ANA SƏHİFƏ » Qərarlar » 18.07.05 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair
 
18 iyul 2005-ci il                                                                                     Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Abdullayev (sədr), hakimlər: F.Babayev, R.Qvaladze, B.Qəribov, E.Məmmədov, S.Salmanova, Ə.Sultanov və İ.Nəcəfovdan (məruzəçi hakim) ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimləri Ş.Y.Yusifovun və M.N.Tağızadənin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Məmmədovun,
ekspert,  Bakı Dövlət Universitetinin Cinayət Hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Səməndərovun  iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 25 may 2005-ci il tarixli müraciəti ilə əlaqədar Konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Ş.Y.Yusifov, S.Məmmədovun çıxışlarını, ekspert, F.Səməndərovun rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N    E T D İ :
        
         Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 333.1-ci maddəsinə əsasən çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin 10 gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə belə əməllər həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur.
Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi müraciətdə göstərir ki, adıçəkilən normanın tətbiqində qeyri-müəyyənlik müşahidə olunduğundan və hərbi hissəni özbaşına təkrar tərk etməyə görə, Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən belə tərk etmə müddətinin aşağı həddi dəqiq müəyyən olunmadığından həmin maddəyə şərh verilməsinə zərurət vardır.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası  Konstitusiyasının  IV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də Vətəni müdafiə etmək borcudur. Vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməlidirlər (Konstitusiyanın 76-cı maddəsi).
Hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və Hərbi Nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni - Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
Hərbi xidmət keçmənin qaydaları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu, «Hərbi xidmət keçmə haqqında» Əsasnamə, «Hərbi Qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu, Hərbi Nizamnamələrlə müəyyən olunur. Hərbi xidmət keçmə qaydalarına dönmədən və mütəmadi əməl edilməsi hərbi intizamın mahiyyətini təşkil edir. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir.
Qanunverici tərəfindən hərbi xidmət əleyhinə olan cinayət xarakterli əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi ilk növbədə hərbi intizamın bərqərar olunmasına və möhkəmləndirilməsinə xidmət edir.
Hərbi xidmət əleyhinə olan cinayətlərə görə məsuliyyətin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bölməsində öz əksini tapmışdır.
Belə ki, CM-in 327-ci maddəsində göstərilir ki, çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.  Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur.
Hərbi hissəni və ya xidmət yerini hərbi qulluqçunun özbaşına tərk etməsinə görə, cinayət məsuliyyəti CM-in 333-cü maddəsində öz əksini tapmışdır. Həmin maddədə göstərilir ki, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə hərbi qulluqçu bir ilədək müddətdə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Müraciətdə göstərilən məsələnin düzgün həll edilməsində CM-in  333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhətinin araşdırılması böyük əhəmiyyət kəsb edir.
Şərh olunan cinayətin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və xidmət yerini  özbaşına tərk etməsi və üzürlü səbəb olmadan  öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir və bu uzanan cinayətdir.
Özbaşına tərk etmə dedikdə komandirin (rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi hissənin ərazisini və ya xidmət yerini buraxıb getməsi başa düşülür. Vaxtında gəlməmə isə hərbi hissənin ərazisindən və ya xidmət yerindən qanuni əsasla buraxılmış hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzürlü səbəblər olmadan müəyyən edilmiş müddətdə gəlməməsindən ibarətdir.
Hərbi hissəni özbaşına tərk etmənin əvvəli hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini tərk etdiyi andan, xidmət yerinə vaxtında gəlməmənin əvvəli isə qayıtma müddətinin  bitdiyi andan hesablanır.
Həmin cinayət hərbi qulluqçunun hərbi hissəyə və ya xidməti yerinə gəldiyi, yaxud onun tutulub saxlanıldığı andan bitmiş hesab olunur.
CM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinin zəruri əlamətlərindən biri də özbaşına tərk etmənin və vaxtında gəlməmənin müddətidir.
CM-in 333.1-ci maddəsinin dispozisiyasına görə, göstərilən əməllərin cinayət məsuliyyətinə səbəb olması üçün özbaşına tərk etmə və vaxtında gəlməmə:
1.     3 gündən 10 günədək olmalı;
2.     3 gündən az olsa belə, 6 ay ərzində təkrar törədilməlidir.
Əməllərin təkrar törədilməsi dedikdə, özbaşına tərk etmənin və ya vaxtında gəlməmənin 3 gündən az olsa da, 6 ay müddətində iki və daha artıq dəfə törədilməsi başa düşülür.
Qeyd olunmalıdır ki, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçu öz hərbi hissəsini və ya xidmət yerini 3 gündən az müddətdə ilk dəfə özbaşına tərk etdikdə və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə əsasən ona məzəmmət; töhmət; şiddətli töhmət; hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) – 5 xidmət naryadına qədər; haupvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; əlaçı döş nişanlarından məhrumetmə; baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər.
Hərbi qulluqçu ona verilmiş intizam tənbehindən altı ay keçməmiş iki və daha artıq dəfə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikdə və ya vaxtında xidmətə gayıtmadıqda, o, təkrarən eyni əməli törətdiyinə görə,    CM-in 333.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Konstitusiya Məhkəməsinin Plenumu CM-in 333.1-ci maddəsinin obyektiv cəhətini nəzərə alaraq belə qənaətə gəlir ki, bu maddədə göstərilən müddətlərin əvvəli hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə müəyyən edilmiş müddətdə gəlmədiyi vaxtdan hesablanmalıdır.
Bununla belə, göstərilən işlərə baxılarkən nəzərə alınmalıdır ki, ilk dəfə olaraq törədilmiş bu əmələ görə tətbiq olunmuş intizam tənbeh tədbiri müvafiq hərbi rəhbərlik tərəfindən götürüldüyü halda, ikinci dəfə törədilmiş özbaşına tərk etmə və ya vaxtında gəlməmə halı təkrarlığı yaratmır. O da nəzərə alınmalıdır ki, CM-in 333-cü maddəsinə olan qeyddə nəzərdə tutulmuşdur ki, ağır şərait zəminində bu Məcəllənin 333.1-333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 62, 63, 65, 66, 67, 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A   A L D I :
 
1.     Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsində
göstərilən müddətlərin əvvəli hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi andan və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə müəyyən edilmiş müddətdə gəlmədiyi vaxtdan hesablanır.
         2. Qərar elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
 
 
Sədrlik edən                                                               Fərhad Abdullayev