında iştirak edən şəxsləri nəzərdə tutan bu normaya əlavə olaraq maddənin ikinci hissəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 106-cı  maddəsində, 108-ci maddəsinin birinci hissəsində, 121-ci maddəsinin birinci və ikinci hissələrində, 122-ci maddəsində göstərilən cinayətlər haqqındakı işlər üzrə məhkəmə çıxışlarında zərər çəkmiş şəxsin və  onun nümayəndəsinin iştirakı nəzərdə tutulur.  
Beləliklə, zərər çəkmiş şəxsin şikayəti ilə başlanılan cinayət işləri istisna olunmaqla bütün digər  işlər üzrə zərər çəkmiş şəxs məhkəmə çıxışlarında iştirak etmək hüququndan məhrum olunmuşdur.   
 Sorğuda zərər çəkmiş şəxsin məhkəmə çıxışlarında iştirakının mumkünlü­yü­nün şərh edilməsi   xahiş olunur.   
 Sorğu ilə bağlı Konstitusiya işində Azərbaycan Respublikası Cinayət-Pro­ses­sual Məcəlləsinin   49, 316-cı maddələrinin Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq  edilmiş rəsmi mətnləri vardır.  
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aşağıdakıları göstərməyi vacib bilir:
  Azərbaycan Respublikası  Konstitusiyasının  68-ci maddəsinin I hissəsinə görə cinayət, habelə  hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və  azadlıqlarının  məhkəmədə  müdafiəsinə  təminat verilir.
 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş  ""İnsan hüquqları haqqında Ümumi  Bəyannamə""nin 8-ci maddəsinə görə hər bir insan Konstitusiyanın və ya qanunun ona verdiyi əsas  hüquqların pozulması zamanı həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
 Pozulmuş hüquqların bərpası isə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin  IV hissəsində göstərildiyi kimi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsində nəzərdə tutulur ki, cinayətin mənəvi, fiziki və ya əmlak zərəri vurduğu şəxs zərər çəkmiş şəxs hesab  olunur. 
 Bu baxımdan vurulmuş zərərin aradan qaldırılması ilə əlaqədar zərər çəkmiş şəxsin cinayət mühakimə icraatında öz xüsusi maraqları olduğundan, o həmin maraqlarını müdafiə etmək üçün mühakimə icraatının digər iştirakçıları ilə yanaşı bərabər hüquqlarla təmin olunmalıdır.
 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı maddəsinin ikinci hissəsində  nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi­nin 106-cı maddəsində, 108-ci maddəsinin birinci hissəsində, 121-ci maddəsinin birinci və ikinci hissələrində, 122-ci maddəsində nəzərdə tutulan cinayətlər haqqındakı iş­lər üzrə məhkəmə çıxışlarında zərər çəkmiş şəxs və onun nümayəndəsi də iştirak edir. 
 Həmin müddəalara görə zərər çəkmiş şəxs onun şikayəti ilə başlanılan cinayət işləri istisna olmaqla bütün digər işlər üzrə cinayət mühakimə icraatında tərəf kimi yuxarıda göstərilən hüquqların həyata keçirilməsi imkanından məhrum edilmiş olur.        
  Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət nəticəsində pozulmuş bütün hüquqlarının bərpası, şərəf və ləyaqətinin müdafiəsi, habelə ona dəymiş nəinki əmlak, eləcə də fiziki və mənəvi zərərin aradan qaldırılmasından ibarətdir.
 Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı mad­dəsinin birinci hissəsində zərər çəkmiş şəxsə yalnız məhkəmə çıxışlarında mülki iddiaçı qismində öz əmlak maraqlarını müdafiə etmək imkanı verilmiş, mənəvi və fiziki zərər dəydikdə isə o, faktiki olaraq həmin hüququ həyata keçirməkdən məhrum  olunur.
  Qanunvericinin belə mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində zərər çəkmiş şəxsə verilən hüquq və azadlıqlarını məhdudlaşdırır. Belə ki, zərər çəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinin birinci və ikinci hissələrində sadalanan işlərlə yanaşı digər işlər üzrə də cinayətin açılması, həqiqətin müəyyən edilməsi, cinayətkarın ifşa edilməsi və ona ədalətli cəza təyin edilməsində maraqlı olmaqla, öz prosessual vəziyyətinə görə faktiki olaraq müttəhimə qarşı tərəf kimi çıxış edir.                                      
 Zərər çəkmiş şəxsin məhkəmə prosesində öz hüquqlarını yerinə yetirməsi həm də ona görə zəruridir ki, qanun bütün cinayət işləri üzrə məhkəmə prosesində dövlət ittihamçısının məcburi iştirakını nəzərdə tutmadığından, mühakimə icraatında çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri pozulmuş olur. Məhkəmə prosesində çəkişmə zamanı tərəflərin işin bütün hallarını müxtəlif  mövqelərdən açıq və hərtərəfli təhlil etmək imkanlarının yaranması hakimlərin iş üzrə daxili inamının formalaşmasına, toplanmış sübutların obyektiv və düzgün qiymətləndirilməsinə, qəbul ediləcək qərarın qanuniliyinə və əsaslılığına müsbət təsir edir.     
 Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı maddəsinin ikinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 68-ci maddəsinin I hissəsi və  127-ci maddəsinin  IV  hissəsinə  uyğun deyildir.    
 Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini, IV hissəsini və VI hissəsini ""Konstitusiya Məh­kəməsi haqqında Azərbaycan  Respublikası Qanununun 66, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkə­məsi   

Q Ə R A R A   A L D I:
 
1. Zərər çəkmiş şəxsin şikayəti ilə başlanılan cinayət işləri istisna olunmaqla bütün digər işlər üzrə zərər çəkmiş şəxsin məhkəmə çıxışlarında iştirak etmək hüququndan məhrum edilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı maddəsinin ikinci hissəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 68-ci maddəsinin I hissəsi  və 127-ci maddəsinin IV hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.
2. İzah edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 316-cı maddəsinin birinci hissəsində sadalanan şəxslərlə birlikdə zərər çəkmiş şəxsin cinayət işləri üzrə məhkəmə  çıxışlarında iştirak etmək  hüququ təmin olunmalıdır.
3. Qərar  dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar  ""Azərbaycan"" qəzetində  dərc olunsun.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç  bir orqan və ya  vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                  Xanlar Hacıyev